Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2710/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin (VÖEN – **********; Hüquqi ünvanı – Az1102, ünvan 1 X2; dövlət qeydiyyatına alındığı tarix- 18.10.2013-cü il) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) “artıq ödənilmiş pulun ödənilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC 15.02.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 27.09.2019-cu il tarixdə iddiaçı ilə Bolqarıstan Respublikasında yerləşən "xxxx" MMC arasında bağlanmış 27/09 AZ saylı alqı-satqı müqaviləsinə əsasən ədədi 1,38 avro olmaqla 4915 ədəd “Edoxen (30 capsules)” adlı qida əlavəsi məhsulu iddiaçıya satılmışdır. Bundan sonra məhsulun dəyər vergisi də daxil olmaqla 10.05.2020-ci il tarixdə 3.450 avro, 12.08.2020-ci il tarixdə 3.332,70 avro məbləğində olmaqla bank köçürməsi yolu ilə birbaşa ödəniş edilmişdir. Daha sonra isə məhsulun Bolqarıstandan Bakıya daşınması üçün 400 avro vəsait bank köçürməsi yolu ilə birbaşa ödənilmişdir. Qeyd olunan ödənişlər barədə rəsmi sənədlər (invoys və ödəniş tapşırıqları) gömrük orqanına təqdim edilmişdir. Məhsulun alınması ilə bağlı edilən ödənişlər ümumilikdə 7182,70 avro təşkil etmiş və bu barədə gömrük orqanına verilən məlumatlar dəqiq olmaqla bərabər sənədlərə əsaslanmışdır. Buna baxmayaraq, gömrük orqanının əməkdaşı tərəfindən bəyannamədə məhsulun gömrük dəyərinin əsassız yerə 15.977,55 dollar kimi göstərilməsi tələb olunmuşdur. Son nəticədə gömrük orqanı tərəfindən şirkətdən 10.086,18 manat pul tutulmuşdur. Halbuki, məhsulun gömrük dəyəri 6782,70 avro təşkil etmiş və belə bir vəziyyətdə yalnız gömrük orqanına 5582 manat pul ödənilməli idi. Həmçinin, gömrük orqanı əməkdaşlarının bəyannamədə qeyd olunan məbləğin göstərilməsini israrla tələb etməsi və iddiaçı bununla razılaşmayaraq həmin məbləğin real gömrük dəyərini ifadə etməməsi ilə bağlı tərəflər arasındakı danışıqlar və yazışmalar da hazırda mövcuddur. Gömrük orqanının hərəkətləri qanunvericiliyinin tələblərinə uyğun olmamış və məhsulun alış dəyəri mötəbər sənədlərlə təsdiq edildiyi halda nəyə əsasən gömrük dəyərinin daha yuxarı qiymətləndirilməsi zərurəti əsaslandırılmamış, həmçinin hansı səbəbdən malların gömrük dəyərinin əks olunduğu əvvəlki bəyannamədən imtina edilməsi barədə onlara hər hansı bildiriş də təqdim edilməmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqan tərəfindən aparılan gömrük rəsmiləşdirməsi qanunsuz hesab edilməli və artıq alınan vəsait iddiaçıya geri qaytarılmalıdır. Məhz bu halların aradan qaldırılması üçün iddiaçı tərəfindən cavabdeh orqana yazılı qaydada müraciət edilsə də, müraciət cavabsız qalmışdır. Bakı İnzibati Məhkəməsinin 16 iyun 2021-ci il tarixli qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ilə (hakim M.Hacıbəyova) İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı üçüncü şəxs qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi cəlb olunmaqla “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı 22.09.2021-ci il tarixdə apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayəti ərizəyə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Eyni zamanda cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz təqdim edilərək, apellyasiya şikayətinin təmin edilməməsi xahiş olunmuşdur. İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsalar da, nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməklə, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, iş üzrə birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, “Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının cavabdehə təqdim edilmiş ərizəsi Qaydaların 1 nömrəli əlavəsinə uyğun deyil. Məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində əsaslandırılmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır. Belə ki, iddiaçı tərəfindən cavabdehə ünvanlanmış 30.11.2020-ci il tarixli ərizəsindən görünür ki, iddiaçı Bolqarıstan Respublikasından İddiaçı MMC-nin adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun İddiaçı MMC-yə ödənilməsi ilə bağlı göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 11.01.2021-ci il tarixli, 1400-012/004- 24/000131 №-li cavab məktubunda isə qeyd edilmişdir ki, “Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə əsasən, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına malların seçilmiş gömrük proseduru altında sənədləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Eyni zamanda, təqdim etdiyiniz gömrük bəyannaməsinin 50-ci “Vəkalət verən” qrafalarında bəyannamədə göstərilən məlumatların düzgünlüyü tərəfinizdən təsdiq edilmişdir. Malların idxalı üçün etdiyiniz ödəmələrin hesabınıza geri qaytarılması ilə bağlı bildiririk ki, Azərbaycan Respublikasına idxal etdiyiniz həmin malların gömrük rəsmiləşdirilməsi üçün gömrük qanunvericiliyi ilə müəyyən olunmuş gömrük ödənişləri tərəfinizdən ödənilmiş, həmin bəyannamələr gömrük orqanı tərəfindən təsdiqlənərək, idxal olunmuş mallar sərbəst dövriyyəyə buraxılmışdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 152.3-cü maddəsinə əsasən təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sayılır. Yuxarıda göstərilənləri nəzərə almağınızı xahiş edirik.” Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinə verilmiş cavab məktubunda iddiaçının cavabdehə təqdim edilmiş ərizəsinin Qaydaların 1 nömrəli əlavəsinə uyğun olub-olmaması mübahisələndirilməmişdir. Lakin iş üzrə birinci instansiya məhkəməsi əsassız olaraq “iddiaçının cavabdehə təqdim edilmiş ərizəsinin Qaydaların 1 nömrəli əlavəsinə uyğun olmadığını” əsas gətirərək, iddia tələbinin mümkün sayılmaması qənaətinə gəlmişdir. Beləliklə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını inzibati hüquq normalarına uyğun olmayan nəticə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ləğv edilərək, iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası İPM-in 82 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 11 avqust 2021-ci il tarixli, 2-1(112)-4330/2021 nömrəli qərardadı ləğv edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə qarşı “Bolqarıstan Respublikasından iddiaçının adına göndərilmiş 4915 ədəd “EDOXEN (30 capsules)” adlı qida əlavəsi məhsulunun gömrük rəsmiləşdirilməsində məhsulun dəyərinin 15.977,55 ABŞ dolları göstərilməsinin qanunsuz hesab edilməsi və artıq ödənilmiş 4.504,18 manat pulun ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə ərizəsinə dair inzibati iş müvafiq prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2-1(103)-2710/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2710/2021
23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver