Məhkəmə qərarları › İş №2-1(103)-271/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-271/2021

08.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-271/2021 08.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Mursaqulov Vaqif Ənvər oğlundan və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçının vəkili Vəkil1 (fərdi fəaliyyət göstərən vəkil), cavabdehin nümayəndəsi X1 və üçüncü şəxs X6 iştirakları ilə, İddiaçı Rüstəm-zadə Cəbrayıl Cəfər oğlunun (12.10.1957-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2-1(81)-3244/2013 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı1 06.08.2013-cü il tarixdə cavabdeh AR ƏMDK yanında DƏDRX-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının əsassız hesab edilməsi və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 saylı 0,02 ha torpaq sahəsində və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 156 saylı 0,06 ha torpaq sahəsində tikilmiş fərdi yaşayış evinin onun adına ilkin qeydiyyata alınması, fərdi yaşayış evinə dair dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (iddia ərizəsi nümayəndəsi Ş.N.Rəfiyev (1 saylı Hüquq Məsləhətxanasının vəkili) tərəfindən imzalanmışdır). 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18.10.2013-cü il tarixli 2inz(81)- 3244/2013 saylı qərarı ilə (hakim S.Alıyeva) iddia tələbi təmin edilmişdir. 05.12.2013-cü il tarixli məktub ilə qərar icra olunması üçün cavabdehə göndərilmişdir. Sonradan maraqlı şəxs X11 12.05.2016-cı il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, 18.10.2013-cü il tarixli qərar onun maraqlarına toxunduğundan, onun iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini, qərarın ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Məhkəmənin 26.07.2016-cı il tarixli qərardadı ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verilmişdir. 14.12.2018-ci il tarixdə iddiaçının nümayəndəsi X7 ərizə verərək, işin məcburi icra olunmasını xahiş etmişdir. Məhkəmənin 19.12.2018-ci il tarixli məktubu ilə iddiaçının nümayəndəsi B.Yusubova bildirilmişdir ki, maraqlı şəxs A.Bağırzadənin ərizəsi əsasında 07.06.2016-ci il tarixli qərardadla 18.10.2013-cü il tarixli qərar ləğv edilmiş, işə baxılması təzələnmiş, 26.07.2016cı il tarixli qərardad ilə iddia geri götürülmüş sayılaraq, iş üzrə icraata xitam verildiyindən həmin qərarın məcburi icrası mümkün deyil. İddiaçının nümayəndəsi ərizə verərək, həmin qərardadların ona təqdim edilməsini xahiş etmişdir. Məhkəmənin 01.04.2019-cu il tarixli məktubu ilə iddiaçının nümayəndəsi X3 26.07.2016-cı il tarixli qərardad göndərilmiş və həmçinin bildirilmişdir ki, iş üzrə qəbul edilmiş 07.06.2016-cı il tarixli qərardad iş materiallarında mövcud olmadığından, onun təqdim edilməsi mümkün olmamışdır. Sonradan iddiaçının nümayəndəsi X4 ərizə verərək, məhkəmənin 07.06.2016-cı il tarixli və 26.07.2016-cı il tarixli qərardadlarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və məhkəmənin 03.06.2019-cu il tarixli məktubu ilə iddiaçıya bildirilmişdir ki, həmin qərardadların ləğv edilməsi barədə apellyasiya şikayəti ilə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edə bilər. İddiaçının nümayəndəsi X4 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2016-cı il və 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadlarından apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1964/2019 saylı, 31.07.2019-cu il tarixli qərardadı ilə (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) iddiaçının nümayəndəsi İ.Rüstəmzadənin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.06.2016-cı il və 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadlarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və apellyasiya şikayətinin qəbulundan imtina edilmişdir. İddiaçı daha sonra prosessual müddətin bərpasına dair ərizə verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətinin bərpası barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası MPM-nin 134.1.5-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını məhkəmə iştirak edən şəxslərə rəsmi qaydada verməlidir. Lakin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli qərardadı qanunla müəyyən edilmiş qaydada iddiaçı tərəfə təqdim edilməmişdir.Belə ki, məhkəmə iclasının 26.07.2016cı il tarixinə təyin edilməsi, eləcə də 26.07.2016-cı il tarixli qərardadın qəbul edilməsi barədə iddiaçıya hər hansı bir məlumat verilməmişdir. 26.07.2016-cı il tarixli qərardadı iddiaçının nümayəndəsi və vəkili iş materialları ilə tanış olduqdan sonra 18 mart 2020-ci il tarixdə əldə edib. “M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 29 aprel 2014-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinin mənasına uyğun olaraq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinin “Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz” müddəası həmin Məcəllənin 55.3-cü maddəsi əsasında qəbul edilən qərardaddan apellyasiya şikayətinin verilməsi hüququnu məhdudlaşdıran norma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1151/2020 saylı, 09.06.2020-ci il tarixli qərardadı ilə (hakimlər M.Tağızadə, Ü.Mayılov, X.Cəmilova) İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinə qarşı çıxarışın və texniki pasportun verilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016cı il tarixli, 2inz(81)-3244/2013 saylı qərardadından iddiaçının apelyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpası barədə ərizəsi təmin olunmamışdır. 27.07.2020-ci il tarixdə iddiaçı qərardaddan kassasiya şikayəti vermiş, AR Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-1733/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova, İ.Hüseynov,K.Bədəlov) İddiaçının kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 09.06.2020-ci il tarixli, 2-1(103)-1151/2020 nömrəli qərardadı ləğv edilmiş, iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İnzibati iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Aida Hüseynin icraatına verilmiş, üçüncü şəxs X11 tərəfindən məhkəmə tərkibinə etiraz verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-271/2021 saylı, 15.02.2021-ci il tarixli qərardadı ilə (Bakı Apellyasiya Məhkəməsinin sədri vəzifəsini icra edən hakim E.Rəhimov) hakimlər Hüseyn Aida Əli qızı, X5 və X2 ibarət məhkəmə tərkibinə edilmiş etiraz təmin edilmişdir. İnzibati iş hakim E.Nağıyevanın icraatına verilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxs ərizəyə etiraz edərək, onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili ərizəni müdafiə etdiyini, lakin müddətin bərpasına ehtiyac olmadığını, çünki Ali Məhkəmənin qərarında müddətin buraxılmamış hesab edilməsinin birmənalı qeyd edildiyini, sədrlik edənin sualına cavab olaraq iddiaçının isə hazırda Kanadada olduğunu bildirdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, müddət buraxılmamış hesab edilməli, iddiaçının apellyasiya şikayəti mümkün hesab edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hazırkı iş üzrə aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İPM-nin 20.3-cü maddəsinə görə məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Həmin Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 135.5-ci maddəsinə əsasən, bu Məcəllənin 135.2ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən, fiziki şəxslər tərəfindən verilmiş etibarnamələr notariat qaydasında, yaxud etibar edənin oxuduğu və ya işlədiyi hüquqi şəxsin rəhbərliyi, etibar edənin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əhalinin sosial müdafiəsi müəssisəsi tərəfindən, etibar edənin müalicə olunduğu xəstəxana və ya digər stasionar müalicə-profilaktika müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsi ciddi prosessual pozuntulara yol vermişdir. Belə ki, birinci instansiya məhkəməsi iddiaçıya məlumat vermədən X8 inzibati iş üzrə üçüncü şəxs qismində cəlb etsə də, iş materiallarında “inzibati işə üçüncü şəxsin cəlb edilməsi” barədə qərardad və müvafiq məhkəmə iclas protokolu əlavə edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən 26.07.2016-cı il tarixli qərardad iddiaçının nümayəndəsi İ.İddiaçı1 22.06.2019-cu il tarixində təqdim olunmuş, sonuncu da həmin qərardaddan 01.07.2019-cu il tarixində, yəni qanunvericiliklə qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş 10 gün müddətində şikayət verdiyindən iddiaçı tərəfindən prosessual müddət ötürülməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2- 1(81)-3244/2013 saylı qərardadından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilməlidir. Məhkəmə Kollegiyası qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, iş materiallarında X6 “inzibati işə üçüncü şəxsin cəlb edilməsi” barədə qərardad və müvafiq protokol mövcud olmamaqla yanaşı, iddiaçınıın 26.07.2016-cı il tarixli qərardadın qəbul edilməsi barədə məhkəmə iclaslarından məlumatı olmamışdır. İş materiallarında iddiaçının ünvanına göndərilmiş məhkəmə bildirişlərinin onun tərəfindən alınması təsdiq edən xəbərnamə və ya hər hansı sübut mövcud deyil. Beləliklə, iddiaçının məhkəmə iclasları barədə məlumatının olması öz təsdiqini tapmadığından və həmin qərardadın iddiaçının iştirakı olmadan qəbul edildiyindən məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən qərardad ləğv edilməlidir. Azərbaycan Respublikası İPM-nin 87.7-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməmiş hesab edilməli, iddiaçının apellyasiya şikayəti mümkün hesab edilməli, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3244/2013 saylı , 26.07.2016-cı il tarixli qərardadı ləğv edilməli və inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Rüstəm-zadə Cəbrayıl Cəfər oğlunun 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddət ötürülməmiş hesab edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2-1(81)-3244/2013 nömrəli qərardadından iddiaçı Rüstəm-zadə Cəbrayıl Cəfər oğlu tərəfindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilsin. İddiaçı Rüstəm-zadə Cəbrayıl Cəfər oğlunun apellyasiya şikayəti qismən təmin edilsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 26.07.2016-cı il tarixli, 2-1(81)-3244/2013 saylı qərardadı ləğv edilsin. İnzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar