Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-27/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçünün, eləcə də digər müvafiq sənədlərin etibarsız sayılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, X7-Yusiflinin katibliyi, 3-cü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçünün etibarsız sayılması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-131/2019 saylı 07 may 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 13 iyul 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatının Ə- 128-112 saylı 12.08.2015-ci il tarixli arxiv arayışının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1633 saylı 12.10.1992-ci il tarixli sərəncamı ilə İddiaçı Bilgəh ərazisində təşkil olunmuş 38 nömrəli bağ tikinti kooperativinin tərkibində bağ sahəsi ayrılmışdır. Bu barədə Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinin Bağlar Təsərrüfatı İdarəsi tərəfindən 1 nömrəli order verilmiş və qeyd olunmuşdu ki, 38 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ X2 ayrılıb. Abşeron RİH başçısının 355 saylı 16 oktyabr 1997-ci il tarixli sərəncamında dəyişiklik edilməsi haqqında 063 saylı 05 mart 1999-cu il tarixli sərəncamından görünür ki, hədər bitkilərin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının 16 oktyabr 1997-ci il tarixli 355 saylı sərəncamı ilə "xxxx"-ə Bilgəh Zəfər savxozundan 259 hektar torpaq sahəsi ayrılmış və torpaqdan istifadə hüququna aid Dövlət aktı verilmişdir. Respublika Dövlət Torpaq Komitəsinin yerquruluşu Layihə institutu orada torpaqların inventerizasiyasını apararkən müəyyən etmişdi ki, əvvəlki, vədləşmə zamanı kənd təsərrüfatında istifadə edilməyən tikili altı, kənd altı və sair torpaqlar "xxxx"-in Dövlət aktına daxil edilmişdir. Ona görə də "xxxx" həmin torpaqların onların balansından çıxarılması barədə Abşeron RİH başçısı qarşısında məsələ qaldırmışdır. Dövlət Torpaq Komitəsinin yerquruluşu Layihə institutu tərəfindən aparılmış torpaqların inventerizasiyasının nəticəsi nəzərə alınaraq, "xxxx"-ə 216.1 hektar torpaq sahəsinin təhkim edilməsi, o cümlədən əkin yerinin 131,6 hektar, dinc yerin 22,4 hektar, bağlar sahəsinin 28,3 hektar, dənli örüş yerinin 22,7 hektar, meşə zolağının 2,4 hektar, torpaq yollarının 0,95 hektar, yararsız torpaq sahələrinin 7,75 hektar, əkinə yararlı sahələrin və çoxillik əkmələrin 2-ci keyfiyyət qrupuna daxil edilməsi, həmçinin "xxxx"-dən geri alınmış 42,9 hektar torpaq sahəsindən 22,16 hektarının kəndli fermer təsərrüfatının istifadəsində olduğu nəzərə alınaraq 20,74 hektar sahənin tikinti altı, kənd altı, yer altı və sair yararsız torpaqların Bələdiyyə fonduna keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A seriyalı, 399780 nömrəli Torpaq sahəsinin planı və ölçüsünə görə Abşeron rayonu İHB-nın 05.03.1999-cu il tarixli 063 nömrəli Sərəncamı ilə Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 435256 kv.m torpaq sahəsi daimi istifadəsinə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beysif firmasına verilmişdir. Əsas döngə nöqtələrinin koordinatları: 2 saylı döngəsinin koordinatları X=421445,57 Y=4491206,12, 14 saylı döngəsinin koordinatları X=422230,42 Y=4490155,53, 16 saylı döngəsinin koordinatları X=421823,63 Y= 4489956,92, 1 saylı döngəsinin koordinatları X=421243,51 Y= 4491126,23-dir. 2 saylı döngədən 4 saylı döngəyə qədər məsafə 1311,41 metr, 14 saylı döngədən 16 saylı döngəyə qədər məsafə 449,98 metr, 16 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 1305,80 metr, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 215,40 metrdir. A seriyalı 381633 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu İHB-nın 05.03.1999-cu il tarixli 063 nömrəli Sərəncamı ilə Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən 598181 kv.m torpaq sahəsi daimi istifadəsinə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beysif firmasına verilmişdir. Əsas döngə nöqtələrinin koordinatları: 2 saylı döngəsinin koordinatları X=420629,89 Y=4491631,41, 8 saylı döngəsinin koordinatları X=421421,68 Y=4490608,10, 9 saylı döngəsinin koordinatları X=420625,63 Y= 4490549,61, 1 saylı döngəsinin koordinatları X=420522,94 Y= 4491628,60-dir. 2 saylı döngədən 8 saylı döngəyə qədər məsafə 1293,76 metr, 8 saylı döngədən 9 saylı döngəyə qədər məsafə 797,21 metr, 9 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 1083,97 metr, 1 saylı döngədən 2 saylı döngəyə qədər məsafə 106,99 metrdir. A seriyalı, 381634 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Abşeron rayonu İHB-nın 05.03.1999-cu il tarixli 063 nömrəli Sərəncamı ilə Abşeron rayonu, Bilgəh qəsəbəsində yerləşən ******* kv.m torpaq sahəsi daimi istifadəsinə verilmiş kənd təsərrüfatı məhsullarının istehsalı üçün Beysif firmasına verilmişdir. Əsas döngə nöqtələrinin koordinatları: 1 saylı döngəsinin koordinatları X=419667,43 Y=4491625,82, 13 saylı döngəsinin koordinatları X=420523,63 Y=4489566,04, 15 saylı döngəsinin koordinatları X=420165,77 Y= 4489565,43, 50 saylı döngəsinin koordinatları X=419681,96 Y=4491417,34-dir. 1 saylı döngədən 13 saylı döngəyə qədər məsafə 2230,62 metr, 13 saylı döngədən 15 saylı döngəyə qədər məsafə 357,86 metr, 15 saylı döngədən 50 saylı döngəyə qədər məsafə 1914,07 metr, 50 saylı döngədən 1 saylı döngəyə qədər məsafə 208,99 metrdir. İşdə olan 27 dekabr 2018-ci il tarixli **********82 nömrəli məktuba əlavə edilmiş mütəxəssis rəyində göstərilir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilmiş, koordinatları müəyyən edilməklə ölçülmüş, ölçülmüş ərazinin faktiki sahəsinin 0.1198 hektar olduğu, naturada ölçülmüş ərazinin 918.58 kv.m hissəsinin "xxxx" firmasına 13 aprel 2012-ci il tarixdə qeydiyyata alınmış nömrəsi **********0283 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşdüyü, mübahisələndirilən ərazinin Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisində olduğu, X8 hüdudları daxilində, Abşeron rayonunun istifadəsində olan ərazidə yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə təhvil verildiyi üçün qərardadda qoyulmuş sualların cavablandırılması mümkün olmadığından Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsinə sorğu ilə göndərilmiş və aşağıdakı kimi cavablandırılmışdır. İdarənin arxivində X1 adına Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli, 1633 nömrəli sərəncamına əsasən 38 nömrəli bağ tikinti kooperativi nəzdində bağ sahəsi ayrılmasına dair məlumat aşkar olunmuşdur, lakin sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. 1 saylı Bakı Ərazi idarəsinin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə hasarlanmış ümumi ərazinin daxilində yerləşir və "Beysif” firmasına verilmiş 43,5256 ha sahənin kadastr planı ilə üst-üstə düşür. Bağların bölgüsünə dair sxematik xəritədə bu hissədə bağ nömrəsi yoxdur. Eyni zamanda 12/1 saylı bağ nömrəsi sxematik xəritədə mövcud deyil. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********73 saylı 27.08.2019-cu il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində yerləşən 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində sahəsi 0.12 hektardan ibarət olan 12/1 nömrəli bağ sahəsi 12 oktyabr 1992-ci il tarixdə Abşeron rayon ərazisinə düşürdü. Həmin torpaq sahəsi X8 ərazisidir. İyun 1989-cu il tarixli aktın məzmununa görə 13 nəfərlik kooperativin üzvləri üçün 1.56 hektar torpaq sahəsindən ibarət tikintisi olmayan bağ sahələri ayrılmışdır. Bilgəh bağlar sahəsində yerləşən 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində olan üzvlərin siyahısında X3 adı öz əksini tapmamışdır. İddiaçı X5 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 12/1 saylı bağ sahəsinə aid plan və ölçünün tərtib edilməsi və dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Azərbaycan Republikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********97 saylı 25.12.2015-ci il tarixli məktubda qeyd edilmişdir ki, yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, bağ sahəsinin hasarlanma və mərzçəkmə işləri tam aparılmamışdır. Bakı şəhər Ərazi idarəsinin elektron baza məlumatlarına əsasən sözügedən bağ sahəsi digər hüquqi şəxsin istifadəsində olan ərazi ilə üst-üstə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 176-cı maddəsinin 1,2 və 3-cü bəndlərinə əsasən tərəfinizdən bağ sahəsində hasarlanma və mərzçəkmə işlərinin aparılması tövsiyyə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması ilə aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra iddiaçı "Beysif” firmasına verilmiş X15 kitabında 12 aprel 2012-ci il tarixdə 18791 nömrə ilə uçota alınmış torpaq sahəsinin planı və ölçüsü və digər müvafiq sənədlərin etibarsız sayılmasına dair hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Bakı şəhər İcra hakimiyyəti başçısının 1633 saylı 12.10.1992-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində 0,12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsi ayrılmış, həmin sərəncama əsasən ona Bakı Şəhər İcra Hakimiyyəti aparatının əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən 1 nömrəli order verilmişdir. O, həmin torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə baxışı zamanı müəyyən olunmuşdu ki, Bakı şəhər İcra hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli 1633 nömrəli qərarına əsasən 12/1 nömrəli bağ sahəsi 0,12 ha torpaq sahəsində ibarət olmaqla ona ayrılsa da, DƏDRX Bakı Əİ-nin verdiyi arayışa görə onun adı 38 nömrəli bağ tikinti kooperativinin üzvləri sırasında olmamışdır. Məhkəmə baxışında dəfələrlə onun torpaq sahəsinin kimə verilməsini tələb etsə də, məhkəmə həmin torpaq sahəsinin 12.04.2012-ci il tarixli kadastr planı əsasında torpaq sahəsi 43,5256 ha olan "xxxx" Firmasına ayrılmasını müəyyən etsə də, həmin firmanın hüquqi ünvanını müəyyən etməmiş, "xxxx" firmasını işə cəlb etməmişdir. Məhz bu səbəbdən də cavabdeh təşkilatın ona vermiş olduğu imtinanı qanuni və əsaslı hesab etmir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, İddiaçı 13.04.2012-ci il tarixli **********0283 kadastr nömrəsi ilə "xxxx" firmasına daimi istifadə üçün verilmiş kadastr planının və onun əsasında verilmiş digər müvafiq sənədlərin etibarsız sayılmasına dair iddiası DƏDRX Bakı Əİ tərəfindən etirazla qarşılanır. Aparılmış araşdırmalar nəticəsində məlum olmuşdur ki, iddiaçının cavabdeh DƏDRX Bakı Əİ-nə qarşı «bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi» tələbinə dair 2-1(82)-80/2017 saylı inzibati iş olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.01.2017-ci il tarixli 2-1(82)- 80/2017 saylı qərarı ilə iddia təmin edilməmişdir. DƏDRX Bakı Əİ daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1745/2017 saylı 23 noyabr 2017-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan verilmiş apellyasiya şikayətinə əsasən işə baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-437/2018 saylı 07 fevral 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1745/2017 saylı 23 noyabr 2017-ci il tarixli qərardadı ləğv edilmiş və işin həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bundan sonra işə yenidən birinci instansiya qaydasında baxılarkən məhkəmə iddiaçının tələbində “və digər müvafiq sənədlərin” ifadəsinin qeyri-müəyyən olduğunu nəzərə alaraq onu formal xəta hesab etmiş və iddia tələbini aşağıdakı kimi qəbul etmişdir: “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 13 aprel 2012-ci il tarixli **********0283 kadastr nömrəsi ilə "xxxx" fondunun daimi istifadə üçün verilmiş, X15 kitabında 12 aprel 2012-ci il tarixdə 18791 nömrə ilə qeydə alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nün Bakı şəhər İcra Hakimiyyəti Başçısının 12.10.1992-ci il tarixli 1633 saylı sərəncamına əsasən iddiaçıya ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində 0,12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsi ilə üst-üstə düşdüyündən etibarsız sayılması”. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-131/2019 saylı 07 may 2019-cu il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdır ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları əhəmiyyətli dərəcədə pozulduğundan və düzgün tətbiq edilmədiyindən qərar ləğv olunmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2186 nömrəli 22 may 2007-ci il tarixli Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının nəzdində olan Bağ Təsərrüfatı idarələri ləğv edilərək arxiv sənədləri Daşınmaz Əmalkın Dövlət Reyestri Xidmətinə təhvil verilmişdir. Belə olan halda ona ayrılmış Bağ torpaq sahəsinin ilkin sənədləri də Reystr Xidmətinə təhvil verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Ə-108-112 saylı 12.8.2015-ci il tarixli Arxiv Arayışından müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli 1633 nömrəli sərəncamına əsasən 38 nömrəli bağ tikinti kooperativi nəzdində onun adına bağ sahəsi ayrılmasına dair məlumat aşkardır. Ekspertiza rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilmiş və torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçmə işlərinin nəticəsi kamrel şəraitdə "xxxx" MMC-nin arxiv və elekton bazasında ortofoto və xəritə materialları üzərində dəqiqləşdirilmişdi. "xxxx" MMC-nin arxiv və elekton baza məlumatlarına əsasən onun iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsi 13.04.2012-ci il tarixdə kadastr nömrəsi **********0283 sahəsi 43.5256 hektar olan “ Beysif’ firmasına daimi istifadə üçün verilmiş kadastr planı ilə üstüstə düşür. Dövlət mülkiyyəti torpaqlarına aiddir. **********82 saylı 27 dekabr 2018-ci il tarixli məktuba əlavə edilmiş mütəxəssis rəyində göstərilir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinə yerində baxış keçirilmiş, koordinatları müəyyən edilməklə ölçülmüşdür. Ölçülmüş ərazinin faktiki sahəsi 0,1198 hektardır. Naturada ölçülmüş ərazinin 918,58 kv.m hissəsi “Beysif’ firmasına 13 aprel 2012-ci il tarixdə qeydiyyata alınmış nömrəsi **********0283 olan “Torpaq sahəsinin planı və ölçüsü” sənədi ilə üst-üstə düşür. Mübahisələndirilən ərazi Bakı şəhəri, Xəzər rayonunun inzibati ərazisindədir, X8 hüdudları daxilində, Abşeron rayonunun istifadəsində olan ərazisində yerləşir. İdarənin arxivində iddiaçının adına Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli, 1633 nömrəli sərəncamına əsasən 38 nömrəli bağ tikinti kooperativi nəzdində bağ sahəsi ayrılmasına dair məlumat aşkar olunmuş, lakin sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. 1 saylı Bakı Ərazi idarəsinin elektron kadastr baza sahəsi ayrılmasına dair məlumat aşkar olunmuş, lakin sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Qeyd olunanlardan müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli 1633 nömrəli sərəncamına əsasən 38 nömrəli bağ tikinti kooperativi nəzdində bağ sahəsi ayrılması və bu barədə 1 saylı Order verilməsinə baxmayaraq, sonradan Abşeron rayon İcra Hakimiyyəti Başçısının 05.03.1999-cu il tarixli 063 kN Sərəncam ilə ona ayrılmış torpaq sahəsi ilə birlikdə "xxxx" firmasına kənd təsərrüfatı məhsulları istehsalı üçün daimi istifadəsinə verilməsi əsassız olmuşdur. Başqa şəxsin adına yüklü edilmiş torpaq sahəsinin başqa şəxsə verilməsi qanunvericiliyinin tələblərinə ziddir. Torpaq sahəsinin inventarlaşdırılması həmin torpaq sahənin ilkin sənədləri əsasında həyata keçirilir. Lakin Reystr Xidməti torpaq sahəsinin ilkin sənədlərinin özlərində olmasına baxmayaraq , sonradan həmin torpaq sahəsini başqasının adına sənədləşdirilməsini başa düşmək olmur. Tərəflərin izahatları: 3-cü şəxsin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 07 iyul 2021-ci il tarixdə keçirilən məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış iddaçı və cavabdeh iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. İnzibati məhkəmə icratının iştirakçısı hazırki işə iddaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı və onun nümayəndəsi və vəkili X6 iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının iddia etdiyi və göstərdiyi torpaq sahəsinin naturada "xxxx" firmasının adına verilmiş 18791 nömrə ilə X15 kitabında qeydə alınmış torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 435256 kv.m. torpaq sahəsi ilə üst-üstə düşməsinə dair müvafiq mütəxəssis rəyi olduğu üçün iddiaçı həmin plan və ölçü sənədinin mübahisələndirilməsində subyektiv hüquqa malikdir. Buna görə də iddiaçının iddiası mümkündür. İddianın əsaslılığı ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddiasının əsası kimi məhkəməyə onun digər məhkəmə icraatında cavabdeh DƏDRX-nin Əİ-nə qarşı ona Bakı şəhər İcra Hakimiyyətinin 12 oktyabr 1992-ci il tarixli, 1633 nömrəli qərarı ilə Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində ayrılmış 0.12 ha ölçüdə olan 12/1 nömrəli bağ sahəsinə dair çıxarışın verilməsini tələb edərkən aparılan araşdırma nəticəsində verilmiş mütəxəssis rəyinə əsasən faktiki göstərdiyi torpaq sahəsinin "xxxx" firmasının adına olan 18791 nömrə ilə X15 kitabında qeydə alınmış torpaq sahəsinin plan və ölçü sənədində göstərilən 435256 kv.m. torpaq sahəsi ilə üst-üstə düşdüyünə istinad edir və buna görə də həmin sənədin etibarsız sayılmasını tələb edir. Göründüyü kimi, iddiaçının tələbinin əsası ona ayrılmış torpaq sahəsinin faktiki olaraq yerində "xxxx" firmasının adına olan 18791 nömrə ilə kadastrda uçota alınmış 435256 kv.m. torpaq sahəsi ilə üst-üstə düşməsinə söykənir. “İnzibati icraat haqqında” Qanunun 65.1-ci maddəsində hansı inzibati aktların etibarsız sayıldığı göstərilmişdir. Həmin inzibati aktlar bunlardır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Göründüyü kimi, iddiaçının tələbində göstərdiyi əsaslandırma qeyd olunan maddi hüquq normasının məzmununa uyğun gəlmir, yəni plan və ölçü sənədinin etibarsız sayılması üçün adı çəkilən maddədə göstərilən əsaslardan hər hansı mövcud deyildir. Bununla yanaşı, məhkəmə kollegiyası iddiaçının iddia tələbinin əsası kimi çıxış edən dəlilləri araşdırarkən hesab etmişdir ki, hər iki (iddiaçıya və 3-cü şəxsə ayrılmış) torpaq sahəsinin faktiki olaraq yerlərinin müəyyən edilməsi və iddiaçıya ayrılmış torpaq sahəsinin "xxxx" firmasının daimi istifadəsinə verilmiş 435256 kv.m. torpaq sahəsinin daxilinə düşüb-düşməməsini müəyyən etmək məqsədilə məhkəmə mühəndis tikinti ekspertizasının keçirilməsi zəruridir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28977 saylı 28.09.2020-ci il tarixli rəydən görünür ki, Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və X14 kitabında 12.04.2012-ci il tarixdə 18791 nömrə ilə uçota alınmış A seriyalı 399780 nömrəli “Torpaq ahəsinin planı və ölçüsü”nə əsasən Bilgəh qəsəbəsində yerləşən və "xxxx" firmasının daimi istifadəsinə verilmiş 435256 kv.m torpaq sahəsinin faktiki sərhədləri müəyyən edilməklə, "xxxx" firmasının istifadəsində olan torpağın ümumi sahəsi “Torpaq sahəsinin planı və ölçüsü”ndə qeyd edilmiş sahəyə (ölçüyə) uyğundur. Qərardadın ikinci və üçüncü sualı ilə bağlı rəydə qeyd edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısıın 1633 saylı 12.10.1992-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində 0.12 ha torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmadığı səbəbindən, həmin torpaq sahəsinin X14 Kitabında 12.04.2012-ci il tarixdə 18791 nömrə ilə uçota alınmış A seriyalı 399780 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən Bilgəh qəsəbəsində yerləşən və "xxxx" firmasının daimi istifadəsinə verilmiş 435256 kv.m torpaq sahəsinin daxilinə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatlarının Mərkəzə təqdim olunmaması səbəbindən ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılmasının mümkün olmadığı qeyd edilmişdir. Bundan sonra məhkəmə kollegiyası tərəfindən Bakı şəhər İcra hakimiyyəti başçısının 12 oktyabr 1992-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağlar sahəsində 38 nömrəli bağ-tikinti kooperativinin tərkibində 0,12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsinə dair hüquqmüəyyənedici sənədlərin, o cümlədən adıçəkilən sərəncamın, torpağın cizgisinin, plan-sxeminin məhkəməyə təqdim edilməsi ilə bağlı 12.11.2020-ci il tarixdə Bakı şəhər İcra Hakimiyyətinə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 18.12.2021-ci il tarixdə “Bağ sahəsinin ayrılması barədə” Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1633 saylı 12.10.1992-ci il tarixli sərəncamından çıxarış məhkəməyə təqdim olunsa da, həmin sərəncama heç bir sənəd əlavə olunmamışdır. Həmçinin məhkəmə tərəfindən Bakı şəhər İcra hakimiyyəti başçısının 12 oktyabr 1992-ci il tarixli sərəncamı ilə iddiaçıya müvafiq bağ sahəsinin ayrılmasını özündə əks etdirən ayrıc aktının məhkəməyə təqdim edilməsi ilə bağlı 11.02.2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu məktubu göndərilmişdir. Həmin sorğuya cavab olaraq 16.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş arayışda bildirilmişdi ki, Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1633 saylı 12.10.1992-ci il taixli Sərəncamı ilə İddiaçı ayrılmış 0.12 ha torpaq sahəsi olan 12/1 nömrəli bağ sahəsini özündə əks etdirən ayrıc aktı (həmçinin yerləşmə sxemi) İdarənin arxivində aşkar edilməmişdir. Sözügedən bağ sahəsi sxematik xəritədə öz əksini tapmamışdır. Beləliklə, iş üzrə iddiaçıya Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1633 saylı 12.10.1992-ci il tarixli Sərəncamı ilə ayrılmış bağ sahəsinin ayrıc aktının olmaması (belə ayrıc aktının ümumiyyətlə işləndiyi barədə məlumat yoxdur) səbəbindən onun yerinin göstərilməsi mümkün olmadığı üçün həmin torpaq sahəsinin "xxxx" firmasının plan və ölçü sənədində əksini tapan 435256 kv.m torpaq sahəsinin daxilinə düşüb-düşmədiyini də müəyyən etmək mümkün deyildir. Digər tərəfdən, ekspert rəyinə əsasən "xxxx" firmasına ayrılmış 435256 kv.m torpaq sahəsinin faktiki sərhədlərinin həmin torpağın plan və ölçüsü sənədində qeyd olunan sahəyə (ölçüyə) uyğun olduğu müəyyən olunur. Belə olan halda iddiaçının digər mütəxəssis rəyinə istinad etməklə ona ayrılmış torpaq sahəsinin naturada, yəni faktiki olaraq "xxxx" firmasına verilmiş 435256 kv.m torpaq sahəsi ilə üst-üstə düşməsi barədə dəlilləri sonuncunun adına verilmiş X14 Kitabında 12.04.2012-ci il tarixdə 18791 nömrə ilə uçota alınmış A seriyalı 399780 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin etibarsız hesab olunması üçün əsas vermir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır (maddə 2.1). Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır (maddə 2.2). Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir (maddə 2.4.). Həmin Qanunun 16.4-cü maddəsinə əsasən bu qanunun 16.3-cü maddəsində nəzərdə tutulmuş hallarda dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər. Həmin Qanunun 16.5-ci maddəsinə əsasən dövlət reyestrinə etirazla bağlı qeydin daxil edilməsi məhkəmənin qərarı və ya reyestrdə düzəlişin aparılması ilə hüququ toxunulan şəxsin razılığı ilə həyata keçirilir. Həmin Qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. İddiaçıya torpaq sahəsi ayırılan zaman qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 23-cü maddəsinə əsasən vətəndaşların, müəssisələrin və təşkilatların mülkiyyətinə, sahibliyinə, istifadəsinə və icarəsinə torpaq sahəsi verilməsi rayon, şəhər xalq deputatları Sovetlərinin qərarı ilə yer quruluşu sənədlərinə uyğun olaraq torpaqayırma qaydasında həyata keçirilir. Həmin Məcəllənin 29-cu maddəsinə əsasən müvafiq rayon, şəhər xalq deputatları Soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik, istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 97-ci maddəsinə əsasən X14 torpaqların hüquqi vəziyyətinə, torpaq mülkiyyətçiləri, sahibləri, istifadəçiləri və icarəçiləri arasında, eləcə də kateqoriyalar üzrə bölüşdürülməsi haqqında, torpağın kəmiyyət və keyfiyyət xarakteristikasına və xalq təsərrüfatı üçün dəyərliliyinə dair zəruri məlumatları və sənədləri özündə əks etdirir. X14nın məlumatları torpaqlardan istifadə və onların mühafizəsi planlaşdırılarkən, torpaqlar verilərkən və geri alınarkən, torpağa görə haqq müəyyən edilərkən, yer quruluşu işləri aparılarkən, təsərrüfat fəaliyyəti qiymətləndirilərkən və eləcə də torpaqlardan istifadə və onların mühafizəsi ilə əlaqədar digər tədbirlər həyata keçirilərkən mütləq tətbiq edilməlidir. X14nın aparılması geodeziya, topoqrafiya, yer quruluşu, xəritələşdirmə, torpaq, aqrokimya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Hazırki işdə iddiaçı ona Bakı şəhəri İcra Hakimiyyəti başçısının 1633 saylı 12.10.1992-ci il tarixli Sərəncamı ilə ayrılmış bağ sahəsinin ayrıc aktının olmadığı, ona görə də onun yerinin dəqiq müəyyən edilməsi mümkün olmadığı halda naturada faktiki olaraq göstərdiyi torpaq sahəsinin isə "xxxx" firmasının plan və ölçü sənədində əksini tapan 435256 kv.m torpaq sahəsi ilə üst-üstə düşdüyünə istinad etməklə sonuncunun adına Kadastrda uçota alınmış və həqiqiliyi şübhə doğurmayan (bunu təkzib edən halları iddiaçı sübuta yetirə bilmir) plan və ölçü sənədinin etibarsız hesab edilməsini tələb edə bilməz. Nəzərə alınmalıdır ki, bu zaman iddiaçı mübahisələndirdiyi inzibati aktın doğruluğunu, başqa sözlə onun həqiqiliyi və tamamlığını şübhə altına alan və onun qanunsuz verildiyini təsdiq edən halları əsaslandıra bilmir və bu barədə müvafiq sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Torpaq sahələrinin yalnız faktiki olaraq naturada üst-üstə düşməsi faktı isə (bu fakt digər mütəxəssis rəyində qeyd olunmuşdur) rəsmi sənədlərlə də torpaq sahələrinin üst-üstə düşməsi halı kimi qəbul edilmədiyindən 3-cü şəxsin kadastrda rəsmi uçota alınmış torpaq sahəsinə dair qanuni verilmiş plan və ölçü sənədinin etibarsız sayılması üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilənlərlə eynilik təşkil edib, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-131/2019 saylı 07 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalı, keçirilmiş məhkəmə mühəndis tikinti texniki ekspertizası tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul və apellyasiya instansiyası məhkəməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-131/2019 saylı 07 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə mühəndis tikinti texniki ekspertizası tədqiqatının dəyəri qismində 100 manat məbləğində pul İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. İddiaçı tərəfindən ödənilmiş 10,40 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-1(103)-27/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-27/2021
13.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver