Məhkəmə qərarları › İş №2-1(103)-2701/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2701/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2701/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyin uşaqlıqdan yaranması səbəbi barədə qeydin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş Açar söz: əlillik səbəbinin dəyişdirilməsi X4 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyin uşaqlıqdan yaranması səbəbi barədə qeydin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2700/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İş materiallarından görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuş, uşaqlıqdan epilepsiya xəstəliyindən əziyyət çəkmiş, xx.xx.2004-cü il tarixdə ona 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. 2.Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı Tibbi Sosial Ekspert Komissiyasınin 707206 nömrəli arayışında iddiaçının əlilliyi ilə bağlı aşağıdakılar qeyd edilmişdir: əlillik qrupu: birinci dərəcəli səbəb: ümumi xəstəlik müayinə tarixi: xx.xx.2004 növbəti müayinə tarixi: müddətsiz

3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X12 3022 nömrəli, xx.xx.2021-ci il tarixli və 6943 nömrəli, xx.xx.2021ci il tarixli məktubların surətlərinə əsasən iddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixdə tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuşdur. Ona üzvi mənşəli (epilepsiya nəticəsində) şəxsiyyət pozuntusu diaqnozu qoyulmuşdur. Qeyd olunur ki, iddiaçı uşaqlıqdan xəstədir və daimi müalicə alır.

4. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X8” X12 422/KEŞ nömrəli ekspert rəyinə əsasən, İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən “Epilepsiya Generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi ilə” xəstəliyindən əziyyət çəkdiyi müəyyən edilmiş, qeyd olunan xəstəliyin anadangəlmə olmasının istisna edilmədiyi bildirilmişdir. 5.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə dövlət Agentliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” X12 1581 nömrəli xx.xx.2020-ci il tarixli arayışının surətinə əsasən İddiaçı həqiqətən 2018-ci ildə epleptik tutma zamanı yıxılaraq isti çaynik üzərinə dağılmışdır və İmayıllı rayon Mərkəzi Xəstəxanasının travmatoloji şöbəsinə gətirilmişdir. Xəstəyə ambulator yardım göstərilmişdir. 6.İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli ambulator kitabçadan (xəstəik tarixi) çıxarışın surətinə əsasən İddiaçı “baş-beyinin üzvi xəstəliyi (epilepsiya mənşəli) nəticəsində” diaqnozu qoyulmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdfiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin iddiaçıya ünvalanan **********1 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində müayinəyə dair məlumat aşkar olunmamasını bildirilərək əlil olmağını təsdiq edən müayinənin nəticəsinə dair məlumatların «Əlillik» altsisteminə daxil edilməsi üçün tibbi sənədlər ilə birgə qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi-sosial Ekspert Komissiyasına müraciət edilməsi məsləhət görülmüşdür. 8.Ruhi əsəb xəstəlikləri dispanserinin 5037/78 nömrəli xx.xx.2004-cü il tarixli TSEK-ə göndəriş vərəqəsinin 11-ci bəndində göstərilmişdir ki,İddiaçı uşaq yaşlarından xəstədir, doğuş travması ilə olmuş, zəif uşaq kimi böyümüşdür. Körpə yaşlarından qıcolma tutmalar olmuşdur. Əsas xəstəliyi “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” kimi göstərilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyi xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının əlillik vəziyyətinin xx.xx.2004-cü il tarixdə qiymətləndirilməsi və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyinatı qərarının verilməsini bildirmişdir, o cümlədən İddiaçı əlilliyinin qiymətləndirilməsinə dair məlumatları özündə əks etdirən sənədin surətini təqdim etmişdir. 10.“X13” X15 2 nömrəli poliklinika şöbəsi xx.xx.2022-ci il tarixli məktubunda iddiaçının ünvanının X13 PHŞ 2 nömrəli poliklinika şöbəsinin xidmət etdiyi əraziyə aid olmadığını bildirmişdir. 11.Məhkəmənin sorğusuna əsasən, “X13” X15 2 nömrəli poliklinika şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının psixiatr ambulator kartasını təqdim etmişdir. 12.Cavabdeh orqan tərəfindən təqdim olunan TSEK müayinəsi barədə əsas məlumatlara görə İddiaçı xx.xx.2000-ci il tarixdə tibbi nəzarətə götürülmüş, xx.xx.2004-cü il tarixdə əlilliyin təkrar müayinə edilmə müddəti qurtarmışdır. Əlavə məlumatlara görə əlil şəxs işləmir, evdə müayinə olunmayıb və valideyninin sənədi mövcud deyildir. İddiaçı xx.xx.2004-cü il tarixdə təkrar müayinədən keçmiş, ona “epilepsiya generalizə olmuş teztez olan qıcolma tutulmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” diaqnozu qoyulmuşdur. 13.“X13” X15 2 nömrəli poliklinika şöbəsinın ünvan ünvanladığı iddiaçının ambulator kartasından çıxarışın verilməsi tələbinə cavab olaraq xx.xx.2022-ci il tarixli 95/2022 nömrəli məktubuna əsasən, iddiaçının xəstəliyi və bu günə kimi aldığı müalicə haqqında məlumatlar verilmişdir.

Birinci instansiya məhkəməsində icraat: 14.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin hərəkətsizliyinin əsassız hesab edilərək, epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir.

15. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, uşaqlıqdan epilepsiya xəstəsidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi HƏEK-in rəyinə əsasən ona generalizə olunmuş tez-tez olan qıcolma tutmaları ilə kəskin ifadə olunmuş şəxsiyyət dəyişikliyi diaqnozu qoyulmuşdur. Müxtəlif illərdə xəstəliyi ilə bağlı bir sıra şəhərlərdə müalicə almış, professor Abasquliyev Əhməd, professor Ağabəy Sultanov, professor Nadir İsmayılov və professor Mollazadə tərəfindən müayinə olunmuşdur. 1971-ci ildən Bakı şəhər Psixonevroloji Dispanserdə qeydiyyatdadır. 1972-ci ildə Kiyev şəhərinin Psixonevroloji Dispanserində prof. Laptiyev, 1973-cü ildə Moskva şəhərində yerləşən X7 Dispanserində baş Epileptoloqu prof. A.S.Remezova, aparıcı həkim prof. A.A.Terentiyeva, baş həkim prof.O.A.Trifonov, prof. P.A.Konstantinov və prof. Ledenyov tərəfindən ildə 2 dəfə müayinə və müalicə olunmuşdur. Hal-hazırda Bakı şəhəri, N.Nərimanov rayonu 4 saylı poliklinikanın psixiyatrı Mustafayev Aziyat tərəfindən müalicələri davam etdirilir. 2000- ci ildən isə 1-ci qrup əlildir. İddiaçının anası X6 N.Nərimanov rayon 6 saylı uşaq poliklinkasının Uşaq Pulmonoloji şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yuxarıda qeyd olunan qıcolmaları, müalicələrin gedişatını anası Moskva şəhərində olduqları zaman bir həkim kimi izləmiş və yaxından iştirak etmişdir. Bu faktın müəyyən olması iddiaçıya ona görə zəruridir ki, gələcəkdə atasından anasına keçən pensiya pulunu anasının vəfatından sonra 1-ci qrup əlil olduğu üçün öz adına keçirərək ala bilsin. Bu səbəbdən Azərbacan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin yanında həkim Tibbi Sosial Ekspert Komissiyasına rəsmi ərizə ilə müraciət etmiş, cavabdeh orqan Mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əlillik» altsistemində müayinəyə dair məlumat aşkar olunmamasını bildirərək əlil olmağını təsdiq edən müayinənin nəticəsinə dair məlumatların «Əlillik» altsisteminə daxil edilməsi üçün tibbi sənədlər ilə birgə qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilməsini məsləhət görmüşdür. «Dost» xidmətinə müraciət edib adını mərkəzi sistemə saldıraraq yenidən rəsmi ərizə ilə cavabdehə müraciət etmişdir. Lakin, bu günə qədər hər hansı bir cavab gəlməmişdir. 16.Cavabdeh orqanın iddiaya yazılı etirazında bildirilmişdir ki, İddiaçı əlillik vəziyyəti Bakı 18 saylı Şəhər Poliklinikasının xx.xx.2004-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X2: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G40-G47 – Epizodik və paroksizmal pozğunluqlar => G40 - Epilepsiya => G40.8 – Epilepsiyanın digər dəqiqləşdirilmiş formaları; Diaqnozun mətni: Epilepsiya generalizə olmuş tez-tez olan qıcolma tutmalar və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə.; Meyar: 2.1. Birinci dərəcə əlillik => DİGƏR: Epilepsiya generalizə olmuş tez-tez olan qıcolma tutmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” səbəbi ilə müddətsiz əlillik dərəcəsi verilmişdir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrələnərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Göründüyü kimi əlillik iddiaçı tərəfindən müraciət olunan tarixdən təyin olunmuşdur. Bu səbəbdən cavabdeh əvvəlkilərə münasibət bildirə bilmir. Cavabdeh orqan göstərilənlərə əsasən iddianın mümkünsüz hesab edilməsini məhkəmədən xahiş etmişdir. 17.Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(112)-2700/2022 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. 18.Məhkəmə iş üzrə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı onun epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin daxil edilməklə “Əlillik” altsistemində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbində haqlı deyil. Belə ki, iddiaçının epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması barədə məlumat müvafiq elektron informasiya mənbəyində (vahid elektron sisteminə inteqrasiya olunmuş Səhiyyə nazirliyinin ehtiyatı və sistemində) mövcud deyil. “Əlillik” altsistemində iddiaçının istədiyi dəyişiklik edilməsi üçün iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər (məktublar, tibbi kartası və s.) əsasında məlumat Səhiyyə Nazirliyinin informasiya sisteminə daxil olması zəruridir. Belə ki, Səhiyyə Nazirliyinin informasiya sistemi- şəxsin xəstəliyi, onun yaranması vaxtı və səbəbi və s.) barədə informasiyanı ilk formalaşdığı və saxlanıldığı informasiya ehtiyatı və sistemidir. Bu səbəbdən də cavabdeh tərəfindən iddia predmetini təşkil edən- iddiaçının epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi qeydinin “Əlillik” altsisteminə daxil edilməklə elektron sistemində müvafiq dəyişiklik və əlavələr edilməsi yolverilməzdir. Qanunvericilik normalarının təhlili göstərir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını müəyyən etmək səlahiyyətinə malik olan orqandır. İddiaçının təqdim etdiyi sənədlər (tibbi karta, məktublar və sair bu kimi kağız daşıyıcılarında olan məlumatlar) əsasında iddiaçının epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbinin müəyyən edilməsi və bu haqda qeydin “Əlillik” altsisteminə daxil edilməsi cavabdeh tərəfindən mümkün deyil. 19.İddiaçının 2004-cü ildə əlilliyi müəyyən edilən zaman qüvvədə olan “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Qanunun 4-1-ci maddəsinə əsasən, şəxs tibbi-sosial ekspert komissiyası tərəfindən ekspert müayinəsindən keçirildikdən sonra müvafiq rəy çıxarılması yolu ilə əlil və 18 yaşınadək sağlamlıq imkanları məhdud olan sayılır. Tibbi-sosial ekspert komissiyasının rəyi uşağın sağlamlıq imkanları məhdudluğunu, əlillik qrupunu və səbəbini, habelə fərdi reabilitasiya proqramını təsdiq edən rəsmi sənəddir. Əlilə və ya sağlamlıq imkanları məhdud uşağa nümunəsi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən vəsiqə verilir. Lakin iş materiallarında iddiaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud olan şəxs olmasına dair qanunda qeyd edilmiş sənədlər - TSEK-in rəyi və ya müvafiq inzibati orqanı tərəfindən verilmiş vəsiqə –yoxdur. 20.Buna görə məhkəmə hesab etmişdir ki, qanunvericilikdə “xəstəliyinin uşaqlıqdan yaranması səbəbinin” “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsi cavabdehin səlahiyyətlərinə aid etmədiyi üçün, sözügedən öhdəlik cavabdehin üzərinə qoyula bilməz.

Apellyasiya şikayətinin dəlilləri: 21.Qərardan narazı qalan iddiaçı iddia ərizəsinin məzmununa uyğun apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(112)-2700/2022 saylı qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanlanan **********1 nömrəli xx.xx.2021-ci il tarixli məktubuna əsasən Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində müayinəyə dair məlumat aşkar olunmamasını bildirərək əlil olmağını təsdiq edən müayinənin nəticəsinə dair məlumatların “Əlillik” altsisteminə daxil edilməsi üçün tibbi sənədlər ilə birgə qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi-Sosial Ekspert Komissiyasına müraciət edilməsini məsləhət görülmüşdür. Ruhi əsəb xəstəlikləri dispanserinin 5037/78 nömrəli xx.xx.2004-cü il tarixli TSEK-ə göndəriş vərəqəsinin 11-ci bəndində göstərilmişdir ki, İddiaçı uşaq yaşlarından xəstədir, doğuş travması ilə olmuşdur, zəif uşaq kimi böyümüşdür. Körpə yaşlarından qıcolma tutmalar olmuşdur. Əsas xəstəliyi “Epilepsiya generalizə olunmuş tez-tez olan qıcolma tutmaları və kəskin ifadə olmuş şəxsiyyət dəyişikliyi ilə” kimi göstərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin SosiaılMüdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi xx.xx.2021-ci il tarixli məktubunda iddiaçının əlillik vəziyyətinin xx.xx.02004-cü il tarixdə qiymətləndirilməsi və ümumi xəstəlik səbəbi ilə müddətsiz birinci dərəcə əlillik təyinatı qərarının verilməsini bildirmişdir, o cümlədən İddiaçı əlilliyinin qiymətləndirilməsinə dair məlumatları özündə əks etdirən sənədin surətini təqdim etmişdir. Məhkəmənin sorğusuna əsasən, “X13” X15 2 nömrəli poliklinika şöbəsi xx.xx.2022-ci il tarixli məktubu ilə iddiaçının psixiatr ambulator kartasını təqdim etmişdir. Göründüyü kimi, işə baxan birinci instansiya məhkəməsi bir-biri ilə ziddiyət təşkil edən hallara qiymət vermiş, əsassız qərar qəbul etmişdir. Belə ki, iş materiallarında olan ambulator kartadan açıq aydın müəyyən olunur ki, İddiaçı olan xəstəlik uşaqlıqdan yaranmışdır. Məhz cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin SosiaılMüdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanlanan **********1 nömrəli xx.xx.2021-ci il tarixli məktubunda qeyd etdiyi kimi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində müayinəyə dair məlumatların daxil edilməsi üçün tibbi sənədlər Tibbi-Sosial Ekspert Komissiyasına təqdim edilsə də, İddiaçı xəstəliyinin uşaqlıqdan yaranma qeydi “Əlillik” altsisteminə daxil olunmamışdır. 23.Məhkəmənin də qeyd etdiyi kimi, “xəstəliyin uşaqlıqdan yaranma səbəbinin” “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsi cavabdehin səlahiyyətlərinə aid edilmir. Bəs nə üçün xəstəliklə bağlı digər tibbi sənədlər “Əlillik” altsisteminə cavabdeh tərəfindən daxil edilir? Göründüyü kimi məhkəmə bu hissədə səhv nəticəyə gəlmişdir. 24.İddiaçının doğulduğu vaxtdan 18 yaşınadək olan yaş dövrü üzrə xəstəliyi ilə əlaqədar məhkəməyə təqdim edilən sənədlərdə açıq-aşkar onun sağlamlıq imkanlarının məhdudluğunun öz təsdiqini tapması, bununla yanaşı “Sosial müavinətlər haqqında” Qanunun 14.1.1.2-ci maddəsində də məhz sağlamlıq imkanları məhdud olan şəxsin 18 yaşadək əlillik dərəcəsinin alınmalı olduğunun imperativliyinin də müəyyən edilmədiyini və ona 18 yaşı bitdiyindən sonra xx.xx.2004-cü il tarixdə 1-ci qrup müddətsiz əlillik dərəcəsinin verildiyi – bütün bunlar “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2 maddəsində qeyd olunan hər iki şərtin mövcudluğunu sübuta yetirir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

25.Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 26.Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi X9 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

27.Tətbiq edilən hüquq

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu 1.0.2-ci maddə- əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; 1.0.17-ci maddə-əlilliyin müəyyən edilməsi - şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsidir. 3.1-ci maddə (xx.xx.2021-ci il tarixədək qüvvədə olmuş redaksiyası) şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2-ci maddə- əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddə-şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4-cü maddə-Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.1.21-ci bəndinə əsasən müvafiq sahədə elektron xidmətləri “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı nəzərə alınmaqla, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında” Əsasnaməyə uyğun olaraq təşkil etmək Agentliyin vəzifələrinə aiddir. Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli, 634 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sistemi haqqında Əsasnamə”nin 2.3.-cü maddəsinə əsasən, MEİS-in strukturuna daxil olan altsistemlər vasitəsilə aşağıdakılar təmin edilir: 2.3.5. “Əlillik” (TSERAS) altsistemi vasitəsilə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsinin, habelə sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin, əlilliyi olan şəxslərin reyestrinin aparılması, eləcə də əlilliyi olan şəxslərin bərpa mərkəzlərinə qəbulunun, onlara göstərilən reabilitasiya xidmətlərinin uçotunun elektron qaydada aparılması; Həmin Əsasnamənin 4.1.-ci bəndinə əsasən, nazirliyin müvafiq sahədə elektron xidmətlər göstərilməsi zamanı tələb olunan məlumatları ilkin mənbədən əldə etməsinin təmin olunması məqsədilə aşağıdakı dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatları və sistemləri MEİS-ə inteqrasiya edilir: 4.1.7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi; Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2018-ci il, 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın 1.1.-ci bəndinə əsasən, “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” (bundan sonra – Qaydalar) “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının 1.6-cı bəndinə əsasən hazırlanmışdır və dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi qaydasını, o cümlədən məlumatların mübadiləsi mexanizmini müəyyən edir. Həmin Qaydalarda göstərilmişdir: 1.2.4. dövlət informasiya sisteminin aparılması – dövlət informasiya sistemində olan informasiya ehtiyatlarında informasiya proseslərinin həyata keçirilməsi, informasiya ehtiyatından istifadənin və informasiya sisteminin fəaliyyətinin təmin edilməsi və təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi; 1.2.6. dövlət informasiya ehtiyatının və sisteminin inteqrasiyası – dövlət informasiya ehtiyatının və sisteminin səmərəli təşkili və istifadəsi, informasiyanın ilkin mənbədən əldə edilməsi və təkrarçılığın aradan qaldırılması üçün mübadiləsinin təmini məqsədi ilə informasiya ehtiyatları və sistemləri arasında qarşılıqlı əlaqələrin yaradılması; 1.2.14. informasiyanın ilkin mənbəyi – informasiyanın ilk formalaşdığı və saxlanıldığı informasiya ehtiyatı və sistemi; 2.6. Dövlət informasiya ehtiyatının və sisteminin formalaşdırılması onların sahibləri, operatorları və ya müqavilə əsasında qeyd edilən sahə üzrə ixtisaslaşmış hüquqi şəxslər tərəfindən həyata keçirilir. 2.7. Bu Qaydaların 2.6-cı bəndində qeyd edilən subyektlər müəyyən edilən müddətdə layihə üzrə nəzərdə tutulan işlərin görülməsini tamamlayır və istismara verilməzdən əvvəl Əlaqələndirici qurumun iştirakı ilə dövlət informasiya ehtiyatının və sisteminin sınağını həyata keçirir. 3.4.5. informasiya ehtiyatında və sistemində dəyişikliklər müvafiq qeydlər edilməklə aparılmalı, belə qeydlərin edilməsinə əsas olan sənədlər isə müvafiq sənədlər qovluğuna daxil edilməlidir; 3.5. Dövlət informasiya sistemində olan ehtiyatlara informasiyanın daxil edilməsində aşağıdakı tələblərə riayət edilməlidir: 3.5.1. dövlət informasiya ehtiyatına daxil edilən məlumatlar dürüst, dəqiq və tam olmalıdır; 3.5.2. dövlət informasiya ehtiyatına məlumatlar səlahiyyətli qurumlar tərəfindən gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə etməklə daxil olunmalı və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır; 3.5.3. dövlət informasiya ehtiyatına daxil edilən informasiya həmin ehtiyatın fəaliyyət sahəsinə uyğun olmalıdır; 3.5.6. yeni yaradılan informasiyanın (cədvəl, sütun və s.) ilkin mənbəyi Əlaqələndirici qurum tərəfindən müəyyən edilməli və digərləri tərəfindən informasiya həmin mənbədən əldə edilməlidir. 3.6. Dövlət informasiya ehtiyatına və sisteminə onun sahibinin normativ hüquqi aktlarla müəyyən edilmiş səlahiyyətlərinə aid olmayan informasiyanın daxil edilməsi qadağandır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd-Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.11. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 82-ci maddə- apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 58.1-ci mаddə- sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. 58.7-ci mаddə- sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. 68.1-ci maddə- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci mаddə- məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Apellyasiya məhkəməsinin hüquqi mövqeyi 28.Məhkəmə izahatları dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(112)-2700/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 29.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və apellyasiya şikayətini aşağıdakılara əsasən əsassız hesab edir. 30.İlk öncə qeyd edilməlidir ki, iddiaçıya xx.xx.2004-cü il tarixdə əlillik təyin edilərkən əlilliyin səbəbi “Ümumi xəstəlik” göstərilmiş, iddiaçı barəsində qəbul edilmiş bu inzibati aktı həmin dövrdə qüvvədə olmuş qanunvericiliyin tələblərinə müvafiq olaraq bir ay ərzində mübahisələndirməmiş, qanuni qüvvəyə minmişdir. 31.İddiaçı hazırkı iddia tələbində əlilliyin səbəbinin dəyişdirilərək ona əlillik təyin edilməsinə əsas vermiş epilepsiya xəstəliyinin uşaqlıqdan yaranması səbəbi barədə qeydinin “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etsə də, məhkəməyə cavabdeh tərəfindən qanundan irəli gələn hansı öhdəliyin icra edilmədiyini göstərə bilməmişdir. 32.İş materiallarında olan sübutlarla iddiaçının xəstəliyinin uşaqlıqdan yaranması təsdiq edilsə də məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, bu məlumatların “Əlillik” altsisteminə daxil edilməsi vəzifəsi cavabdehin nizamnaməsində onun vəziflərindən biri kimi nəzərdə tutulmadığından sözügedən öhdəlik cavabdehin üzərinə qoyula bilməz. 33.Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubunda da izah edilmişdir ki, xəstəliyin yaranma müddəti ilə bağlı məlumatların əlillik alt sisteminə daxil edilməsi üçün tibbi sənədlərlə birgə qeydiyyatda olduğu ərazi üzrə xidmət göstərən Tibbi Sosial Ekspert Komissiyasına müraciət etməlidir. 34.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5-ci bəndində əlilliyin hansı səbəblər əsasında təyin edilməli olduğu qeyd edilmiş, həmin səbəblər içində “uşaqlıqdan” sözü qeyd edilməmişdir. Yəni, əlilliyə əsas verən xəstəliyin uşaqlıqdan mövcud olması əlilliyin səbəbi deyil, xəstəliyin hansı tarixdən mövcud olduğunun, yəni müddətinin göstəricisidir. 35.Qaydaların 3-cü bəndində Agentliyin əlillik səbəbini dəyişmək hüququ nəzərdə tutulsa da, onun yaranma müddəti ilə bağlı yenidən qiymətləndirmə həyata keçirmək səlahiyyəti nəzərdə tutulmamışdır. 36.“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edildiyindən əlilliyin anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gəlməsi orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilərkən nəzərə alınaraq əlillik müddətli və ya müddətsiz təyin edilir. Hazırkı halda iddiaçıya əlillik müddətsiz təyin edildiyindən hər hansı hüququnun pozulduğu müəyyən edilmir. 37.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 38.İşə baxmış məhkəmə tərəfindən maddi və prosessual hüquq pozunusuna yol verilmədiyindən və mübahisə mahiyyəti üzrə düzgün həll edildiyindən qərarın ləğvi üçün əsasla müəyyən edilmir.

Nəticəvi hissə:

39.Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(112)-2700/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 16 may 2022-ci il tarixli, 2-1(112)-2700/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar