Məhkəmə qərarları › İş №2-1(103)-2701/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2701/2025

28.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2701/2025 28.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı: İddiaçı Cavabdeh: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “mənzillərə dair ayrı-ayrılıqda çıxarışın və texniki pasportun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MA seriyalı ******* saylı çıxarışa (qeydiyyat nömrəsi **********; qeydiyyat tarixi xx.xx.2011-ci il) əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç, ev 148, mənzil 412-413 İddiaçı xüsusi mülkiyyətindədir.

2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 3-21-3 30/2-D0123-8/2023 **********95 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən 412-413 saylı mənzilə bölgü sxeminin tərtib edilməsi barədə ********** nömrəli, xx.xx.2023-cü il tarixli ərizənizə baxılmışdır. Müraciətlə əlaqədar olaraq bildirilmişdir ki, texniki pasportuna əsasən bölünməsi nəzərdə tutulan mənzilin ayrıca kommunal şəraiti olmadığından müraciətin icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6 cı maddəsinə əsasən əşyalar bölünər və bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır.

3. Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən 412- 413 saylı mənzilə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2011-ci il tarixli mənzilin planı iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənədlərdə yaşayış sahəsi 24 kv.m qeyd edilməsinə baxmayaraq mənzildə aparılmış inventarlaşdırma işləri nəticəsində yaşayış sahəsinin 28 kv m olduğu aşkar edilmişdir.

4. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 3-21-3-30/2-43444- 8/2023 **********44 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, sorğu ilə əlaqədar olaraq sözügedən mənzilə dair arxiv qovluğunda saxlanılan müvafiq sənədlərin və müayinə aktının təsdiq edilmiş surətləri göndərilir.

5. Nərimanov Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 828 saylı sərəncamından görünür ki, Bakı Şin zavodunun müdiriyyəti və Həmkarlar İttifaq Komitəsinin xx.xx.2001-ci il tarixli 17 saylı protokolu təsdiq edilmiş, Əliyar Əliyev küçəsindəki 148 saylı evin yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı 412-413 saylı mənzilə 4 nəfər ailə üzvü ilə (özü,arvadı,2 oğlu) İddiaçı order verilmişdir. Orderə yazılmışdır: İddiaçı, X6, X8, X7. Vətəndaş İddiaçı ailə üzvləri ilə birgə mənzil növbəsindən çıxarılmışdır.

6. Nərimanov Rayon İcra Hakimiyyətinin 034572 saylı xx.xx.2002-ci il tarixli orderindən görünür ki, İddiaçı Əliyar Əliyev küçəsindəki 148 saylı evin yaşayış sahəsi 24 kv.m olan 2 otaqlı 412-413 saylı mənzildə ailəsi ilə qeydiyyatdadır.

7. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 134 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 605 nömrəli xx.xx.2011-ci il tarixli arayışından görünür ki, İddiaçı Əliyar Əliyev küçəsindəki 148 saylı evin yaşayış sahəsi 24 kv.m olan 9 mərtəbəli evin 4-cü mərtəbəsində 2 otaqlı 412-413 saylı mənzildə yaşayır. Ailəsi 4 nəfərdən ibarətdir. İddiaçı, X6, X8, X7.

8. X2 xx.xx.2011-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən 412-413 saylı mənzilin həyat yoldaşı- İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

9. X8 xx.xx.2011-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən 412-413 saylı mənzilin atası-İddiaçı adına özəlləşdirilməsinə etiraz etmir.

10. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinənə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) olmadığından işin icrası mümkün olmadı.

11. Azərbaycan Respublikasının Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən məhkəmənin soğusuna cavab olaraq 08.05.024cü il tarixli 3-52-13/2-417/2024 saylı məktubdan görünür ki, ünvan 3 ünvanında yerləşən yaşayış binasının mərtəbəlilik planının təsdiq edilmiş surətinin təqdim olunması barədə Bakı Şəhər İcra Hakimiyyətindən daxil olmuş məhkəmə sorğusuna baxılmışdır.Bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 263 saylı sərəncamı ilə əvvəllər Bakı Şin Zavoduna məxsus olmuş yaşayış binaları, o cümlədən ünvan 4 ünvanda yerləşən 9 mərtəbəli yataqxana binası balansa qəbul edilmişdir. Hal-hazırda həmin bina 2 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Bina balansa qəbul edilərkən aparılan təhvil-təslim zamanı binanın texniki pasportu (eskiz layihəsi) təhvil verilmədiyindən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin **********22 saylı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ünvan 5 ünvanında yerləşən 412 və 413 saylı mənzillərə dair müayinə aktının, eləcə də çoxmərtəbəli yaşayış binasının mərtəbəlilik planının təsdiq edilmiş surətinin verilməsi barədə müraciətə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq ünvan 5 ünvanında yerləşən 412 və 413 saylı mənzillərə dair müayinə aktının surəti göndərilir. ünvan 5 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasına dair sənəd idarənin arxivində aşkar edilməmişdir.

13. Azərbaycan Respublikasının Bakı Şəhər Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-14/2421/2024 saylı məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 412 və 413 nömrəli mənzillərə dair yenidənqurulma işləri ilə bağlı hər hansı razılaşdırma sənədi və digər məlumatlar aşkarlanmadı. Məlumat üçün bildirilir ki, Nərimanov RİH başçısının xx.xx.2019-cu il tarixinədək qəbul edilmiş Sərəncamları Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli, 32 №li Sərəncamına əsasən, Yerli icra hakimiyyəti başçılarlı tərəfindən təsdiq edilmiş iş nomenklaturasına uyğun olaraq, sənədlər 5 ildən, məktublar isə 3 ildən sonra məhv edilir.

14. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Bakı Filialının xx.xx.2024-cü il tarixli 3-48-2F/2-2432/2024 saylı məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında sənədlər müvafiq icra strukturlarının qərar və sərəncamlarına uyğun saxlanılır. Ünvanlara görə Dövlət Arxivinin Bakı filialından hər hansı bir sənəd əldə etmək imkan xaricindədir.

15. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinənə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) olmadığından işin icrası mümkün olmadı.

16. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinənə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) mövcud olmamışdır.

17. Təqdim edilmiş mənzilə dair texniki pasportdan da görünür ki, 412-413 saylı mənzilin otaqlarının giriş-çıxışı fərqli olsa (ümumi dəhlizdə yerləşsə) da, mənzil iki ayrı otaqdan ibarət olmaqla mənzilə dair yalnız bir yardımçı sahə (mətbəx, sanitaq qovşağı) mövcud olmuşdur. Eyni zamanda iddiaçının mənzilin qeydiyatı hüquqmüəyyənedici sənədinə və faktiki vəziyyətinə uyğun olaraq bir mənzil kimi aparılmışdır.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

18. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küç, 148 saylı evin 412 və 413 nömrəli mənzillərə dair mülkiyyət hüququnun təsdiqi üçün hər bir mənzilə dair ayrı-ayrılıqda müvafiq çıxarışın verilməsi öhdəliyinin İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

19. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 7 ünvanından yerləşən mənzil xx.xx.2011-ci il tarixli Seriya MA №0309080 saylı çıxarışa əsasən tam mülkiyyət hüququ ilə İddiaçı mülkiyyətindədir. Bildirir ki, əvəllər Bakı Şin Zavoduna məxsus olmuş yaşayış binaları, o cümlədən Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 148 ünvanında yerləşən 9 mərtəbəli yaşayış binası Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2003-cü il tarixli, 263 saylı sərəncamı (əlavə olunur) ilə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamentinin balansına verilmişdir.ünvan 9 ünvanında yerləşən və xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsus olan mənzillər həmçinin, mülkiyyətçinin və ailə üzvlərinin istifadəsindədir. Qeyd edir ki, ünvanda 2 ayrı mənzil mövcud olmaqla, 2 ayrı çıxarışın verilməsinə zərurət yaranmışdır. Belə ki, mənzilin ünvanında qeyd edildiyi kimi həmin ünvanda mənzil 412 və mənzil 413 olmaqla iki ayrı mənzil mövcuddur. Bu əsasla hər mənzil üçün ayrı çıxarışın verilməsi məqsədilə xx.xx.2023-cü il tarixli ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmişdir. İnzibati orqan tərəfindən xx.xx.2023-cü il tarixli məktuba əsasən (əlavə olunur) müraciətə imtina cavabı verilmişdir. İmtina cavabında qeyd olunur ki, texniki pasporta əsasən bölünməsi nəzərdə tutulan mənzilin ayrıca kommunal şəraiti olmadığından müraciətin icrası mümkün olmamışdır, həmçinin mənzil bölünməz əşya hesab edilmişdir. O hesab edir ki, imtina tamamən əsassızdır. Belə ki, imtina məktubuna əsasən inzibati orqan 2 səbəbə istinad etmişdir: 1. ayrıca kommunal şəraitin olmaması; 2. mənzilin bölünməz əşya hesab edilməsi. İlk öncə bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.İnzibati orqanın birinci arqumentinə münasibətdə qeyd edir ki, inzibati orqanın istinad etdiyi texniki pasport xx.xx.2011-ci il tarixlidir (əlavə olunur), yəni həmin texniki pasporta əsasən hazırki mənzillərə adı çəkilən çıxarış verilmişdir. Çıxarışın verildiyi zaman təqdim edilən texniki pasport layihəsi cari vəziyyətin də elə olduğu mənasına gəlməməlidir. Əvvəla çıxarışda məzilin ünvanında qeyd edildiyi və texniki pasportda göründüyü kimi həmin ünvanda mənzil 412 və mənzil 413 olmaqla iki ayrı mənzil mövcuddur. Qeyd edilən mənzillərin arasında ümumi dəhlizin olması həmin mənzillərin bir mənzil olmasını istisna edir. İnzibati orqanın 2011-ci il tarixində bir kommunal təsərrüfatın olmasına əsasən verdiyi qərar cari tarixdə eyni addımın atılmasına səbəb olmamalıdır. Belə ki, hazırda qeyd edilən mənzillər iki ayrı mənzil olmaqla, iki ayrı kommunal təsərrüfata malikdir.

20. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, İddiaçı Bakı şəhəri, ünvan 4 evin mülkiyyətində olan 412 və 413 saylı mənzillərinə dair mülkiyyət hüququnun hər bir mənzilə dair ayrı-ayrılıqda daşınmaz əmlakın dövlət reyestrindən xüsusi mülkiyyət hüququ ilə çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı müvafiq tələb ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş və xx.xx.2023-cü il tarixli, **********95 xaricolma nömrəli məktubla cavab verilmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılan araşdırma zamanı məlum oldu ki, texniki pasportuna əsasən bölünməsi nəzərdə tutulan mənzilin ayrıca kommunal şəraiti (mətbəx və s.) olmadığı, yalnız yaşayış sahəsinin olduğu müəyyən olunmuşdur. Məlumat üçün bildirilir ki, iddia tələbində qeyd olunan Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən 412-413 saylı mənzili mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin təmin olunmaması xahiş edilmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır.

22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının mənzilin hər iki otağında artıq ayrıca kommunal şəraitin yaradılması və hazırda mövcudluğu barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nə yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, nə də məlumatlandırma icraatının tətbiqi qaydalarına riayət edilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə bir sübutun mövcud olmaması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Nərimanov Rayon İcra Hakimiyyəti xx.xx.2024-cü il tarixli məktubla ünvan 6 ünvanında yerləşən 412-413 nömrəli mənzilə dair yenidənplanlaşdırma işləri ilə bağlı hər hansı razılaşdırma sənədi və digər məlumatın mövcud olmadığını bildirmişdir.

23. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

24. Qərardan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 761/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

25. Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi iddia tələbini yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, məlumatlandılrma icraatının tətbiqi qaydalarına riayət edilməməsi əsası ilə təmin etməmişdir. Halbuki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə tərəfindən verilmiş sorğulara əsasən mübahisəli mənzilərin ayrıca mənzil kimi hesab edilməməsi üçün heç bir sənəd və ya məlumat əldə edilməmişdir. Cari binanın texniki pasport və ya digər arxiv sənədləri mövcud deyildir. Cavabdeh qurumun tək istinad əsası mənzillərdə ayrıca kommunal şəraitin mövcud olmaması olmuşdur. Qeyd edilən hal isə iddiaçı tərəfindən aradan qaldırılmış və bu məqsədlə hüquqların təmini üçün məhkəməyə müraciət edilmişdir. Əlavə olaraq iddiaçı qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində qiymətləndirilməsi məqsədilə tərəfimizdən məhkəməyə “İstilik və su təchizatı xidmətinə dair” müqavilələr təqdim edilmişdir. Belə ki, həmin müqavilələrə əsasən iki ayrı mənzil üçün iki ayrı müqavilə bağlanılmışdır. Yəni hər iki mənzil istilik və su təchizatı ilə ayrı-ayrılıqda təmin edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübuta heç bir münasibət bildirilməmişdir. Bütün qeyd edilənlərə baxmayaraq, məhkəmə iddia tələbini cavabdeh qurum tərəfindən cari tarixə qədər mübahisələndirilməyən və iddiaçıya bu barədə məlumat verilməyən başqa bir əsasa istinad edərək rədd etmişdir.

d)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

e) Prosses iştirakçılarının izahatları

27. Məhkəmə Kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar olunmuş tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə- torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün- torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd;

29. X10 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı). “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland). Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X1 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).

30. Azərbaycan Respublikasının Mənzil Məcəlləsindən: 13.1. Yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. 13.2. Otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. 13.3. Bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. 13.4. Yaşayış evinin və ya mənzilin bilavasitə yaşamaq üçün nəzərdə tutulmuş ayrıca hissəsi otaq hesab edilir. Maddə 23. Yaşayış sahəsinin yenidən qurulmasının və yenidən planlaşdırılmasının növləri 23.1. Yaşayış sahəsinin yenidən qurulması yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində konstruktiv elementlərin (o cümlədən, yaşayış sahəsinin daşıyıcı divar və dirəklər, mərtəbələrarası arakəsmələr, pilləkən meydançaları və pilləkənlərin), çoxmənzilli binada birdən artıq yaşayış və ya qeyri-yaşayış sahəsinə xidmət edən kommunikasiya qurğularının (o cümlədən, lift şaxtası və ya digər şaxtalar, bacalar, sanitar-texniki və digər avadanlıqların) quraşdırılması, əvəz edilməsi və yerinin dəyişdirilməsindən ibarətdir. 23.2. Yaşayış sahəsinin yenidən planlaşdırılması bu Məcəllənin 23.1-ci maddəsində göstərilənlər istisna olmaqla, yaşayış sahəsinin texniki pasportunda dəyişikliklər edilməsini tələb edən yaşayış sahəsində arakəsmələrin sökülməsi (ləğv edilməsi), yerinin dəyişdirilməsi və ya yenilərinin quraşdırılması, qapı yerlərinin dəyişdirilməsi və yenilərinin quraşdırılması, mənzildəki yardımçı sahələr hesabına otaqların sahəsinin genişləndirilməsi, əlavə mətbəxin və ya sanitar qovşaqların quraşdırılması və ya onların yerinin dəyişdirilməsi kimi yaşayış sahəsinin konfiqurasiyasının dəyişdirilməsindən, habelə istilik sisteminin quraşdırılması və ya yenidən quraşdırılmasından ibarətdir. Maddə 24. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması 24.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması tikinti norma və qaydalarına riayət etməklə müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra razılaşdırmanı həyata keçirən orqan) qərarı əsasında aparılır. 24.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması üçün yaşayış sahəsinin mülkiyyətçisi və ya mülkiyyətçinin səlahiyyətli nümayəndəsi (bundan sonra bu fəsildə- ərizəçi) yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin yerləşdiyi yer üzrə razılaşdırmanı həyata keçirən orqana aşağıdakıları təqdim edir: 24.2.1. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasına dair ərizə; 24.2.2. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinə dair hüquq müəyyənedici sənədlər (sənədlərin əsli və ya notariat qaydasında təsdiq olunmuş surətləri); 24.2.3. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin müəyyən edilmiş qaydada tərtib edilərək hazırlanmış yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi; 24.2.4. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin texniki pasportu; 24.2.5. sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsindən istifadə edən kirayəçinin bütün ailə üzvlərinin (o cümlədən müvəqqəti başqa yerə getmiş ailə üzvlərinin) yazılı razılığı (ərizəçi qismində bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin təqdim edilməsinə kirayə verən tərəfindən səlahiyyət verilmiş yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsinin kirayəçisi çıxış etdikdə); 24.2.6. yenidən qurulması və (və ya) yenidən planlaşdırılması nəzərdə tutulan yaşayış sahəsi və ya onun yerləşdiyi bina (ev) memarlıq, tarix və mədəniyyət abidəsi olduqda, həmin yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılmasının mümkünlüyü barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəyi. 24.2-1. Bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlərin X5 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X5 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. 24.3. Razılaşdırmanı həyata keçirən orqan bu Məcəllənin 24.2-ci maddəsi ilə müəyyən edilən sənədlərdən başqa digər sənədlərin təqdim edilməsini tələb edə bilməz. Ərizəçiyə sənədlərin siyahısı və razılaşdırmanı həyata keçirən orqan tərəfindən qəbuletmə tarixi göstərilməklə qəbz verilir. 24.4. Razılaşdırma və ya razılaşdırmadan imtina haqqında qərar razılaşdırmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 24.2-ci maddəsinə uyğun olaraq təqdim edilmiş müvafiq ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında göstərilən sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz gündən gec olmayaraq qəbul edilməlidir. 24.5. Razılaşdırmanı həyata keçirən orqan razılaşdırma barədə qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi ərizəçiyə təqdim edir və ya ərizədə göstərilən ünvana göndərir. Həmin sənədin forma və məzmunu müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 24.6. Bu Məcəllənin 24.5-ci maddəsində nəzərdə tutulmuş sənəd yaşayış sahəsinin yenidən qurulmasının və (və ya) yenidən planlaşdırılmasının aparılması üçün əsasdır. Maddə 25. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina 25.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtinaya aşağıdakı hallarda yol verilir: 25.1.1. bu Məcəllənin 24.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə (bu Məcəllənin 24.2-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla); [12] 25.1.2. sənədlər müvafiq orqana deyil, digər orqana təqdim edildikdə; 25.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi yaşayış sahəsindən təyinatı üzrə istifadəni təhlükəli və ya qeyri-mümkün edən dərəcədə yaşayış sahələri üçün qanunvericiliklə müəyyən olunmuş sanitariya və texniki norma və qaydalara uyğun olmadıqda; 25.1.4. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin hüquqlarını və qanuni mənafelərini pozduqda (həmin qonşu və ya üçüncü şəxslərin belə yenidən qurulma və (və ya) yenidən planlaşdırılmaya yazılı razılıq verdiyi hallar istisna olmaqla); 25.1.5. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi qonşuların və ya digər üçüncü şəxslərin həyat və sağlamlığına təhlükə yaradırsa; 25.1.6. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi binanın xarici görünüşündə dəyişiklik edilməsini nəzərdə tutduqda belə dəyişikliyin binanın xarici görünüşü, arxitektura və təhlükəsizlik sahəsində qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab vermədiyi hallarda. 25.2. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar bu Məcəllənin 25.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad etməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. 25.3. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını razılaşdırmaqdan imtina haqqında qərar onun qəbul edildiyi gündən üç iş günü müddətində ərizəçiyə təqdim edilir və ya göndərilir və həmin qərardan ərizəçi tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Maddə 26. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması 26.1. Yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının başa çatması razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyasının aktı ilə təsdiqlənir. 26.2. Qəbul komissiyasının aktı razılaşdırmanı həyata keçirən orqan tərəfindən dövlət kadastr uçotunun aparılması məqsədi ilə daşınmaz əmlakın dövlət reyestrini aparan orqana göndərilməlidir. Maddə 27. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasının nəticələri 27.1. Bu Məcəllənin 24.1-ci maddəsində nəzərdə tutulmuş əsas olmadan və ya bu Məcəllənin 24.2.3-cü maddəsinə uyğun olaraq təqdim edilmiş yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsinin pozulması ilə aparılan yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması özbaşına aparılmış hesab edilir. 27.2. Razılaşdırmanı həyata keçirən orqanın yaratdığı qəbul komissiyası özbaşına yenidən qurulma və (və ya) yenidən planlaşdırılma aparılmış yaşayış sahəsini tədqiq etdikdən sonra razılaşdırmanı həyata keçirən orqan aşağıdakıları həyata keçirir: 27.2.1. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar etmədikdə bu Məcəllənin 26-cı maddəsində göstərilənləri yerinə yetirməklə aparılmış yenidən qurulma və (və ya) yenidən planlaşdırılmanı rəsmiləşdirir və ya; 27.2.2. bu Məcəllənin 25.1.3-25.1.6-cı maddələrində nəzərdə tutulan halları aşkar edildikdə yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış mülkiyyətçisi və ya sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsinin kirayəçisi tərəfindən həmin yaşayış sahəsinin əvvəlki vəziyyətinin bərpa edilməsini tələb edərək bunun üçün əsaslandırılmış müddət və qayda müəyyən edir. 27.3. Bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələb vaxtında yerinə yetirilmədikdə razılaşdırmanı həyata keçirən orqan həmin tələbin yerinə yetirilməsi iddiası ilə məhkəməyə müraciət etməlidir. 27.4. Razılaşdırmanı həyata keçirən orqanın bu Məcəllənin 27.2.2-ci maddəsində nəzərdə tutulmuş tələbi ilə razılaşmayan yenidən qurulmanı və (və ya) yenidən planlaşdırılmanı həyata keçirən şəxs həmin tələbdən məhkəmə qaydasında şikayət verə bilər. 27.5. Yaşayış sahəsinin özbaşına yenidən qurulması və (və ya) yenidən planlaşdırılmasını aparmış şəxs, əgər bu vətəndaşların hüquqlarını və qanuni mənafelərini pozursa və ya onların həyat və ya sağlamlığına təhlükə yaradırsa, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 73.1. inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

33. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

35. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinənə (baxış) aktından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, ev 148 ünvanında yerləşən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə yaşayış sahəsi 28 kv.m, ümumi sahəsi 34.4 kv.m-dır. Arxiv texniki pasporta əsasən bölgü nəzərdə tutulan mənzilin bölgü üçün kommunal şəraiti (mətbəx, sanitar qovşağı) mövcud olmamışdır.

36. Təqdim edilmiş mənzilə dair texniki pasportdan da görünür ki, 412-413 saylı mənzilin otaqlarının giriş-çıxışı fərqli olsa (ümumi dəhlizdə yerləşsə) da, mənzil iki ayrı otaqdan ibarət olmaqla mənzilə dair yalnız bir yardımçı sahə (mətbəx, sanitaq qovşağı) mövcud olmuşdur. Eyni zamanda iddiaçının mənzilin qeydiyatı hüquqmüəyyənedici sənədinə və faktiki vəziyyətinə uyğun olaraq bir mənzil kimi aparılmışdır.

37. İddiaçının mənzilin hər iki otağında artıq ayrıca kommunal şəraitin yaradılması və hazırda mövcudluğu barədə dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən nə yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, nə də məlumatlandırma icraatının təbiqi qaydalarına riayət edilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Belə bir sübutun mövcud olmaması məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmışdır. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Nərimanov Rayon İcra Hakimiyyəti xx.xx.2024cü il tarixli məktubla ünvan 6 ünvanında yerləşən 412-413 nömrəli mənzilə dair yenidənplanlaşdırma işləri ilə bağlı hər hansı razılaşdırma sənədi və digər məlumatın mövcud olmadığını bildirmişdir.

38. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanuna zidd sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.

39. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır həmin dəlillərə yuxarıda hüquqi qiymət verilmişdir.

40. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyasının daha sonra mövqeyi belədir ki, həmin dəlillər texniki pasportuna əsasən 412-413 saylı mənzilin otaqlarının giriş-çıxışı fərqli olsa (ümumi dəhlizdə yerləşsə) da, mənzil iki ayrı otaqdan ibarət olmaqla mənzilə dair yalnız bir yardımçı sahə (mətbəx, sanitaq qovşağı) mövcud olması faktını dəyişmir.

41. İddiaçı bildirir ki, birinci instansiya məhkəməsində icraat zamanı sübut qismində qiymətləndirilməsi məqsədilə tərəflərindən məhkəməyə “İstilik və su təchizatı xidmətinə dair” müqavilələr təqdim edilmişdir. Belə ki, həmin müqavilələrə əsasən iki ayrı mənzil üçün iki ayrı müqavilə bağlanılmışdır. Yəni hər iki mənzil istilik və su təchizatı ilə ayrı-ayrılıqda təmin edilmişdir. Lakin məhkəmə tərəfindən təqdim edilmiş sübuta heç bir münasibət bildirilməmişdir.Həmçinin, cavabdeh qurumun tək istinad əsası mənzillərdə ayrıca kommunal şəraitin mövcud olmaması olmuşdur. Qeyd edilən hal isə iddiaçı tərəfindən aradan qaldırılmış və bu məqsədlə hüquqların təmini üçün məhkəməyə müraciət edilmişdir.

42. Apellyasiya şikayətinin həmin dəlillərinə münasibətdə məhkəmə Kollegiyası qeyd etməyi vacib hesab edir ki, “İstilik və su təchizatı xidmətinə dair” müqavilələr təqdim edilməsi və həmçinin, mənzillərdə ayrıca kommunal şəraitin mövcud olmaması halının iddiaçı tərəfindən aradan qaldırılması iddiaçı tərəfindən yaşayış sahəsinin yenidən qurulması və yenidən planlaşdırılması qaydalarına, həm də məlumatlandırma icraatının təbiqi qaydalarına riayət edilməsinə dair hüquqmüəyyənedici sənədlər təqdim edilməli olması zərurətini aradan qaldırmır.

43. Odur ki, məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə Kollegiyası nəzərə alır ki, İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

45. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-761/2025 saylı, 24 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar