Məhkəmə qərarları › İş №2-1(103)-2706/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2706/2022

06.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2706/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3695/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3695/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X2 və X3 apellyasiya şikayətini müdafiə etdilər, İddiaçı isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. Əmək kitabçasında qeyd olunmuş məlumatlara əsasən İddiaçı xx.xx.1978-ci ildə Salyan rayon Əhaliyə Məişət Xidməti Kombinatın Mebel Təmiri sexində usra köməkçisi vəzifəsinə təyin edilmişdir; xx.xx.1979-cu ildə işdən azad edilmişdir; xx.xx.1979-cu ildə Azərbaycan SSR Kənd Təsərrüfatı Tikintisi Nazirliyinin 2 nömrəli “Azkəndtikinti” trestinin 23 nömrəli TTİ-də 1-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir; xx.xx.1980-ci ildə təhsilin başlaması ilə əlaqədar işdən azad edilmişdir; xx.xx.1980-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnistutuna Sanitar-texniki fakultəsinə qəbul olunmuşdur; xx.xx.1985-ci ildə nəzəri kursu tam başa çatdırması ilə əlaqədar inistutudan xaric edilmişdir; xx.xx.1985-ci ildə “Azsantexnikiquraşdırma” tresti Bakı Quraşdırma idarəsinə 4cü dərəcəli çilingər-ventiliyasiyaçı qəbul edilmişdir; xx.xx.1985-ci ildə işdən azad edilmişdir; xx.xx.1985-ci ildən xx.xx.1987-ci ilə qədər Sovet Ordusunda xidmət etmişdir. xx.xx.1987-ci ildə “Azsantexnikiquraşdırma” trestinin “Sənayeventilyasiya” Bakı quraşdırma idarəsinə 5-ci dərəcəli ölçü ustası vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1987-ci ildə “Azsantexnikiquraşdırma” trestinin 2-ci BQİ-nə ixtisası üzrə işinin davam etdirilməsi üçün keçirmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1987-ci ildə “Azsantexnikiquraşdırma” trest 2-ci Bakı Quraşdırma İdarəsində köçürmə yolu ilə 2-ci BQİ-nə çilingər ölçü ustası vəzifəsinə qəbul edilmişdir; xx.xx.1989-cu ildə 1-ci BQİ-nə usta vəzifəsinə keçirilmişdir; xx.xx.1990-ci ildə TTİ trestinə keçirilmə ilə əlaqədar işdən azad edilmişdir; xx.xx.1990-cı ildə “Azsantexnikiquraşdırma” trestinin İQİ LKTB-nə 4-cü dərəcəli çilingər-ölçü ustası vəzifəsinə qəbul olunmuşdur; xx.xx.1991-ci ildə “Xəzərdəniznefsosialtikinti” trestinin THTİnə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1991-ci ildə “KMNSS” trestinin THTİ əsaslı təmir üzrə usta vəzifəsinə qəbul edilmişdir; xx.xx.1992-ci ildə xx.xx.1992-ci il tarixli 11-a saylı əmr-qətnaməyə əsasən THTİ yenidən qurularaq “Xəzərdəniznefsosialtikinti” trestinin 3 nömrəli TQİ adlandırılmışdır, bununla əlaqədar əsaslı təmir üzrə usta vəzifəsinə keçirilmişdir; xx.xx.1992-ci ildə “KMNSS” trestinin 724 saylı xx.xx.1992-ci il tarixli əmri ilə əlaqədar “KMNSS” trestinə keçirilmişdir; xx.xx.1992-ci ildə “Xəzərdəniznefsosialtikinti” trestinin mənzil-kommunal kooperativi “KMNSS” trestinin 3 nömrəli TQİ-dən köçürmə yolu ilə əsaslı təmir üzrə usta vəzifəsinə qəbul edilmişdir; xx.xx.1997-ci ildə “KMNSS” trestinin 4 nömrəli TQİ-nə keçirilmə yolu ilə işdən azad edilmişdir; xx.xx.1997-ci ildə “Azərdənizneftinşaaat” Tresti 4 nömrəli TQİ “Aker Rauma offşor” fin firması ilə bağlanmış müqaviləyə əsasən köçürmə yolu ilə işə qəbul edilmişdir; xx.xx.1997-ci ildə “X7” fin firması ilə bağlanmış müqavilənin başa çatması ilə ələqədar olaraq köçürmə yolu ilə öz əvvəlki işinə qaytarılmışdır; xx.xx.1997-ci ildə mühəndis vəzifəsinə keçirilmişdir; xx.xx.1997-ci ildə işdən azad edilmişdir; xx.xx.1997-cı ildə “XDNQİ” Tresti 4 nömrəli TQİ-yə köçürmə yolu ilə işə qəbul olunmuşdur; xx.xx.2000-ci ildə işdən azad edilmişdir; xx.xx.2000-ci ildə “Azərdənizneftinşaaat” Trestinin Mənzil Kommunal Kontoru “X8” fin firmasına usta vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2001-ci ildə işdən azad olunmuşdur; xx.xx.2001-ci ildə Finlandiyanın “X8” şirkətinin Bakı nümyayəndəliyinə qaz kəsici vəzifəsinə qəbul edilmişdir; xx.xx.2001-ci ildə “X8” sözləri CSO X8 MMM ilə əvəz edilmişdir; xx.xx.2002-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2002-ci ildə ARDNŞ/CAMOL Alyans Sazişinin 9.1 bəndinə və 24.07.02-ci il tarixli Alyans Protokoluna uyğun olaraq bağlanmış müvəqqəti əmək müqaviləsi ilə əlaqədar kəsici peşəsinə işə götürülmüşdür; xx.xx.2004-cü ildə quraşdırıcı peşəsi üzrə işə keçirilmişdir); xx.xx.2006-cı ildə işdən azad edilmişdir; xx.xx.2007-ci il tarixdə “Neftqaztikinti” tresti 6 saylı Tikinti Quraşdırma İdarəsi Bağlanmış əmək müqaviləsinə əsasən müddətli olaraq 6-cı dərəcəli santexnik peşəsinə qəbul olunmuşdur; xx.xx.2011-ci ildə 3 saylı sahəyə ƏÖD-12 olmaqla iş icraçısı vəzifəsinə keçirilmişdir; xx.xx.2014-cü ildə əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2014-cü ildə Neftqaztikinti Tresti 5 saylı Tikinti Quraşdırma idarəsi onunla bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq 2 saylı sahəyə iş icraçısı vəzifəsinə qəbul olunmuşdur; xx.xx.2015-ci ildə əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2015-ci ildə ARDNŞ Neftaztikinti tresti 5 saylı Tikinti Quraşdırma bölməsinə əmək müqaviləsində nəzərdə tutulmuş şərtlərə uyğun olaraq 2 saylı sahəyə iş icraçısı vəzifəsinə qəbul edilmişdir; xx.xx.2019-cu ildə Trestin 5 saylı Tikinti Quraşdırma bölümünün 3 saylı tikinti quraşdırma sahəsinə ƏÖD 12 olmaqla iş icraçısı vəzifəsinə keçirilmiş və xx.xx.2022-ci ildən hal-hazıra qədər həmin vəzifədə işləyir. İddiaçı 2021-ci ilin avqust ayında ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina məktubu yazaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) rəhbərlər və mütəxəssislər bəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar peşəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim edilən sənədlərdə xx.xx.1993-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontru”nda usta peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi “Mənzil Kommunal Kontru” sahəsi yuxarıda qeyd olunan bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az (12 il 5 ay 2 gün (xx.xx.1997-xx.xx.1997-ci il, xx.xx.2001- xx.xx.2002-cı il, xx.xx.2011-xx.xx.2014-cü il, xx.xx.2014-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı bildirir ki, onun 60 yaşı tamamdır və güzəştli şərtlərlə pensiyaya çıxmaq üçün tələb olunan ümumi və güzəştli iş stajı, tələb olunan miqdarda pensiya kapitalı yığımı mövcuddur. Cavabdehin imtinası isə əsassız olmuşdur. Çünki onun güzəşt hüququ verən vəzifə üzrə sosial sığorta stajı 12 il 10 ay 27 gün təşkil edir. Cavabdeh iddiaya etiraz edir və etirazını iddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətə imtinanın məzmununa uyğun olaraq əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Qeyd olunan maddi hüquq normalarının məzmunundan görünür ki, kişi cinsindən şəxsin 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: 1) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə işləməli; 2) 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay, ümumi iş stajı minimum 25 il olmalı; 3) 12 il 6 ay xüsusi və 25 il ümumi iş stajı 60 yaşınadək mövcud olmalıdır. Hazırki işdə də qeyd olunan şərtlər iddiaçıya münasibətdə ödənilir. Belə ki, iddiaçı xx.xx.1961-cı il təvəllüdlü olmaqla 60 yaşını xx.xx.2021-ci il tarixdə tamamlamışdır. Eyni zamanda, iddiaçının 25 il ümumi iş stajının və fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olması da əmək kitabçası və işdə olan digər sənədlərlə təsdiq olunur və işin mübahisəsiz hallarına aiddir. Hazırda mübahisəli hal iddiaçının müəyyən dövrdə işlədiyi peşələrin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşələrin siyahısına aid olub-olmadığı və bu səbəbdən də güzəştli iş stajının 12 il 6 aydan az təşkil edib-etməməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.9-cu bəndində göstərilmişdir ki, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydalara 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə görə Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçının işləmiş olduğu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Neftqaztikinti tresti tərəfindən verilmiş **********80020123X00272 saylı 12 avqust 2021-ci il tarixli arayışda bildirilmişdir ki, İddiaçı həqiqətən xx.xx.1993-cü il tarixində (əmr № 30, xx.xx.1993-cü il) “Azərdəniznetfinşaat” trestinə usta vəzifəsinə işə qəbul edilib və xx.xx.1997-ci il tarixində (əmr № 6/k, xx.xx.1997-ci il) işdən azad edilib. Əmək stajı 3 il 7 ay 28 gün (üç il yeddi ay iyirmi səkkiz gün) təşkil edir. İddiaçı xx.xx.1997-ci il tarixində (əmr № 17k, xx.xx.1997-ci il) “Xəzərdənizneftqazinşaat” trestinin 4 saylı Tikinti Quraşdırma İdarəsinə usta vəzifəsinə işə qəbul edilib və xx.xx.1997-ci il tarixində (əmr № 36k, xx.xx.1997-ci il) işdən azad edilib. Əmək stajı 2 ay 24 gün (iki ay iyirmi dörd gün) təşkil edir. İddiaçı xx.xx.2000-ci il tarixində (əmr № 14/k, xx.xx.2000-ci il) “Azərdəniznetfinşaat” trestinin Mənzil kommunal kontoruna usta vəzifəsinə işə qəbul edilib və xx.xx.2001-ci il tarixində (əmr № 02/k, xx.xx.2001-ci il) işdən azad edilib. Əmək stajı 06 ay 5 gün (altı ay beş gün) təşkil edir. İddiaçı xx.xx.2007-ci il tarixində (əmr № 44/k, xx.xx.2007-ci il) “Neftqaztikinti” trestinin 6 sayiı Tikinti Quraşdırma idarəsinə santexnik peşəsinə işə qəbul edilib və xx.xx.2011 -ci il tarixinədək həmin peşədə işləyib. xx.xx.2011 -ci il tarixindən (əmr № 11-k, xx.xx.2011-ci il) 12.11,2014-cü il tarixinədək iş icraçısı vəzifəsində işləyib. Əmək stajı 3 il 8 ay 23 gün (üç il səkkiz ay iyirini üç gün) təşkil edir. İddiaçı xx.xx.2014-cü il tarixində (əmr № 498-k, xx.xx.2014-cü il) “Neftqaztikinti” trestinin 5 saylı Tikinti Quraşdırma idarəsinə iş icraçısı vəzifəsinə işə qəbul edilib və xx.xx.2015-ci il tarixində (əmr № 423/k, xx.xx.2015-ci il) əmək müqaviləsinə xitam verilib. Əmək stajı 9 ay 6 gün (doqquz ay altı gün) təşkil edir. İddiaçı xx.xx.2015-ci il tarixində (əmr № SOCAR/15-2500/xx-xx-000288, xx.xx.2015-ci il) “Neftqaztikinti" trestinin 5 saylı Tikinti Quraşdırma bölümünə iş icraçısı vəzifəsinə işə qəbul edilib və hal-hazıradək bu vəzifədə işləyir. Əmək stajı 5 il 11 ay 24 gün (beş il on bir ay iyirmi dörd gün) təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 29-cu maddəsinə (bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri) əsasən zərərli şəraitdə usta və iş icraçısı vəzifələri üzrə İddiaçı iş stajı 14 il 10 ay 20 gün (ön dörd il on ay iyirmi gün) təşkil edir. Göründüyü kimi iddiaçı xx.xx.1993-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontru”nda usta peşəsində işləmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 №li Qərarı ilə (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahıda iddiaçının işlədiyi peşələr nəzərdə tutulmuşdur: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi peşələr “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsi” adlanan 29-cu bölməsində nəzərdə tutulmuşdur: b) bəndi “mütəxəssislər” tikinti və quraşdırma işləri üzrə ustalar; iş icraçıları. Göründüyü kimi iddiaçının əmək fəaliyyətinə dair sənədlər və təqdim edilmiş güzəştli iş arayışı onun zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verir. Eyni zamanda cavabdeh hansı əsasla iddiaçının işlədiyi peşənin zərərli peşələrə uyğun olmaması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə görə inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Bundan başqa, apellyasiya baxışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə sorğu göndərilərək, İddiaçı xx.xx.1992-xx.xx.1997-ci il və xx.xx.2000-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər ərzində “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontoru”nda usta vəzifəsində işləməsi ilə əlaqədar sənədlərin təsdiq edilmiş surətlərinin məhkəməyə təqdim edilməsi xahiş edilmiş və xx.xx.2022-ci il tarixli cavab məktubu ilə “Azərdənizneftinşaat” trestinin xx.xx.1992-ci il tarixli 27 saylı, xx.xx.1997-ci il tarixli 6/k saylı, xx.xx.2000-ci il tarixli 14/n saylı və xx.xx.2000-ci il tarixli 29/n saylı əmrlərin surətləri və əmək haqqı cədvəlləri təqdim edilmişdir. Həmin sənədlərdən müəyyən edilir ki, iddiaçı “əsaslı təmir ustası” vəzifəsində işləmişdir. İddiaçı da öz izahatında bildirdi ki, onun vəzifəsinə cari təmir işləri deyil, əsaslı təmir işlərinin yerinə yetirilməsi aid olmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, cavabdehin dəlilləri, yəni iddiaçının “Azərdənizneftinşaat” trestində “Mənzil Kommunal Kontoru”nda işlədiyi usta vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda göstərilən bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsinə aid olmaması ilə bağlı dəlilləri əsassızdır. Beləliklə, işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, iddiaçının xx.xx.2021-ci il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcuddur. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyini üçün tələb olunan şərtlər ödənilir. Belə olan halda cavabdehin pensiya təyinatından imtinası əsassız olmaqla iddiaçının qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3695/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar