Məhkəmə qərarları › İş №2-1(103)-270/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-270/2022

09.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-270/2022 09.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, iddiaçının nümayəndəsi, Vəkil, cavabdehin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzillə təmin edilməsi və mənzillə təmin edilənə qədər iddiaçıya 18 dekabr 2018-ci il tarixdən hesablanmaqla, hər ay 375 manat kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4614/2021 saylı, 25.06.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, övladları X2 və X5 qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə təmin etmək, 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayrılana qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli 2-1(112)-2739/2020 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçının vəkili və nümayəndəsi tərəfindən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05.08.2020-ci il tarixli 2-1(103)- 1384/2020 saylı qərardadı ilə təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 16.06.2020-ci il tarixli 2-1(112)-2739/2020 saylı qərardadı ləğv edilmiş və inzibati iş müvafiq prosessual hərəkətlərin yerinə yetirilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı övladları X6 və X10 ilə birlikdə mərhum hərbi qulluqçunun ailə üzvləri kimi qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin edilənə qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyinin cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4614/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4614/2021 saylı, 25.06.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İcra Hakimiyyətinin balansında boş mənzil fondu mövcud deyildir. Hal-hazırda yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müəyyən kateqoriyadan olan şəxslərin mənzillə təmin olunması Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən həyata keçirilir. Bu səbəbdən də, iddiaçının ailəsinin mənzillə təmin olunması öhdəliyinin rayon İcra Hakimiyyətinin üzərinə qoyulması əsassızdır. İddiaçının həyat yoldaşı vəfat etdiyindən ona məxsus olmuş imtiyazların onun həyat yoldaşına şamil edilməsi qanunvericilikdə nəzərdə tutulmadığından məsələsinin müsbət həlli mümkün olmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4614/2021 saylı, 25.06.2021-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4614/2021 saylı, 25.06.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: - Vİİ-ЖГ seriyalı, 337540 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən aydın olur ki, İddiaçı ilə X8 24 fevral 1998-ci il tarixdə nikaha daxil olmuşlar. - AZ-İİ № 039160 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X6 16.09.2000-ci il tarixdə doğulmuşdur, atası X8, anası İddiaçıdır. - AZ-İİ № 039159 saylı doğum haqqında şəhadətnamədən görünür ki, X10 26.11.2007-ci il tarixdə doğulmuşdur, atası X8, anası İddiaçıdır. - EZ № ******* saylı hərbi biletdən görünür ki, iddiaçının mərhum əri X8 Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, 11.09.2018-ci il tarixdə xəstəliyə görə ehtiyata buraxılmışdır. - DMSF tərəfindən verilmiş 022147 saylı vəsiqədən görünür ki, iddiaçının mərhum ərinə 18.01.2019-cu il tarixdən hərbi xidmət dövrü ilə əlaqədar 1-ci qrup müddətsiz əlillik verilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, iddiaçının mərhum əri X4 18.01.2019-ci il tarixdə hərbi xidmət dövrü ilə əlaqədar İ dərəcəli əlillik verilmişdir. - AZ-İİ № 020688 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının əri X8 10.09.2019-cu il tarixdə ölmüşdür. - Cavabdehin iddiaçıya ünvanlanmış 17.10.2019-cu il tarixli 02/09-1111/İ-132-068 saylı məktubu ilə bildirilmişdir ki, müraciətə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılmışdır. Qanunvericiliyin tələbinə əsasən vətəndaşların mənzillə təmin olunmaları üçün ilk şərt yaşayış yeri üzrə qeydiyyatda olduqları rayonun İcra Hakimiyyətində mənzil növbələrinin olmasıdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51-ci maddəsinə əsasən, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlara mənzillər, onların uçota götürüldüyü vaxt əsasında və siyahı ilə müəyyən edilən növbəlilik qaydasında ayrılır. Bu səbəbdən də qeydiyyatda olduğu rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayandıqdan sonra qanunvericiliyə uyğun olaraq növbəlilik qaydasında mənzillə təmin olunma məsələsinə baxıla bilər. - Cavabdehin iddiaçıya ünvanlanmış 08.11.2019-cu il tarixli 02/09-1111/İ-132/2-068/2 saylı, 28.12.2019-cu il tarixli 04/09-11-11/İ-132/3-068/3-1/1 saylı məktubu ilə bildirilmişdir ki, rayon İcra Hakimiyyətində mənzil növbəsinə götürülməyinə köməklik göstərilməsi barədə Binəqədi rayonu İcra Hakimiyyətinə ünvanladığı 25.10.2019-cu il tarixli İ-132/2- 068/2 saylı müraciətinə baxılmışdır. Nəzərinə çatdırılmışdır ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Bundan başqa, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsinin 7-ci bəndinə əsasən yalnız yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sırasında 15 təqvim ilindən az olmayaraq və onun 5 ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri ilə (yaşayış sahəsi alanadək kirayə haqqı ilə) təmin edilirlər. Qanunvericiliyin müddəalarından göründüyü kimi güzəşt mənzil növbəsinə dayanmaq istəyən şəxsin özünə məxsus olduğu halda O, həmin güzəştlə mənzil növbəsinə dayana bilər. Odur ki, mərhum həyat yoldaşına aid güzəştin ailəsinə tətbiq olunaraq ehtiyatda olmuş zabit ailəsi kimi mənzil növbəsinə götürülməyinə köməklik göstərilməsi mümkün deyildir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsinin 18.05.2021-ci il tarixli 2454 saylı məktubundan görünür ki, X1 Nazirliyi tərəfindən mənzillə təmin edilməmişdir. - Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin 31.05.2021-ci il tarixli 16/3324 saylı məktubu ilə bildirilmişdir ki, İddiaçı həyat yoldaşı mərhum X9 09.01.2002-ci il tarixdən 11.09.2018-ci il tarixədək Dövlət Sərhəd Xidmətində xidmət keçdiyi müddət ərzində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmamışdır. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Binəqədi rayon İdarəsinin 04.07.2019-cu il tarixli 150 saylı arayışından görünür ki, X9 27.08.1996-cı il tarixdən 30.11.1999-cu il tarixədək və 09.01.2001-ci il tarixdən 11.09.2018-ci il tarixədək Azərbaycan Respublikası SQ-da zabit qismində həqiqi hərbi xidmət keçmişdir. AR DSX rəisinin 08.06.2018-ci il tarixli 827ş/h saylı əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin 51/68 saylı 10.09.2019-cu il tarixli arayışından görünür ki, X9 DSX-də xidmət etdiyi müddət ərzində torpaq sahəsi və mənzillə təmin olunmamışdır. - Binəqədi rayonu Xocasən Bələdiyyəsinin 14 avqust 2019-cu il tarixli 01-01/A-1038 saylı arayışından, Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin 08 avqust 2019-cu il tarixi 787 saylı və 15 avqust 2019-cu il tarixli BRB/İ-22 saylı arayışından görünür ki, X9, İddiaçı, X3 torpaq sahəsi ayrılmamışdır. - DƏDRX-in 1 saylı Bakı ərazi idarəsi tərəfindən verilmiş 31.07.2019-cu il tarixli, **********91 saylı və 22.08.2019-cu il tarixli, **********11 saylı arayışdan müəyyən edilir ki, İddiaçı adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli Qeydiyyat Sistemində məlumat yoxdur. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2, 51.3, 51.4, 51.5, 51.6, 51.7, 53.1, 53.2, 5.3-cü maddələrini, Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndini, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2, 7-ci hissələrini, 21.5-ci maddəsini, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndini, «İnzibati icraat haqqında» AR Qanununun 58.1, 58.2, 61.1, 61.2, 67.1-ci maddələrini tətbiq etməklə belə qərara gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı övladları X6 və X10 ilə birlikdə mərhum hərbi qulluqçunun ailə üzvləri kimi qanunvericiliklə müəyyən edilmiş normada mənzillə təmin etmək və 18 dekabr 2018-ci ildən hesablanmaqla, mənzillə təmin qədər iddiaçıya hər ay 375 manat kompensasiya ödəmək öhdəliyi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafıq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfındən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfındən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Həmin Məcəllənin 51.4-cü maddəsinə əsasən uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Həmin Məcəllənin 51.5-cı maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Həmin Məcəllənin 51.6-cı maddəsinə əsasən uçota almanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. Həmin Məcəllənin 51.7-ci maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən müəyyən edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 53.1.1. bu Məcəllənin 51.4-cü maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə; 53.1.2. müvafiq vətəndaşın yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq etməyən sənədlər təqdim edildikdə; 53.1.3. bu Məcəllənin 52-ci maddəsi ilə nəzərdə tutulmuş müddət bitmədikdə. Həmin Məcəllənin 53.2-ci maddəsinə görə uçota alınmaqdan imtina haqqında qərar bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallara mütləq istinad edilməklə əsaslandırılmalıdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uçota alınmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində uçota alınma haqqında müvafiq ərizə vermiş vətəndaşa təqdim edilir və ya göndərilir və həmin qərardan onun tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 06.06.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirləri və miçmanları, müddətindən artıq xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Hərbi xidmət vəzifələrinin icrası dövründə əlil olmuş və bununla əlaqədar hərbi xidmətdən buraxılmış hərbi qulluqçulara seçdikləri yaşayış yerində mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi növbədənkənar verilir. Həmin maddənin 7-ci hissəsinə görə yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri (yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər). Həmin Qanunun 21.5-ci maddəsinə əsasən hərbi qulluqçu və ya həqiqi hərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə), onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” 6 avqust 2012-ci il tarixli 174 nömrəli Qərarının 1-ci bəndinə əsasən, yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay kompensasiya ödənilir. Baxılan iş üzrə iş materiallarına əsasən müəyyən edilmişdir ki, iddiaçı hərbi qulluqçunun ailəsi kimi mənzillə təmin olunma barədə ərizə ilə cavabdehə müraciət etmişdir. Cavabdeh Binəqədi rayon İcra Hakimiyyəti isə iddiaçının müraciətinə imtina cavabı vermişdir. İddiaçının yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir. Cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. Göstərilənləri nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının tələbi əsaslı, cavabdehin imtinası əsassız olmuşdur. Birinci instansiya məhkəməsi isə qeyd olunan halları nəzərə almaqla iş üzrə qanuni və ədalətli qərar qəbul etmişdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4614/2021 saylı, 25.06.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar