Məhkəmə qərarları › İş №2-1(103)-2708/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2708/2021

29.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2708/2021 29.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Azad Nizam oğlu İmanovdan ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müavinətin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2021 saylı 08 iyul 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 29 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməsi və müavinətin ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2021 saylı 08 iyul 2021-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2021 saylı 08 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. İş materiallarından müəyyən olunur ki, 2-1(112)-3745/2021 saylı 08 iyul 2021-ci il tarixli qərar poçt vasitəsilə 03.08.2021-ci il tarixdə İddiaçı iş materiallarındakı ünvanına göndərilmiş və 19.08.2021-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə (i.v.74) qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Belə olan halda 08.07.2021-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 19.09.2021-ci il tarix hesab olunur. Lakin iddiaçı tərəfindən apellyasiya şikayəti rabitə orqanına prosessual müddət ötürülməklə 23.09.2021-ci il tarixdə təqdim olunmaqla, məhkəməyə 27.09.2021-ci il tarixdə daxil olmuşdur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlük məsələsinə baxılması 13.10.2021-ci il tarixə təyin edilmiş və İddiaçı göndərilmiş 01.10.2021-ci il tarixli bildirişlə məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 12-ci maddəsinə uyğun xidməti vəzifəsindən istifadə edərək həmin Məcəllənin 13-cü maddəsində nəzərdə tutulmuş hüquqi yardımı göstərərək, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş müddətdə verildiyinə dair sübutları və ya həmin qərardan şikayətin verilməsi üçün prosessual müddət ötürüldüyü təqdirdə həmin müddətin bərpa edilməsinə dair müvafiq ərizənin verilməsini təklif etmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsinin 01.10.2021-ci il tarixli bildirişinin sonunda “Qeyd” verilərək, Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinin məzmunu tərəflərə izah olunmuş və bildirilmişdir ki, həmin maddənin tələbinə görə məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda onun iştirakı olmadan işə baxılması və iş üzrə qərar qəbul edilməsi mümkündür. Sözügedən 01.10.2021-ci il tarixli məhkəmə bildirişi iddiaçı tərəfindən 07.10.2021-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına imza edilməklə qəbul olunsa da, iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və 08.07.2021-ci il tarixli məhkəmə qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddəti üzrlü səbəbdən ötürdüyü təqdirdə həmin müddətin üzrlü hesab edilərək onun bərpa edilməsinə dair ərizə verməmişdir. İddiaçının məhkəmə iclasında iştirakını və prosessual müddətin bərpası ilə bağlı müvafiq ərizənin verilməsi ona təklif olunduğundan belə ərizənin təqdim olunmasını təmin etmək məqsədilə məhkəmə iclası 29.10.2021-ci il tarixə təxirə salınmış, lakin həmin tarixdə də iddiaçı bu barədə məlumatlandırılmasına baxmayaraq iştirakını təmin etməmiş və sözügedən ərizəni məhkəməyə təqdim etməmişdir. İnzibati məhkəmə icraatında iştirak edən cavabdehin nümayəndəsi Tural Vəliyev hazırki iş üzrə apellyasiyanın mümkünlük məsələsinə iddiçının iştirakı olmadan baxılmasına və müvafiq qərarın qəbul edilməsinə etiraz etməmişdir. Məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından prosessual müddətin bərpasının şəxsin ərizəsi əsasında mümkünlüyünü, iddiaçıya apellyasiya qaydasında mübahisələndirdiyi 08.07.2021-ci il tarixli qərardan apellyasiya şikayəti verilməsi üçün 30 günlük prosessual müddətin üzrlü sayılması ilə bağlı müddətin bərpasına dair müvafiq ərizəni verməklə bağlı hüquqi yardım göstərilsə də, iddiaçının həmin prosessual hüquqi müdafiə vasitələrindən istifadə imkanını dəyərləndirmədiyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.1, 23.1, 24.1, 80, 85.1, 87, 90 və 94-cü maddələrini rəhbər tutub, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3745/2021 saylı 08 iyul 2021-ci il tarixli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar