Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2708/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “aktiv döyüş əməliyyatlarında iştirakının 1 ayının 3 ay kimi hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5839/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirakının bir ayının üç ay olmaqla hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Ordusunun polkovnikleytenant rütbəli istefada olan zabiti, hərbi təyyarəçidir. 1985-2014-cü illər ərzində SSRİ və Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2014-cü il tarixində Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmış, hazırda istefadadır. Birinci Qarabağ müharibəsi zamanı, 1993-1994-cü illərdə Hərbi Hava Qüvvələrində torpaqların Ermənistan Silahlı Qüvvələrinin işğalından azad olunması zamanı aktiv döyüş əməliyyatlarında “Su-24 MR” təyyarəsində pilot qismində döyüş uçuşları etmişdir. Həmin aylar pensiyasına hesablanarkən 1 ay 3 ay əvəzinə 2 ay kimi nəzərə alınmış, nəticədə ona az pensiya hesablanmışdır. Qanunvericiliyə görə pensiya təyinatı zamanı döyüş əməliyyatlarında iştirak etdiyi müddət güzəştli şərtlərlə, yəni həmin dövrdə qüvvədə olmuş qanunvericliyə görə güzəştli xidmətin bir ayı üç ay olmaqla hesablanmalıdır. Bununla bağlı cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh qurumdan daxil olmuş xx.xx.2023-cü il tarixli imtina məktubunda qeyd olunur ki, hərbi xidmətdə olduğu Hərbi Hava Qüvvələrinə aid olan 115, N və N nömrəli hərbi hissələr döyüş şəraitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edilmədiyinə görə, bu hərbi hissələrdə xidmət illərinin bir ayı üç ay kimi sayılmamışdır. Lakin onun Uçuş Kitabçasında olan məlumatlara əsasən xx.xx.1993-cü il tarixində 40 dəqiqə, xx.xx.1994-cü il tarixində 37 dəqiqə, xx.xx.1994-cü il tarixində 30 dəqiqə, xx.xx.1994-cü il tarixində 1 saat 09 dəqiqə, xx.xx.1994-cü il tarixində 43 dəqiqə, xx.xx.1994-cü il tarixində 37 dəqiqə, xx.xx.1994-cü il tarixində 38 dəqiqə, xx.xx.1994-cü il tarixində 35 dəqiqə, xx.xx.1994-cü il tarixində 38 dəqiqə, xx.xx.1994-cü il tarixində 01 saat 02 dəqiqə, xx.xx.1994-cü il tarixində 27 dəqiqə və xx.xx.1994-cü il tarixində 33 dəqiqə döyüş bölgələrinə həyata keçirdiyi 13 uçuş gününün bir günü üç gün kimi nəzərə alınmaqla ümumi xidmət illərinə əlavə edilməsi məqsədə uyğun hesab edilmişdir. Qeyd edilən 13 günün birinci və ikinci qatları daha öncə hesablanaraq 30 il 10 ay 25 gün təşkil etmiş, iddiaçının ümumi xidmət illərinə artıq nəzərə alındığından bu müddətin yalnız bir qatı əlavə edilməklə ümumi xidmət illəri 30 il 11 ay 08 gün təşkil etmişdir. Cavabdehin mövqeyini qanunsuz və əsassız hesab etdiyindən məhkəməyə iddia ərizəsi ilə müraciət edir. 1993-1994-cü illərdə Hərbi Hava Qüvvələrində aktiv döyüş əməliyyatlarında “Su-24 MR” təyyarəsində pilot qismində cəbhə bölgəsinə döyüş uçuşları etmişdir. Lakin cavabdeh tərəfindən iddiaçının xidmət illəri hüsablanarkən həmin müddət düzgün hesablanmamışdır. İddiaçının güzəştli xidmət dövrünün bir ayının üç ay kimi hesablanması hüququnu qazandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun iş stajının hesablanmasında güzəştləri nəzərdə tutan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasına əsasən, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə iş stajına daxil edilirdi. İddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi xidmət müddətinin bir ayının üç ay olaraq hesablanması tələb etmək qanunla müəyyən olunmuş hüququdur. Cavabdehin bundan imtina edərək yalnız uçuş dəqiqələrini nəzərə alaraq həmin müddəti günlərlə hesablaması isə əsassızdır. Cavabdeh öz qanunsuz imtina məktubunda özünü təkzib edir. Belə ki, həmin imtina məktubunda cavabdeh qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu Hərbi Hava Qüvvələrinə aid olan 115, N və N nömrəli hərbi hissələr döyüş şərəitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edimədiyindən bu hərbi hissələrdə xidmət illərininin bir ayı üç ay kimi sayılmamışdır. Digər tərəfdən həmin məktubda qeyd edilir ki, 13 günün birinci və ikinci qatları iddiaçıya əvvəllər hesablanaraq 30 il 10 ay 25 gün təşkil etmiş ümumi xidmət illərinə artıq nəzərə alındığından bu müddətin yalnız bir qatı əlavə edilməklə ümumi xidmət illəri 30 il 11 ay 08 gün təşkil edir. Əgər iddiaçının xidmət etdiyi hərbi hissələr döyüş əməliyyatlarına cəlb olunmamışdırsa, cavabdeh tərəfindən iddiaçının həmin hərbi hissələrdən döyüş bölgəsinə etdiyi döyüş uçuşlarının müddətinin birinci və ikinci qatlarının ümumi xidmət illərinə nəzərə alınması məntiqsizdir. Əgər cavabdeh həmin müddətin birinci və ikinci qatlarını ümumi xidmət illərinə artıq nəzərə almışdırsa, deməli qanunvericilik buna imkan verir. Bundan başqa, heç bir hərbi hissə komandiri özbaşına olaraq döyüş təyyyarəsinin döyüş bölgəsinə uçuşlar etməsinə göstəriş verə bilməz, yaxud heç bir təyyarəçi özbaşına olaraq dislokasiya olunmuş aerodromdan döyüş təyyarəsini havaya qaldıraraq döyüş bölgəsinə döyüş uçuşları edə bilməz. Müdafiə Nazirliyinin müvafiq əmrləri olmuşdur və həmin əmrlərə uyğun olaraq da iddiaçının xidmət keçdiyi hərbi hissə komandirləri qərarlar qəbul etmiş, müvafiq əmrlər verilmiş, o da həmin əmrlərə uyğun olaraq döyüş bölgəsinə döyüş uçuşları etmişdir. Cavabdeh iddiaçının müraciəti zamanı heç bir araşdırma aparmamış, müvafiq əmrləri arxivdən tələb etməmiş, yalnız formal olaraq müraciətdən imtina etmişdir. Ümumiyyyətlə, aviasiya hərbi hissələri düşmənin quru qoşunlarının düzülüşünün operativtaktiki dərinliyində elə yerləşdirilir ki, düşmənin silahlanmasında olan raket vasitələri onların aviasiyasını məhv edə bilməsin. “Uçuş kitabı” təyyarənin idarə edilməsi və döyüşdə tətbiqinə dair qeydlərin aparılması məqsədilə hər bir təyyarəçi üçün ayrıca aparılır. Həmin kitabda qeydlər təyyarəçi tərəfindən aparılmaqla müvafiq vəzifəli şəxs tərfindən imzalanır və hərbi hissənin gerb möhürü ilə təsdiqlənir. “Uçuş kitabı” ciddi uçot blankı olmaqla hərbi hissənin qərargahında saxlanılır. İddiaçının kitabçasında aparılmış qeydlər müvafiq vəzifəli şəxslər tərəfindən imza və möhürlə təsdiqləndiyindən məhkəmə üçün mötəbər sübut sayılır. Həmin kitabda aydın şəkildə iddiaçının hansı tarixlərdə və istiqamətlərdə döyüş uçuşları etdiyi qeyd olunmuşdur. Digər tərəfdən, cavabdeh tərəfindən təyyarənin yalnız havada olma müddətinin hesablanması da düzgün olmayan bir mövqedir. Çünki Hərbi Hava Qüvvələrinin 115, N və N nömrəli hərbi hissələri 1993-1994cü illərdə daima döyüşə hazır vəziyyətdə olaraq Müdafiə Nazirliyi Baş Qərargahının və Hərbi Hava Qüvvələri Komandanlığının göstərişlərinə əsasən döyüş tapşırıqlarının icrası ilə məşğul olmuşdur ki, həmin dövrdə onun “Su-24 MR” təyyarəsində pilot qismində etdiyi döyüş uçuşları da buna sübutdur. Güzəştli xidmət dövrünün bir ayının üç ay kimi hesablanması hüququnu qazandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarında döyüş əməliyyatlarında iştirak dövrləri xidmətin bir ayı üç ay sayılmaqla nəzərə alınması müəyyən edilmişdir. Cavabdeh həmin müddəti əvvəlcə dəqiqələrlə, sonra isə günlərlə hesablayaraq faktiki olaraq həmin dövrdə qüvvədə olmuş qanunvericilyin tələblərini kobud şəkildə pozmuşdur. Cavabdehin imtinası qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) 2-1(112)-5839/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirakının bir ayının üç ay olmaqla hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı aktiv döyüş əməliyyatlarında iştirakının 1 ayının 3 ay hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilmiş, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə iddiaçının 1993- 1994-cü illərdə aktiv döyüş əməliyyatlartında iştirakının bir ayının üç ay olmaqla hesablanması öhdəliyinin qoyulması qərara alınmışdır. İddiaçı iddia ərizəsində 1993-1994cü illərdə aktiv döyüş əməliyyatlarında iştirakının bir ayının üç ay olmaqla hesablanmasına dair cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul etməsini xahiş etmişdir. Cavabdeh təşkilatın iddia tələbinin təmin edilməməsinə dair gətirdiyi əsas arqument ondan ibarətdir ki, iddiaçının xidmət etdiyi Hərbi Hava Qüvvələrinə aid olan 115, N və N nömrəli hərbi hissələr döyüş şəraitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edilmədiyinə görə, iddiaçının xidmət illərinin bir ayının üç ay kimi hesablanmasından imtina olunmuşdur. Məhkəmə qeyd olunan qərarında “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının tələblərində güzəştli xidmət dövrünün bir ayının üç ay kimi hesablanması təsbit edildiyini əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Qərar əsassızdır və ləğv olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir, 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir, 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər-Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların 2-ci bəndində isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanlar tərəfindən bu bənddə göstərilən pul təminatından hesablanır. Qüvvədən düşmüş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Qanun qəbul edilənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260- İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüsən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti - üçqat ölçüdə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının 1 iyul 2005-ci il tarixədək qüvvədə olmuş redaksiyası). Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla; - Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri. Həmin qərara əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 30 aprel 2024-cü il tarixli 1289 nömrəli arxiv arayışına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı qovluğunda iddiaçının xidmət etdiyi 115, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilməmişdir. Qeyd olunan arxiv arayışında iddiaçının xidmət etdiyi 115, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı etmədiyi qeyd olunmuşdur. İddiaçının xidmət etdiyi 115, N və N nömrəli hərbi hissələr yarandığı gündən hərbi qulluqçularına pul təminatı ümumi qaydada, yəni bir qat hesablanaraq ödənilmişdir. Qanunvericiliyin tələblərinə əsasən Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi dövrləri xidmətin bir ayı üç ay sayılmaqla güzəştli şərtlərlə staja aid edilir. Belə ki, iddiaçının xidmət etdiyi 115, N və N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı etmədiyi üçün onun iddia etdiyi 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirak etdiyi dövrün bir ayının 3 ay kimi hesablanması qeyd olunan qərarlara ziddir. İddiaçı uçuş heyəti olduğu üçün onun “Uçuş kitabçası”na əsasən xx.xx.1993-cü il tarixdə 40 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 30 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 09 dəqiqə, xx.xx.1994-cü il tarixdə 43 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994cü il tarixdə 35 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 02 dəqiqə, xx.xx.1994-cü il tarixdə 27 dəqiqə və xx.xx.1994-cü il tarixdə 33 dəqiqə döyüş bölgələrinə 13 uçuş həyata keçirmiş və bu da qanunvericilikdə nəzərdə tutulmuş qaydada hesablanmışdır. Məhkəmə iş materiallarına əlavə edilmiş arayışlara və məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanaraq düzgün nəticəyə gəlməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmadan iddiaçının iddia ərizəsinin təmin edilməsi barədə qərarı maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Həmçinin səhv nəticəyə gəlməklə qanunvericiliyin tələblərini pozmuşdur. Həmçinin Bakı İnzibati Məhkəməsi tərəfindən qəbul edilmiş qərar qanunvericiliyin tələblərinə ziddir. İddiaçı barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən qərar qəbul edilərkən qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan, məhkəmə qərarının ləğvi üçün əsasdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarına, habelə Müdafiə Nazirliyinin “Döyüş şəraitində olan hərbi hissə və bölmələrin tərkibinin müəyyənləşdirilməsi haqqında” əmrlərinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak etmiş hərbi hissələrdə xidmət etmiş, həmçinin bu hərbi hissələrə xidməti tapşırıqla ezam edilmiş hərbi qulluqçuların xidmət illəri güzəştli qaydada sayılır. Sizin hərbi xidmətdə olduğunuz Hərbi Hava Qüvvələrinə aid olan 115, N və N nömrəli hərbi hissələr döyüş şəraitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edilmədiyinə görə, bu hərbi hissələrdə xidmət illərinizin bir ayı üç ay kimi sayılmamışdır. Lakin təqdim etdiyiniz Uçuş kitabçanızın kserosurətində olan məlumatlara əsasən Sizin xx.xx.1993-cü il tarixdə 40 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 30 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 09 dəqiqə, xx.xx.1994cü il tarixdə 43 dəqiqə, xx.xx.1994-cü il tarixdə 37 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 35 dəqiqə, xx.xx.1994-cü il tarixdə 38 dəqiqə, xx.xx.1994cü il tarixdə 38 dəqiqə, xx.xx.1994-cü il tarixdə 01 saat 02 dəqiqə, xx.xx.1994-cü il tarixdə 27 dəqiqə və xx.xx.1994-cü il tarixdə 33 dəqiqə döyüş bölgələrinə həyata keçirdiyiniz 13 uçuş gününün bir günü üç gün kimi nəzərə alınmaqla ümumi xidmət illərinizə əlavə edilməsi məqsədəuyğun hesab edilmişdir. Qeyd edilən 13 günün birinci və ikinci qatları Sizə daha öncə hesablanaraq 30 il 10 ay 25 gün təşkil etmiş ümumi xidmət illərinizdə artıq nəzərə alındığından, bu müddətin yalnız bir qatı əlavə edilməklə ümumi xidmət illəriniz 30 il 11 ay 08 gün təşkil edir. İş materiallarında olan xx.xx.1998-ci il tarixli M\V seriyalı 015215 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Sıravi İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.1992-ci il tarixli 01299 nömrəli əmrinə əsasən “leytenant” hərbi rütbəsi verilərək pilot vəzifəsinə təyin olunduğundan N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 42 nömrəli əmrilə xx.xx.1992-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xidməti vəzifəsinin icrasına buraxılmışdır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli 64 nömrəli əmrində məğbulun nəticəsinə əsasən, leytenant İddiaçı A-29 təyyarəsində uçuşa icazə verilməsi barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 63 nömrəli əmrilə pilot, leytenant İddiaçı xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək N nömrəli hərbi hissəyə yuxarı komandanlığın tapşırığını yerinə yetirmək üçün ezamiyyətə göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 80 nömrəli əmrində pilot, leytenant İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək xidməti vəzifəsinin icrasına buraxılması barədə məlumat vardır. Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.1993-cü il tarixli 0157 nömrəli əmrinə əsasən, pilot, leytenant İddiaçı N nömrəli hərbi hissədə baş şturman vəzifəsinə təyin olunduğundan N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 95 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatlardan çıxarılaraq xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissəyə göndərilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 164 nömrəli əmrilə xx.xx.1993-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq xx.xx.1993-cü il tarixdən baş şturman vəzifəsinin icrasına başlamış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 183 nömrəli əmrində xx.xx.1993-cü il tarixdən xx.xx.1993-cü il tarixədək baş leytenant İddiaçı N nömrəli hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 202 nömrəli əmrində baş leytenant İddiaçı ezamiyyətdən qayıtmış hesab edilərək xx.xx.1993-cü il tarixdən qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 213 nömrəli əmrində baş leytenant İddiaçı N №-li hərbi hissəyə ezamiyyətə göndərilərək xx.xx.1993-cü il tarixdən qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 240 nömrəli əmrində baş leytenant İddiaçı N nömrəli hərbi hissəyə ezamiyyətə göndərildiyinə görə, qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli 240 nömrəli əmrində baş leytenant İddiaçı N nömrəli hərbi hissədən ezamiyyətdən qayıtmış hesab edilərək qazan təminatına qoyulması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 12 nömrəli əmrində baş leytenant İddiaçı şturman proqramist vəzifəsinə təyin olunması qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 nömrəli əmrində baş leytenant İddiaçı Bakı şəhərinə hospitala göndərildiyinə görə, xx.xx.1994-cü il tarixdən qazan təminatından çıxarılması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 39 nömrəli əmrilə baş leytenant İddiaçı Bakı şəhərindən, hospitaldan qayıtmış hesab edilərək xx.xx.1994-cü il tarixdən qazan təminatına qoyulmuşdur. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 60 nömrəli əmrində baş leytenant İddiaçı aviasiya eskadrilində SU-24 MR təyyarəsində baş şturman vəzifəsinə təyin olunması qeyd edilmişdir. N nömrəli hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 133 nömrəli əmrində SU-24 MR təyyarəsində 108-ci ekipajın tərkibində döyüş növbəsinə təyin olunması barədə məlumat vardır. N nömrəli hərbi hissə komandirinin xx.xx.1995-ci il tarixli 135 nömrəli əmrində baş leytenant İddiaçı SU-24 MR aviasiya təyyarəsində baş şturman vəzifəsinə təyin olunması qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin sərəncamında olan, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.1997-ci il tarixli 176 nömrəli əmrilə Türkiyə Respublikasının Hava Hərbi Akademiyasını xx.xx.1997-ci il tarixdə bitirmiş hesab edilərək hərbi hissənin aviasiya eskadriyasının şturmanı vəzifəsinə təyin olunmuşdur. N nömrəli hərbi hissə komandirinin 2010-cu il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2010-cu il tarixli 0443 nömrəli əmrinə əsasən, polkovnik-leytenant İddiaçı aviasiya komendantlığının (Sitalçay) rəisi vəzifəsinə təyin edildiyinə görə, N nömrəli hərbi hissə komandirinin xx.xx.2010-cu il tarixli 253 nömrəli əmrilə xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş hesab edilərək xx.xx.2010-cu il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınmış və vəzifəsinin icrasına başlamışdır. N nömrəli hərbi hissə komandirinin 2014-cü il tarixli nizami hissə üzrə əmrləri Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə daxil olmamışdır. N nömrəli hərbi hissə komandirinin 1992-1993-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri “aer. Sanqaçal”, Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N nömrəli hərbi hissə komandirinin 1993-2004-cü il tarixli əmrlərində hərbi hissənin dislokasiya yeri “Kürdəmir şəhəri”, N nömrəli hərbi hissə komandirinin 2010-cü il tarixli nizami hissə üzrə əmrlərində hərbi hissənin dislokasiya yeri “H.Zeynalabdin qəsəbəsi” yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yarandığı gündən döyüş əməliyyatlarında iştirak edən hərbi hissələrin siyahısı” qovluğunda 115, 411, N nömrəli hərbi hissələrin döyüş əməliyyatlarında iştirakı barədə məlumat qeyd edilməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 1995-2014-cü il tarixli əmrlərində 115, 411, N nömrəli hərbi hissələrin döyüş əməliyyatları şəraitində hesab edilməsi barədə məlumat aşkar olunmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji X2 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir.
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. 1-ci maddəsinin dördüncü hissəsinə əsasən müddətli xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin pensiya təminatı qaydası “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən düşmüşdür): 68-ci maddəsinə əsasən pensiya almaq hüququ verən iş stajına aşağıdakı dövrlər güzəştli şərtlə daxil edilir: döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə (xx.xx.2005-ci ilədək qüvvədə olmuşdur). “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarı:
2. Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı üç ay sayılmaqla: Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və müstəqilliyi uğrunda döyüş əməliyyatlarında iştirak dövrləri (1 iyul 2005-ci il tarixədək qüvvədə olmuşdur). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunlarının bəzi müddəalarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarında qeyd olunur:
1. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 1 sentyabr tarixli 728-İİQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək xidmət illərinə görə güzəştli şərtlərlə ömürlük pensiya hüququ əldə etmiş hərbi qulluqçulara pensiyanın təyin edilməsi həmin hüququn əldə edildiyi zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş tələblərə müvafiq həyata keçirilməlidir.
2. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 fevral tarixli Qanununun 20.14.1-ci maddəsi ilə hərbi qulluqçuların pensiyasına qulluq stajına görə əlavələr hesablanarkən “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının 1992-ci il 29 aprel tarixli Qanunu qüvvədə olduğu dövrdə hərbi xidmət və ya orqanlarda xidmət etmiş hərbi qulluqçulara hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmalıdır. İşin faktiki hallarından görünür ki, İddiaçı Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2014-cü ildə (hərbi rütbəsi polkovnikleytenant, təqvimi xidmət illəri 25 il 05 ay 05 gün, güzəştli xidmət illəri 06 il 06 ay 03 gün, cəmi 30 il 11 ay 08 gün) “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156-cı maddəsinin “b” bəndinə əsasən (yaşa görə) hərbi xidmətdən tərxis olunmuşdur (Məlumat vərəqi iş materiallarına əlavə edilmişdir, səh.57). İddiaçı 1993-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş, hərbi pilot kimi döyüş tapşırıqlarının yerinə yetirilməsi üçün hərbi uçuşlar həyata keçirmişdir. İddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı və vəsiqəsi verilmişdir. Cavabdeh iddiaçının 1993-1994-cü illər üzrə həyata keçirdiyi uçuş dəqiqələrini bir günü üç gün kimi nəzərə almaqla ümumi xidmət illərinə əlavə etmişdir. Hazırda iddiaçı bununla razılaşmayaraq 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirakının 1 ayının 3 ay kimi hesablanmalı olduğunu hesab edərək hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının xidmət etdiyi hərbi hissələrin döyüş şəraitində (döyüş bölgəsində) olan hərbi hissələr hesab edilmədiyini bildirsə də, iddiaçının döyüş bölgəsində hərbi əməliyyatlara cəlb edildiyini etiraf edərək iddiaçının uçuş günlərinin bir gününü üç gün kimi hesablamışdır. İddiaçının xidmət etdiyi hərbi hissələr Hərbi Hava Qüvvələrinə məxsus hərbi hissələr olduğundan həmin hərbi hissələrin döyüş bölgələrində yerləşməməsi düşmən tərəfindən hədəf alınmaması baxımından hərbi xidmətin tələblərinə uyğundur və cavabdehin həmin hala istinad etməsi əsassızdır. Sadalanan qanunvericilik normalarına əsasən isə iddiaçının döyüş bölgələrində döyüş tapşırığının icrası ilə bağlı həyata keçirdiyi uçuş vaxtları həmin dövrdə qüvvədə olan qanunvericiliyə görə hesablanmalıdır. İddiaçı 1993-1994-cü illərdə aktiv döyüş əməliyyatlarında iştirak etdiyi dövrdə qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 23 noyabr tarixli 631 nömrəli Qərarının tələblərinə əsasən güzəştli xidmət dövrünün bir ayının üç ay kimi hesablanması təsbit edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə r a r a a l d ı:
Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5839/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.