Məhkəmə qərarları › İş №2-1(103)-2705/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2705/2024

08.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2705/2024 08.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Səlimova Səadət Rəşid qızından ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X6 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6217/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “məcburi köçkün statusunun və vəsiqənin verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir İddia ərizəsində qeyd edilmişdir ki, 27 avqust 2005-ci il tarixdə doğulmuşdur. Doğulduğu vaxt forma 4 arayışı əsasında valideynlərinin rəsmi nikahı olmadığı və bundan əlavə atası anasından ayrılıb getdiyi və onun tərəfindən atalıq verilmədiyi üçün doğum haqqında şəhadətnamədə ata qrafasındakı məlumatlar anasının göstərişi ilə şərti olaraq X10 qeyd olunmuşdur. Anası onu təkbaşına böyütmüş, həmişə onun himayəsində olmuşdur və onun üzərimdə yeganə qanuni nümayəndə olmuşdur. Anası X2 rayonunun Gülablı kəndində qeydiyyatda olmaqla həmin rayondan məcburi köçkün düşmüşdür. Atası, yəni babası X1 rayonunun Gülablı kəndinin işğalı zamanı xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. Bu əsasla anası şəhid ailəsi üzvü sayılmışdır. O və anası hər zaman məcburi köçkün ailəsi kimi dövlət tərəfindən hər cür qayğı ilə əhatə olunmuşdur. Bir müddət əvvəl anasına “Qobu Park 3” yaşayış kompleksində məcburi köçkün kimi mənzil ayrılmışdır. O da anası ilə birlikdə onun ailə üzvü kimi həmin mənzildə yaşayır. Halhazırda məcburi köçkün kimi o və anası müavinət alırlar. Bu il Azərbaycan Pedaqoji Universitetinə ödənişli əsasla “Tarix müəllimliyi” ixtisası üzrə qəbul olunmuşdur. Təhsil haqqını ödəməkdə çətinlik çəkdiyi üçün məcburi köçkün kimi təhsil haqqının güzəşt edilməsini xahiş etdikdə, ondan məcburi köçkün statusunu təsdiq edən vəsiqə tələb olunmuşdur. Ümumiyyətlə, bütün sahələrdə ondan məcburi köçkün statusu ilə bağlı vəsiqəsi tələb olunmuş və bu da ona problemlər yaratmışdır. Bununla əlaqədar ona məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi ilə bağlı Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin cavabdeh qurum tərəfindən verilmiş imtina məktubunda göstərilmişdir ki, “Atası barədə müvafiq sənəd təqdim edilmədiyindən, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsinin Komitənin imkanı xaricində olduğu qeyd olunmuşdur. Cavabdeh imtina məktubunda “Azərbaycan Respubliaksında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə istinad etmişdir, halbuki həmin bənddə qeyd olunur ki, valideynlərindən atası məcburi köçkün statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Doğum haqqında şəhadətnaməmə və Yasamal rayon qeydiyyat şöbəsininin xx.xx.2023-cü il tarixli arayışına əsasən doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsindən verilmiş imtina əsassız və qanunsuzdur. Faktiki olaraq məcburi köçkün statusu var və bu hüququnun təsdiqi üçün ona vəsiqə verilməlidir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçının “məcburi köçkün vəsiqəsinin verilməsi” barədə Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinin tələblərinə asasan, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şaxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Atası barədə müvafiq sənəd təqdim edilmədiyindən, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 2013-cü il 5 iyun tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində Köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasen, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1ci bəndinə əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsi tərəfindən araşdırılan zaman müəyyən olunmuşdur ki, iddiaçı atası barədə müvafiq sənədləri təqdim etməmişdir, iddiaçının X3 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq, ünvan 1i ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İddiaçının atası haqqında məlumat təqdim olunmadığından, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.1.6-cı bəndinə əsasən ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Göründüyü kimi, o uşaqlara məcburi köçkün statusu verilir ki: Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olsun; Hər iki valideynin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olsun; Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6217/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və İddiaçı xx.xx.2005-ci il təvəllüdlü İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6217/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AZ-İ seriyalı 715434 saylı xx.xx.2005-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdə Rusiya Federasiyasının Çelyabinsk şəhərində doğulmuşdur (anası – X11; atası – X10). - Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən təqdim edilmiş 3-16-5/8- 2427- 15/23 saylı xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı xx.xx.2005-ci il tarixdə Çelyabinsk şəhərində doğulmuşdur. Bu barədə xx.xx.2005-ci il tarixdə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsində 3006 №-li doğum haqqında akt qeydi tərtib olunmuşdur (anası – X11; atası – X10). - AA seriyalı 471026 saylı xx.xx.2022-ci il tarixli məcburi köçkün vəsiqəsindən görünür ki, X11 1993-cü il tarixdən Ağdam rayonundan məcburi köçkündür (hazırda müvəqqəti məskunlaşıdğı ərazi: Qaradağ rayonu, Qobu Park y/k bina 30 mənzil 17). - Ağdam Rayon İcra Hakimiyyətinin Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən təqdim edilmiş 107 saylı xx.xx.2022-ci il tarixli arayışa əsasən Verilir ondan ötəri ki, həqiqətən Ağdam rayonu Gülablı kənd sakini X1 rayonunun Gülablı kəndinin işğalı zamanı xx.xx.1992-ci il tarixdə şəhid olmuşdur. - İİ-ЖГ seriyalı 482591 saylı xx.xx.1974-cü il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, X11 xx.xx.1966-cı il tarixdə Ağdam rayonunda doğulmuşdur (anası – X5; atası – X8). - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi tərəfindən İddiaçı ünvanlanmış 3-36-3/2-Ə-420- 48/2024/550 saylı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Atası barədə müvafiq sənəd təqdim etmədiyindən, məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkanı xaricindədir. - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Qaradağ rayon 2 saylı Lökbatan Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən təqdim edilmiş 191 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Ağdam rayon sakini İddiaçı həqiqətən Qaradağ rayonu Lökbatan qəsəbəsi ünvanında yerləşən (Qobu Park 3 yaşayış kompleksi, bina 30, mənzil 17) məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmışdır. - Ağdam Rayon İcra Hakimiyyəti başçısının Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 25 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Ağdam rayon Gülablı ərazi nümayəndəliyinin Gülablı kənd sakini X11 həqiqətən dövlət tərəfindən məcburi köçkünlərə verilən vahid aylıq müavinəti hər ay 60 manat məbləğində alır. - Ağdam Rayon İcra Hakimiyyəti başçısının Gülablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş 26 saylı xx.xx.2024-cü il tarixli arayışa əsasən Ağdam rayon Gülablı ərazi nümayəndəliyinin Gülablı kənd sakini İddiaçı həqiqətən dövlət tərəfindən məcburi köçkünlərə verilən vahid aylıq müavinəti hər ay 60 manat məbləğində alır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunundan: Maddə 1. Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların İV hissəsi “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi qaydalarını tənzimləyir. Həmin hissəyə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1. Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2. Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3. Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4. Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5. Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6. Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7. Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8. “Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. Hazırkı işin hallarından görünür ki, iddiaçı xx.xx.2005-ci il il təvəllüdlüdür. O, məcburi köçkün kimi vahid aylıq müavinət alır. İmtina Qaydaların 4.1.6-cı bəndinə əsaslanaraq iddiaçının valideynlərindən birinin qeydiyyatının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmaması ilə əlaqədardır. Məhkəmə kollegiyası qeyd edilən halı araşdıraraq müəyyən etmişdir ki, iddiaçının valideynlərindən biri - anası X2 rayonunun Əfətli kəndində doğulmaqla Ağdam rayonunun Gülablı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır, məcburi köçkündür. X4 barədə məlumat təqdim edilməmişdir. Doğum haqqında şəhadətnaməmə və Yasamal rayon qeydiyyat şöbəsininin xx.xx.2023-cü il tarixli arayışına əsasən doğum haqqında akt qeydində uşağın atası haqqında məlumatlar ananın göstərişinə əsasən yazılmışdır. İddiaçı məcburi köçkün kimi vahid aylıq müavinət alır. İddiaçının məcburi köçkün kimi vahid aylıq müavinət alması o nəticəyə gəlmək üçün əsas yaradır ki, müvafiq aylıq müavinəti alan şəxs məcburi köçkün kimi artıq müvafiq qeydiyyata alınmışdır və onun məhz məcburi köçkün statusunun mövcudluğu dövlətin təyin etdiyi yardımların alınması hüququna təminat vermişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hər iki valideynin qeydiyyat ünvanının daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olmasına dair sözügedən Qaydalarda təsbit edilmiş tələb “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmamışdır. Həmin məhdudiyyətin Qaydalarla müəyyən olunması hüquq və azadlıqlara müdaxilənin yalnız formal qanunla müəyyən olunması ilə bağlı konstitusion tələbə uyğun sayıla bilməz. Azərbaycan Respublikası Konstitusiyasının və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələblərinə görə, qanundan aşağı səviyyəli normativ hüquqi aktlar qanuna uyğun olmalı, həmin aktlarda qanunun normalarına zidd olan hüquq normaları nəzərdə tutulmamalıdır. Nəzərə almaq lazımdır ki, icra hakimiyyəti orqanları tərəfindən qəbul edilən normativ aktlarda qanunla nəzərdə tutulduğundan daha artıq məhdudiyyət müəyyən edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6217/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6217/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar