Məhkəmə qərarları › İş №2-1(103)-2700/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2700/2023

25.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2700/2023 25.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ona aid hissədə ləğv edilməsi və s.” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(112)-7099/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Müdafiə Nazirliyinin Arxa Cəbhə üzrə müavini – Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsindən sərəncama çıxarılması barədə əmrin ləğv edilməsi, ehtiyata buraxılmağı barədə Müdafiə Nazirinin 01078 saylı, xx.xx.1997-ci il tarixli əmrinin ona aid hissədə müvafiq dəyişiklik edilərək iddiaçının Müdafiə Nazirliyinin Arxa Cəbhə üzrə müavini – Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmağı haqqında yeni əmr verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1968-xx.xx.1994-cü illər ərzində həqiqi hərbi xidmətdə olmuş, 1994-cü ildə təqaüdə çıxmış və xx.xx.1995-xx.xx.1997-ci illərdə yenidən Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə xidmət etmişdir. İddiaçı öz yazdığı raporta əsasən ehtiyata buraxılmadığı üçün daha yüksək pensiya təminatı imkanından məhrum olunduğunu bildirmişdir. Belə ki, o, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Arxa Cəbhə üzrə müavini - Silahlı Qüvvələrin Arxa Cəbhəsinin rəisi vəzifəsindən ehtiyata buraxılmalı olduğunu, bu barədə əmrə dəyişiklik edilməli olduğunu bildirmişdir. Cavabdeh məhkəməyə yazılı etiraz ünvanlayaraq iddiaçının inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulmuş mübahisələndirmə haqqında iddianın verilməsi müddətini ötürdüyündən, iddianın mümkünlük şərtlərinə uyğun olmadığı səbəbilə iddia ərizəsinin qəbul edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(112)-7099/2023 saylı qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(112)-7099/2023 saylı inzibati iş üzrə qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 01078 saylı, 02 noyabr 1997-ci il tarixli əmri ilə tanış edilməmişdir, əmrin surəti ona təqdim olunmamışdır. Ona görə də həmin əmrin ləğv edilməsi üçün üzrlü səbəbdən vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Məhkəmənin qərardadı qeyri-hüquqidir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsinin məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilməmişdir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Belə ki, əmrin ləğvinə dair iddia İPM-in 2.2.1-ci və 32-cı maddələrinə əsasən mübahisələndirmə haqqında iddiadır. İPM-in 38-ci maddəsinin tələblərinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki hallarından görünür ki, iddiaçının mübahisələndirdiyi xx.xx.1997-ci il tarixli əmrlə o, 14 noyabr 1997-ci il tarixdən Azərbaycan Respublikası Silahlı Qüvvələrindən həqiqi hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Məhkəmə qeyd edir ki, həmin əmr iddiaçıya rəsmi qaydada təqdim edilməsə belə həmin əmrdən məlumatlı olmuşdur. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı barəsində qəbul edilmiş xx.xx.1997-ci il tarixli əmr – hərbi qulluqçunun tərxis olunması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Apelyasiya şikayətinin əsas dəlili iddiaçının Azərbaycan Respublikası Müdafiə nazirinin 01078 saylı, 02 noyabr 1997-ci il tarixli əmri ilə tanış edilməməsindən, əmrin surətinin ona təqdim olunmamasından, ona görə də həmin əmrin ləğv edilməsi üçün üzrlü səbəbdən vaxtında məhkəməyə müraciət edə bilməməsindən ibarətdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, iddiaçıya inzibati akt olaraq əmr özü təqdim olunmasa da, ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı (hərbi bilet) verilmişdir və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər olmuşdur. Başqa sözlə, iddiaçı sözügedən əmri mübahisələndirmək üçün kifayətedici imkanlara malik idi. Göründüyü kimi iddiaçı tərəfindən müddət ötürülmüşdür və iddia müddəti ötürüldüyündən mümkünlük şərtinin ödənilməməsi ilə bağlı əsas yaradır. Məhkəmə kollegiyası prosessual müddətin bərpası barədə ərizənin təqdim edilməsinin mümkün olmaması ilə bağlı isə aşağıdakiları bildirir. İPM-in 24.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; 24.2-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; 24.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; 24.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; 24.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; 24.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. Yuxarıda sadalanan normaların məzmunundan göründüyü kimi, prosessual müddət o halda bərpa oluna bilər ki, həmin müddətin buraxılmasında proses iştirakçısının təqsiri olmasın. Nəzərə alınmalıdır ki, prosessual müddətin bərpa edilməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, prosessual müddətin bərpa edilməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir. İnzibati hüquq münasibətlərini tənzimləyən qanunvericilik müddətin bərpa edilməsi barədə ərizənin təqdim edilməsini istisna edən hal kimi ərizənin müddətin buraxılmasından 1 il keçməsi ilə şərtləndirir. İddiaçı əmrin mübahisələndirilməsi üçün 30 günlük prosessual müddəti, həmçinin İPM-nin 24-cü maddəsinə əsasən prosessual müddətin bərpası barədə ərizə verilməsi üçün 1 illik müddəti ötürmüşdür. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan normaların tələblərinə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 may 2023-cü il tarixli, 2-1(112)-7099/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Azad İmanov Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar