Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-271/2022 15.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3160/2021 saylı 01.07.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Zəngilan rayonundan məcburi köçkün kimi gəldiyi üçün iddiaçıya məcburi köçkün statusunun verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1993-cü ildən məcburi köçkün kimi Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Sənədləri orda qaldığı üçün illərlə həmin sənədləri bərpa etdirə bildirmirdi. O, ailə üzvlərini itirdiyi üçün 8 yaşına kimi digər şəxslər ona baxmış, böyütmüşlər. Hazırda bütün sənədlərini bərpa etdirsə də, məcburi köçkün düşməsi ilə bağlı sənəd əldə edə bilməmişdir. Həmçinin digər sənədlərlə onun xx.xx.1978-ci il tarixdə Ermənistan, Mehri rayonunda doğulduğu müəyyən edilir. Valideynlərini Ermənistan, Mehri rayonunda itirmişdir. 5 yaşı olanda atası X4, 1988-ci ildə isə anası X1 itirmişdir. Sənədləri Ermənistanın Mehri rayonunda qalıb. O, 1988-ci ildə Ermənistan, Mehri rayonundan Zəngilan rayonuna məcburi köçkün kimi gəlmişdir. 1993-cü ildə Bakı şəhərinə məcburi kökçün kimi gəlmişdir. Bakı şəhərinə gələndən sonra özbaşına qalmış, 15 yaşı olandan sonra isə xalası onu saxlamışdır. 3 dəfə həbs olunmuş, ona görə sənədlərini ala bilməyib. 2010-cu ildə ondan sənədləri tələb olunanda sənədlərini bərpa etdirməyə başlamışdır. Azərbaycan Respublikası Miqrasiya Xidmətindən verilən arayışa əsasən onun Azərbaycan Respublikası vətəndaşı olduğu təsdiq edilmişdir. Buna görə də, o, həmin sənədləri bərpa etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin qərarı ilə doğum haqqında şəhadətnaməsi bərpa edilmişdir. Sənədlərini bərpa etdikdən sonra məcburi köçkün statusu almaq üçün Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət etsə də, onlar bildirmişlər ki, Zəngilan rayonundan məcburi köçkün düşmə faktının təsdiq olunması üçün sənədlər yetərli deyil. Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında Azərbaycan Respublikası qanununa əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-3160/2018 saylı 01.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: E.Əliyev) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin mümkün sayılmaması barədə yeni qərardad qəbul olunmasını xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Komitənin 01/13655 nömrəli 23.10.2019-cu il tarixli məktubu əsasında İddiaçı cavabdeh Komitəyə qarşı “köçkün statusunun verilməsi” iddia tələbi ilə məhkəməyə müraciət etmiş, 30.01,2020-ci il tarixli hazırlıq icraatı ilə bağlı məhkəmə iclasında isə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 30.01.2020-ci il tarixli 2-1(112)-941/2020 nömrəli qərardadı ilə müvafiq ərizə təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə qarşı “köçkün statusunun verilməsi” tələbinə dair iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, iş üzrə icraata xitam verilmişdir. Qərardaddan rəsmi qaydada şikayət verilməmiş və müvafiq qaydada qüvvəyə minmişdir. Lakin sonradan İddiaçı cavabdeh Komitəyə qarşı iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət etmiş, müvafiq iddia ərizəsi isə Bakı İnzibati Məhkəməsinə 10.12.2020-ci il tarixdə daxil olmuşdur. Xüsusilə vurğulamaq lazımdır ki, iddiaçı müvafiq iddia ərizəsinə “maraqlı şəxsin məktubu” qismində Komitənin 01/13655 nömrəli 23.10.2019-cu il tarixli məktubunu əlavə etmiş, bununla yanaşı, Bakı İnzibati Məhkəməsi də 2-1(112)-3160/2021 nömrəli qərarında həmin məktuba istinad etmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iddiaçı Komitənin 01/13655 nömrəli 23.10.2019-cu il tarixli məktubundan məhkəmədə məcburetmə haqqında iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçının ilkin iddia ərizəsi 13.12.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə daxil olmuş, Bakı İnzibati Məhkəməsinin 30.01.2020-ci il tarixli qərardadı ilə iddia ərizəsi İddiaçı qaytarılmışdır. Sonrakı iddia ərizəsi isə Bakı inzibati Məhkəməsinə 10.12.2020-ci il tarixdə daxil olmuşdur. İddia ərizəsinin iddiaçıya qaytarılması barədə qərardadın qüvvəyə mindiyi məqamdan, Komitənin 01/13655 nömrəli 23.10.2019-cu il tarixli məktubundan məhkəmədə məcburetmə haqqında iddia qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş iddia müddətinin axımının yenidən başlandığını nəzərə alaraq, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsi ilə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ötürmüşdür. Buna baxmayaraq, Bakı İnzibati Məhkəməsi 2-1(112)-3160/2021 saylı 01.07.2021-ci il tarixli qərarında iddiaçının müvafiq iddia tələbinin mümkün hesab edilməməsinə əsas olan bu halı nəzərə almamış, işə mahiyyəti üzrə baxaraq təmin edilməsi barədə qərar qəbul etmişdir. Qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq, mümkünlük şərtlərini ödəməyən iddia tələbinə mahiyyəti üzrə baxılması isə yolverilməzdir. Qeyd olunanlarla yanaşı bildirilir ki, Bakı İnzibati Məhkəməsinə 10.12.2020-ci il tarixdə daxil olmuş iddia ərizəsi iddiaçı tərəfindən imzalanmamışdır. Belə ki, Bakı inzibati Məhkəməsinin 15.12.2020-ci il tarixli 2-1(112)-8264/2020 saylı sərəncamı ilə münasibətin (etirazın) bildirilməsi məqsədilə cavabdeh Komitəyə təqdim edilmiş iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması müəyyən olunmuşdur (sərəncam və iddia ərizəsinin surəti əlavə olunur). Müvafiq iddia ərizəsinin imzalanmaması ilə bağlı formal xətanın aradan qaldırılması məqsədilə müddət təyin edilməli və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalı idi. Formal xətalar aradan qaldırıldıqdan sonra, müvafiq iddia ərizəsinin surəti məhkəmə sərəncamı ilə birlikdə cavabdehə göndərilməli idi. Bakı İnzibati Məhkəməsinə 10.12.2020-ci il tarixdə daxil olmuş iddia ərizəsinin 15.12.2020-ci il tarixli sərəncam ilə cavabdehə göndərilməsindən, mümkünlük şərtlərinin ödənilməsi ilə əlaqədar formal xətaların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin həyata keçirilməməsi müəyyən olunur. İddia ərizəsindəki formal xətaların aradan qaldırılmaması isə iddianın mümkünlük şərtlərini ödəməməsinə səbəb olur. Yuxarıda yazılanlarla yanaşı diqqətə çatdırılır ki, İddiaçı ərizə ilə Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinə müraciət edərək, ona məcburi köçkün statusunun verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Komitə tərəfindən iddiaçının sözügedən müraciəti 23 oktyabr 2019-cu il 01/13655 nömrəli məktubla cavablandırılaraq bildirilmişdir ki, ərizəyə əlavə edilmiş sənədlər Zəngilan rayonundan məcburi köçkün düşmə faktının təsdiq olunması üçün yetərli olmadığından məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi imkan xaricindədir. Belə ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Göründüyü kimi, Komitə tərəfindən iddiaçının sözügedən müraciətinə cavab olaraq təqdim edilmiş 23 oktyabr 2019-cu il 01/13655 nömrəli məktub mahiyyət etibarı ilə imtina məktubu olaraq qiymətləndirilməməlidir. Belə ki, İddiaçı Qaydalarda məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi üçün müəyyənləşdirilmiş müvafiq sənəd toplusu ilə Komitəyə müraciət etməmiş və Komitə tərəfindən İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi ilə əlaqədar mahiyyət etibarı ilə heç bir imtina cavabı təqdim edilməmişdir, iddiaçı Qaydalarla müəyyən edilmiş müvafiq sənəd toplusunu Komitəyə təqdim etdikdən sonra, ona müvafiq qaydada məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi məsələsinə baxıla bilər. İddiaçı cavabdehdən imtina qərarını aldıqdan sonra və ya cavabdeh hərəkətsizlik etdiyi halda məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X5 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı İddiaçı apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı Zəngilan rayonundan məcburi köçkün kimi gəldiyi üçün iddiaçıya məcburi köçkün statusunun verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qeyd etmişdir ki, cavabdeh orqan imtina məktubunu İddiaçı ərizəyə əlavə etdiyi sənədlərin yetərli olmaması ilə əsaslandırmışdır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə İddiaçı 1988-ci il tarixdən Zəngilan rayonu işğal olunanadək, yəni 29.10.1993-cü il tarixədək Zəngilan rayonunda yaşaması faktı müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, inzibati icraat aparılarkən inzibati orqan tərəfindən İddiaçı məcburi köçkün statusunun verilməsi üçün əlavə hansı sənədlərin (sübütların) tələb olunması araşdırılmamış və imtina məktubunda bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddiaçının Zəngilan rayonundan məcburi köçkün olması iş materialları ilə öz təsdiqini tapdığından, həmçinin rayon işğal olunandək daimi olaraq başqa rayonda qeydiyyatda olmaması sübuta yetirilmədiyindən ona statusunun verilməməsi əsassız olmuş və iddiaçının hüquqlarını pozmuşdur, odur ki, hazırkı iddia əsaslıdır və təmin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə qanuni və əsaslı olmuşdur. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) — Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir; - 9-cu maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları qəbul edirlər. - 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir; - 12-ci maddəsinə əsasən, qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08.07.1999-cu il tarixli Fərmanının 2-ci bəndinə əsasən: - Qanunun 10-cu və 12-ci maddələrinin ikinci hissələrində nəzərdə tutulmuş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir; - Qanunun 1-ci maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin birinci hissəsində (ikinci halda), 12-ci maddəsinin birinci hissəsində (ikinci halda) nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi həyata keçirir. Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) – Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Həmin Qaydalara əsasən “Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi qəbul edir. Həmin Qaydaların 4.1.1-ci bəndinə əsasən sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün vəsiqəsi verilir. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnaməsinin 2.4-cü bəndinə əsasən Komitə qaçqınların və məcburi köçkünlərin miqrasiyasının tənzimlənməsində iştirak etmək vəzifəsini həyata keçirir. Həmin Əsasnaməsinin 3.6-cı bəndinə əsasən məskunlaşma yerləri üzrə qaçqınların və məcburi köçkünlərin uçotunun aparılmasını, onlar haqqında vahid informasiya bazasının yaradılmasını təşkil edir. Həmin Əsasnaməsinin 3.10-cu bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin miqrasiyasının səbəblərini təhlil edir, onun tənzimlənməsi üzrə təkliflər hazırlayır və səlahiyyətləri daxilində müvafiq tədbirlər görür. Həmin Əsasnaməsinin 3.11-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə qaçqınların və məcburi köçkünlərin miqrasiyası ilə bağlı işlərin həyata keçirilməsini təmin edir. Həmin Əsasnaməsinin 3.22-ci bəndinə əsasən qaçqınların və məcburi köçkünlərin şəhər və rayonlarda müvəqqəti yerləşdirilməsini və məskunlaşmasını planlı surətdə təmin etmək üçün onların mənzil-məişət problemləri üzrə layihələrə müvafiq dövlət orqanları ilə birlikdə baxılmasını təşkil edir. İstinad edilmiş normaların mənasında görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X8 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydaların müəyyən edilməsi üçün digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Məcburi köçkün statusunun verilməsi isə onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. İş materialları ilə müəyyən olunur ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-436/2020 saylı 05.11.2020-ci il tarixli qətnaməsinə əsasən ərizəçi İddiaçı 1988-ci il tarixdən Zəngilan rayonu işğal olunanadək, yəni 29.10.1993-cü il tarixədək Zəngilan rayonunda yaşaması faktının müəyyən edilməsi qət edilmişdir. İddiaçı ona və ailə üzvlərinə məcburi köçkün statusunun verilməsi barədə cavabdeh orqana müraciət etmiş, cavabdeh inzibati orqan 23.10.2019-cu il tarixli cavab məktubu ilə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. İmtinanın əsası kimi ərizədə əlavə edilmiş sənədlərlə Zəngilan rayonundan məcburi köçkün düşmə faktının təsdiq olunması üçün yetərli olmadığından ona və ailə üzvlərinə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi Komitənin imkan xaricində olması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati icraat aparılarkən inzibati orqan tərəfindən İddiaçı məcburi köçkün statusunun verilməsi üçün əlavə hansı sənədlərin tələb olunması araşdırılmamış və imtina məktubunda bu barədə iddiaçıya hər hansı məlumat verilməmişdir. Halbuki iddiaçının Zəngilan rayonundan məcburi köçkün olması iş materialları ilə öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə kollegiyası birinci instansiyanın gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh orqan tərəfindən iddiaçının müraciətindən imtina edilməklə iddiaçının göstərilən hüquqlarının və qanunla qorunan mənafelərinin pozulmasına yol verilmişdir.. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb edilməsi qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.1 və 19.2-ci bənd). Cavabdeh apelyasiya şikayətində iddia ərizəsinın iddiaçı tərəfindən imzalanmadığını qeyd etmişdir. Halbuki iş materiallarında olan iddia ərizəsindən görünür ki, ərizə iddiaçı tərəfindən imzalanmışdır. Bundan başqa cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, Komitənin 01/13655 nömrəli 23.10.2019-cu il tarixli məktubundan məhkəmədə məcburetmə haqqında iddia qaldırmaq üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə inzibati orqanın üzərinə məcburi köçkün statusunun verilməsi barədə öhdəliyin qoyulması nəzərdə tutulduğundan iddianın qaldırılması üçün hər hansı müddətin tətbiq olunması tələb olunmur. Həmçinin iddiaçı mütəmadi olaraq pozulmuş hüquqlarının bərpası üçün məhkəmələrdə iddia qaldırmış, inzibati orqana müraciət etmişdir. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 11 oktyabr 2018-ci il tarixli qərarı ilə İddiaçı ata adının “İrza” adı kimi qeyd edilərək, ona yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Zəngilan rayon qeydiyyat şöbəsinin üzərinə qoyulması qərara alınmışdır. İddiaçının məcburi köçkün statusunun verilməsi barədə müraciətinə cavab olaraq Azərbaycan Respublikası Qaçqınların və X8 üzrə Dövlət Komitəsi 23.10.2019-cu il tarixli 01/12655 saylı məktubla ərizəyə əlavə edilmiş sənədlərin Zəngilan rayonundan məcburi köçkün düşmə faktının təsdiq olunması üçün yetərli olmadığı səbəbindən ona və ailə üzvlərinə məcburi köçkün statusunu təstiq edən vəsiqənin verilməsindən imtina etmişdir. Daha sonra Zəngilan rayon məhkəməsinin 05.11.2020-ci il tarixli qətnaməsi ilə ərizəçi X3 1988-ci il tarixdən Zəngilan rayonu işğal olunandək, yəni 29.10.1993-cü il tarixədək Zəngilan rayonunda yaşaması faktı müəyyən edilmişdir. Sonra iddiaçı köçkün statusunun verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 30.01.2020-ci il tarixli 2-1(103)-941/2020 saylı qərardadı ilə İddiaçı ərizəsi təmin edilərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır.Sonradan İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh orqanın imtina məktubunda, eləcə də apelyasiya şikayətində göstərdiyi dəlillər iş materialları ilə öz təsdiqini tapmamaqla təkzib olunur və eyni zamanda cavabdeh orqan göstərdiyi dəlillərlə bağlı hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1 -ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il tarixli Qərar) Azərbaycan Respublikası İnzibati Prosessual 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianı təmin etməklə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apelyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Qaçqınların və X8 üzrə Dövlət Komitəsinin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3160/2021 saylı 01.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-271/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-271/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver