Məhkəmə qərarları › İş №2-1(103)-2708/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2708/2023

20.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2708/2023 20.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6311/2023 nömrəli 19 may 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci tarixdə xəbəri və razılığı olmadan xidmətdə olduğu Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi vəzifəsindən azad olunaraq aşağı vəzifə olan Milli Müdafiə Universiteti Rektorunun Tədris işləri üzrə müavini vəzifəsinə keçirilməsi "Hərbi xidmət keçmə haqqında" Əsasnamənin müvafiq tələblərinə zidd olduğu üçün (keçirildiyi vəzilə aşağı vəzifə olduğu üçün onun razılığı olmalıdır) qanunsuz hesab edilərək əvvəlki vəzifəyə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 38 il Silahlı Qüvvələr sıralarında olan hərbi xidmətin 31 ilini Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edən zabit kimi, torpaqların müdafiəsində və azad olunmasında müstəsna xidmətləri olan İ və İİ Qarabağ Müharibəsinin veteranı kimi, 55 illik ömrünün yarısından çoxu olan 31 ilini və sağlamlığını Vətənin müdafiəsinə qurban verən bir zabit kimi, xidməti barəsində kütləvi informasiya vasitələrində yayılan böhtan və yalan məlumatlar və xüsusilə də özlərinin qanunsuz hərəkətlərinə haqq qazandırmaq üçün ən axırıncı çirkin əməllərə əl ataraq xəstəliyi barədə kütləvi informasiya vasitələrində xəbərlərin qərəzli surətdə yayılmasını özünə qarşı təhqir və yüksək rütbəli zabit kimi şərəf və ləyaqətinin alçaldılması kimi qəbul edərək keçirdiyi streslər nəticəsində vurulan mənəvi ziyanın dəyərini 100.000 manat qiymətləndirərək Müdafiə Nazirliyinin rəhbərliyindən tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı eyni zamanda məhkəməyə yazılı vəsatət təqdim edərək, iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi, iddianın mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6311/2023 nömrəli 19 may 2023-cü il tarixli qərardadı ilə İddiaçı buraxılmış müddətin bərpa edilməsi barədə vəsatəti təmin edilməmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6311/2023 nömrəli 19 may 2023-cü il tarixli qərardadının ləğv edilməsi, iddianın ötürülmüş müddətinin üzrlü sayılması ilə bağlı vəsatətinin təmin olunması və iddiaya mahiyyəti üzrə baxılması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aşağı işə keçirilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixli əmr iddiaçıya məlum olan kimi Müdafiə Nazirliyinin rəhbərlərinin qəbulunda olub əmrin ləğv edilməsi və onun əvvəlki işinə bərpa edilməsi ilə bağlı yazılı şikayətlər etmişdir. Yazılı müraciətlərinə rəsmi cavab almadığı üçün, müddəti ötürmədən 2022-ci ilin sentyabr ayında cavabdehə qarşı iki ayrı-ayrı iddianı Bakı İnzibati Məhkəmənin dəftərxanasına təqdim etmişdir. Həmin vaxt üçüncü nüxsə olmadığından iddianın qəbul edilməsi haqda dərkənar qoyulmayıb. İddianın biri məhkəmədə icraata qəbul olunmuşdur, digəri isə yoxa çıxmışdır. İddianın qəbul olunmadığı barədə 2023-cü ilin yanvar ayında məlumatı olub, məcbur olub 2023-ci ilin yanvar ayında ailənin vasitəsi ilə təkrarən məhkəməyə iddia verilmişdir. İddiaçı 06 oktyabr 2022-ci ildən xx.xx.2023-cü ilə qədər cəzaçəkmə müəssisəsində həbsdə olmuşdur. İddiaları ilə bağlı təyin olunmuş məhkəmə iclasında iştirakı üçün həyat yoldaşı tərəfindən məhkəməyə yazılı müraciət verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirakı təmin olunmayıb. Cəzaçəkmə müəssisəsində olduğu dövrdə heç bir müraciəti və şikayəti qəbul olunmayib, bununla əlaqədar həyat yoldaşı dəfələrlə Ədliyyə Nazirliyinə, Ombudsmana və Novella Cəfəroğluna yazılı surətdə şikayət edib. Onun tərəfindən həyat yoldaşına etibarnamə verilməsi təmin olunmayıb. Cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra məhkəmə iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırmadan iddiası üzrə toplanmış materiala yalnız bir dəfə xx.xx.2023-cü il tarixdə baxaraq iddianı əsassız olaraq icraata qəbul etməmiş, iddianın buraxılmış müddətinin nəzərə alınması ilə bağlı vəsatətini isə qərəzli olaraq təmin etməmişdir. Belə ki, iddiaçı işdən qanunsuz azad olunması haqda verilmiş əmrin ləğvi ilə bağlı Müdafiə Nazirliyinə vaxtında müraciət etmiş və birinci iddiası sentyabr ayında inzibati məhkəmyə təqdim olunub. Bu müraciətləri ilə bağlı müddət ötürülmüş sayılırsa, bu müddət aşağıdakı səbəblərdən üzürlü sayılmalıdır. Avqust, sentyabr ayında Müdafiə Nazirliyi tərəfindən təqibə məruz qalmış, hərbçi olmadığı halda Müdafiə Nazirliyinin sifarişi ilə hərbi məhkəmə prosesi başlanılıb və 6 oktyabr 2022-ci ildək davam etdirilib. 06 oktyabr 2022-ci ildən 06 aprel 2023-cü ilədək həbsdə olmuşdur. Həbsdə olduğu dövrdə məhkəmələrdə iştirakı təmin olunmayıb, həyat yoldaşına etibarnamə verə bilməmişdir. Heç bir müraciəti və şikayəti həbsdə olduğu dövrdə qəbul olunmayıb. Onun iddiasının müddətini üzürlü səbəbdən buraxmağı ilə bağlı olduqca mötəbər sübutlarım olmasına baxmayaraq, bu haqda vəsatəti təmin olunmayıb. Buraxılmış iddia müddətinin üzürlü sayılması ilə bağlı məhkəməyə təqdim etdiyi vəsatəti təmin olunmalıdır və iddiaya məhkəmədə mahiyyəti üzrə baxılmalıdır. Bununla da iddiaçının məhkəməyə müraciət hüququ, məhkəməyə iddia vermək hüququ təmin edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6311/2023 nömrəli 19 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 17 iyun 2022-ci il tarixli 0499 nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq N nömrəli hərbi hissənin Döyüş Hazırlığı İdarəsinin Motoatıcı qoşunların hazırlığı şöbəsinin rəisi-idarə rəisinin müavini polkovnik İddiaçı tutduğu vəzifədən azad edilmiş və Milli Müdafiə Universiteti Rektorunun tədris üzə müavini vəzifəsinin icrasına buraxılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin İşlər İdarəsi “X1” kitabından olan çıxarışdan görünür ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdə tanış olmuş və həmin kitaba bu barədə imza etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 01 avqust 2022-ci il tarixli 0633 nömrəli əmrindən çıxarışdan görünür ki, xidməti zərurətlə əlaqədar olaraq Milli Müdafiə Universiteti rektorunun tədris üzrə müavini vəzifəsini icra edən polkovnik İddiaçı vəzifənin icrasından azad edilmiş və Milli Müdafiə Universiteti Rektorunun Sərəncamına çıxarılmışdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli əmrini mübahisələndirir. Məhkəmə sorğusuna əsasən cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə nazirinin Katibliyinin İşlər İdarəsi “X1” kitabından olan çıxarışdan görünür ki, iddiaçı mübahisələndirdiyi xx.xx.2022-ci il tarixli əmrlə xx.xx.2022-ci il tarixdə tanış olmuş və həmin kitaba bu barədə imza etmişdir. Bundan sonra iddiaçı təyin olunduğu hərbi hissəyə getmişdir. Lakin iddiaçının hazırki iddia ərizəsi xx.xx.2023-cü il tarixdə rabitə orqanına verilmiş, iddia ərizəsi məhkəməyə xx.xx.2023-cü il tarixdə daxil olmuş və nəticədə iddiaçı həmin iddia müddətini ötürmüşdür. İddiaçı apellyasiya şikayətində qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi əmrin ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. Məhkəmə kollegiyası iddia tələbinin ikinci hissəsi ilə bağlı isə qeyd edir ki, iddiaçının tələbinin həmin hissəsi ilə bağlı cavabdeh orqana müraciət etməsi müəyyən edilmir. Digər tərəfdən iddia ərizəsindən görünür ki, iddiaçı cavabdehdən kompensasiya tələb edərkən bu hissədə tələbini onunla əsaslndırmışdır ki, cavabdeh tərəfindən səhhəti barədə sosial şəbəkələrə yalan məlumatlar verilmişdir. Yəni iddiaçının kompensasiya (mənəvi zərər) tələbi onun tələbinin birinci hissəsində mübahisələndirdiyi əmrlə bağlı olmamışdır. Belə olan halda iddiaçı hər iki tələbin bir iddia ərizəsində birləşdirilməsinin hüquqi imkanını da əsaslandırmamışdır. Göründüyü kimi, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6311/2023 nömrəli 19 may 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar