Məhkəmə qərarları › İş №2-1(103)-270/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-270/2021

26.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-270/2021 26.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, İddiaçı2 qızının nümayəndəsi İddiaçı1, cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X2 iştirakı ilə təhsil haqqını ödəməkdən azad olunma öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-948/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barədə cavabdehin ərizəsinə və apellyasiyanın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, adının güzəştli tələbələr siyahısına salınmaqla, təhsil haqqını ödəməkdən azad olunmasına, 2017-ci il tarixdə ödəniş etdiyi təhsil haqqının, 1.320 manat pulun növbəti illərə ödəyəcəyi əlavə ödənişlərlə əvəz olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat zamanı cavabdeh ərizə ilə Məhkəməyə müraciət edərək, buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmiş, ərizə cavabdehin dəftərxanasında və İKT şöbəsində olan texniki problemlərlə əsaslandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1231/2019 nömrəli iş üzrə 13.06.2019-cu il tarixli qərardadı ilə apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddət bərpa edilmiş, Məhkəmənin eyni iş üzrə 20.06.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31.01.2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. Həmin qərarla razılaşmayan iddiaçı ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İİK-nın 2-1(102)-2993/2019 nömrəli iş üzrə 30.10.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi İİK-nın 20.06.2019-cu il tarixli qərarı və bununla bağlı 13.06.2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “İşdən göründüyü kimi, məhkəmə aktının təqdim edildiyi tarixdən cavabdehin sərəncamında 1 ay sərbəst prosessual müddət olmuşdur. Həmin müddətdən cavabdeh istifadə etməmiş, prosessual müddəti 20 gün ötürmüş və bunun səbəbi kimi cavabdehin dəftərxanasında və İKT şöbəsində olan texniki problemləri qeyd etmişdir. Lakin həmin texniki problemlərin nədə ifadə olunduğu, hansı müddəti əhatə etdiyi, şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş imkandan istifadəni mümkünsüz edən və cavabdehin iradəsindən aşkar kənara çıxan hansı halların müəyyən edildiyi, İPM-in 24.2-ci maddəsində nəzərdə tutulmuş 15 günlük müddətə əməl olunub-olunmadığı məhkəmə araşdırmasının predmeti olmayıb.” Bakı Apellyasiya Məhkəməsi İK-nın 2-1(103)-725/2020 nömrəli iş üzrə 04.03.2020ci il tarixli qərardadı ilə cavabdehin prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmiş, apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. Həmin qərardadla razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın 2-1(102)-1444/2020 nömrəli iş üzrə 22.09.2020-ci il tarixli qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi İK-nın 04.03.2020-ci il tarixli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi ərizənin təmin edilərək, apellyasiyanın mümkün hesab edilməsini, iddiaçının nümayəndəsi ərizənin rədd edilərək, apellyasiyanın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası ərizəni Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdən görünür ki, məhkəmə qərarı 25.02.2019-cu il tarixdə poçt xəbərnaməsinə imza edilməklə cavabdehə rəsmi qaydada təqdim olunmuşdur (iş vərəqi-65). İPM-in 85.1-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Qeyd olunan normaların tələbinə əsasən iş üzrə qərardan apellyasiya şikayəti vermə müddəti cavabdehə münasibətdə qərar ona təqdim edildiyi tarixdən hesablanmaqla, 27.03.2019-cu il tarixdə, iş günündə başa çatmışdır. Lakin məhkəmə qərarından apellyasiya şikayəti 17.04.2019-cu il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, bununla da qanunla müəyyən edilmiş müddət cavabdeh tərəfindən 20 gün buraxılmışdır. Ali Məhkəmənin 22.09.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “İşin təkrar apelyasiya baxışında araşdırma tələb edilən hallarla bağlı sübutların təqdim olunmasının cavabdehə təklif edilməsi, eləcə də işə baxan məhkəmə kollegiyasının bu barədə sübutları öz təşəbbüsü tələb etməsi müəyyən edilmir. ... Kollegiya hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qeyd olunan prosessual hüquq normalarının tələbləri pozularaq, prosessual müddətin ötürülməsi səbəblərinin müəyyən edilməsi üçün ətraflı araşdırma aparılmamışdır.” İPM-in 96.11-ci maddəsinə əsasən, mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İPM-in 1.2-ci maddəsinə görə, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28.02.2012-ci il tarixli Qərarına əsasən, MPM-in 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiyası məhkəməsinin göstərişləri bu Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir. Ali Məhkəmənin qərarında əks olunan göstərişlər məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ilə müzakirə olunmuş, prosessual müddətin üzrlü səbəblərdən ötürülməsinin müəyyən edilməsi üçün sübutların təqdim olunması ona təklif edilmiş, lakin növbəti iclasda sonuncu Məhkəməyə təqdim edəcək heç bir sübutun olmadığını bildirmişdir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Prosessual müddətlərin bərpası ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08.05.2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Məhkəmə kollegiyası bildirir ki, hər hansı halın cavabdehə münasibətdə üzrlü sayıla bilməsi üçün bu halın ondan asılı olmaması, onun özü tərəfindən dəf edilməli imkanlardan kənara çıxması, bunun üçün müvafiq hərəkətlərin yerinə yetirilməsinə maneə törətməsi sübuta yetirilməlidir. Lakin iş üzrə belə hal aşkar olunmur. Bu da o deməkdir ki, qanunla müəyyən edilmiş prosessual müddət iddiaçının təqsiri ilə ötürülmüşdür. İPM-in 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır, 87.3-cü maddəsinə görə apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və İPM-in 24, 68, 80, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-948/2019 nömrəli iş üzrə 31 yanvar 2019-cu il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməsin. Müddətin bərpasından imtina edilsin. Apellyasiya mümkün sayılmasın. Apellyasiya şikayətinin qəbul olunmasından imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov İlham Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar