Məhkəmə qərarları › İş №2-1(103)-2703/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2703/2025

03.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2703/2025 03.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakimlər: Rəşid Əfraim oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, X7 və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinə qarşı (X8 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə) “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3613/2025 saylı, 05 mart 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçılar X10, İddiaçı, Bədirov Abas-Ağa Bahadır oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı X6 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə, İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə və iddiaçı Bədirov Abas-Ağa Bahadır oğluna ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-133/2024 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçı X6 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1083e saylı bağ sahəsinə dair bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə iddiaçı X5 mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, İddiaçı ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə İddiaçı mülkiyyət hüquqlarını təsdiq edən reyestrdən çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuş, iddiaçı Bədirov Abas-Ağa Bahadır oğlunun mərhum atası X1 ayrılmış Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən və sahəsi 0,12 ha olan 1103ç saylı bağ sahəsinə bölgü sxeminə uyğun koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməklə həmin bağ sahəsinin mərhum X1 mülkiyyət hüququ ilə məxsus olması barədə arayışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(103)-2408/2024 nömrəli qərardadı ilə şikayət qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-133/2024 nömrəli qərarı ləğv edilmiş və inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, hər bir iddia tələbinə ayrıayrı icraatda baxılmalı və hər bir tələbə dair ayrıca qərar qəbul edilməli olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən həmin tələblərə bir icraatda baxılaraq vahid qərar qəbul edilmişdir. Qeyd olunanlara əsasən iddia tələblərinə bir icraatda baxıla bilməz. Hər bir iddiaçıya münasibətdə iddia tələbləri ayrı-ayrı icraata ayrılmalı və ayrı-ayrılıqda araşdırılmalıdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-133/2024 nömrəli qərardadı ilə iş iddiaçı X5 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi üzrə icraat 2- 1(112)-133/2024 nömrə ilə; İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbi üzrə icraat yeni nömrə ilə; iddiaçı Bədirov Abas-Ağa Bahadır oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbi üzrə icraat yeni nömrə ilə qeydiyyata alınmaqla ayrılmışdır. Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-14753/2024 nömrəli qərardadı ilə X8 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 və İstismarı Birliyi tərəfindən İddiaçı ilə bağlanmış 33987 nömrəli, 04 yanvar 2005-ci il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,12 ha-dan ibarət 1103c saylı bağ sahəsi 10 il müddətinə həmin şəxsin istifadəsinə verilmişdir. Həmin vaxtdan hal-hazıradək bağ sahəsi iddiaçının sahiblik və istifadəsindədir. İddiaçı eyni məzmunlu ərizə ilə cavabdehə müraciət edib sahiblik və istifadəsində olan 1103c saylı bağ sahəsinə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş bölgü sxeminə uyğun olaraq koordinatların tərtib olunaraq elektron kadastr məlumatlarına daxil edilməsini xahiş etmişdir. Cavabdeh 02 sentyabr 2021-ci il tarixli, **********30 saylı məktubla İddiaçı müraciəti ilə əlaqədar bildirmişdir ki, bağ nömrəsi sxematik xəritədə mövcud deyildir, belə ki, 1083-lə başlayan bağ sahələri bu sahədən təqribən 1250 m aralıda qeydiyyatdan keçmişdir, əlavə olaraq sahə ilə bağlı digər şəxsin ********** nömrəli müraciəti üst-üstə düşür. Halbuki, cavabdeh tərəfindən iddiaçıya verilmiş bolgü sxemindən görünür ki, torpaq sahəsinin bölünməsinə dair tərtib olunmuş bölgü sxemində iddiaçıya məxsus olan bağ sahəsi mövcuddur. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən (hazırda “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi) məhkəməyə yazılı etiraz təqdim edilmiş, etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən göstərilən bağ nömrəsi sxematik xəritədə öz əksini tapmamışdır. 1083-lə başlayan bağ sahələri İddiaçı göstərdiyi sahədən 1250 m aralıda yerləşir. Həmçinin, İddiaçı göstərdiyi sahəyə X4 müraciəti də olmuşdur. Odur ki, iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3613/2025 saylı, 05 mart 2025-ci il tarixli qərarı ilə (hakim H.Ağalarov) iddianın təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, 0.12 ha olan, 1103c nömrəli bağ sahəsinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçünün verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşə apellyasiya instansiya məhkəməsində baxılması zamanı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı göstərdiyi bağ sahəsinin nömrəsi sxematik xəritədə öz əksini tapmayıb. Həmçinin, 1083-lə başlayan bağ sahələri iddiaçının göstərdiyi sahədən 1250 m aralıda yerləşir. Eləcə də, göstərilən sahəyə X4 müraciəti olmuşdur. İddiaçı tərəfindən göstərilən sahə "xxxx" MMC-nin adına icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ərazi daxilində yerləşir. Bakı İnzibati Məhkəməsi tərəfindən etirazda yazılan dəlillərlə bağlı ətraflı araşdırılma aparılmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı və üçüncü şəxslər məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə iclasında iştiraklarını təmin etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən iddiaçı və üçüncü şəxslərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: -Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən tərtib edilmiş 1083e, 1103c və 1103ç saylı bağ sahələrinin bölgü sxeminə əsasən Binəqədi rayonu Novxanı bağ massivində yerləşən 1103c nömrəli bağ sahəsinin İddiaçı adına olması göstərilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş X2 və İstismarı Birliyi tərəfindən əyani şəkildə tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritədə 1103c saylı bağ öz əksini tapmamışdır, iddia olunan sahə dənizdən 120 metr məsafədə yerləşməklə dövlət mülkiyyətində olan torpaqlardır. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivi, 1103c saylı bağ sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksinin tapmadığından həmçinin bağ sahəsi koordinat sistemində olmadığından bağ sahələrinin sxematik xəritəyə əsasən koordinatlarını müəyyən etmək mümkün olmamışdır. Novxanı bağ massivində 1103c bağ nömrəsi ilə qeydiyyata alınmış bağ sahəsi barədə məlumat aşkar edilməmişdir, həmin məktubla məhkəməyə X4 cavabdehə ünvanlanmış ərizəsi və ərizəyə cavabdehin imtina məktubu, eyni zamanda Binəqədi Bələdiyyəsi ilə X8 arasında bağlanmış icarə müqaviləsi əlavə edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubu ilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 1103c saylı bağ sahəsinin texniki vəziyyətini əks etdirən müayinə aktı və koordinatların təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. X3 və İstismar birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 33978 nömrəli müqavilənin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1103c saylı bağ İddiaçı istifadəsinə verilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə analoji sənədlər əsasında mülkiyyət hüququ əldə etmiş şəxslərə məxsus sənədlər təqdim edilmişdir. Hazırkı işin hallarına görə iddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsinə nail olmaqdan ibarətdir. İddiaçının bununla bağlı müraciətinin təmin olunmasından imtina edərkən cavabdeh inzibati orqan keçmiş X2 və İstismarı Birliyi tərəfindən əyani şəkildə tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritədə 1103c saylı bağın öz əksini tapmadığını, iddia olunan sahənin dənizdən 120 metr məsafədə yerləşməklə dövlət mülkiyyətində olan torpaq olması qeyd edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. Qeyd edilən bağ sahəsinin iddiaçının qanuni istifadəsinə verilməsi barədə mötəbər sübutların olmasına və həmin sənədlərin bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınmasına əsas verdiyinə baxmayaraq, cavabdeh nömrənin sxematik xəritədə qeyd edilməməsini və 1083-lə başlayan bağ sahələrinin İddiaçı göstərdiyi sahədən təqribən 1250 m aralıda yerləşməsini bildirərək mülkiyyət hüquqlarının qeydə alınmasından imtina etmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının Nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Göründüyü kimi, iddiaçının qanuni istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdehin vəzifəsidir. Məhkəmə göstərilən sahəyə X4 müraciətinin olması ilə bağlı cavabdehin dəlilinə münasibətdə qeyd etmişdir ki, həmin fiziki şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, lakin onun tərəfindən iddiaya dair etiraz və onun dəlillərini təsdiqləyən sübutlar təqdim edilməmişdir. Məhkəmə tərəfindən fiziki şəxsin müraciəti ilə bağlı inzibati icraat materialları cavabdehdən sorğu ilə tələb edilmiş və sorğuya cavab olaraq X4 cavabdehə ünvanlanmış ərizəsi və ərizəyə cavabdehin imtina məktubu, eyni zamanda Binəqədi Bələdiyyəsi ilə X8 arasında bağlanmış icarə müqaviləsi təqdim edilmişdir. Bunlar da öz növbəsində üçüncü şəxsin mübahisə predmeti torpaq sahəsinə dair hüququnun olduğunu sübut etmir. Bundan əlavə, məhkəmə xüsusilə qeyd etmişdir ki, məhkəmə sorğusu əsasında əldə edilmiş hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, iddia olunan torpaq sahəsinin qonşuluğunda iddiaçının sənədləri ilə eyni məzmunlu sənədlər əsasında digər torpaq sahələrinə mülkiyyət hüququ cavabdeh inzibati orqan tərəfindən qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İşin hallarından görünür ki, X3 və İstismar birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 33978 nömrəli müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1103c saylı bağ İddiaçı istifadəsinə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 4.1. Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan X2 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 33978 nömrəli müqavilə Bakı şəhəri, Binəqədi rayonu, Novxanı ərazisində yerləşən 0,12 ha torpaq sahəsi olan 1103c saylı bağın İddiaçı qanuni istifadəsində olmasını təsdiqləyən inzibati aktdır. Həmin müqavilə ləğv edilmədiyindən və etibarsız sayılmadığından, habelə onda göstərilən məlumatların həqiqətəuyğun olmadığını təsdiqləyən sübutlar cavabdeh inzibati orqan tərəfindən təqdim edilmədiyindən, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19 və 64-cü maddələrinə görə mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasının əsaslarından biri odur ki, bağların bölgüsünə dair sxematik xəritədə 1103c saylı bağ öz əksini tapmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli, F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin” Nizamnaməsinin 3.0.20-ci maddəsində təsbit edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-in vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 oktyabr tarixli, 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının Nümunələri”nin 1.2-ci bəndinə əsasən, mərzçəkmə işləri Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Geodeziya və kartoqrafiya haqqında” Azərbaycan Respublikasının qanunlarına, “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə”yə, “Azərbaycan Respublikasının ərazi vahidlərinin, inzibati ərazi dairələrinin və sahə inzibati ərazi dairələrinin xəritələrinin hazırlanması Qaydası”na, “Bələdiyyələrin Dövlət reyestrinə daxil edilən bələdiyyələrin xəritələrinin hazırlanması Qaydası”na, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli, 94 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”yə, bu Qaydalara və digər normativ hüquqi aktlara müvafiq olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Həmin Qaydaların 2.1-ci bəndinə müvafiq olaraq, mərzçəkmə işləri — kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. Göründüyü kimi, iddiaçının istifadəsindəki bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək cavabdeh inzibati orqanın vəzifəsidir. Həmin Qaydaların 2.2-ci bəndinə görə, mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. Göründüyü kimi, bağın yerləşdiyi torpağın mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək və sərhədlərini mərzçəkmə qaydasında müəyyən etmək məhz cavabdehin vəzifəsidir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.23 və 3.0.29-cu bəndlərinə əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək xidmətin vəzifələrinə aiddir. İddia olunan torpaq sahəsinin dənizdən 120 metr məsafədə yerləşməklə dövlət mülkiyyətində olan torpaq olması barədə cavabdeh inzibati orqanın dəlilinə münasibətdə qeyd edilir ki, iş materialarına əlavə edilmiş “İcarəyəverən” İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti ilə “İcarəçi” adlandılacaq "xxxx" MMC arasında imzalanmış 10855 nömrəli, 17 yanvar 2025-ci il tarixli “Hüquqi və fiziki şəxslərə torpaq sahəsinin icarəyə verilməsi” haqqında müqaviləyə əsasən İcarəyəverənin icarəyə verdiyi Bakı şəhəri, Sabunçu və Binəqədi rayonlarının inzibati ərazisi ünvanında yerləşən ******* kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilir. Torpaq sahəsi sahibkarlıq fəaliyyəti üçün verilir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı "xxxx" MMC üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, nümayəndəsinin məhkəmə iclasında iştirakının təmin edilməsi məqsədilə məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilməsinə baxmayaraq, "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəməyə şikayətdə istinad olunan "xxxx" MMCnin icarə hüququna dair Çıxarış təqdim edilmişdir. Qeyd olunan çıxarışa məhkəmə kollegiyası tərəfindən baxış keçirilmiş və müəyyən edilmişdir ki, tələb Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən, sahəsi 0,12 ha olan 1103c saylı bağ sahəsinə mülkiyyət hüququnun İddiaçı adına qeydiyata alınması ilə əlaqədar olsa da, "xxxx" MMCnin icarəsinə verilmiş sahə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir, çıxarış da Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşən 171 85 ha torpaq sahəsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən göstərilən sahənin "xxxx" MMCnin adına icarə hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ərazi daxilində yerləşməsi cavabdeh inzibati orqanın özünün məhkəməyə təqdim etdiyi çıxarışla təkzib olunur. Belə ki, yuxarıda qeyd olunduğu kimi, "xxxx" MMC-nin icarəsinə verilmiş sahə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yerləşir və Bakı şəhərinin Binəqədi rayonunda yerləşən sahəni əhatə etməsi – şəhərin fərqli ərazilərində yerləşən torpaq sahələrinin eyni koordinatlara malik olması ağlabatan deyil. Göründüyü kimi, cavabdeh inzibati mübahisənin predmeti olan torpaq sahəsinin dövlətin mülkiyyətində olması ilə bağlı məhkəməyə hər hansı mötəbər sənəd təqdim etməmişdir. İşə apellyasiya instansiyası məhkəməsində baxılması zamanı iddiaçının faktiki istifadəsində olan bağ sahəsinin X2 və İstismarı Birliyi tərəfindən İddiaçı ilə bağlanmış 33978 nömrəli, 04 yanvar 2005-ci il tarixli müqaviləyə əsasən onun istifadəsinə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağ massivində yerləşən 0,12 ha-dan ibarət 1103c saylı bağ sahəsinin ərazi hüdudları daxilində olub-olmamasının müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 dekabr 2025-ci il tarixli məktubu ilə ekspertizanın aparılmasından imtina edilərək qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Novxanı bağlar massivində yerləşən bağların sxematik xəritələri, habelə mübahisəli əraziyə dair elektron xəritə məlumatlarının təqdim edilməsi ilə bağlı vəsatət təmin edilməmişdir. Göstərilən sahəyə X4 iddiasının olması ilə bağlı cavabdeh inzibati orqanın dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, X8 tərəfindən torpaq sahəsinin mülkiyyət hüququnu təsdiq edəcək hər hansı sübutlar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Azərbaycan Respublikası İPM-nin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlillərə gəldikdə isə məhkəmə kollegiyası bu barədə bildirir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubu və iddiaya dair yazılı etirazla eyni məzmunlu olub, bu qərarın əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı əsassızdır və qəbul edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3613/2025 saylı, 05 mart 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Pərviz Hüseynov Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar