Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2700/2022 05.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı iş üzrə Giriş hissə: X3 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nərmin Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qаrşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” bаrədə iddiа tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1365/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiа qaldıraraq İddiaçı xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1960-cı ildə Laçın rayonunda anadan olmuşdur. xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Laçın Kolxozlararası Tikinti İdarəsi üzrə “K.Marks” adına kolxozda fəhlə işləmişdir, xx.xx.1978-ci ildən xx.xx.1980-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1972xx.xx.2003-cü illərdə 13 nömrəli RAİTTT-nin 10 nömrəli Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2010-cu ilədək İrlandiya Respublikasının “Kentech” şirkətində elektrik qaynaqçısı, xx.xx.2010-cu ildən xx.xx.2019cu ilədək "xxxx" MMC-də elektrik işində işləmişdir. Yuxarıda göstərilən müəssisələrdə qaynaqçı kimi işləyərkən gördüyü işlər əl ilə qaynaq işlərindən, eləcə də əl ilə qaynaq aparan elektrik qaynaqçısı işindən ibarət olmuşdur. Ümumilikdə onun əl ilə elektrik qaynaqçısı peşəsində iş stajı 17 il 11 ay təşkil edir. Onun bu günə qədər ümumi əmək stajı 29 il 9 ay 23 gün təşkil edir. Lakin, xx.xx.2017-ci ildə 57 yaşı tamam olduğuna görə isə həmin vaxtadək olan ümumi əmək stajı isə 27 il 9 ay 23 gün olmaqla bunun 17 il 11 ayı isə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən iş illəridir. Ona xx.xx.2017-ci ildən başlayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmalıdır. Bununla əlaqədar olaraq o xx.xx.2021-ci ildə ərizə ilə AR ƏƏSMN-nin DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir, lakin həmin idarədə ərizənin xx.xx.2021-ci ildə qəbul edilməsinə baxmayaraq bu günədək, yəni xx.xx.2021-ci ilədək cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçı xx.xx.2021-ci ildə ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətə baxılaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün sənədlərin təqdim olunması haqqında xx.xx.2021-ci ildə məktub göndərilmişdir. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək peniyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şətlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (10 il 10 ay 29 gün (xx.xx.1992xx.xx.2003-cü il tarixləri arasındakı dövr) təşkil edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli icmai məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Cavabdeh göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1365/2022 nömrəli qərarı ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1365/2022 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin tam rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlillərinə görə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlar uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsinin iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikasının İPM-in 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmununu diqqətlə təqdim ediləməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin tamamilə rədd edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir:21.2.1.işçinin işəgötürən tərəfindən hesablanmış əmək haqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.3.müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti;21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin xx.xx.2017-ci il tarixinə olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minməmişdən əvvəl (xx.xx.2006-cı ilədək) “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1997-ci il 01 avqust tarixədək qüvvədə olmuş 13-cü maddəsinin redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” bölməsinə əsasən 23200000-19906 kodu ilə qeyd edilmiş əli ilə qaynaq aparan elektrik qaynaqçı peşəsi və hal- hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35.Ümumi peşələr bölməsi”ndə göstərilən əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi güzəştli şərtlərlə pensiya hüququ verən peşədir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli ərizələrlə cavabdeh inzibati orqana müraciət edərək əl ilə elektrik qaynaqçısı peşəsində 17 il 11 ay iş stajı olduğu nəzərə alınaraq ona xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası haqqında Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan iş stajı 12 il 6 aydan az (10 il 10 ay 29 gün(xx.xx.1992-xx.xx.2003-cü il tarixləri arasındakı dövr) təşkil etdiyindən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir. İmtina məktubundan görünür ki, iddiaçının xx.xx.2003-cü il tarixdən sonra əmək fəaliyyəti ilə məşğul olduğu dövrdə işlədiyi vəzifələr güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələr kimi qəbul edilməmişdir. İş materiallarına əlavə edilmiş: sübutlardan görünür ki, Azərbaycan Respublikası vətəndaşının AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı ildə anadan olmuşdur. İddiaçının əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1978ci ilə qədər Laçın kolxozlararası tikinti idarəsində fəhlə, xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə qədər 13 nömrəli Rayonlararası İstehsalat Təmir Tikinri Trestinin 10№li Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər “Kentech (Caspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər mexanik, xx.xx.2007-ci ildən xx.xx.2007-ci ilə qədər həmin şirkətdə qaynaqçı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər “Kentech Engineering end construction services limited” şirkətinin Bakı nümayəndəliyində qaynaqçı, xx.xx.2008-ci ildən xx.xx.2008-ci ilə qədər həmin qurumda elekrik, xx.xx.2009-cu ildən xx.xx.2009-cu ilə qədər həmin qurumda elektrik, xx.xx.2010-cu ildən xx.xx.2010-cu ilə qədər həmin qurumda elektrik, xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilə qədər “Rapid Solutions LLC” şirkətində elektrik işləmişdir, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilə qədər işsizlikdən sığorta almışdır,xx.xx.2020-ci ildə “Rapid Solutions LLC” şirkətinə elektrik işləri üzrə texnik işinə qəbul edilmişdir və hal-hazırda da orada işləyir. "xxxx" MMC-nin xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli məktublarına əsasən iddiaçı xx.xx.2010-cu ildən xx.xx.2019-cu ilə qədər həmin şirkətdə elektrik vəzifəsində işləmiş, arayışda 2016-2019-cu illərdə iddiaçının əmək haqqından tutulmuş məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqının məbləğləri əks olunmuşdur. “MQS” müəssisəsinin E-516 nömrəli arayışına əsasən iddiaçı qaynaqçı kimi ixtisaslaşmış, bu barədə ona həmin müəssisə tərəfindən etibarlılıq müddəti xx.xx.2004- cü ildə bitən sertifikat verilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün müraciət edərkən 57 yaşı tamam olmuş və 25 il ümumi iş stajına malik olmuşdur. Bu hallar cavabdeh tərəfindən mübahisələndirilmir. Cavabdeh iddiaçının xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi “qaynaqçı” peşəsini həmin vəzifənin qarşısında elektrik sözü olmadığına və həmin müəssisənin arxiv sənədləri olmadığına görə qəbul etməmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, 13 saylı Rayonlararası İstehsalat Təmir-Tikinti Trestinin və İrlandiya Respublikasının “KENTECH” firmasının arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinə və Dövlət Arxivinin Bakı filialına mühafizə üçün təhvil verilməmişdir. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq SOCAR-ın (“KENTECH” firmasının fəaliyyətinə uyğun fəaliyyətlə məşğul olan hüquqi şəxs qismində) xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş arayışa əsasən İddiaçı əmək kitabçasında qeyd olunan xx.xx.1992-ci ildən xx.xx.2003-cü ilə qədər 13 №li Rayonlararası İstehsalat Təmir Tikinri Trestinin 10 №li Təmir Tikinti İdarəsində elektrik qaynaqçısı, xx.xx.2003-cü ildən xx.xx.2007-ci ilə qədər "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qaynaqçı, xx.xx.2007-ci ildən xx.xx.2008-ci ilə qədər qaynaqçı peşələrində işlədiyi qaynaqçı peşələri SOCAR-ın müvafiq sahə üzrə fəaliyyət göstərən qurumunda əl ilə elektrik qaynaqçısı qeyd olunmuşdur. Bu peşə adı işçinin işlədiyi dövr ərzində qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nda XXXİİİ.Ümumi peşələr” bölməsində 23200000-19906 kodlu əli ilə qaynaq aparan elektrik qaynaqçıları peşə adına və hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda “35.Ümumi peşələr bölməsi”ndə əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşə adına uyğundur. Qeyd olunan “Elektrik” peşəsinin SOCAR-da müvafiq işləri yerinə yetirən peşələrlə müqayisəsi üçün vətəndaşın əmək kitabçasında qeyd olunan məlumatların yetərli olmaması səbəbindən uyğunluğun təyin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən isə əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Məhkəmə hesab edir ki, SOCAR-ın xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının “Kentech (Caspian) Limited” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işlədiyi “Qaynaqçı” peşəsinin xx.xx.2007-ci ilə qədər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq olunan “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №li siyahısı”nın “XXXİİİ.Ümumi peşələr” bölməsində 23200000-19906 kodu ilə qeyd edilmiş “əli ilə qaynaq aparan elektrik qaynaqçı”sı peşəsinə uyğun olduğundan iddiaçının xx.xx.2006-cı il tarixədək 12 il 6 ay güzəştli iş stajını topladığı və 57 yaşı tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya hüququ əldə etdiyi müəyyən olunur. İddiaçının güzəştli şərtlərlə pensiya almaq hüququ xx.xx.2017-ci ildən yaransa da güzəştli şərtlərlə pensiyanın müraciət etdiyi tarixdən əvvəlki üç il üçün, yəni xx.xx.2018-ci ildən təyin edilərək ödənilməli olduğuna dair məhkəmənin iş üzrə gəldiyi nəticə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinin tələbinə uyğundur. İşə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyindən, iş üçün əhəmiyyətli olan hallar tam araşdırıldığından və sübutlara düzgün hüquqi qiymət verildiyindən apellyasiya şikayəti məhkəmə tərəfindən əsassız hesab edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticə hissə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1365/2022 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2-1(112)-1365/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2700/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2700/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver