Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2702/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi barədə inzibati mübahisəyə dair iş üzrə X11 tərəfindən verilmiş üçüncü şəxs qismində cəlb edilməklə məhkəmə qərarının ləğv edilməsi və icraatın təzələnməsinə dair vəsatət üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1323/2018 nömrəli 10 mart 2023-cü il tarixli qərardadından X3 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə (indiki Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı şəhər Ərazi İdarəsinə) qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1323/2018 nömrəli, 15 mart 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. X3 məhkəməyə vəsatət ilə müraciət edərək, həmin qərarın ləğv edilməsi və üçüncü şəxs qismində icraata cəlb edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1323/2018 nömrəli 10 mart 2023-cü il tarixli qərardadı ilə vəsatət rədd edilmişdir. Həmin qərardaddan X3 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(82)-1323/2018 nömrəli 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini və vəsatətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısının 370 saylı xx.xx.2000-ci il tarixli sərəncamı ilə Qarabağ müharibəsi əlili İddiaçı ünvan 1ndə fərdi ev tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmış, həmin sərəncamın əsasında DTXK-nın Bakı şəhər şöbəsi tərəfindən onun adına xx.xx.2003-cü il tarixli JN- 8477H saylı "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmiş və qeyd edilən ünvandakı 0.054 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ tanınmışdır. Yalnız 2 saylı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-1323-2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması müəyyən edilmiş və bundan sonra İddiaçı mülkiyyəti satdığı X2 iddia tələbləri üzrə məhkəmə mübahisələri baş vermiş və icraat zamanı maraqlarına toxunmasına baxmayaraq, icraatda iştirakı təmin edilməmişdir. Bundan əlavə, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-323/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qərarı ilə ünvan 1 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı Ərazi İdarəsinə həvalə edilməsi müəyyən edilərkən həmin iş üzrə onların iştirakı təmin edilməmşdir. Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir. Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir: qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulubpozulmamasına; inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə. Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır. Bununla bağlı faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı mübahisə ona iddiaçının Nərimanov Rayon Məhkəməsinə müraciət etməsindən sonra məlum olmuşdur ki, həmin torpaq sahəsi istifadəsində olduğundan X4 verilmiş çıxarış birbaşa olaraq onun maraq dairəsini əhatə etməklə mülkiyyət hüquq münasibətlərinə ziddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə digər tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 dekabr 2022-ci il tarixli 10/5227 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli **********87 nömrəli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli 370 nömrəli sərəncamı əsasında İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş ayrıc aktının koordinatları ilə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın əlavəsi olan planölçüdə qeyd olunmuş koordinatlarının 12 kv.m fərqlə üst-üstə düşdüyü müəyyən olundu. İddiaçı adına tərtib olunmuş ayrıc aktında qeyd olunmuş koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahənin 596 kv.m X6 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********77 olan çıxarışda və çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində torpaq sahəsinin ölçüsünün 600 kv.m ölçüdə göstəriləsə də, torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd edilmiş koordinatlara əsasən X5 mülkiyyətinə verilmiş torpaq sahəinin 608 kv.m təşkil etdiyi müəyyən olundu. Ayrıc aktına əsasən torpaq sahəsinin planı və ölçüsü sənədində qeyd olunmuş koordinatlara əsasən üst-üstə düşən sahənin (X5 iddia etdiyi sahə) X8 istifadəsində olduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, ümumiyyətlə İddiaçı Bakı şəhəri, Nərimanov rayonu, M.Nağıyev küçəsində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış torpaq sahəsinə məhkəmə qərarı əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında hazırlanmış plan və ölçüdə nəzərdə tutulmuş koordinatlarla, həmin torpaq sahəsinin X5 mülkiyyətinə verildikdən sonra sonuncunun adına verilmiş çıxarışa əlavə edilmiş plan və ölçüdə torpaq sahəsinin koordinatları üst-üstə düşsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş, reyestr nömrəsi **********77 olan çıxarışın əlavəsi olan torpaq sahəsinin planı və ölçüsü sənədində göstərilən koordinatlara əsasən 608 kv.m təşkil etdiyi, artıq olan 8 kv.m torpaq sahəsinin 7 kv.m-nin X8 faktiki istifadə etdiyi tikilinin bir hissəsi olduğu müəyyən olundu. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki: - İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. - Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir. Həmin qərarda həmçinin qeyd olunur ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir. İş materiallarında olan mütəxəssis rəyi və ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti tərəfindən tərtib edilmiş koordinatlarla çıxarışa əlavə edilmiş planölçüdə qeyd olunan koordinatlar qismən (12 kv.m fərqlə) üst-üstə düşür. İddiaçı adına tərtib edilmiş ayrıc aktında qeyd olunan koordinatlara və məsafə ölçülərinə əsasən ayrılmış sahə 596 kv.m, S.Quattrocchiyə çıxarış və çıxarışın əlavəsində plan və ölçü sənədində torpaq sahəsinin ölçüsü 600 kv.m göstərilmiş, lakin plan və ölçü sənədinidə olan koordinatlara əsasən sonuncunun torpaq sahəsi 608 kv.m təşkil etmişdir. Üst-üstə düşən sahədən 7 kv.m olan hissəsi E.Abbasovun istifadəsindədir. Belə ki, artıq olan 8 kv.m torpaq sahəsinin 7 kv.m hissəsi E.Abbasovun faktiki istifadədində olan tikilinin bir hissəsidir. Ərizəçi E.Abbasovun hüquqi marağı 6 sot torpaq sahəsindən əlavə plan və ölçü sənədində əlavə olaraq qeyd edilmiş 8 kv.m torpaq sahəsinin 7 kv.m hissəsi ilə bağlıdır. Onun istifadəsində olan tikili məhz həmin 7 kv.m hissədə yerləşir. 7 kv.m-də daxil olmaqla 600 kv.m əlavə olaraq S.Quattrocchiyə verilmiş çıxarışın əlavəsi olan plan və ölçü sənədinin koordinarlarında əksini tapmış əlavə 8 kv.m torpaq sahəsi isə məhkəmə qərarı əsasında İddiaçı adına verilmiş çıxarış və onun plan və ölçü sənədində mövcud olmamış, həmin əlavə sahə torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında S.Quattrocchiyə torpaq sahəsinə dair çıxarış plan və ölçü sənədində göstərilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, mübahisələndirilən məhkəmə qərarının qəbulu və onun icrası zamanı E.Abbasovun torpaq sahəsinə müdaxilə müəyyən edilməmiş, sonuncunun torpaq sahəsinin iddiaçıya ayrılmış və məhkəmə qərarı əsasında mülkiyyət hüququ tanınmış torpaq sahəsinə heç bir əlaqəsi mövcud olmamış, 7 kv.m torpaq sahəsinin üst-üstə düşməsi ilə əlaqədar mübahisə S.Quattrocchiyə torpaq sahəsinin satılması və satışdan sonra əldə edilmiş torpaq sahəsinin plan və ölçü sənədində olan koordinatları daxilində yerləşən ərazi ilə bağlı olmuşdur ki, həmin mübahisənin həlli üsulu kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarının mübahisələndirilməsi yolverilməzdir. Beləliklə, iddiaçının mülkiyyət hüququ tanınmış 600 kv.m torpaq sahəsi ilə E.Abbasovun hər hansı bağlılığı mövcud deyil, həmin torpaq sahəsinə mülkiyyət hüquqlarının iddiaçının adına tanınması şəxsin qanunla qorunan maraqlarını pozmamışdir. Ərizəçinin iddiaçıya ayrılmış və məhkəmə qərarı ilə tanınmış 600 kv.m torpaq sahəsi nə mülkiyyət hüququ, nə də digər əmlak xarakterli hər hansı hüququ mövcud olmadığından ona aid olmayan hissədə torpaq sahəsinə dair hüququ pozulmamışdır. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: X3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-1323/2018 nömrəli 10 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2702/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2702/2023
20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver