Məhkəmə qərarları › İş №2-1(103)-2705/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2705/2022

07.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2705/2022 07.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın, hərracın yekun nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamın ünvan 1 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinə aid hissədə, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi və həmin sənədlər əsasında verilmiş çıxarışın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi inzibati iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı Qulamov Baba Bədəl oğlu xx.xx.2022-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin “ünvan 1 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinə aid hissəsədə” 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamının, Azərbaycan Respublikası ƏMDK yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləsinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-1927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti iddia tələbinin dəlillərinə uyğun əsaslandırılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iş üzrə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümyəndəsi X8 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan 3-cü şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş iddianın mümkünlüyü məsələsinə yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. İşin materiallarından görünür ki: - Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və Qulamov Bədəl Nəsir oğlu arasında bağlanmış 01 iyun 1992-ci il tarixli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Mərdəkan qəsəbəsi, Yesenin küçəsində yerləşən qeyri-yaşayış sahəsi 01 iyun 1992-ci il tarixdən 31 dekabr 1992-ci il tarixədək Qulamov Bədəl Nəsir oğluna icarəyə verilmişdir. - Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin 18 yanvar 1995-ci il tarixli 2 nömrəli əmri ilə bir qrup işçilərin xahişi nəzərə alınaraq, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin nəzdində təsərrüfat hesablı “Ruzigar” icarə müəssisəsi təsis olunmuş, həmin müəssisə Əzizbəyov Rayon İcra Hakimiyyəti Başçısının 23 avqust 1994-cü il tarixli, 721 nömrəli sərəncamı ilə qeydiyyata alınmış və 8 nömrəli pavilyon onlara icarəyə verilmişdir. İdarənin Mərdəkan qəsəbəsindəki “Aydınlıq” şadlıq evi, 8 nömrəli pavilyon və 5, 8, 9, 17, 23 nömrəli obyektlər əsas vəsaitləri ilə bərabər “Ruzigar” icarə müəssisəsinin balansına verilmiş və göstərilən obyektlərin işçiləri ora köçürülmüşlər. - Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 07 aprel 1997-ci il tarixli şəhadətnamələrə əsasən Bakı şəhəri Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin “Aydınlıq” şadlıq evinin avadanlıqları: dəmir qapı, kondisionerlər, televizor Qulamov Bədəl Nəsir oğluna satılmışdır. - 20.10.2005, xx.xx.2005, xx.xx.2005, xx.xx.2005, xx.xx.2005, xx.xx.2006, xx.xx.2006, xx.xx.2015-ci il tarixli mədaxil orderlərinin surətlərindən görünür ki, abonent “Aydınlıq” şadlıq evinin sərf etdiyi elektrik enerjisinin ödənilməsi Qulamov Bədəl tərəfindən həyata keçirilmişdir. - 31 iyul 2001-ci il, 25 avqust 2001-ci il, 22 sentyabr 2001-ci il, 28 oktyabr 2001-ci il, 29 oktyabr 2001-ci il, 03 noyabr 2001-ci il, 24 yanvar 2002-ci il, 21 fevral 2002-ci il, 30 mart 2002-ci il, 27 may 2002-ci il, 28 iyun 2002-ci il, 16 iyul 2002-ci il, 16 avqust 2002-ci il, 23 avqust 2002-ci il, 30 avqust 2002-ci il, 16 sentyabr 2002-ci il, 18 sentyabr 2002-ci il, 16 oktyabr 2002-ci il, 28 oktyabr 2002-ci il və 29 oktyabr 2002-ci il tarixli əhalidən vergilərin qəbulu üçün qəbzlərin surətlərindən görünür ki, Qulamov Bədəl vergi ödəyicisi olan “Aydınlıq” şadlıq evi üçün vergi ödənişləri həyata keçirmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 30 sentyabr 2016cı il tarixli 125 nömrəli sərəncamı ilə təsdiq olunmuş Kiçik dövlət müəssisəsinin (obyektinin) özəlləşdirmə planına əsasən ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “Aydınlıq” şadlıq evinin start (satış) qiyməti 179000 manat, güzəştli satışa yönəldiləcək hissəsi 15%, hərraca çıxarılacaq hissəsi 85% olmaqla hərraca çıxarılması qərara alınmışdır. Satılan obyektin əmək kollektivinin və onlara bərabər tutulan şəxslərin 1 nəfərdən ibarət olması, əmək kollektivi tərəfindən vəkil edilmiş şəxsin Qulamov Bədəl Nəsir oğlu olması qeyd olunmuşdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi 04 oktyabr 2016-cı il tarixli bildirişlə Qulamov Bədəl Nəsir oğluna ünvan 1 ünvanında yerləşən “Aydınlıq” şadlıq evi müəssisəsinin özəlləşdirilməsi ilə əlaqədar 01 oktyabr - 25 oktyabr 2016-cı il tarixlərində müəssisənin güzəştli satışının keçirilməsi, müəssisənin start satış qiymətinin 179000 manat olması, güzəştli satışa yönələcək hissəsinin 26850 manat olması, güzəştli satışda iştirak etdiyi halda 26850 manatın 30% hissəsini 8055 manatı ödədikdə 70 % hissəsi 18795 manatın güzəşt edilərək bağışlanacağı, bu məbləğin müəssisənin start (satış) qiymətinin 179000 manat dəyərindən çıxılacağı barədə məlumatlandırılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Qulamov Bədəl Nəsir oğluna ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubda bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinin səmərəli istifadə olunması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq hərrac vasitəsilə özəlləşdirilməsi barədə xx.xx.2016-cı il tarixində qərar qəbul edilmiş və komitənin mətbu orqanı olan “Mülkiyyət” qəzetində, www.emdk.gov.az rəsmi internet saytında və www.privatization.az özəlləşdirmə portalında elan verilmişdir. Nəzərinizə çatdırılır ki, sözügedən obyektin satışı üzrə 17 dəfə keçirilən hərraclarda siz iştirak etməmişsiniz. Eyni zamanda bildirilir ki, əmlak 89500 (səksən doqquz min beş yüz) manat dəyəri ilə xx.xx.2019-cu il tarixdə keçiriləcək 18-ci dəfə hərraca təkrar çıxarılacaqdır və hərraca üç bank günü qalanadək əmlakın 10% beh məbləğinin depozit hesabına ödəməklə «Dövlət əmlakının özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununa əsasən dövlət əmlakının hərraclar vasitəsi ilə satışı zamanı özəlləşdirmədə alıcı kimi tanınan fiziki və hüquqi şəxslərlə bərabər iştirak edə bilərsiniz. Məlumat üçün bildirilir ki, əmlak satılmadığı təqdirdə təkrar hərraca veriləcəkdir və bu barədə ətraflı məlumatı yuxarıda qeyd olunan komitənin mətbu orqanı və internet resurslarında əldə edə bilərsiniz. Əmlak Məsələləri Dövlət Komitəsinin (VÖEN: **********) Azərbaycan Respublikası Mərkəzi Bankdakı AZ65 NABZ 0136 1150 0000 0000 4944 nömrəli depozit manat hesabı (KOD: 501004, müxbir hesabı AZ74 NABZ 0145 1700 0000 0000 1944, VÖEN: **********, S.W.İ F.T bi:k: NABZAZ2C). - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokoluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqısatqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “Aydınlıq” şadlıq evi 30 sentyabr 2016-cı il tarixli, 125 nömrəli sərəncama əsasən ilkin satış qiyməti 89500 manat olmaqla hərraca çıxarılmış və həmin qiymətə X4 tərəfindən alınmışdır. - ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (“Aydınlıq” şadlıq evi) üzərində X2 mülkiyyət hüququ 29 may 2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsi öz qərardadını belə əsaslandırmışdır ki, Qulamov Bədəl Nəsir oğlunun ünvan 2 ünvanında yerləşən “Aydınlıq” şadlıq evi ilə bağlı icarə hüququ mövcud olmamışdır. Daşınmaz əmlaka dair qüvvədə olan icarə müqaviləsi mövcud olmadığından həmin müqavilədən irəli gələn icarə (istifadə) hüququ da yoxdur və mövcud olmayan əşya hüququnun isə hüquq varisliyindən söhbət gedə bilməz. Başqa sözlə, hazırkı İddiaçı mərhum atası Qulamov Bədəl Nəsir oğlundan həmin obyektə dair icarə hüququ keçmədiyindən onun icarə münasibətinə istinad etməklə hazırkı iddianı qaldırmağa subyektiv hüququ müəyyən olunmur. Odur ki, birinci instansiya məhkəməsi hazırkı iddia tələbi üzrə iddiaçının iddia tələbini qaldırmaqda subyektiv hüququnu müəyyən etmədiyindən iddianın mümkün sayılmaması nəticəsinə gəlmişdir. İş materiallarından müəyyən olunur ki, eyni iddia tələbi ilə iddiaçı Qulamov Bədəl Nəsir oğlu cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X3 qarşı, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi mübahisə predmeti barədə müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinin hərracın nəticələri haqqında xx.xx.2019-cu il tarixli yekun protokolunun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, X1 Bədəl Nəsir oğluna qarşı “qeyri-yaşayış sahəsindən çıxarılma” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən “Aydınlıq” şadlıq evindən cavabdehin çıxarılması və həmin qeyriyaşayış sahəsinin boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(005)2728/2019 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi rədd, qarşılıqlı iddia tələbi isə təmin edilmiş, Qulamov Bədəl Nəsir oğlunun ünvan 1 ünvanında yerləşən “Aydınlıq” şadlıq evindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılaraq X3 təhvil verilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)- 3043/2020 nömrəli qətnaməsi ilə iddiaçı Qulamov Bədəl Nəsir oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 dekabr 2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlk iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) Qulamov Bədəl Nəsir oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iş üzrə yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli, 2(102)-433/2021 nömrəli qərarı ilə iddiaçı Qulamov Bədəl Nəsir oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyun 2020-ci il tarixli, 2(103)-3043/2020 nömrəli qətnaməsi ləğv edilmiş və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İşə mülki məhkəmə icraatı qaydasında təkrar apelyasiya baxışı zamanı baxılarkən iddiaçı Qulamov Bədəl Nəsir oğlu xx.xx.2021-ci ildə vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2021-ci il tarixdə 704 nömrəsi ilə qeyd edilmişdir. Bakı Apellyasiya Məhkəməsində apellyasiya baxışı zamanı məhkəmə İddiaçı mərhum iddiaçı Qulamov Bədəl Nəsir oğlunun prosessual hüquqi varisi qismində cəlb etsə də yekunda 12 iyul 2021-ci il tarixli, 2(103)-4555/2021 nömrəli qərardadı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)2728/2019 nömrəli qətnaməsini ilkin iddianın təmin edilməyən hissəsində ləğv etmiş, dövlət mülkiyyətində olan əmlakın hərraca çıxarılmasının, hərracda satışının, habelə onun hüquqi nəticələrinin mübahisələndirilməsinə dair iddiaların inzibati mübahisə olduğu əsas götürərək mülki işin icraatına xitam vermişdir. . Eyni tarixli qərardadla apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-2728/2019 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilən hissəsində ləğv edilmiş, iddiaçı X2 cavabdeh Qulamov Bədəl Nəsir oğluna qarşı qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İşin mübahisəsiz halı ondan ibarətdir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və Qulamov Bədəl Nəsir oğlu arasında bağlanmı 01 iyun 1992- ci il tarixli icarə müqaviləsinin müddəti 31 dekabr 1992-ci il tarixdə başa çatsa da, sonrakı dövrlərdə, yəni mərhum atam Bədəl Qulamovun vəfat etdiyi 24 may 2021-ci il tarixədək mübahisələndirilən qeyri-yaşayış sahəsi Bədəl Qulamovun faktiki sahibliyində və istifadəsində olmuş, o cümlədən 1997-ci ildə şadlıq evinin avadanlıqları Bədəl Qulamovun mülkiyyətinə verilmişdir. Digər tərəfdən mərhum atam Bədəl Qulamovun qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ yalnız icarəçi olmaqla deyil, müəssisənin əmək kollektivinin üzvü kimi yaranmışdır. Belə ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinintəqdim etdiyi sənədlərdən də müəyyən olunur ki, “Aydınlıq” şadlıq evi kimi müəssisənin 1 nəfər işçisi kimi Qulamov Bədəl Nəsir oğlu qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış sözügedən xx.xx.1992-ci il tarixli icarə müqaviləsinin 4.2-ci maddəsində qeyd edilmişdir ki, müqavilənin qurtarmasına 1 ay qalanadək müqavilə tərəflərindən birinin ərizəsi olmadıqda müqavilənin müddəti müqavilə ilə nəzərdə tutulmuş eyni müddəti uzadılmış hesab edilir. Müqaviləyə tərəflərin razılığı ilə əlavə və dəyişikliklər edilə bilər. İcarə haqqında Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 5-ci bəndində göstərilir ki, Müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və ya onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. Həmin maddənin 6-cı bəndinə əsasən isə İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər. İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. Müqavilənin bağlanmasının icarəçinin şəxsi keyfiyyətləri ilə şərtləndirildiyi hallar istisna edilməklə, icarəçinin ixtiyarı yoxdur ki, həmin şəxsin qüvvədə olan müqavilə üzrə qalan müddət üçün müqaviləyə daxil olmasına razılıq verməsin. Bundan başqa birinci instansiya məhkəməsi qeyd etmişdir ki, ünvan 2 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinə dair keçmiş Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və Qulamov Bədəl Nəsir oğlu arasında bağlanılmış 1 iyun 1992-ci il tarixli icarə müqaviləsinin müddətinin uzadılıb-uzadılmaması barədə hər hansı məlumat yoxdur, həmçinin keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi ilə Qulamov Bədəl Nəsir oğlu arasında ünvan 2 ünvanında yerləşən “Aydınlıq” şadlıq evinə dair icarə müqaviləsi bağlanılmamış və onun tərəfindən icarə haqqı ödənilməmişdir. Məhkəmə kollegiyası bildirir ki, iş materiallarına əlavə edilmiş tərəflər arasında bağlanmış xx.xx.1992-ci il tarixli müqavilədən aşkar surətdə görünür ki, sözügedən müqavilə keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi ilə deyil Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi balans saxlayıcı kimi bir tərəfdən, digər tərəf isə mərhum Qulamov Bədəl Nəsir oğlu arasında bağlanmış icarə müqaviləsinə əsasən , “Aydınlıq” şadlıq evi Qulamov Bədəl Nəsir oğluna icarəyə verilmiş, əmlak özəlləşməyə çıxardılana qədər yəni 2016-cı ilə qədər mərhum Bədəl Qulamovun icarəsində olmuşdur. Appelyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, mərhum atası Bədəl Qulamov 1992-ci ildən Aydınlıq Şadlıq sarayının işçisi və icarədarı kimi, həmin obyektə külli miqdarda şəxsi vəsait qoymuşdur. Lakin Əmlak Məsələləri Dövlət Komitəsi xx.xx.2019-cu ildə keçirilən hərrac barəsində ona heç bir rəsmi məlumat verməmiş və onun məlumatı və xəbəri olmadan faktiki icarədarı və 24 avqust 1999-cu il tarixli əmək müqaviləsinə əsasən müdürü olduğu Aydınlıq Şadlıq sarayı hərraca çıxarılaraq qanunsuz olaraq satılmışdır. Qeyd edilməlidir ki, Əzizbəyov rayon Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsi və Qulamov Bədəl Nəsir oğlu arasında bağlanmış 01 iyun 1992- ci il tarixli icarə müqaviləsinin müddəti 31 dekabr 1992-ci il tarixdə başa çatsa da, sonrakı dövrlərdə, yəni Bədəl Qulamovun vəfat etdiyi 24 may 2021-ci il tarixədək mübahisələndirilən qeyri-yaşayış sahəsi Bədəl Qulamovun faktiki sahibliyində və istifadəsində olmuş, o cümlədən 1997-ci ildə şadlıq evinin avadanlıqları Bədəl Qulamovun mülkiyyətinə verilmişdir. Digər tərəfdən kollegiya vurğulayır ki, mərhum iddiaçının atası Bədəl Qulamovun qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ yalnız icarəçi olmaqla deyil, müəssisənin əmək kollektivinin üzvü kimi yaranmışdır. Belə ki, cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin təqdim etdiyi sənədlərdən də müəyyən olunur ki, “Aydınlıq” şadlıq evi kimi müəssisənin 1 nəfər işçisi kimi Qulamov Bədəl Nəsir oğlu qeydə alınmışdır. Eyni zamanda apellyasiya icraatı zamanı iddiaçı məhkəməyə Bakı şəhəri 7 saylı Notariat Ofisi tərəfindən verilmiş arayış təqdim etmişdir. Həmin arayış təsdiq edir ki, iddiaçı atasının əmlakının qanuni varislərindən biridir. Lakin 1-ci instansiya məhkəməsinin qərardadında qeyd olunmuşdur ki, İddiaçı mərhum Qulamov bədəl Nəsir oğlunun əmlakına dair vərəsəlik hüququnu müəyyən edən sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramının tələblərinə uyğun olaraq iddiaçının hüquqi varisi olduğu atası Bədəl Qulamovun mübahisələndirilən qeyri-yaşayış sahəsinin özəlləşdirilməsində güzəştli şərtlərlə iştirak etmək hüququ pozulmuşdur. Belə ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı çıxış edir. Həmin Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2000-ci il tarixli 382 nömrəli Fərmanına əsasən Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Əmlak Məsələləri Dövlət Komitəsi (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Yerli İcra Hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinə ayrıca tikilmiş qeyri yaşayış binaları, yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri, mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri aiddir. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4-cü bəndinə görə, icarə müəssisəsinin struktur bölməsinin ayrıca özəlləşdirilməsi haqqında qərar həmin bölmənin ayrıca fəaliyyət göstərməsi, onun texnoloji cəhətdən müəssisə ilə bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və s. bu kimi amilləri nəzərə almaqla Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qəbul edilir. Bu qərar qəbul edildikdə icarəyə götürülmüş əmlak 100% dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçilər icarəyə götürdükləri əmlakı almaqdan imtina etdikdə həmin əmlak İİ Dövlət Proqramında nəzərdə tutulmuş qaydada özəlləşdirilir. Həmin İİ Dövlət Proqramının 4.6.5-ci bəndinə əsasən isə icarə müqavilələri üzrə icarəyə verilmiş digər dövlət əmlakı (tikili, qurğu, avadanlıq və s.) onun icarəyə verən müəssisə və ya təşkilatla bağlılığı, ərazi baxımından ayrılmasının mümkünlüyü və sair bu kimi amillər nəzərə alınmaqla Azərbaycan Respublikası ƏMDK tərəfindən aşağıdakı qaydada özəlləşdirilir: Birincisi icarəyə verilmiş əmlak 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi icarəyə götürdüyü əmlakı almağa razılıq verdikdə, onunla alqı-satqı müqaviləsi bağlanır və o, 30 gün ərzində əmlakın dəyərini ödəyir; ikincisi icarəçi icarəyə götürdüyü əmlakı almaqdan imtina etdikdə və ya həmin təklifi aldığı andan 30 gün ərzində əmlakın dəyərini ödəmədikdə, həmin əmlak İİ Dövlət Proqramının 4.4-cü bölməsində nəzərdə tutulan qaydada hərraca çıxarılır və ya müəssisə ilə birlikdə özəlləşdirilir. Nəzərə alınmalıdır ki, bu təklif yazılı şəkildə olmalıdır, çünki dövlət orqanı ilə vətəndaşın arasında belə məsələlərin şifahi qaydada (qeyri-rəsmi) həlli yolverilməzdir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında Əsasnamə”nin 18-ci bəndində də yuxarıda göstərilən qayda müəyyən olunmuşdur. “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydalar’nm 4.2.1- ci bəndinə görə də icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. İcarəçi, ona müvafiq təklif edildikdən 1 ay ərzində həmin qeyri-yaşayış sahəsini 100 faiz dəyəri ilə almaqdan imtina etdikdə və ya bu müddət ərzində alqı-satqı müqaviləsi bağlamadıqda, obyekt Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən “Dövlət əmlakının hərraclar vasitəsi ilə satışı Qaydaları”na müvafiq olaraq özəlləşdirilir. Göründüyü kimi cavbdeh Əmlak Məsələləri Dövlət Komitəsi “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin və “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 4.6.4 və 4.6.5 bəndlərinin tələblərini pozaraq özəlləşdirməyə çıxarılmış “Aydınlıq” şadlıq evinin icarədarı və müdüri, habelə əmək kollektivinin bir üzvü kimi Bədəl Qulamava təklif etmədən qanunun tələblərinə cavab verməyin 30 sentyabr 2016-cı il tarixli 125 nömrəli sərəncamı ilə mübahisəli qeyri yaşayış sahəsini hərraca çıxarmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 22.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sonradan özəlləşdirmək şərti ilə icarəyə verilmiş dövlət əmlakının satın alınması Dövlət Proqramında və digər normativ hüquqi aktlarda müəyyən edilmiş qaydaya müvafiq olaraq həyata keçirilir. Həmin qanunun 25.1-ci maddəsinə əsasən dövlət əmlakının özəlləşdirilməsi barədə məlumat rəsmi kütləvi informasiya vasitələrində həmin əmlakın satışının həyata keçirilməsi gününə azı 30 gün qalmış dərc edilməlidir. Qeyd edilən qanunun 31.1.1-ci maddəsinə əsasən isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdlərin etibarsız hesab edilməsi üçün əsasdır. Həmçinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən tərtib olunmuş 09 aprel 2019-cu il tarixli, 13/01 nömrəli hərrac protokoluna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X4 arasında bağlanmış 10 aprel 2019-cu il tarixli, 4333 nömrəli müəssisənin (obyektin) alqı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin “Aydınlıq” şadlıq evi 30 sentyabr 2016-cı il tarixli, 125 nömrəli sərəncama əsasən ilkin satış qiyməti 89500 manat olmaqla hərraca çıxarılmış və həmin qiymətə X4 tərəfindən alınmışdır. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən özəlləşdirilməsi barədə, müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qərar qəbul edilmiş, lakin özəlləşdirilən “Aydınlıq” Şadlıq Sarayı haqqında hər hansı bir məlumatın Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Azərbaycan Respublikası Prezidentə təqdim etməsi ilə bağlı sübut iş materiallarında öz əksini tapmamışdır. Eyni zamanda apellyasiya icrratı gedişində bununla bağlı hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə, yuxarıda göstərilələrə əsasən kollegiya bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının subyektiv hüququnun olub-olmaması məsələsinə yenidən baxılmalıdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1927/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər X4 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi) “sərəncamın, hərracın yekun nəticələri haqqında yekun protokolun, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair iş yenidən baxılmaq üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar