Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2701/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Səadət Rəşid qızı Səlimovadan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-597/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xəstəliyi ilə əlaqədar yenidən müayinədən keçib əlillik dərəcəsi almağının cavabdehə həvalə olunması” haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, uşaqlıqdan hər iki ayaq pəncəsindən əziyyət çəkir, bu da onun gündəlik hərəkət etməyinə maneçilik törədir. Bunun qarşısını almaq üçün protez mağazasından xüsusi ayaqqabı alırdı. xx.xx.2015-ci il tarixdən xəstəliyi ilə əlaqədar ona təqaüd verilirdi. xx.xx.2022-ci il tarixdə on səkkiz yaşı tamam oldu və əlillik dərəcəsi almaq üçün müayinədən keçmişdir. Cavabdeh qanunsuz rəy qəbul edərək bildirmişdir ki, yanlış və ya natamam doldurmuşdur. Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələr ilə təsdiqlənmir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 saylı qərarı “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.3-cü maddəsində qeyd olunmuşdur ki, üçüncü dərəcə əlillik - xəstəlik travma və ya anadan gəlmə qüsurlar nəticəsində orqanın həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma hərəkət, əmək fəaliyyəti) məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, anatomik qüsur nəticəsində propensial əməyin çətinləşməsi nəzərdə tutulur. Qeyd olunan 2.3-cü maddəyə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər təqaüd və protez mağazadan ayaqqabı ilə təmin olunurdu. Cavabdehin noyabr ayı 2022-ci il tarixdə qəbul etdiyi imtina rəyinə görə imtiyazlardan məhrum olundu və Azərbaycan Respublikası Konstitusiyasının 149.7-ci maddəsinə əsasən cavabdeh tərəfindən hüquqları pozulmuşdur. Cavabdeh iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli uşaq poliklinikasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>... Diaqnozun mətni: Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması “Meyar: 3. Beş il müddətinə: => 3.4. ortopedik və cərrahi xəstəliklər: => 3.4.1. sümüklərin və əzələlərin deformasiyası, təkrari patoloji sınıqlar, oynaqların ll-lll dərəcəli funksional çatışmazlığını törətmi...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. xx.xx.2020-ci il tarixli elektron təyinatla baxılmış və “Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>.... Diaqnozun mətni: Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması. “Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar..." səbəbi ilə 18 yaşadək əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Diaqnozun mətni: Skolioz, Onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skaliozu.M43 Digər deformasiyaedən dorsopatiyalar, Döş qəfəsinin qıfvarı deformasiyası.. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir.” səbəbi ilə imtina verilmişdir. Göründüyü kimi, İddiaçı sonuncu göndəriş əsasında imtina verilməsinin səbəbi - “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təstiqlənmir” olmuşdur. İddiaçı sözügedən aidiyyəti sənədləri təqdim edərək dövlət tibb müəssisəsi tərəfindən sənədləri düzgün doldurduğu təqdirdə və müvafiq qanunvericiliyin tələblərinə cavab verdiyi halda ona uyğun əlillik dərəcəsi verilə bilər. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-597/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarı ilə (hakim A.Almazova) iddia təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etiraza uyğun əsaslandırılmışdır və qeyd edilmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” AR Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.1-ci maddəsinə görə hazırkı iddia növü məcburetmə haqqında iddiadır. İddiaçı inzibati orqanın üzərinə əlilliyin təyin edilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin qoyulmasını xahiş edir. İPM-in 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Birinci instansiya məhkəməsi iddianın mahiyyət üzrə də əsaslı olması nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə Kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı qanunvericilik normalarına nəzər yetirir: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydalarına əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbisosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbihəkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Apellyasiya şikayətinin dəlillərinə münasibət: İş materiallarında olan İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı 1 nömrəli uşaq poliklinikası tərəfindən verilmiş 2710003AAA3W saylı xx.xx.2015-ci il tarixli göndərişə əsasən xx.xx.2015-ci il tarixdə (ilkin) müayinə edilərək “(Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar, X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...) Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması” diaqnozu ilə qiymətləndirilmiş və “Meyar: 3. Beş il müddətinə: => 3.4. ortopedik və cərrahi xəstəliklər: => 3.4.1. sümüklərin və əzələlərin deformasiyası, təkrari patoloji sınıqlar, oynaqların ll-lll dərəcəli funksional çatışmazlığını törətmi...” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, xx.xx.2020-ci il tarixli elektron təyinata əsasən müayinə edilərək “(Səbəbi: Sağlamlıq imkanları məhdud uşaqlar, X1: XVİİ Sinif - Anadangəlmə anomaliyalar [inkişaf qüsurları], deformasiyalar və xromosom pozğunluqları => Q65-Q79 - Sümük-əzələ sisteminin anadangəlmə anomaliya və deformasiyaları [inkişaf qüsurları] =>...) Soltərəfli üçüncü dərəcə yastı, valqus deformasiya, sağtərəfli ikinci dərəcə yastıvalqus deformasiya. Yerimə və dayaq funksiyasının pozulması diaqnozu ilə qiymətləndirilmiş və “Meyar: 3.1 Uşaqların sağlamlıq imkanlarının məhdudluğu => 3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət apar...” səbəbi ilə 18 yaşadək əlillik dərəcəsi verilmişdir. İddiaçı dair əlillik alt sistemindən çıxarışdan görünür ki, Bakı Baş Səhiyyə İdarəsinin E00035223QXD saylı xx.xx.2022-ci il tarixli göndərişə əsasən xx.xx.2022-ci il tarixdə müayinə edilmiş və “Skolioz, Onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skaliozu.M43 Digər deformasiyaedən dorsopatiyalar, Döş qəfəsinin qıfvarı deformasiyası” diaqnozu ilə qiymətləndirilərək “Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin əlillik səviyyəsində ağırlaşması köməkçi diaqnostik vasitələrlə təsdiqlənmir” səbəbi ilə imtina verilmişdir. Hazırki tələbində iddiaçı cavabdeh inzibati orqanın qərarını mübahisələndirərək, ona xx.xx.2022-ci il tarixdən əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək ilk növbədə qeyd edir ki, işdən görünür ki, iddiaçıya ilkin olaraq sağlamlıq imkanının məhdudluğu xx.xx.2015-ci il tarixdə 5 il müddətinə təyin edilmişdir, təkrar olaraq xx.xx.2020-ci il tarixdə 18 yaşınadək (xx.xx.2022) təyin edilmişdir. Bakı Baş Səhiyyə İdarəsi tərəfindən Tibbi Sosial Ekspert Komissiyasına təqdim edilmiş İddiaçı haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si E00035223QXD) xx.xx.2022-ci il tarixdən Bakı Baş Səhiyyə İdarəsində qeydiyyatdadır. Xəstəliyin başlanma tarixi xx.xx.2004-cü il tarixdən müəyyən edilmişdir. Xəstəliyin adı: M41. Skolioz. Əsas diaqnoz: M41. Skolioz, onurğanın döş tipli sağ tərəfli İİ dərəcəli 17 dərəcəli anadangəlmə skoliozu. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. Ağırlaşma: M43. Digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. Yanaşı xəstəliklər: M21.8 Ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, Hər iki pəncədə valqus deformasiyası. Xəstəliyin gedişi – orta, Prosesin aktivliyi – orta, kəskinləşmələrin olması və tezliyi – orta, patoloji prosesin yayılması – orta, fəsadlaşmaların mövcudluğu – orta, Funksional pozğunluğun dərəcəsi – orta. M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofiyası və üzülməsi, hər iki pəncə və baldır əzələlərinin atrofiyası. M24.5. Oynaqların kontrakturası, daraq və daraqarası oynaqların kontrakturası. Q66.5. Anadangəlmə yastıpəncə [ pes planus ], hər iki pəncənin İİ dərəcəli yastıpəncəlik deformasiyası. Sağda H = 24 mm, L 143 dərəcə, solda H – 24 mm L 143 dərəcə. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması. Daimi ağrı. Məhkəmə kollegiyası ilk öncə diqqətə çatdırır ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının oxşar kateqoriya işlər üzrə icmal məktubunun 18-ci bəndində qeyd edilir ki, “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 2.9-cu bəndində təsbit edilmiş qaydaya görə, göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Normanın məzmunundan da bəlli olur ki, göndərişin natamam və ya yanlış doldurulduğu təqdirdə, inzibati orqan tərəfindən əlilliyin müəyyən edilməsindən imtinaya dair qərar qəbul edilməklə icraatın sonlandırılması yolverilməzdir. Həmin icmal məktubunun 20-ci bəndində qeyd edilir ki, Ali Məhkəmənin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə isə, səhiyyə müəssisəsi tərəfindən iddiaçıya münasibətdə verilmiş göndərişin natamam və yetərsiz olması iddiaçının məsuliyyət sferasına aid edilə və onun ziyanına təfsir oluna bilməz. İnzibati icraat hüququnun tələbləri baxımından TSEK göndərişlə bağlı natamam məlumatların tamamlanmasını, eləcə də yol verildiyi bildirilən yanlışlığın aradan qaldırılmasını təmin etmək məqsədilə aidiyyəti quruma müraciət etməli və müvafiq məlumatların təqdim olunmasını tələb etməlidir. Yalnız bundan sonra şəxsə münasibətdə əlillik dərəcəsinin müəyyən olunması ilə bağlı yekun qərar qəbul edilə bilər. Nəticə etibarilə, məlumatların natamam və ya yanlış olması səbəbindən cavabdeh əlilliyin müəyyən edilməsindən imtina etməkdə haqlı sayıla bilməz. Bu, eyni zamanda səmərəli və qənaətcil idarəçilik prinsiplərindən irəli gəlir. Həmin icmal məktubunun 22-ci bəndində qeyd edilir ki, bu baxımdan, məhkəmələr tərəfindən qeyd edilən halda əlilliyin müəyyən edilməsinə dair iddialar üzrə işlərə baxarkən ilk növbədə göndərişdəki məlumatların natamamlığının va ya yanlışlığının nəyi ehtiva etdiyi aydınlaşdırılmalıdır: Əgər həqiqətən belə bir natamamlıq və ya yanlışlığın olması müəyyən edilərsə, bu halın TSEK tərəfindən aradan qaldırılmasının mümkünlüyü nəzərə alınmaqla diferensiasiyası aparılmalı, belə bir imkanın mövcudluğu halında, məhkəmə İnzibati Prosessual Məcəllənin 33-cü maddəsində təsbit edilən imkandan istifadə etməklə göndərişdə olan natamamlıq və ya yanlışlığın aradan qaldırılmasının təmin edilməsi və şəxsin əlilliyinin müəyyən edilməsi ilə bağlı məsələ üzrə müvafiq əsaslar göstərilməklə yekun qərarın (təmin və ya imtina haqqında) qəbul edilməsi üçün müəyyən müddət təyin etməlidir. Əgər imtina qərarında göstərilməsinə baxmayaraq, məhkəmə araşdırması zamanı natamamlıq və ya yanlışlıq kimi bildirilən halların mövcud olmadığı müəyyən edilirsə, bu halda, cavabdehin hərəkəti əlilliyin müəyyən edilməsindən imtina kimi qiymətləndirilməli və mübahisəyə mahiyyəti üzrə baxılmaqla müvafiq qərar qəbul olunmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə İddiaçı əyani müayinə olunması üçün 01 ay müddət təyin edilmiş, cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərinin və əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə qəbulda olmuşdur. Keçirilən qəbulda təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan"na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, məhkəmə araşdırması gedişatında inzibati orqan tərəfindən iddiaçı əyani müayinəyə cəlb edilmiş və yekun olaraq inzibati orqanın imtina qərarı məhkəməyə təqdim edilmişdir. Birinci instansiya məhkəməsinin 18 avqust 2023-cü il tarixli qərardadı ilə əsaslı olaraq iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmiş, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi Ekspertiza və X4” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T 755/2023 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyi ilə müəyyən edilmişdir ki, 2004-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlmişdir: İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 saylı göndərişində qeyd edilən “XBT 10 kodu: Əsas diaqnoz: M41- skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu. Ağırlaşma: M43- digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. Yanaşı xəstəliklər: M21.8-ətrafların dəqiqləşdirilmiş digər deformasiyaları, hər iki pəncədə valqus deformasiyası. Yanaşı xəstəliklər: M62.5-əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, hər iki pəncə və baldır əzələlərinin atrofıyası. Yanaşı xəstəliklər: M24.5-oynaqların kontrakturası, daraq və daraqarası oynaqların kontrakturası. Yanaşı xəstəliklər: Q66.5-anadangəlmə yastıpəncə (pes.planus), hər iki pəncənin İİ dərəcəli yastıpəncəlik deformasiyası, sağda H-24 mm, L 143 dərəcə, solda H-24 mm L143 dərəcə. Yanaşı xəstəliklər: R26.8-hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı” diaqnozunda olan xəstəliklər onun hazırkı sağlamlıq durumudur. - Əlilliklə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. 2.3. Qeyd edilən xəstəliklərlə əlaqədar hazırda onun müalicəsinə ehtiyac olmasa da, xəstəliklər kəskinləşdikdə əlavə müalicəyə cəlb oluna bilər. Xəstəlik və qüsurların xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasında aradan qalxması tibbi baxımdan mümkün deyil, belə ki, onlar anadan gəlmədirlər. Adıçəkilən xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamədə öz əksini tapmışdır. Həmin Meyarlara əsasən: 13.5.1. skolioz – M41 13.5.1.1. nəzərəçarpan formada təzahür edən anadangəlmə inkişaf qüsurları – 60%müddətsiz 6.1.10 sinir və sümük-əzələ sisteminə aid olan simptomlar və nişanələr R25-R29 hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı 6.1.10.1 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın mülayim pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları 35-60 %- 1 il 6.1.10.2 başgicəllənmə, koordinasiyanın və tarazlığın, iradi motorikanın əhəmiyyətli pozuntusu, piramid çatışmazlıq əlamətləri, o cümlədən yürüşün və durmanın pozuntuları - 65-80%- 2 il. Beləliklə, göründüyü kimi iddiaçıda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) “Əlilliyin müəyyən olunması meyarları” XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu: M41-skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu. M43-digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası. R26.8-hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı kimi anadangəlmə xəstəlikləri və ağırlaşmalar ona Bakı Baş Səhiyyə İdarəsi tərəfindən eyni xəstəliklərlə bağlı verilmiş Forma 88 arayışı, uzun müddət ambulator və stasionar müalicədə (ETTO İnstitutu, MediStile X7 Mərkəzi) olması və iş üzrə tədqiq edilmiş ekspert rəyinə əsasən həmin xəstəliklərin diaqnozu diaqnostik müayinələrlə təsdiq olunur. İddiaçının göndərişdə qeyd edilən əsas diaqnoz (skolioz, onurğanın döş tipli sağ tərəfli 17 dərəcəli anadangəlmə skoliozu) və ağırlaşmaları (digər deformasiyaedən dorsopatiyalar, döş qəfəsinin qıfvari deformasiyası), yanaşı xəstəliklər (hərəkətin və yerişin digər dəqiqləşdirilməmiş pozulmaları, axsama və yerişin pozulması, daimi ağrı) iddiaçıya cavabdeh tərəfindən əlillik dərəcəsinin təyin edilməsindən imtina edilərkən (sonuncu müayinə xx.xx.2022-ci il) də mövcud olmuş, lakin, buna baxmayaraq, (müayinəyə dair sənədlər iş materiallarına əlavə edilmişdir), əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilərək iddiaçının qanunla qorunan hüquqlarını pozulmuşdur. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır ki, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, əvvəllər də eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır(Ali Məhkəmənin İnzibati Kollegiyasının 2- 1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin iddiaçıya əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməli olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-597/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-597/2024 nömrəli, 22 yanvar 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Səadət Səlimova Cahangir Yusifova
Məhkəmə qərarları › İş №2-1(103)-2701/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2701/2024
13.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver