Məhkəmə qərarları › İş №2-1(103)-2702/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2702/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2702/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Azər Soltanhəmid oğlu Hüseynov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Suraxanı rayon şöbəsinə qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(82)-2100/2014 saylı qərardadından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2100/2014 saylı, 10 iyun 2014-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 52 yaşdan 01.01.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh DSMF Suraxanı RŞ-nin üzərinə qoyulması qərara alınmışdır. İş materiallarından görünür ki, həmin qərar 25.06.2014-cü il tarixdə cavabdehə təqdim olunmuş və 24.07.2014-cü il tarixdə qanuni qüvvəsini aldıqdan sonra, məhkəmənin 24.07.2014-cü il tarixli məktubu ilə icra edilməsi üçün ona göndərilmişdir. İş materiallarından həmçinin görünür ki, cavabdeh DSMF Suraxanı RŞ 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə 31.10.2014-cü il tarixli 18/4603 №-li məktub ünvanlayaraq bildirmişdir ki, tərəfindən qərar icra olunmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 noyabr 2014-cü il tarixli, 2-1(82)- 2100/2014 saylı qərardadı ilə 2-1(82)-2100/2014 saylı, 10 iyun 2014- cü il tarixli qərar icra edildiyinə görə həmin inzibati iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 mart 2020-ci il tarixli, 2- 1(103)-990/2020 nömrəli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2100/2014 saylı, 10 iyun 2014-cü il tarixli qərarından verilmiş apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamışdır. Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının 22 sentyabr 2020-ci il tarixli 2-1(102)-1523/2020 nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)- 990/2020 saylı iş üzrə 19 mart 2020-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 15.11.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ərizə ilə müraciət edərək iş üzrə icraatın təzələnməsinə dair qərar qəbul edilməsi və ərizəçi DSMF-nin Suraxanı rayon şöbəsinin əsl ərizəçi olan DSMF-nin Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filial ilə əvəz edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(82)-2100/2014 saylı qərardadı ilə iş üzrə yeni açılmış hallara dair icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Cavabdeh həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında ərizənin təmin edilməsi barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı şöbənin pensiya təyin edən komissiyasının 18.04.2014-cü il tarixli, 473 nömrəli qərarı ilə 05.09.2006-cı il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin, pensiya işinin düzgünlüyünün araşdırılması nəticəsində aşağıdakı nöqsan və saxtalaşdırılması ehtimal olunan hallar aşkar edilmişdir. Pensiya işinə tikilmiş vəətndaşın şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətinin arxa hissəsindəki məlumatlarla vətəndaşın “Giriş-çıxış və qeydiyyat X1 Axtarış Sistemi”ndəki (İAMAS) şəxsiyyət vəsiqəsinin məlumatları ilə uyğun olmaması müəyyən edilmişdir. Belə ki, vətəndaşın İAMAS üzrə şəxsiyyət vəsiqəsində yaşayış yeri kimi Qəbələ rayonu, Məmmədağalı kəndi göstərildiyi halda, pensiya işinə əlavə edilmiş notarial qaydada təsdiq olunmuş surətdə isə müvafiq məlumatlar üzrə yaşayış yeri kimi Bakı şəhəri, Y\Suraxanı qəsəbəsi, Zərdabi küçəsi, ev 7, mənzil 5 qeyd olunmuşdur. Pensiya işinə tikilmiş əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətində 10.09.1971-ci ildən 24.10.2005-ci ilədək vətəndaşın Bakı şəhəri ərazisində yerləşən müxtəlif idarə və təşkilatlatlarda, o cümlədən 12.08.1981-ci ildən 25.02.2002-ci ilədək keçmiş Bakı Alüminium yayma zavodunda (indiki X6 Cəmiyyəti) işlədiyi qeyd olunmuşdur. Lakin, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı tamamilə başqa yerlərdə, M.Əhmədovun müraciətində də qeyd edildiyi kimi 1982-1997-ci illərdə Qəbələ rayonu, Xalqlar Dostluğu adına kolxozda işləmişdir. Həmn fakt Qəbələ rayon Dövlət Arxivinin verdiyi 22.02.2019-cu il tarixli arayışı ilə öz təsdiqini tapmışdır. Halbuki, pensiya işində olan "xxxx" ASC-nin dairəvi möhürü ilə təsdiq edilmiş 09.01.2013-cü il tarixli “güzəştli arayış”ında qeyd olunanlar (1981-1996-cı illərin əmək fəaliyyəti dövrü xüsusilə zərərli və ağır olan işlər kimi nəzərə alınmaqla) vətəndaş İddiaçı “Əmək pensiyaları haqqında” AR Qanununun 9.8-ci maddəsinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaratmışdır. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymət verilməsi məqsədilə tərəfindən müvafiq materiallar AR Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Daxil olmuş materiallar əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsində cinayət işi açılaraq istintaqı aparılır. Məhkəmə tərəfindən bu hallar araşdırılmamış və müvafiq qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxamayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İPM-nin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunvericliyin tələbindən göründüyü kimi, yeni açılmış hallarla bağlı iş üzrə başa çatmış məhkəmə icraatı o zaman təzələnə bilər ki, məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra yeni sübutlar və ya hallar aşkar olunsun, həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmasın. Həmin Məcəllənin 106-ci (yeni açılmış hallarla bağlı icraatın təzələnməsinin mümkünlüyü) maddəsində göstərilmişdir: 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.” Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2100/2014 saylı, 10 iyun 2014-cü il tarixli qərarının icra edildiyi gündən 5 ildən çox olan müddət keçmişdir. Ərizədə iş üzrə icraatın təzələnməsi üçün əsas kimi göstərilmiş – İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün təqdim olunmuş sənədlərin saxtalaşdırılması faktları üzrə məhkəməyə heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyası partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmaldır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, mübahisə ilə bağlı iş üzrə icraatın yeni açılmış hallara görə təzələnməsi üçün Azərbaycan Respublikası İPMnin 100-cu maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, birinci instansya məhkəməsi tərəfindən düzgün olaraq ərizənin təmin olunmaması barədə qərardad qəbul edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri formal olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, iş üzrə qərardad dəyişdirilmədən saxlanmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 100 və 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 05 iyul 2021-ci il tarixli, 2-1(82)-2100/2014 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar