Məhkəmə qərarları › İş №2-1(103)-2700/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2700/2024

09.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2700/2024 09.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4682/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4682/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadı ilə (hakim H.Ağalarov) İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s.” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti vermə müddətini ötürməklə verdiyi şikayətində Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4682/2024 №-li 14 mart 2024-cü il tarixli qərardadının ləğv edilməsi, habelə onun əlilliyinin xx.xx.2011-ci il tarixdən ömürlük 1-ci qrup və pensiyasının təyin olunması öhdəliyinin icrası barədə ədalətli, əsaslı, qanuni məhkəmə qərarı çıxarılmasına dair iddia ərizəsinə mahiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılması, tam, hərtərəfli, obyektiv araşdırılması və tam həll edilməsi barədə ədalətli, əsaslı, qanuni qərardad çıxarılmasın, inzibati işə mahiyyəti üzrə baxılması üçün iş materiallarını onun daimi yaşadığı ərazi üzrə seçdiyi məhkəməyə, Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. İş üzrə apelyasiya şikayətinin verilmə müddəti ötürüldüyündən iddiaçıya hüquqi yardım göstərilərək, bildirilmişdir ki, 2-1(112)-4682/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərardad xx.xx.2024-cü il tarixdə İddiaçı tərəfindən 2-1(112)-4682/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktub imzalanmaqla təhvil alınmışdır. Lakin iddiaçının apellyasiya şikayəti poçt xitmətinə xx.xx.2024-cü il tarixdə təhvil verilmiş, məhkəməyə isə xx.xx.2024cü il tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Lakin hazırki işdə apellyasiya şikayəti qanunla müəyyən edilmiş prosessual müddət ötürülməklə verilmiş və buna baxmayaraq, apellyasiya şikayətinə buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatət əlavə edilməmişdir. Bununla bağlı, məhkəmə kollegiyası iddiaçıya Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək 2-1(112)-4682/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərardaddan apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardaddan şikayət verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizəni yuxarıda qeyd olunan tarixdə məhkəməyə təqdim etməyi təklif etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiyanın mümkünlüyü əsaslarını apellyasiya instansiyası məhkəməsi yoxlayır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda, həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Məhkəmə kollegiyası tərəfindən aparılan araşdırma zamanı müəyyən olundu ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4682/2024 nömrəli, 14 mart 2024-cü il tarixli qərardad iddiaçı tərəfindən 29 aprel 2024-cü il tarixdə poçt vasitəsi ilə alınmış, apellyasiya şikayətini isə 10 may 2024-cü il tarixdə poçta vermişdir. Qanunvericilik normasının tələbinə əsasən, iş üzrə qərardaddan apellyasiya şikayəti vermə müddəti iddiaçıya münasibətdə ona təqdim edildiyi tarixdən, yəni 29 aprel 2024-cü il tarixdən hesablanmaqla, xx.xx.2024-cü il tarixdə başa çatmışdır. Lakin işdən görünür ki, apellyasiya şikayəti 2 gün ötürülməklə xx.xx.2024-cü il tarixdə verilmiş, bununla da qanunla müəyyən edilmiş müddət iddiaçı tərəfindən buraxılmışdır. Hazırda işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4682/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən apellyasiya şikayəti 10 may 2024-cü il tarixində verilmiş, qanunvericiliklə nəzərdə tutulmuş şikayət vermə müddəti ötürülmüş və ötürülmüş müddətin bərpasına dair vəsatət verilməmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan halları nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 1(112)-4682/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və geri qaytarılmalıdır. Beləliklə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 83, 85, 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4682/2024 saylı, 14 mart 2024-cü il tarixli qərardadından verdiyi apellyasiya şikayəti mümkün sayılmasın və geri qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar