Məhkəmə qərarları › İş №2-1(103)-27/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-27/2023

14.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-27/2023 14.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 və 3-cü şəxs X1 nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxslər Bakı şəhəri X5, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) “torpaq sahəsinə çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-803/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 5000 kv.m torpaq sahəsinə plan və ölçüsünün hazırlanaraq istifadəsində olan onun adına verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində 5000 kv.m torpaq sahəsinə plan və ölçünün verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayon, X5nə müraciət edərək boş torpaq sahəsini sahibkar fəaliyyəti üçün alqı-satqı yolu ilə mülkiyyətinə verilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon X1 1564/1 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı ilə Binəqədi rayonu Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisində 5000 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyətinin tikintisi üçün alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Torpaq və Xəriçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə müraciət etmişdir. Cavabdeh müraciətinin təmin edilməsindən imtina etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1215/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində olan 5000 kv.m torpaq sahəsinə dair İddiaçı adına verilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2652/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-1215/2014 saylı, xx.xx.2014-cü il tarixli qərarı ləğv edilərək iş məhkəmə icraatının davam etdirilməsi üçün həmin məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 461/20 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının kasasiya şikayəti təmin edilməmiş və Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2652/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri, X5, xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, X1 xx.xx.2005-ci il tarixli, 1564/1 nömrəli sərəncamına əsasən ayrılmış və UTM WGS 84 koordinat sistemində Y: 4479050,839, 4479092,249, 4478990,866, 4478943,744 və X: 398465,445, 398491,862, 398545,409, 398521,134 koordinatlarda olan torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsinə ayrılmış sənaye təyinatlı ərazilərin hüdudları daxilində olmuş (1976-ci il tarixə təsdiq olunmuş xəritənin sürəti əlavə olunur) və daha sonra Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli, 901-İ1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X9” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudları daxilində yerləşir və bu səbəbdən həmin torpaqlardan yalnız təyinatı üzrə istifadə oluna bilər. Qeyd olunan Qanunun 4-cü bəndində göstərilmişdir ki, sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Həmçinin, Sazişin 25.1-ci bəndi ilə tövsif olunmuşdur ki, ... bu Saziş Azərbaycan Respublikasının Parlamenti tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Qanunu qüvvəsinə minir və Azərbaycan Respublikasında müddəaları bu Sazişə uyğun gəlməyən və ya zidd olan hər hansı başqa mövcud və ya gələcək qanundan, fərmandan, yaxud inzibati sərəncamdan (və ya onun bir hissəsindən) üstün tutulur, (bu Sazişdə konkret olaraq başqa cür göstərilən hallar istisna olmaqla). Qeyd olunanları nəzərə alaraq, eləcə də aşağıda istinad olunan sahəvi qanunvericiliyin tələblərinin təmin edilməsi məqsədilə, hesab etmişdir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən, əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir. “Torpaq islahatı haqqında” Qanunun 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Qanunvericiliyin və Sazişin qeyd olunan bəndləri və eləcə də torpaq sahəsinin iddiaçıya ayrılması barəsində olan qərarının tarixinin (xx.xx.2005) Qanunun qəbul olunduğu tarixdən (xx.xx.2005) sonrakı dövürə təsadüf etməsi, həmin qərarın qanunsuz olduğunu və hüquqi əhəmiyyət kəsb etmədiyini bir daha sübut edir. Saziş üzrə ərazinin bu və ya digər formada özgəninkiləşdirilməsi həmin ərazidə Saziş üzrə nəzərdə tutulmuş neftqaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, eləcə də SOCAR-ın xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərin yerinə yetirilməsinə maneələr yaradır, eyni zamanda dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin qanunsuz olaraq ayrılması halları SOCAR-ın Nizamnaməsi ilə əmlakı üzərində müəyyən olunmuş sahiblik, istifadə və sərəncam vermək hüquqlarının həyata keçirilməsinə ciddi şəkildə maneələr yaratmaqla bərabər, vətəndaşların əsassız kompensasiya tələblərinə gətirib çıxarır və nəticə etibarı ilə dövlətə əsaslı şəkildə maddi ziyan dəyir. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-803/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verilərək, iş üzrə qərarın ləğv edilməsini, iddianın təmin olunmasına dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsi qərar çıxararkən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təqdim etdiyi etiraza əsaslanmış və bununla da, iddiaçı kimi mülkiyyət hüquqlarını pozmuşdur. Cavabdeh orqan və üçüncü şəxs birinci instansiya məhkəməsində işə baxılarkən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində saxlanılan torpaqlarda yerləşməsini sübut edən hər-hansı sənədi məhkəməyə təqdim edə bilməmişdir. Alqı-satqı yolu ilə ayrılmış torpaq sahəsinin onun mülkiyyətinə verilməsini təsdiq edən 02 sentybar 2005-ci il tarixli, 1564/1 nömrəli Sərəncamı, torpaq sahəsinin planını əks etdirən sənədi, torpağın dəyəri olan 4000 manat məbləğində vəsaitin X1 hesabına ödənilməsini təsdiq edən kassa mədaxil orderini məhkəməyə təqdim etmişdim. Həmçinin, Bakı şəhəri X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1427 nömrəli arayışdan göründüyü kimi, X1 02 sentyabr 2005-ci il tarixli, 1564/1 saylı sərəncamı ilə İddiaçı 5000 kv.m torpaq sahəsi ayrılması barədə qeyd X5 tərəfindən vətəndaşlara 2005-ci ildə ayrılmış torpaq sahələrinin qeydiyyat iurnalında 777-ci sıra ilə qeydiyyatdan keçməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21, 24, 28, 45 və 61-ci maddələrinin tələblərinə əməl olunmamışdır. Cavabdeh (inzibati orqan) icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, imtina qərarını kifayət qədər əsaslandırmamış, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən 3-cü şəxs X1 nümayəndəsi apellyasiya şikayətinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq iş üzrə diğər 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə digər 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-803/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 №-li, 02 sentyabr 2005-ci il tarixli sərəncamının surətindən görünür ki, X1 1 sentyabr 2005-ci il tarixli, 94 saylı ümumi iclasının qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 5000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir. Qeyd olunan sərəncama X1 mütəxəssisi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı əlavə edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X1 1561/1 №-li, 02 sentyabr 2005-ci il tarixli sərəncamının surətindən görünür ki, X1 1 sentyabr 2005-ci il tarixli, 94 saylı ümumi iclasını qərarı əsas tutularaq Binəqədi rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən 600 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına sərəncam verilmişdir. Qeyd olunan sərəncama X1 mütəxəssisi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı əlavə edilmişdir. AİT 676593 №-li, iyul 2006-cı il tarixli kassa mədaxil orderinin surətindən görünür ki, İddiaçı torpağın dəyəri olan 4000 manat məbləğində vəsaiti Bakı şəhəri, Binəqədi rayonu, X1 hesabına ödəmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X1 xx.xx.2020-ci il tarixli, OL13/Əİ-1184 №-li məktubundan görünür ki, X1 02 sentyabr 2005-ci il tarixli, 1564/1 saylı sərəncamı ilə İddiaçı 5000 kvm. torpaq sahəsi ayrılması barədə qeyd X5 tərəfindən vətəndaşlara 2005ci ildə ayrılmış torpaq sahələrinin qeydiyyat jurnalında 777-ci sıra ilə qeydiyyatdan keçmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 1427 №-li arayışdan görünür ki, həqiqətən də X1 02 sentyabr 2005-ci il tarixli, 1564/1 saylı qərarı ilə İddiaçı istifadəsinə 5000 kvm. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış **********35 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, qeyd edilən torpaq sahəsi ilə bağlı keçmiş DTXK tərəfindən təsdiq edilmiş alqı-satqı aktı təqdim edilməmiş və torpaq sahəsinə münasibət bildirilməsi üçün Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəyi əlavə olunmamışdır. Bundan başqa torpaq sahəsinin bir hissəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş“ Elektrik şəbəkələrinin mühafizəsi qaydalarf’nın tələblərinə uyğun olaraq 35.0 kv.mliq elektrik xəttinin mühafizə zolağında yerləşir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış **********38 №-li, xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, müraciətlə bağlı idarənin mühəndisi tərəfindən göstərilən əraziyə texniki baxış keçirilmişdir. Torpaq sahəsindən 10-20 metr məsafədən yüksək gərginlikli elektrik xətti və 10-30 metr məsafədən diametri 0,30 m olan yerüstü boru xətti keçir. 1 saylı Bakı Ərazi İdarəsinin elektron kadastr bazasında mühəndisin təyin etdiyi koordainatlar daxilindəki torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən **********88 №-li, xx.xx.2020-ci il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, ayrılmış torpaq sahəsini naturada göstərmək üçün X1 nümayəndəsinin iştirak etməməsi, müraciə əlavə edilmiş Bakı şəhəri Binəqədi rayonu, X1 xx.xx.2005-ci il tarixli, 1564/1 saylı sərəncamının əlavəsi olan cizginin miqyassız, koordinatsız, hər hansı bir istinad nöqtəsindən məsafəsinin göstərilməsi qeyd edilməyən, X5 tərəfindən tərtib və təsdiq edilmiş cizgi isə Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması qaydaları haqqında əsasnamənin 19-cu bəndində nəzərdə tutulan qaydada planalma aparılaraq ayrılan torpaq sahəsinin ölçüsündən asılı olaraq tələb olunan miqyasda plan-ölçüsü hazırlanmadığından (keçmiş DTXK-nin Bakı şəhər şöbəsi tərəfindən hazırlanıb rəy verilməli idi), müraciətdə qeyd edilən məlumatların təqdim edilməsi mümkün olmamışdır. Torpaqların alqı-satqısına dair aktda qeyd olunmuşdur ki, Bağırova X4 qəsəbə Bələdiyyəsinə 01 sentyabr 2005-ci il tarixində torpaq sahəsi barədə müraciət edilmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və X5 ərazisində 5000 kv.m torpaq sahəsinin satılması barədə 2005-ci il 02 sentyabr tarixli 1564/1 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində Bağırova X4 rayon Kapital Bankın 1 saylı hesabına əvvəlcədən 4000 manat haqq ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 04 avqust 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, icra məmurunun müvafiq qərarı icra edilərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında yerləşən 5000 kv.m torpaq sahəsinin üzərinə qeydiyyatdan keçməyən əmlaklar bazasında məhdudiyyət qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli qərardadı ilə Nərimanov rayon Məhkəməsinin 2(005)-2590/2016 saylı, xx.xx.2016-cı il tarixli və X1 04/10 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədlərinin icrasını təmin etmk məqsədilə borclu İddiaçı sahibkarlıq məqsədilə istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ünvanında 5000 kv.m torpaq sahəsi üzərinə həbs qoyulmuşdur. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Dövlət Arxivinin Bakı Filialı tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Binəqədi rayonu X1 arxiv fondu üzrə 2005-ci ilə dair arxiv sənədləri, o cümlədən xx.xx.2005-ci il tarixli, 1564/1 saylı qərarı Dövlət Arxivinin Bakı Filialına təhvil verilməmişdir. Torpaq Məcəlləsinin 86.2-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir. Sərəncam vermək hüququ isə Mülki Məcəllənin 146.2-ci maddəsinə görə dövlət reyestrində qeydiyyata alındıqdan sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd; Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plancizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3- cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olubolmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələri sırasına daxildir Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxılındə, Binəqədi qəsəbə ərazisindən 5000 kv.m torpaq sahəsinin sahibkarlıq fəaliyyətinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmasına dair Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 saylı, 02 sentyabr 2005-ci il tarixli sərəncamı verilən zaman qanunvericiliyin yuxarıda qeyd edilən tələblərinə əməl edilməməsi (bələdiyyə qərarının qəbulu, torpağın bələdiyyənin mülkiyyətində olması, alqısatqı müqaviləsinin bağlanması, müvafiq orqanların rəylərinin alınması), həmçinin iddia olunan torpaq sahəsinin bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsinə deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aid olması müəyyən edilmişdir. Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 saylı, 02 sentyabr 2005-ci il tarixli sərəncamı hazırda qüvvədə olsa da iddia edilən torpaq sahəsinə dair bələdiyyənin qanunvericiliyin tələblərinə uyğun qərarı, alqı-satqı müqaviləsi, eyni zamanda sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi olmadığından, eyni zamanda üzərində sərəncam verilmiş torpaq sahəsi bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahəsi olmadığından cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməməsi qanuni və əsaslı olmuş, ididiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Məhkəmə kollegiyası, eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 27 may 2022-ci il tarixli, 2-1(103)-178/2022 saylı qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məslələri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən daxil olmuş mütəxəssis rəyində qeyd olunmuşdur ki, Sual 1. Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 №-li, 02 sentyabr 2005-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində olan 5000 kv.m torpaq sahəsinin koordinatları “X10” Şirkətinin istifadəsində olan torpaq sahəsinin koordinatları daxilində yerləşirmi, əgər yerləşirsə bu hansı tərəfdən və nə qədər təşkil edir? Cavab: Vahid elektron kadastr baza məlumatlarına əsasən şərti olaraq koordinatları verilmiş torpaq sahəsi “X10” Əməliyyat Şirkətinin ərazisi olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində yerləşir. Sual 2. Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 №-li, 02 sentyabr 2005-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində olan 5000 kv.m torpaq sahəsi məqsədli təyinatına görə hansı torpaqlara aiddir? Cavab:Vahid elektron kadastr baza məlumatlarına əsasən ərti olaraq koordinatları verilmiş torpaq sahəsi "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" kateqoriyasına aid olmaqla neft əraziləridir. Sual 3. Bakı şəhəri, Binəqədi rayonu, X1 1564/1 №-li, 02 sentyabr 2005-ci il tarixli sərəncamı ilə İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi ərazisində yerləşən və iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi nə qədərdir? Cavab: Qeyd olunan torpaq sahəsi faktiki olaraq 5000,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli, 10/3437 saylı ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, qərardadın birinci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri“ publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-30/2-13137/2023 nömrəli mütəxəssis rəyinə əsasən, şərti olaraq koordinatları verilmiş torpaq sahəsinin “X10” Əməliyyat Şirkətinin ərazisi olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində yerləşdiyi müəyyən edildi. Qərardadın ikinci sualı üzrə: Mütəxəssis rəyinə əsasən, şərti olaraq koordinatları verilmiş torpaq sahəsinin "Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar" digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla neft əraziləri olduğu müəyyən olundu. Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, qeyd olunan torpaq sahəsinin faktiki olaraq 5000,0 kv.m təşkil etdiyi və torpaq sahəsinin üzərində tikilinin olmadığı müəyyən olundu. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Hazırkı ekspert rəyi ilə təsdiq olunur ki, hazırda iddiaçının çıxarışın verilməsini tələb etdiyi torpaq sahəsi “X10” Əməliyyat Şirkətinin ərazisi olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin sərhədləri daxilində yerləşir, bununla yanaşı torpaq sahəsi “Sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar” digər təyinatlı torpaqlar kateqoriyasına aid olmaqla neft ərazisidir. Bundan başqa, iddiaçının nümayəndəsinin izahatı, təqdim olunmuş fotoşəkillər və ekspert rəyi ilə torpaq sahəsinin üzərində heç bir tikilinin mövcud olmadığı müəyyən olunur. Eyni zamanda, təkrar ekspertizanın keçirilməsi üçün MPM-in 102.2-ci maddəsinə göstərilmiş əsaslardan hər hansı biri müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2021-ci il tarixli, 2-1(112)-803/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar