Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-27/2022 23.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “bağ sahəsinə hüquqlarının qeydiyyata alınması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 22 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: “Qum adası” NQÇİ-nin “Bahar bağçılıq yoldaşlığı”nın xx.xx.1992-ci il tarixli protokolundan çıxarışdan görünür ki, “Bahar bağçılıq yoldaşlığı” üzvlərinin bağ evlərinin və tikililərinin özəlləşdirilməsi barədə Bakı şəhər Sovetinin 20/396 saylı xx.xx.1987-ci il tarixli qərarına əsasən İddiaçı 500 kv.m. sahədən ibarət olan 25a saylı sahə ayrılmışdır. Hazırda bağ sahəsi abadlaşdırılmış, çəpərlənmiş, ağaclar əkilmiş və bağ evi tikilmişdir. İddiaçıya xx.xx.1992-ci il tarixdə qeyd olunan bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmişdir. Qurbanov X6 rayonu, Qum adası bağ massivi ünvanında yerləşən 25a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış **********51 saylı xx.xx.2017-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin və avtomobil yolunun mühafizə zolağında yerləşir. Bundan əlavə bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etmək mümkün olmamış, bu səbəbdən də ərizənin icrası mümkün olmamışdır. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçə, 25a saylı bağ sahəsinə hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçə, 25 a saylı bağ sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh məsələnin həllindən imtina etmişdi. Həmin bağ sahəsi 1988-ci ildə “Qum Adası” NQÇİ "xxxx" bağçılıq yoldaşlığının qərarına əsasən ona ayrılmış, orada ev inşa etmiş və 1988-ci ildən həmin evdə yaşamaqla bütün kommunal xərclər (elektrik enejisi, qaz və s. üzrə) onun tərəfindən ödənilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz məhkəməyə daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı maddi və prosessual hüquq normalarının pozuntusu ilə qəbul edilmiş, konstitusiya ilə qorunan hüquqularını həyata keçirməyə süni maneədir, ona görə də ləğv edilməlidir. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2374/2018 saylı 10 oktyabr 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Bakı Apellyasiya Məəhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 347/2019 saylı 06 fevral 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2- 1(103)- 2374/2018 saylı 10 oktyabr 2018-ci il tarixli qərarının ləğv olunması və işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır. İşə yenidən baxmış Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-967/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə təkrar baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2971/2019 saylı 29 noyabr 2019-cu il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-967/2019 saylı 04 iyun 2019-cu il tarixli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tərəflərin izahatları: İşə yenidən apellyasiya qaydasında son olaraq baxılması xx.xx.2022-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Bununla bağlı məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hazırki iş üzrə məhkəmə qərarının elan edilməsi Azərbaycan Respublikası İPM-nin 75.1-ci maddəsinə əsasən 23 iyun 2022-ci il tarixə təxirə salınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2017-ci il tarixdir. İş materiallarından həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınması müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2017-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçə, 25a saylı bağ sahəsinə hüquqlarının qeydiyyata alınması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin iddiası məhkəmələr tərəfindən təmin olunmamışdır. Belə ki, məhkəmələr ona istinad etmişlər ki, bağçılıq-yoldaşlığının bağ nömrələrinə uyğun olaraq aparılan bölgü eskizi təqdim olunmadığından göstərilən sahənin 25a saylı bağın yeri olmasını dəqiqləşdirmək mümkün olmamış, DƏDRX Bakı Ərazi İdarəsinin və "xxxx" MMC-nin elektron baza məlumatlarına əsasən iddia edilən və göstərilən torpaq sahəsinə hər hansı şəxsə texniki və hüquqi sənədin verilməsi barədə məlumat olmadığından üst-üstə düşməni və ya zəbt olub-olmamasını müəyyən etmək mümkün olmamış, iddia edilən və göstərilən torpaq sahəsi Abşeron NQÇİ-nin ərazisi hüdudları daxilinə düşür, göstərilən torpaq sahəsinin yaxınlığında magistral yol aşkar olunmamış, məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqanın imtinasında göstərilən xüsusatlar qismən öz təsdiqini tapmış, belə ki, alınmış mütəxəssis rəyində iddiaçının iddia etdiyi torpaq sahəsinin yerinin "xxxx" bağçılıq-yoldaşlığına ayrılan ərazi hüdudlarında yerləşdiyinin müəyyən olunmaması, eləcə də bağ sahəsinin Abşeron NQÇİ-nin ərazisi hüdudlarında olmasının müəyyən edilməsi bildirilmiş və rəyin əsassızlığı ilə bağlı məhkəmə icraatında heç bir xüsusat müəyyən edilməmişdir. xx.xx.2018-ci il tarixli mütəxəssis rəyindən görünür ki, iddia edilən torpaq sahəsinin “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının “V” blokunda yerləşdiyi, bağçılıqyoldaşlığın bağ nömrələrinə uyğun olaraq aparılmış bölgünün eskizinin təqdim olunmadığı üçün göstərilən sahənin 25a saylı bağın yerinin olmasını dəqiqləşdirməyin mümkün olmadığı, 1 saylı Bakı Ərazi İdarəsinin və "xxxx" MMC-nin elektron bazasına əsasən iddia edilən və göstərilən torpaq sahəsinə kiməsə texniki və hüquqi sənədin verilməsi barədə məlumatın olmadığı, bu səbəbdən üst-üstə düşməsi və ya zəbt olub-olmamasını müəyyən etməyin mümkün olmadığı, "xxxx" MMC-nin elektron bazasına əsasən iddia edilən torpaq sahəsinin Abşeron Neft CO-nun ərazi hüdudları daxilinə düşdüyü, iddia edilən torpaq sahəsinin yaxınlığında magistral yolun aşkar olunmadığı qeyd edilmişdir. Göründüyü kimi, məhkəmələrin istinad etdiyi mütəxəssis rəyi öz daxilində də ziddiyyətli olmuşdur. Belə ki, həmin rəyin birinci bəndində mübahisəli torpaq sahəsinin “Qum adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının “V” blokunda yerləşdiyi bildirilsə də, üçüncü bənddə sahənin Abşeron Neft CO-nun ərazi hüdudları daxilinə düşdüyü göstərilmişdir. İş üzrə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, 1971-ci ildən 2005-ci ilə qədər olan dövrdə Serebrovski adına X10 idarəsində operator, Elmi-tədqiqat istehsalat işləri laboratoriyasının rəis müavini, 2 saylı X10 sexinin rəisi vəzifələrində çalışmış, Bakı şəhər Sovetinin 20/396 saylı xx.xx.1987-ci il tarixli Qərarına əsasən bağçılıq təsərrüfatı yaradılması məqsədilə Serebrovski adına X10 idarəsinə 13 hektar torpaq sahəsi ayrılmışdır. İdarənin nəzdində 1987-ci ildə "xxxx" bağçılıq yoldaşlığı yaradılmış, rəhbərliyin təklifi ilə o, bağçılıq yoldaşlığın sədri seçilmişdir. Bağçılıq yoldaşlığının nizamnaməsinə əsasən Bağçılıq yoldaşlığıın üzvllərinin sayının 10%-ə qədər sayında üzvlər–başqa müəssisə və təşkilatların işçiləri, işlədikləri müəssisə və təşkilatların rəhbərlərinin təqdimatına əsasən X10 İdarəsinin rəhbərliyinin icazəsi ilə Bağçlılıq yoldaşlığına üzv ola bilərdilər. Göstərilən qaydaya əsasən 1988-ci ilin əvvəllərində İddiaçı işlədiyi Azərbaycan Respublikası Elmlər Akademiyasından onun Bağçılıq yoldaşlığına üzv olması xahişi ilə təqdimat “Qum adası” X10 İdarəsinin rəhbərliyinə gətirilmişdi. Göstərilən təqdimat üzərində ümumi işlər üzrə rəis müavininin dərkənarı ilə ona təqdim olunaraq icra olunması barədəgöstəriş verilmişdi. Bununla da İddiaçı Bağçılıq yoldaşlığına üzv qəbul edildi və ayrılan bağ sahəsi İddiaçı təqdim olundu. 2004-cü ildə yeni sədrin seçilməsi ilə əlaqədar o, Bağçılıq yoldaşlığına aid bütün sənədləri və möhürü “Qum adası” X10 İdarəsinin Sosial Təminat Şöbəsinə təhvil vermişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 347/2019 saylı 06 fevral 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mütəxəssis rəyində mübahisəli torpaq sahəsinin məhz “Qum adası” NQÇİ "xxxx" bağçılıq yoldaşlığının “V” blokunda yerləşdiyi, göstərilən torpaq sahəsinin yaxınlığında magistral yolun aşkar olunmadığı bilavasitə qeyd edilsə də, cavabdehin imtinası ilə razılaşan və onu qanuni hesab edən məhkəmələr, həmin imtinanın səbəblərinin faktiki olaraq təkzib olunduğunu düzgün qiymətləndirməmiş, torpaq sahəsinin "xxxx" bağçılıq yoldaşlığının “V” blokunda yerləşməklə məhz həmin bağçılığın hüdudları daxilində olduğunu, iddiaçının həmin sahədən qanuni əsaslarla istifadə etdiyini, bağçılığın üzvlük kitabçasının «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən hüquqların qeydiyyatı üçün əsas olaraq müəyyən edildiyini nəzərə almamışlar. Digər tərəfdən, “Qum Adası” NQÇİ-nin "xxxx" bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli protokolundan çıxarışa əsasən İddiaçı istifadəsinə “B” 25a saylı bağ sahəsi ayrılaraq ona xx.xx.1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verildiyindən, 15 dekabr 1985-ci ildə tərtib edilmiş ilkin siyahıda təbii olaraq iddiaçının adı olmayacaqdı. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(103)2971/2019 saylı xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, apellyasiya məhkəməsinin gəldiyi iddiaçının tələb etdiyi bağ sahəsinin Abşeron Neft CO-nun ərazisi hüdudlarında olmaqla sənaye təyinatlı torpaqlara aid olmasına dair nəticə qanuni və əsaslı olmamışdır. Qanunvericiliyin qeyd olunan normalarını nəzərə almaqla təkrar apellyasiya baxışı zamanı məhkəmə iddiaçının iddia etdiyi torpaq sahəsinin Abşeron Neft CO-nun ərazisi hüdudlarında olmaqla sənaye təyinatlı torpaqlara aiddiyyətinin yalnız dövlət torpaq kadastrının məlumatlarına əsasən verilmiş müvafiq ekspert rəyi ilə müəyyən edilə biləcəyini nəzərə almaqla bu məsələyə dair ekspert rəyinin alınmasını təmin etməlidir.......Apellyasiya məhkəməsi sözügedən halları hərtərəfli araşdırmalı, sahənin "xxxx" bağçılıq yoldaşlığına ayrıldığını, iddiaçıya bununla bağlı məhz həmin bağçılıq tərəfindən sənədlər verildiyini nəzərə almaqla məsələnin dəqiq müəyyənləşdirilməsini təmin etmək üçün "xxxx" bağçılıq yoldaşlığına aid sənədləri əldə edib tədqiq etməlidir........ Məhkəmə həmçinin Bakı şəhər Sovetinin İcraiyyə Komitəsinin 27 oktyabr 1987-ci il tarixdə 20/396 saylı qərarında “Azneft” İB-nin ərazisindən bağçılıq üçün sahənin ayrıldığını da nəzərə almalı, məhz bu səbəbdən elektron bazada sahənin sənaye təyinatlı sahə kimi qalmasının mümkünlüyünü yoxlayaraq qiymətləndirməli, eləcə də bağçılığa ayrıldıqdan sonra torpağın təyinatına əvvəlki kimi sənaye təyinatlı sahə kimi yanaşmanın mümkünlüyünə qiymət verməlidir. Bu məsələ ilə bağlı yanaşmanın düzgün müəyyənləşdirilməsini təmin etmək üçün məhkəmə "xxxx" bağçılıq yoldaşlığının ərazisində digər vətəndaşlara ayrılmış bağların mülkiyyət hüququ əsasında qeydə alınıbalınmadığını da yoxlamalı və müəyyən etdiyi hala müvafiq qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 96-cı maddəsinə müvafiq olaraq mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Bununla bağlı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarlarında göstərilənlərlə əlaqədar işə təkrar apellyasiya qaydasında baxılarkən məhkəmə mühəndistikinti ekspertizası təyin olunmuş, ekspert qarşısında iddiaçının iddia etdiyi torpaq sahəsinin dövlət torpaq kadastrının məlumatlarına əsasən Abşeron Neft CO-nun ərazisi hüquqlarında olmaqla sənaye təyinatlı torpaqlara aidiyyəti olub-olmamasının, elektron bazada həmin sahəsinin sənaye təyinatlı sahə kimi qalıb-qalmamasının, eləcə də bağçılığa ayrıldıqdan sonra torpağın təyinatına əvvəlki kimi sənaye təyinatlı sahə kimi qalıb-qalmamasının müəyyən edilməsi, torpaq sahəsinin avtomobil yolunun mühafizə zolağında yerləşib-yerləşməməsinin, iddiaçının istifadəsində olan sahənin hər hansı başqa şəxsə məxsus olan sahə ilə üst-üstə düşüb-düşməməsinin müəyyən edilməsi ilə bağlı suallar qoyulmuş və ekspertizanın keçirilməsi Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin müətəxissləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. xx.xx.2021-ci il tarixdə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən daxil olmuş mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin naturada müəyyən edilmiş koordinatlarına əsasən "xxxx"nin elektron bazasında araşdırılmış və məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olan, neft-qaz hasilatı məqsədilə Abşeron Əməliyyat Şirkətinin idarəetməsinə verilmiş torpaq sahələrinin hüdudları daxilində yerləşir, sənaye təyinatlı torpaqlara aiddir, iddia edilən və naturada göstərilən torpaq sahəsinə hər hansı hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılması və ya hüquqi və texniki sənədin verilməsi barədə elektron kadastr bazasında əlavə məlumat aşkar edilməmişdir, iddia edilən torpaq sahəsinin hər hansı kommunikasiya xəttinin mühafizə zolağına düşməsi barədə məlumat aşkar edilməmiş, sahənin hər hansı başqa şəxsə məxsus olan sahə ilə üst-üstə düşüb-düşməməsi aşkar edilməmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/4733 saylı xx.xx.2021-ci il tarixli ekspert rəyi mütəxəssis rəyi ilə eynilik təşkil edir. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün məhkəmə tərəfindən "xxxx" bağçılıq yoldaşlığına aid sənədlər toplusunun (qovluğun) məhkəməyə təqdim edilməsi, "xxxx" bağçılıq yoldaşlığının ərazisində vətəndaşlara ayrılmış bağların mülkiyyət hüququ əsasında qeydə alınıb-alınmaması barədə məhkəməyə məlumat verilməsi, İddiaçı 15 may 1992-ci il tarixdə bağ sahəsinin ayrılması ilə bağlı sənədlərin, o cümlədən 1992-ci ilə aid bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı cavabdeh inzibati orqana məhkəmə sorğusu göndərilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən sorğuya cavab olaraq "xxxx" bağçılıq yoldaşlığı “Qum adası” NQÇİ-yə dair arxiv qovluğu məhkəməyə təqdim olunmuşdur. Həmin qovluqdakı sənədlər nəzərdən keçirilərkən məlum olmuşdu ki, həmin arxiv qovluğunda olan yalnız 15 dekabr 1985-ci ildə tərtib edilmiş ilkin adlı siyahı mövcuddur, hansı ki, həmin siyahıda iddiaçının adının olması qeyri-mümkündür, belə ki, İddiaçı 25a saylı bağ sahəsi “Qum Adası” NQÇİnin "xxxx" bağçılıq yoldaşlığının xx.xx.1992-ci il tarixli protokoluna əsasən ayrılmış və ona xx.xx.1992-ci il tarixdə həmin bağ sahəsinə dair 107 nömrəli üzvlük bileti verilmişdir. Bununla da iddiaçıya qeyd olunan protokol çıxarışla torpaq sahəsinin ayrılmasını özündə əks etdirən hər hansı sənəd aşkarlanmamış, o cümlədən iddiaçının adı "xxxx" bağçılıq yoldaşlığı “Qum adası” NQÇİ-yə dair arxiv qovluğunda olan adlı siyahılarda əks olunmamış, bu barədə hər hansı məlumat mövcud deyildir. SOCAR Baş Ofis Mərkəzi Arxivi tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş sorğuya cavab məktubunda göstərilmişdi ki, SOCAR-ın Baş ofisinin Mərkəzi Arxivində “Qum adası” Neft və Qazçıxarma İdarəsi tərəfindın "xxxx" bağçılıq yoldaşlığına ayrılan torpaq sahələrinin sənədləri saxlanılmadığından, İddiaçı torpaq sahəsi ayrılması barədə hər hansı bir sənədin verilməsi imkan xaricindədir. O ki qaldı cavabdeh tərəfindən bildirilən sahənin avtomobil yolunun mühafizə zolağında yerləşdiyi və bölgü sxemi təqdim olunmadığı üçün bağ sahəsinin yerləşməsini təyin etməyin mümkün olmadığı ilə bağlı dəlillərinə, bu barədə məhkəmə kollegiyası qeyd edir ki, sahənin avtomobil yolunun mühafizə zolağında yerləşdiyi kassasiya instansiyası məhkəməsinin sonuncu qərarında da göstərildiyi kimi, həm iş materialları ilə təsdiq olunmur, belə ki, cavabdeh bu halı təsdiq edən hər hansı sübut verməyib, eləcə də işdəki mütəxəssis rəyində sahənin yaxınlığında magistral yolun aşkar olunmadığı bildirilib, həm də sonuncu apellyasiya baxışı zamanı keçirilmiş ekspertizanın nəticəsinə dair verilmiş rəyə əsasən bu hal təsdiqini tapmamışdır. Bölgü sxeminin təqdim olunmadığına dair dəlilə münasibətdə isə nəzərə alınmalıdır ki, həmin sənədi təqdim etmənin yükü iddiaçının üzərinə qoyula bilməz. Çünki sözügedən sənəd iddiaçının tərtib edib saxlamalı olduğu sənəd deyildir, daha çox müvafiq bağçılığın vəzifəsidir. Ona görə də, həmin sənədin təqdim olunmaması iddiaçının hüquqlarının həyata keçirilməsinə maneə təşkil etməməlidir. Digər tərəfdən isə qeyd olunmalıdır ki, iddiaçının istifadəsində olan sahənin hər hansı başqa şəxsə məxsus olan sahə ilə üst-üstə düşdüyünə dair də işdə məlumat yoxdur, bu hal ekspert rəyi ilə də təsdiq olunmuşdur. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin iş üzrə sonuncu qərarında göstərdiyi- "xxxx" bağçılıq yoldaşlığının ərazisində digər vətəndaşlara ayrılmış bağların mülkiyyət hüququ əsasında qeydə alınıb-alınmadığının da yoxlanılmalı olması barədə göstərişinin icrası ilə bağlı araşdırma aparmış və məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdu ki, İdarənin elektron baza məlumatlarına əsasən qeyd olunan ərazilər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olmasına baxmayaraq "xxxx" bağçılıq-yoldaşlığın “V” bloku ayrıc aktı daxilində yerləşir, sözügedən bağ sahəsinə qonşu olan sahələr **********03-11301, **********20 reyestr nömrələri ilə qeydiyyatdan keçmişdir. Adı çəkilən reyestr nömrələri ilə qeydiyyatdan keçmiş bağ torpaq sahələrinə dair təqdim olunmuş reyestrdən çıxarışlardan (2 ədəd) görünür ki, həmin bağ sahələri iddiaçının bağ sahəsinin qonşuluğunda yerləşən "xxxx" bağçılıq-yoldaşlığı tərəfindən verilmiş bağ sahələridir, həmin bağ torpaq sahələrinin kateqoriyası “yaşayış məntəqə torpaqları”na aid olduğu göstərilmişdir. Beləliklə, iş üzrə aparılan araşdırmalar onu deməyə əsas verir ki, iddiaçıya “Qum adası” NQÇİ-nin “Bahar bağçılıq yoldaşlığı”nın xx.xx.1992-ci il tarixli protokolu ilə ayrılmış 500 kv.m. sahədən ibarət olan 25a saylı bağ sahəsinə dair xx.xx.1992-ci il tarixdə 107 nömrəli üzvlük bileti də verilmiş, lakin iddiaçının adı məhkəməyə təqdim olunan bağçılıq yoldaşlığının arxiv qovluğunda olan sənədlərdə, o cümlədən adlı siyahılarda (hansı ki həmin qovluqda yalnız 1985-ci il tarixli siyahı olmuşdur) aşkarlanmamış, ayrılmış torpaq sahəsi ekspert rəyinə əsasən yaşayış məntəqələrinin hüdudları daxilində yerləşməklə sənaye təyinatlı sahə kimi qalmaqdadır, təyinatı dəyişdirilməmişdir, Dövlət Neft Şirkətinin daimi istifadəsində olan torpaq sahələrinə aiddir, həmin torpaq sahəsinin hər hansı hüquqi və ya fiziki şəxsə ayrılması və texniki sənəd verilməsi müəyyən olunmur, qeyd olunan torpaq sahəsi hər hansı kommunikasiya xəttinin və ya avtomobil yolunun mühafizə zolağına düşmür, başqa şəxslərə məxsus olan torpaq sahələri ilə də üst-üstə düşmür. Qeyd olunan torpaq sahəsinin qonşuluğunda olan adı çəkilən bağçılıq-yoldaşlıq cəmiyyəti tərəfindən ayrılmış torpaq sahələri ayrı-ayrı şəxslərin mülkiyyətində olub, həmin şəxslərin adına bu barədə müvafiq dövlət reyestrindən çıxarışlar da verilmişdir. Belə olan halda iddiaçı ona ayrılmış bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını tələb etməkdə haqlı olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını istisna edən hallar iş üzrə müəyyən edilmədiyindən, iddiaçının təqdim etdiyi sənədlər “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.7 və 10.2.1-ci maddələrinə əsasən bağ sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün yetərli əsas sayılmalıdır. İddiaçı sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb edərkən cavabdeh inzibati orqan bu tələbin təmin olunmasından imtina etmiş və iddaçının adının bağçılıq yoldaşlıq təsərrüfat üzvlərinin siyahısında olmadığına, bağ sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olmasına və avtomobil yolunun mühafizə zonasında yerləşməsinə istinad etmişdir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, cavabdehin qeyd etdiyi hallarla bağlı məhkəmə araşdırması aparılmış, təqdim edilmiş ekspert rəyi və verilmiş sorğulara cavab məktublarına əsasən müəyyən edilmişdir ki, iddaçının adı bağçılıq yoldaşlıq cəmiyyətinə aid arxiv qovluğunda olan sənədlərdə, o cümlədən adlı siyahılarda (həmin qovluqda yalnız 1985-ci ilin siyahısı olmuşdur) olmasa da, iddiaçıya üzvlük bileti verilmiş və belə siyahının təqdim edilməsi məhz həmin cəmiyyətin vəzifəsi olmuş, bununla bağlı iddiaçı hər hansı öhdəlik daşımadığı üçün onun məsuliyyət yükü də iddiaçının üzərinə qoyula bilməz. Qeyd edilmiş torpaq sahəsinin başqa şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşməsi, torpaq sahəsinin təyinatının dəyişdirilməsi, onun hansısa kommunikasiya və ya avtomobil mühafizə zolağına düşməsi halı isə iş üzrə müəyyən edilmir. Həmin torpaq sahəsinin Dövlət Neft Şirkətinin istifadəsində olan torpaqlara aid olmasına gəldikdə isə qeyd olunur ki, "xxxx" bağçılıq-yoldaşlıq cəmiyyəti üçün torpaq sahəsi Neft Şirkətinə aid torpaqlardan ayrılmış və həmin torpaq sahəsi sənaye torpağı olsa da, yaşayış məntəqə torpaqlarına aiddir, qonşuluğunda həmin bağçılıq cəmiyyəti tərəfindən ayrı-ayrı şəxslərə ayrılmış bağ torpaq sahələrinə dair mülkiyyət hüququ ilə bağlı çıxarışlar verilmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya onun istifadəsində olan bağ sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı tələbinin təmin olunmasından imtina etməklə cavabdeh inzibati orqan onun bərabərlik hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Həmin Qanunun 12.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə, Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86)”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan şəxslərə cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Nəzərə alınmalıdır ki, məcburetmə haqqında iddia üzrə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi daşıyır, lakin hazırki işdə belə faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Halbuki Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya verilmiş torpaq sahəsi ilə bağlı onun mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınaraq dövlət reyestrindən çıxarışın verilməsi tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın verdiyi imtina qanuna zidd olmaqla yanaşı, iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarı ləğv edilməli, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməli və bununla bağlı apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının aparılması üçün çəkilən xərclər qismində 50 manat məbləğində ekspertiza xərci cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-799/2018 saylı 12 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin olunsun. İddiaçı məxsus Bakı şəhəri, Suraxanı rayonu, “Bahar bağları” qəsəbəsi, 4-cü küçədə yerləşən 500 kv.m. sahədən ibarət olan 25a saylı bağ sahəsi üzərində onun mülkiyyət hüququnun qeydiyyata alınması öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsindən 50 manat məbləğində ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-27/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-27/2022
23.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver