Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2706/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair iş üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5420/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq şifahi məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsinin göstərilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdehin iddiaya yazılı etirazında bildirilmişdir ki, hərbi vəzifənin və hərbi xidmətkeçmənin hüquqi tənzimləmə qaydaları “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu və Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-1Q nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə müəyyən edilir. Hərbi xidmətə daxil olma və hərbi xidmətdən buraxılma da həmin qanunvericilik aktları ilə tənzimlənir. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 165-ci maddəsinə əsasən ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156-158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. Hazırki halda mübahisə predmeti Azərbaycan Respublikası Müdafiə Nazirinin 14 avqust 2015-ci il tarixli 0474 nömrəli əmri və əmrdən irəli gələn iddiaçının hüquqlarını pozan hərəkətlərdir. İddia tələbi xarakterinə görə mübahisələndirmə haqqında iddia növünə aiddir və mübahisələndirmə haqqında iddianının mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri-iddia qaldırmaq səlahiyyətinin olması (İPM-in 35.1-cı maddəsi) və iddia müddətinə riayət edilməsi (İPM-in 38.1-ci maddəsi) mövcüd olmalıdır. Mübahisələndirilən inzibati akt-Azərbaycan Respublikası Müdafiə Nazirinin 0474 nömrəli əmridir. Əmr isə 14 avqust 2015-ci il tarixlidir. İddiaçı sözügedən əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə mübahisələndirməmişdir. Başqa sözlə, iddia müddəti 30 gün, yəni 14 sentyabr 2015-ci il tarixdə bitmiş və iddiaçı isə məhkəməyə ərizəni 2024-cü ilin yanvar ayının 5-də təqdim etmişdir. Belə ki, iddiaçı inzibati aktın mübahisələndirilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddəti (30 gün) ötürmüşdür. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1,47.2ci maddələrini rəhbər tutaraq, məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir.
3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir sıra zabitinin vəzifədən azad edilməsi haqqında” xx.xx.2015-ci il tarixli, 1353 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 12-ci bəndini rəhbər tutaraq qərara alınmışdır: 1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı zabitləri tutduqları vəzifələrdən azad edilsinlər: 1.1. General-mayor İddiaçı - Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi...
4. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kollegiyasının İclasının 13 avqust 2015-ci il tarixli, 02 nömrəli protokolundan görünür ki, Kollegiyanın iclasında iştirak edirdilər: ...general-mayor İddiaçı - Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi. Gündəlik: “Müdafiə Nazirliyində rəhbər vəzifələrə təyinatlar”, Çıxış etdilər: ilk növbədə aşağıda adları qeyd olunan şəxslərin Müdafiə Nazirliyinin müvafiq rəhbər vəzifələrindən azad olunmaları və sərəncama çıxarılmaları barədə Kollegiya üzvlərinə təklif etdi: ...1. general-mayor İddiaçı - Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi.
5. Müdafiə Nazirliyinin 13 avqust 2015-ci il tarixli kollegiya iclasının qərarı Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi İddiaçı tərəfindən razılaşdırılıb imzalanmışdır.
6. Müdafiə Nazirinin birinci müavini Silahlı Qüvvələrin baş Qərargah rəisinin Müdafiə Nazirinə ünvanladığı xx.xx.2015-ci il tarixli raportuna əsasən Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli, 0474 nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası Silahı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi məharəti kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə təyin olunmuşdur.
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsinin xx.xx.2015-ci il tarixli, 155 nömrəli təyinat vərəqəsindən görünür ki, İddiaçı xx.xx.2015-ci il tarixdə Silahlı Qüvvələrin Hərbi Akademiyasına hərbi xidməti davam etdirmək üçün getməyi əmr edilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli Əmri.
8. 23 noyabr 2015-ci il tarixli 116 nömrəli xəstəlik haqqında şəhadətnamədə qeyd olunmuşdur ki, İddiaçı Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş idarəsinin rəisinin xx.xx.2015-ci il tarixli, 1/6454 nömrəli göndərişi ilə SQ BKH cərrahiyyə profilli hospital hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmişdir.
9. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası rəisinin 25 yanvar 2017-ci il tarixli, 15 nömrəli əmrindən çıxarışda qeyd edilmişdir ki, general-mayor İddiaçı, Hərb məharəti kafedrasının Hərb məharəti silsiləsinin dosenti, 25 yanvar 2017-ci il tarixdən öz işlərini və vəzifəsini qəbul etmiş hesab edilsin. Əsas: General-mayor İddiaçı xx.xx.2017-ci il tarixli raportu.
10. Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2017-ci il tarixli, 3188 nömrəli Sərəncamı ilə general-mayor İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dosenti vəzifəsindən ehtiyata buraxılması qərara alınmışdır.
11. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2023-cü il tarixli, 2511 nömrəli məktubunda qeyd edilmişdir ki, general-mayor İddiaçı Möhsüm oğlunun ehtiyata buraxılmasına dair raportun qeydiyyatdan keçməsi barədə məlumat (müsbət halda jurnalda olan müvafiq qeydlərlə vərəqlərin və raportun surətləri) Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır.
12. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona təyin edilmiş pensiyanın yenidən hesablanması üçün barəsində tərtib edilmiş yeni məlumat vərəqinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi inspeksiyasının rəisi vəzifəsinin vəzifə maaşı göstərilmək şərti ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. 1 saylı Bakı İnzibati-iqtisadi Məhkəməsinin 2-1(81)-1976/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1508/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibatiiqtisadi Məhkəməsinin 2-1(81)-1976/2018 saylı, 10 aprel 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(102)-15/2019 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)- 1508/2018 saylı, 22 iyun 2018-ci il tarixli qərarı ləğv edilmiş və İddiaçı iddiası təmin edilməmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
16. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1975-ci ildən 1992-ci ilədək keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci il tarixdən xx.xx.2017-ci il tarixədək AR Silahlı Qüvvələrində müxtəlif zabit vəzifələrində xidmət keçmişdir. AR Müdafiə Nazirinin 0628 №li, xx.xx.2017-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.1 və 41.0.3 maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. xx.xx.2013-cü il tarixdən xx.xx.2015-ci il tarixədək AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsində xidmət etmişdir. xx.xx.2015-ci il tarixdə həmin vəzifədən azad olunaraq AR Müdafiə Nazirinin sərəncamına çıxarılmış və Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasında hərb məharəti silsiləsinin dosenti vəzifəsinə təyin edilmişdir. AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilməzdən əvvəl o, səhhətini əsas gətirərək “öz arzumla” maddəsi ilə ehtiyata buraxılmasını xahiş etsə də, müraciəti nəzərə alınmamış və o, AR Müdafiə Nazirinin 1-ci müavini-Silahlı Qüvvələrin Baş Qərargah rəisinin Müdafiə Nazirinə ünvanlanmış xx.xx.2015-ci il tarixli raportuna əsasən xidməti zərurətlə əlaqədar olaraq aşağı- AR Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə təyin edilmiş və qeyd etdiyi kimi xx.xx.2017-ci il tarixdə həmin vəzifədən də “xəstəliyə görə” ehtiyata buraxılmışdır. Nəticədə ona Silahlı Qüvvələrin Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinin vəzifə maaşı əsas götürülməklə aşağı məbləğdə pensiya təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə onun AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi qeyd edilməli idi. Bunun üçün kifayət qədər əsaslar da var idi. Belə ki, o hələ 2011-ci ildən özünü xəstə hesab edir və 2014-cü ilin fevral ayında Türkiyə Respublikası Gülhanə X6 cərrahiyyə əməliyyatına məruz qalmışdır. Həmçinin 2010-cu ildən şəkərli diabet xəstəsidir (əsas: AR Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 116 №-li, xx.xx.2015ci il tarixli xəstəlik haqqında şəhadətnaməsi). Bu halda ona təyin edilmiş pensiya daha yüksək olan AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsinin vəzifə maaşı əsas götürülməklə təyin edilərdi. Hal-hazırda ona Silahlı Qüvvələrin Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edilmişdir ki, bununla da razı deyil. Barəsində baş vermiş qanunsuzluğun və ədalətsizliyin aradan qaldırılması məqsədi ilə AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərb məharəti silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsinin göstərilməsi barədə qərar qəbul edilməsi xahişi ilə xx.xx.2023-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5420/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadı ilə (hakim A.Əhədova) iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair iddiası mümkün sayılmamışdır.
18. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5420/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsi və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. apellyasiya şikayətinin dəlilləri
19. İddiaçı apellyasiya şikayətində qərardadla razı olmadığını, əsassız və qanunsuz saydığını vurğulamışdır. Qeyd etmişdir ki, məhkəmə öz qərardadını əsaslandırarkən cavabdeh AR Müdafiə Nazirliyinin etirazını əsas götürmüş və qərardadın əsaslandırma hissəsini etirazın mətni təşkil edir.
20. Məhkəmə iddianı qeyri-mümkün sayarkən ona əsaslanmışdır ki, mübahisələndirilən inzibati akt iddiaçıya elan olunmuşdur. Məhkəmənin gəldiyi nəticə əsassızdır.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
22. İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5420/2024 nömrəli, 08 aprel 2024-cü il tarixli qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.Əlavə olaraq izahatında xəstə olduğundan əmri vaxtında mübahisələndirmək imkanının olmadığını bildirmişdir.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
24. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanun
Maddə 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 62.2. Poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Maddə 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Maddə 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər.
25. İnzibati Prosessual Məcəllə Maddə 2.2.1. Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Maddə 24.4. Fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Maddə 35.1. bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 35.3. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati və iqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə vasitəsilə verilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
26. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırki icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
MƏHKƏMƏNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
28. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
29. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunduqdan sonra aşağı vəzifəyə (Silahlı Qüvvələrin Hərbi Akademiyasının “Hərb məharəti” kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə) təyin olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmrində müvafiq dəyişiklik edilərək səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsinin göstərilməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbini irəli sürmüşdür.
30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir.
31. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Qeyd edilən qayda həmçinin iddianın mümkünlüyü ilə bağlı şərtlərin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslığının yoxlanılması zamanı deyil, həmçinin iddianın mümkünlük şərtlərinin yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur.
32. Yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir.
33. Nəzərə almaq lazımdır ki, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır.
34. Həmçinin qeyd edilməlidir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
35. İş materialları ilə müəyyən olunur ki, iddiaçı Azərbaycan Respublikası müdafiə nazirinin 14 avqust 2015-ci il tarixli 0474 nömrəli əmrinin dəyişdirilməsini tələb edir.
36. Yuxarıda sadalanan normalardan müəyyən olunur ki, mübahisələndirmə haqqında iddia “İnzibati icraat haqqında” Qanunun 62-ci maddəsindəki qaydalar əsas götürülməklə, inzibati akt haqqında məlumat verildiyi vaxtdan 30 gün müddətində və ya inzibati şikayət icraatı həyata keçirilən zaman şikayət instansiyası qərarının təqdim edildiyi vaxtdan 30 gün müddətində qaldırılmalıdır.
37. Birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin hallarına görə iddiaçı mübahisələndirdiyi əmrin dəyişdirilməsinə dair iddianı qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir.
38. Məhkəmə hesab etmişdir ki, sözügedən xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmr barədə iddiaçının uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır.
39. Belə ki, cavabdehdən tələb edilmiş iş materiallarından göründüyü kimi iddiaçı xx.xx.2013-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının rəisi vəzifəsinə təyin edilmiş, özünün bilavasitə iştirakı ilə keçirilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Kollegiyasının iclasının xx.xx.2015-ci il iclasında general-mayor İddiaçı Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunması və sərəncama çıxarılması Kollegiya üzvlərinə təklif edilmiş və təklif yekdilliklə qəbul edilmişdir.
40. Bundan sonra iddiaçı Azərbaycan Respubliaksı Prezidentinin xx.xx.2015-ci il tarixli 1353 nömrəli Sərəncamı ilə Müdafiə Nazirliyinin Baş İnspeksiyasının rəisi vəzifəsindən azad edilmişdir.
41. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmri ilə xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikası Silahı Qüvvələrinin Hərbi Akademiyasının Hərbi məharəti kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə təyin olunmuşdur.
42. Azərbaycan Respublikasının Prezidentinin 22 avqust 2017-ci il tarixli 3188 nömrəli Sərəncamı ilə general-mayor İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində dosenti vəzifəsindən ehtiyata buraxılmış və ona tutduğu axırıncı vəzifənin təminat xərcliyi əsasında pensiya təyin edilmişdir.
43. İddiaçının dəlillərinə görə xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilərkən səhhətini əsas gətirərək “öz arzusu” ilə ehtiyata buraxılmağını xahiş etsə də, müraciətinin nəzərə alınmadığı, xx.xx.2017-ci il tarixdə “hərbi məharət” kafedrasının dosenti vəzifəsindən ehtiyata buraxılmaqla həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən ehtiyata buraxılmağı barədə müraciəti qanunauyğun olaraq baxılaraq müsbət həll olunmuş olsaydı, bu halda ona təyin edilmiş pensiya daha yüksək olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsinin təminat xərcliyi əsas götürülməklə təyin edilərdi. Odur ki, iddiasında iddiaçı “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsi ilə nəzərdə tutulmuş mövqedən çıxış edərək (səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün yaşa görə əmək pensiyası almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən, onların əmək pensiyasına əlavə bilavasitə göstərilən keçirilməyədək azı bir il çalışdıqları vəzifə üzrə təminat xərcliyinin aylıq məbləğindən hesablanır.) Müdafiə Nazirinin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrinə dəyişiklik edilməsini, əmrin hərbi məharəti kafedrasının hərbi məharət silsiləsinin dosenti vəzifəsinə təyin edilməsinin əsası kimi “xidməti zərurətlə əlaqədar” ifadəsinin “səhhəti ilə əlaqədar olaraq xidmət mənafeyi naminə” şəklində dəyişdirilməsini mübahisələndirir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddiaçının dəlillərini iş materialları ilə birlikdə tədqiq edib qiymət verməklə haqlı olaraq onu vurğulamışdır ki, iddiaçı mübahisələndirdiyi əmrdən ən tezi özünün iştirakı ilə baş tutmuş kollegiya iclasında Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad olunmasının müzakirəsindən sonra xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrin verildiyi və həmin əmrlə xx.xx.2015-ci il tarixli, 155 nömrəli təyinat vərəqəsi ilə müvafiq Silahlı Qüvvələrin Hərbi Akademiyasına hərbi xidməti davam etdirmək üçün getdiyi vaxtdan məlumatlı olmuşdur.
45. Təqdim edilmiş xx.xx.2015-ci il tarixli 116 nömrəli xəstəlik haqqında şəhadətnamədə iddiaçının xx.xx.2015-ci il tarixdə Almaniya FR-da sağ diz oynağının içəri səthlərinin hissəvi oynaqla əvəz olunması cərrahiyyə əməliyyatı icra olunduğu, əvvəllər şəhadətləndirilmədiyi, yalnız xx.xx.2015-ci il tarixdən (vəzifəsi dəyişdirildikdən sonra) SQ Baş Klinik Hospitalında müayinə və müalicədə olduğu qeyd edilmişdir.
46. Eyni zamanda işdən müəyyən olunur ki, iddiaçı xx.xx.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati Məhkəməsində iddia qaldırarkən iddia ərizəsində hazırkı iddiadakı halları sadalamış, xx.xx.2015-ci il tarixdə AR Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edildiyini, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilərkən səhhətini əsas gətirərək “öz arzusu” ilə ehtiyata buraxılmağını xahiş etsə də, müraciətinin nəzərə alınmadığı, xx.xx.2017-ci il tarixdə “hərbi məharət” kafedrasının dosenti vəzifəsindən ehtiyata buraxılmaqla həmin vəzifənin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edildiyi, xx.xx.2015-ci il tarixdə onun Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən ehtiyata buraxılmağı barədə müraciəti qanunauyğun olaraq baxılaraq müsbət həll olunmuş olsaydı, bu halda ona təyin edilmiş pensiya daha yüksək olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsinin təminat xərcliyi əsas götürülməklə təyin edilə biləcəyini, lakin tərxis olunduqdan sonra Silahlı Qüvvələrin Akademiyasının hərbi məharət kafedrasının dosenti vəzifəsinin vəzifə maaşı əsas götürülməklə pensiya təyin edildiyini qeyd etmişdir.
47. Həmçinin həmin iddia üzrə qəbul edilmiş Ali Məhkəmənin 2-1(102)-15/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, “Cavabdehin bildirməsinə görə iddiaçı ölkə Prezidentinin 13 avqust 2015-ci il tarixli Sərəncamı ilə tutduğu vəzifədən azad edilmiş, Müdafiə nazirinin 14 avqust 2015-ci il tarixli əmri ilə sərəncama götürülmüş, 14 avqust 2015-ci il tarixli digər əmri ilə Silahlı Qüvvələr Akademiyasının “hərbi məharət” kafedrasında dosent vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixli əmrlə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 40.1 və 41.0.3 maddəsinə əsasən (xəstəliyə görə) ehtiyata buraxılmışdır. “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsində nəzərdə tutulan hal olmamış, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən Silahlı Qüvvələr Akademiyasının “hərbi məharət” kafedrasında dosent vəzifəsinə səhhəti və ya yaşı ilə əlaqədar keçirilməmişdir.”
48. Məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə məhkəməyə iddia təqdim edərkən barəsində olan xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrin qəbul edildiyini, həmin əmrdə Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən azad edilməsi və Silahlı Qüvvələrin Akademiyasının hərbi məharət kafedrasının dosenti vəzifəsinə təyin edilməsini “səhhəti ilə bağlı olmadığını” bilmiş, eyni zamanda Ali Məhkəmənin 2-1(102)-15/2019 saylı, 12 fevral 2019-cu il tarixli qərarında iddiaçının pensiya təminatında “Əmək pensiyaları haqqında” Qanunun 20.18-ci maddəsində nəzərdə tutulan halın olmadığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Hərbi İnspeksiyasının rəisi vəzifəsindən Akademiyanın “hərbi məharət” kafedrasında dosent vəzifəsinə səhhəti ilə əlaqədar keçirilmədiyi və bu əsasdan iddia tələbinin təmin edilmədiyi ilə tanış olmuş və nəticə etibarı ilə pensiya təminatında hüquqi marağının sözügedən MN-nin xx.xx.2015-ci il tarixli 0474 nömrəli əmrinin dəyişdirilməsi ilə əhatə olunduğunu bildiyi halda hazırkı tələblə yalnız xx.xx.2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Başqa sözlə, iddiaçı ən geci xx.xx.2019-cu il tarixdən mübahisələndirdiyi əmrdən və həmin əmrin məzmunundan məlumatlı olmuşdur.
49. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, sözügedən əmrin rəsmi olaraq təqdim olunmaması halı iddianın mümkün sayılmamasına mane təşkil etmir. Nəzərə almaq lazımdır ki, İPM-in 38.1-ci maddəsi yalnız “təqdim olunma” ifadəsindən deyil, həm də “elan olunma” ifadəsindən istifadə edir. Buna görə, “elan olunma” eynilə “təqdim olunma”ya bərabər hüquqi nəticələr doğurur. “Elan olunma” isə inzibati akt barəsində digər qaydada məlumatlı olmanı da ehtiva edir. Başqa sözlə, şəxsə inzibati akt rəsmi qaydada təqdim edilməsə belə, onun digər vasitələrlə artıq həmin akt barədə məlumat əldə etdiyi təkzibolunmaz şəkildə sübuta yetirilirsə, iddia müddətinin axımının başlanılması onun akt barədə məlumatlı olduğu andan hesablanmalıdır. Bu mövqeyinə uyğun olaraq hesab edir ki, yuxarıda sadalanmış təkzibedilməz sübutlar iddiaçının 30 günlük iddia müddətini ötürdüyünü mübahisəsiz təsdiq edir.
50. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan ən tezi xx.xx.2015-ci ildən və ən geci isə xx.xx.2019-cu il tarixdən məlumatlı olduğu vaxtdan qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddətini hər iki halda ötürməklə məhkəmədə iddia qaldırmışdır.
51. Birinci instansiya məhkəməsində icraat zamanı, həmçinin də hazırki apellyasiya şikayətinə məhkəmə baxışında məhkəmə kollegiyası iddia tələbi üzrə müddətin ötürülməsindən 9 ilə yaxın vaxt keçdiyini nəzərə alaraq iddiaçıya müddətin bərpası barədə ərizənin təqdim edilməsi barədə hüquqi yardım göstərilməsinə zərurət görməmişdir.
52. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı inzibati orqanın bundan təxminən 9 il əvvəl qəbul etdiyi inzibati aktı mübahisələndirir. Nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Bu məhdudiyyətlərdən biri də inzibati iddiaların verilməsi üçün qanunla müəyyən olunmuş müddətlərdir. Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətləri şamil edir.
53. Beləliklə də hazırki iddianın ilk növbədə xüsusi mümkünlük şərti yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır.
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 dekabr 2015-ci il tarixli qərarında göstərmişdir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır.
55. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Novakovic Xorvatiyaya qarşı iş üzrə 23 iyul 2015-ci il tarixli Qərarında müddətlərin düzgün tətbiqinin işin ədalətli həllinə təsiri ilə bağlı qeyd etmişdir ki, daxili qanunvericiliyin təfsiri problemlərini həll etmək ilk növbədə milli dövlət orqanlarına, xüsusən məhkəmələrə aiddir. Məhkəmənin rolu belə bir təfsirin nəticələrinin Konvensiyaya zidd olub-olmamasının yoxlanılmasından ibarətdir. Bu xüsusən sənədlərin tədqim edilməsi və ya şikayətlərin verilməsini tənzimləyən müddət məhdudiyyətləri kimi prosessual xarakterli qaydaların məhkəmələr tərəfindən tətbiqinə şamil edilir. Avropa Məhkəməsi məhkəmə iddiasını müəyyən edilmiş prosessual müddət daxilində vermək tələbinin ədalət mühakiməsinin düzgün həyata keçirilməsinin qanuni məqsədinə və xüsusən hüquqi müəyyənlik prinsipinə xidmət etdiyini vurğulamışdır (§ 20-21).
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı "əmrin dəyişdirilməsi" tələbinə dair iddiasının mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri formal və əsassız olduğundan təmin edilməməlidir.
57. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 aprel 2024-cü il tarixli, 2-1(112)-5420/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: Şərafət Məmmədova Pərviz Hüseynov