Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-271/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs "xxxx" MTK) “reyestrdə ilkin qeydiyyatın aparılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4179/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı “reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş, 2 girişli 16 mərtəbəli binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan, 3 otaqlı mənzilin üzərində onun mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında yerləşən, "xxxx" MTK tərəfindən inşa edilmiş, 2 girişli 16 mərtəbəli binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan 3 otaqlı mənzilin üzərində İddiaçı mülkiyyət hüquqlarının qabaqcadan (ilkin qeydiyyat) qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MTK ilə onun arasında rəsmiləşdirilmiş 10 fevral 2021-ci il tarixli müqaviləyə əsasən ünvan 1 binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan, 3 otaqlı mənzilin dəyəri onun tərəfindən tam olaraq ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 10 fevral 2021-ci il tarixli çıxarışa əsasən; "xxxx" MTK üzvlərinin ümumi yığıncağı keçirilmiş və o, həmin MTKnın payçısı hesab edilmişdir. 10 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, ünvan 1 binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv. metr olan, 3 otaqlı mənzilin dəyəri tərəfindən tam olaraq ödənilmişdir. 10 fevral 2021-ci il tarixli, № 10-21 saylı kassa mədaxil orderinin qəbzindən görünür ki, onun tərəfindən "xxxx" MTKnın hesabına 100.000 (bir yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür. Həmin mənzil onun istifadəsində və sahibliyində olduğu üçün xx.xx.2021-ci il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edərək, ünvan 1 binanın 1-ci girişinin 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 154.8 kv metr olan, 3 otaqlı mənzilin üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etmişdir. Lakin cavabdeh qurumun xx.xx.2021-ci il tarixli, **********82 saylı imtina məktubundan görünür ki, guya tərəfindən təqdim edilmiş hüquqmüəyyənedici sənədlərdə həmin mənzilin nömrəsi qeyd edilmədiyi üçün, ərizənin icrasından imtina edilmişdir. Qeyd edilən imtina məktubunda göstərilənlərlə razılaşmadığı üçün 22 oktyabr 2021-ci il tarixdə yenidən cavabdeh quruma müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Hesab edir ki, ərizənin cavabdeh qurum tərəfindən cavablandırılmaması və cavabdeh təşkilatın əvvəlki müraciəti ilə bağlı imtinası əsassızdır. Məhkəmənin 15 fevral 2022-ci il tarixli qərardadı ilə "xxxx" MTK 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Cavabdeh inzibati orqanın iddia ilə bağlı 04 fevral 2022-ci il tarixli **********86 saylı etirazında göstərilmişdir ki, iddiaçı tərəfindən İdarəyə təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzilin nömrəsi qeyd olunmadığı üçün daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. İdarə daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır, habelə təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4179/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilkin qeydiyyatla bağlı olduğundan binanın istismara qəbul aktının olmasına zərurət yoxdur. Bu hal ilkin qeydiyyatla bağlı deyil, mənzil üzərində mülkiyyət hüquqlarının tanınması ilə bağlı olduğu halda keçərli ola bilərdi. Mübahisəli mənzilə dair təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzilin nömrəsinin qeyd olunmaması ilə bağlı qeyd edir ki, həmin binada bir çox mənzillərə müvafiq çıxarış verildiyi və həmin çıxarışlar tərəflərindən məhkəməyə təqdim edildiyi üçün məhkəmənin bu mövqeyi doğru deyildir. Çünki binada hər hansı mənzilə müvafiq çıxarış verilibsə, həmin çıxarışda mənzilin nömrəsi, ünvanı, yerləşdiyi mərtəbə qeyd edilibsə, o zaman digər mənzillərin də nömrəsini, hüquqi ünvanını, mərtəbəsini müəyyənləşdirmək hər hansı çətinlik yaratmır. Cavabdeh qurum tərkibində ünvanlarla bağlı ayrıca bölmə fəaliyyət göstərir ki, həmin qurumun əsas vəzifəsi də mənzillərə ünvan verilməsindən ibarətdir. İddianın təmin olunacağı və icaraya yönəldiləcəyi təqdirdə mütəxəssislər tərəfindən mənzilin ünvanının müəyyənləşdirilməsi bir o qədər çətinlik yaratmazdı. Çünki qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgünlüyünə cavabdehdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4179/2022 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı (“Payçı”) ilə "xxxx" MTK (“Podratçı”) arasında bağlanmış 10 fevral 2021-ci il tarixli podrat müqaviləsinin surətindən müəyyən olunur ki, Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilən çoxmərtəbəli binanın tikintisi "xxxx" MTKya həvalə olunmuşdur. Həmin müqavilənin İİİ.1-ci bəndinə əsasən “Payçı” ona düşən 1-ci blok 12-ci mərtəbə 3 (üç) otaqlı, tam sahəsi 154,8 kv. metr olan mənzilin hər 1 kv. metri üçün 646 (altı yüz qırx altı) manat, cəmi 100.000 (bir yüz min) manat məbləğində pulu podratçıya ödəməyi öhdəsinə götürür. "xxxx" MTK-nın ümumi yığıncağının protokolundan çıxarışdan müəyyən olunur ki, kooperativin üzvlərinin ümumi yığıncağının qərarı ilə İddiaçı "xxxx" MTK-ya üzv və payçı kimi qəbul olunmuşdur. "xxxx" MTK tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli maliyyə arayışının surətindən müəyyən olunur ki, ünvan 1 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsus binanın 1-ci giriş 12-ci mərtəbəsində yaşayış sahəsi 154,8 kv.metr olan 3 otaqlı mənzilin dəyəri İddiaçı tərəfindən tam ödənilmişdir. Mənzil Tikinti Koperativinə borcu yoxdur. İddiaçı hazırkı tələblə bağlı ərizə ilə cavabdeh orqana müraciət edərək, mənzilə dair hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmiş, DƏDRX 1 saylı Bakı şəhər Ərazi İdarəsinin **********82 №li xx.xx.2021-ci il tarixli cavab məktubunda müraciətçiyə bildirilmişdir ki, tərəfindən təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzil nömrəsi qeyd edilmədiyindən ərizənin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2022-ci il tarixli MİHO/2-1-2022-18814 saylı məktubunda qeyd olunmuşdur ki, sözügedən ünvanda yerləşən tikinti obyektinə dair məlumatlar Tikintilərin Dövlət reyestrinə daxil edilməsi üçün Komitəyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********363 saylı məktubunda qeyd olunmuşdur ki, "xxxx" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş binanın istismara icazə sənədləri 1 saylı Bakı Ərazi idarəsinə daxil olmamışdır. Sözügedən çoxmərtəbəli yaşayış binasına dair "xxxx" MTK-nın adına hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmişdir. Həmçinin, “MARS-A" MTK tərəfindən Bakı şəhəri, Səbail rayonu, A.Abbaszadə küçəsi, 17 ünvanında inşa edilmiş çoxmərtəbəli yaşayış binasında qabaqcadan qeydiyyata alınmış və hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayış verilmiş 88 mənzilə dair məlumatı cədvəl formasında məhkəməyə göndərilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, istismara qəbul edilməyən yaşayış binasında yerləşən - nömrəsi olmayan yaşayış sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından cavabdehin imtinası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 11, 23-cü maddələrinin tələblərinə uyğun olmuşdur. Mülki Məcəllənin 144.1.5-ci maddəsinə əsasən bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə digər müddəalarla yanaşı, tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsində müvafiq tərkib hissələrin bağlı olduğu payların alqı-satqı şərtləri, təminat qeydinin aparılmasına dair torpaq sahəsi mülkiyyətçisinin və torpaq sahəsinə hüquq əldə etmək istəyən şəxsin bu Məcəllənin 178.8ci maddəsində nəzərdə tutulan öhdəlikləri və 147.2-ci maddəsində nəzərdə tutulan razılıqları, habelə bu Məcəllənin 178.8-ci maddəsində nəzərdə tutulan öhdəliklərin yerinə yetirilməsindən sonra torpaq sahəsində müvafiq paya və tərkib hissəyə mülkiyyət hüququnun xeyrinə təminat qeydi aparılmış şəxsə keçməsinə dair torpaq sahəsi mülkiyyətçisinin razılığı açıq-aydın ifadə edilməlidir.( maddə 144-1.5) Mülki Məcəllənin 178.8-ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39-cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun İİ fəslində daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılması, İİİ fəslində isə daşınmaz əmlak üzərindəki bəzi hüquqların dövlət qeydiyyatından bəhs olunur. İddiaçı tələbində Qanunun İİİ fəslində nəzərdə tutulan 17-ci maddəyə istinadla mübahisənin həllini arzu etdiyindən, hazırkı mübahisəyə Qanunun İİ fəslinin müddəaları (8-15-ci maddələr) deyil, İİİ fəslinin (17-ci maddənin) müddəaları əsasında hüquqi qiymət verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.1-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış daşınmaz əmlak üzərində, həmçinin mülki qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda mülkiyyət və digər əşya hüquqları dövlət reyestrində tikintiyə icazə sənədləri və plan-cizgi əsasında qabaqcadan qeydiyyata alına bilər. Həmin Qanunun 17.2-ci maddəsinə əsasən tikintisi başa çatdırılmamış binanın tərkib hissəsi olacaq ayrı-ayrı mənzillərə və ya qeyri-yaşayış sahələrinə mülkiyyət hüququ və eyni zamanda onun ipoteka ilə yüklülüyü dövlət reyestrində qabaqcadan qeydiyyata alına bilər. Qanunverici istənilən tikintisi başa çatdırılmayan daşınmaz əmlakın qabaqcadan qeydiyyatını nəzərdə tutmamışdır. Belə ki, Qanunun 17.3-cü maddəsinin tələbinə görə mülkiyyət hüququnun qeydiyyatı üçün əsas hüquq əldə edənə kreditin verilməsi, habelə mənzili və ya qeyri-yaşayış sahəsini tikmək üçün tikilməkdə olan bina sahibinin (mənzil və ya qeyri-yaşayış sahəsini tikdirib hüquq əldə edənə satmaq öhdəliyi olan təşkilatın) hesabına həmin kreditin köçürüləcəyi haqqında müqavilə, yaxud hüquq əldə edən tərəfindən mənzilin və ya qeyriyaşayış sahəsinin tam dəyərinin ödənilməsini təsdiq edən sənəd daşınmaz əmlak sertifikatıdır. Hazırkı halda iddiaçının iddia etdiyi mənzilə qabaqcadan qeydiyyatın aparılması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17.3-cü maddəsində sadalanan sənədlərin hər hansı birini cavabdehə təqdim etməsinə dair məhkəmələrə sübut təqdim etməmişdir. Həmçinin kollegiya bildirir ki, iddiaçı tərəfindən mübahisəli mənzilə dair təqdim edilən hüquqmüəyyənedici sənədlərdə (maliyyə arayışı, protokoldan çıxarış) mənzilin nömrəsi qeyd olunmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla işin hallarına uyğun olmuş, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçının hüquqları pozulmamışdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 22 iyun 2022-ci il tarixli, 2-1(112)-4179/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Vüsalə Baxışova Raqib Qurbanov
Məhkəmə qərarları › İş №2-1(103)-271/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-271/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver