Məhkəmə qərarları › İş №2-1(103)-2707/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2707/2023

26.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2707/2023 26.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən “Pensiya təminatı haqqında” Qanunun 5-ci maddəsinə əsasən onun pensiyasının Naxçıvan Muxtar Respublikasının X2 vəzifəsində işlədiyi dövrü əsas götürməklə bugünki günə olan əmək haqqının 80 faizi miqdarında hesablanmasına dair qərar çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, o, 30 ildən artıq müddətdə Naxçıvan MR-da müxtəlif yüksək vəzifələrdə işləmişdir və hazırda təqaüdçüdür. Təqaüdünün (pensiya) “Pensiya təminatı haqqında” (“Əmək pensiyaları haqqında”) Qanunun 5-ci maddəsinə əsasən 1975-1983-cü illər ərzində Naxçıvan MR-nın X4 vəzifəsində işlədiyi dövrü əsas götürməklə pensiyanın yenidən hesablanmasını xahiş etmişdir. Lakin, hər dəfə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona həmin vəzifə maaşının 1000 manat olması qeyd edilməklə imtina edilmişdir. Halbu ki, həmin müraciətlərdə Naxçıvan MR-nın Kənd Təsərrüfatı Nazirliyindən alınmış rəsmi məktubda Naxçıvan MR-nın X2 bu günki günə vəzifə maaşının 2450 manat təşkil etməsi barədə sənəd təqdim edilmişdir. Lakin buna baxmayaraq “Əmək pensiyaları haqqında” Qanunun 9 və 20-ci maddələrinin 20.1.7, 20.1.9-cu maddələrini eləcə də “Dövlət qulluğu haqqında” Qanunun 23.4 maddəsinin tələbləri kobud surətdə pozulmuşdur. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinin tələblərinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən ona təyin olunmuş əmək pensiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 5.1-ci maddəsinə əsasən (Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzulan ilə yalnız bir pensiya təyin edilir) Naxçıvan MRnın X2 vəzifəsində işlədiyi dövr əsas götürülməklə, hazırki dövrə uyğun olaraq həmin vəzifə üzrə ödənilən əmək haqqının 80%-i miqdarında olmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərarı çıxarılmasını xahiş etmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv olunmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1933-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonu, Siyaqut kəndində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. - Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1\77 №-li, xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı Naxçıvan MRnın X4 vəzifəsində (xx.xx.1975- 07.1983) işləməsi ilə bağlı müvafiq təsdiqedici sənədlərin və İddiaçı Naxçıvan MR-nın X4 vəzifəsində işlədiyi dövrlərdə ona ödənilmiş əmək haqlarının cədvəllərini məhkəməyə təqdim edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 935 nömrəli Fərmanı ilə “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair təlimata uyğun olaraq yuxarıda qeyd edilən sənədlərin müvəqqəti saxlanma müddəti başa çatdığı üçün daimi saxlamaq üçün Dövlət Arxiv idarəsinə təhvil verilmişdir. Həmin sənədlərlə bağlı Naxçıvan MR Dövlət Arxiv İdarəsinə müraciət olunması xahiş edilmişdir. - Naxçıvan MR-nın Dövlət Arxiv İdarəsinin 02/189 №-li, xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş: 13/1537 №-li, xx.xx.2022-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyinin 1983-cü ilə dair əmr kitablarında Naxçıvan MR X4 vəzifəsində çalışan İddiaçı işdən azad olunması haqqında hər hansı bir məlumata rast gəlinmədi. Lakin, 1983-cü ilə dair əmək haqqı cədvəllərində iyul ayında hesablanmış son hesab məbləği alması göstərilmişdir. Naxçıvan MSSR Kənd Təsərrüfatı Nazirliyi üzrə 42 №-li, xx.xx.1975-ci il tarixli əmrin surətindən müəyyən olunur ki, İddiaçı həmin tarixdən etibarən Naxçıvan MSSR X4 təyin edilmişdir. - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********4 saylı 07 dekabr 2022- ci il tarixli məktubu ilə məhkəməyə təqdim olunmuş İddiaçı aid pensiya işinin sənədlərində olan: Dövlət Sosial Müdafiə Fondunun Naxçıvan şəhər şöbəsinin 10534 №-li, xx.xx.2005-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ömürlük pensiya təyin olunmuşdur. Pensiyaçının 974189 saylı uçot vərəqinin surətindən müəyyən olunur ki, xx.xx.1933-cü il təvəllüdlü İddiaçı xx.xx.2008-ci ildən dövlət qulluğuna görə pensiya təyin olunmuşdur. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında **********6 saylı, xx.xx.2020-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2005-ci il tarixdə pensiya təyin olunmuşdur. Hazırki pensiya məbləği 1714 manat 95 qəpik təşkil edir. Pensiyanın yenidən hesablanması zamanı əsas götürülən dövlət məvacibi: vəzifə maaşı 1368,92 manat, qulluq stajına görə faizlə 30, məbləğ 410,68 manat, mükafatlar faizlə 992,18 manat, məbləğ -226,59 manat. Dövlət məvacibinin cəmi 2006 manat 19 qəpik. Pensiya faizi 80 faiz. Yenidən hesablanmış pensiya məbləği 1604 manat 95 qəpik. Ötən dövlər üzrə təyin olunmuş pensiya məbləğləri haqqında məlumat - xx.xx.2019-cu il, son tarix müddətsiz 1604,95 manat kimi qeyd olunmuşdur. - İddiaçının hazırki tələbi ilə bağlı müraciətinə Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının **********7 saylı 20 sentyabr 2022-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, İddiaçı əmək pensiyası vaxtilə X5 Sosialist Respublikasının X4 vəzifəsində işlədiyi dövr əsas götürülərək hesablanacağı təqdirdə onun vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1005,00 manat, qulluq stajına görə əlavəsi 212,76 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 110,08 manat olmaqla orta aylıq əmək haqqısı 1327,84 manat təşkil edəcəkdir. Belə olan halda İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.2-ci maddəsinə əsasən 32 il 11 ay 19 gün qulluq stajına uyğun olaraq vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısının (1327,84 manat) 80 faizi-1062 27 manat məbləğində müəyyən ediləcəkdir. İddiaçı əmək pensiyası müraciətində qeyd etdiyi vəzifəyə uyğun hesablandıqda pensiyanın məbləği 1604,95 manatdan 1062,27 manata azalacaqdır. Bu səbəbdən də adıçəkilən şəxsin əmək pensiyasının yenidən hesablanması təxirə salınıb. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (iddiaçıya dövlət qulluqçusu kimi pensiya təyin olunan zaman qüvvədə olan redaksiyada 5 il nəzərdə tutulmuşdu) (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir (iddiaçıya Dövlət qulluqçuusu kimi pensiya təyin olunan zaman qüvvədə olan redaksiyada): 20.1.7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla); 20.1.9. Sabiq Azərbaycan Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Naxçıvan Muxtar Respublikasının Baş naziri və Baş nazirinin müavinləri, Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanının rəhbəri və rəhbərinin müavinləri, yerli icra hakimiyyəti orqanının rəhbəri (başçısı) vəzifəsini tutmuş şəxslər. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991- ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” 1.15-ci bəndinə əsasən Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında: nazir, dövlət komitəsinin sədri vəzifələri Azərbaycan Respublikası (Naxçıvan Muxtar Respublikası) mərkəzi icra hakimiyyəti orqanlarının aparatında: aparatın rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Azərbaycan Respublikası Prezidentinin 01 mart 2022-ci il tarixli, 1611 nömrəli Fərmanının 1.6.6-cı maddəsinə əsasən Naxçıvan Muxtar Respublikası nazirlikləri və dövlət komitələri aparatlarının rəhbərlərinin vəzifə maaşı 1005 (bir min beş) manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenimunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunan qərarda göstərilmişdir ki, “Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1.0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, “təminat xərcliyi”, 1.0.5-ci maddəsindəki “xidmətdən buraxıldığı günə aldıqları”, “sosial sığorta stajı”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Buna görə, şəxsin əmək pensiyasının hesablanması və ya yenidən hesablanması zamanı o vəsaitlər (və vəsaitlərdəki artımlar) nəzərə alınır ki, həmin şəxs: - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 və 1.0.5-ci maddələrinə uyğun olaraq bu vəsaitləri müvafiq olaraq pensiya təyin ediləndən əvvəl (əmək haqqı və dövlət məvacibinə münasibətdə) və ya xidmətdən buraxıldığı günə (təminat xərcliyinə münasibətdə) almış olsun; - “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə görə həmin vəsaitlərdən sosial sığorta haqqı ödəmiş olsun. Beləliklə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əmək haqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Belə olan halda isə, artıq pensiya alan şəxslərə münasibətdə pensiya təyin edildikdən sonra almadıqları və məcburi dövlət sosial sığortasına cəlb edilməyən əmək haqqına və ya ona edilən əlavələrə görə əmək pensiyalarının yenidən hesablanması əmək pensiyaları haqqında qanunvericiliyin sosial sığorta prinsiplərini özündə əks etdirən məzmununa cavab vermir.” Göründüyü kimi Konstitusiya Məhkəməsi Plenumunun bu məsələ ilə bağlı mövqeyi qətidir və şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımların nəzərə alınmasını istisna edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyin qüvvədə olan tələblərinə uyğun olaraq iddiaçıya sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması zamanı onun vəzifəsi mərkəzi icra hakimiyyəti orqanlarının aparatında: aparatın rəhbəri vəzifəsinə uyğunlaşdırılmışdır. Göründüyü kimi iddiaçı ona əmək pensiyasının yenidən hesablanmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdehin imtinası mahiyyətcə qanuna uyğun olmuş və iddiaçının hüquqlarını pozmamışdır Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq olunur (AR İPM 14.3); Bu səbəbdən cavabdehin imtinası qanunauyğun olmuş və iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır (AR İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3600/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar