Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2710/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X2 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu vaxtdan hal-hazıradək fərqin müəyyən edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən ona yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu vaxtdan hal-hazıradək fərqin müəyyən edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-272/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 60,6 yaşdan, yəni xx.xx.2018-ci il tarixdən əmək pensiyası təyin edilməsi, pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları : Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cəbrayıl rayon Dövlət Arxiv İdarəsinin xx.xx.2021-ci il tarixli aktına əsasən İddiaçı əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək Lenin adına kolxozda əmək fəaliyyəti dövrü araşdırılmış və Cəbrayıl rayonu işğal olunan zaman Lenin adına kolxozun arxiv sənədləri işğal zonasında qaldığından Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat tapılmadığı üçün həmin dövrlərin sosial sığorta stajının araşdırılması mümkün olmamışdır. Həmçinin Xəzər mağasınının və Forst firmasının faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığı üçün həmin dövrlərin sosial sığorta stajının daxil edilməsi mümkün olmamışdır. Bakı İnzibati Məhkəməsi qərarında iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1975-xx.xx.1977-ci il dövrləri ilə bağlı əlavə araşdırma aparmamış və belə hesab etmişdir ki, iddiaçının tələbi yalnız ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olduğundan və həmin dövrlər nəzərə alınmadan belə onun ümumi iş stajı tamamlandığından, həmin dövrlər üzrə əlavə araşdırmanın aparılması məhkəmə mübahisəsinin uzanmasına səbəb ola bilər. Lakin nəzərə almaq lazımdır ki, İddiaçı xx.xx.1975-xx.xx.1977-Kolxozda işlədiyi dövrlər nəzərə alınmadıqda, məhkəmə tərəfindən araşdırma aparılmış dövrlər nəzərə alınsa belə iddiaçının sığorta stajı 25 ili tamamlamır. Həmçinin məhkəmə sorğularına gələn cavablardan da aydın görünür ki, iddiaçının əmək kitabçasında qeyd olunmuş xx.xx.1993-xx.xx.1997-ci il tarixinədək işlədiyi “Xəzər” mağazası barədə heç bir məlumat aşkar olunmamışdır. Həmçinin hazırki iş üzrə iddiaçının “Əmək pensiyaları haqqında” Qanuna uyğun olaraq kifayət qədər sosial sığorta stajı və ya fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından onun yasa görə əmək pensiyası hüququ yaranmır. Tərəflərin izahatları : Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apelyasiya şikayətinin əsassız olduğunu, cavabdeh tərəfindən mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını apelyasiya şikayətinin dəlilləri ilə araşdıraraq, tərəflərin izahatını dinləyib, hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Аzərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. İşin hallarından görünür ki, iddiaçı cavabdehə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmiş, müraciəti təmin olunmadıqdan sonra isə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin edilmiş əmək pensiyasının təyin edilməli olduğu vaxtdan hal-hazıradək fərqin müəyyən edilərək birdəfəlik ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ iddianın təmin edilməsilə, yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyilə razılaşır. AR Konstitusiyasının 38-ci maddəsinə əsasən, Hər kəsin sosial təminat hüququ vardır. ... Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin hazırki redaksiyasına görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 5.2-ci bəndinə əsasən 01 iyul 2017-ci il tarixdən 30 iyun 2018-ci il tarixədək qadınların pensiya yaşı 60,6 yaş müyyən edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1957-cı il tarixdə doğulmuş, xx.xx.2018-ci il tarixində, yəni 60,6 yaşında yaşa görə əmək pensiyası hüququ qazanmışdır. İddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ikinci şərt isə fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən qeydə alınmış pensiya kapitalına malik olması, pensiya kapitalı toplanmadığı təqdirdə, ən azı 25 il sığorta stajına malik olmasıdır. Bununla bağlı Kollegiya bildirir ki, iddiaçıya münasibətdə zəruri olan yaş şərti (60,6 yaş) və 25 il iş stajı şərti ödəndiyindən, qanunvericiliyin tələblərinə əsasən, fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalı ona yaşa görə əmək pensiyasının təyin edilməsində nəzərə alınmır. Apelyasiya şikayətindən və işin hallarından görünür ki, cavabdeh orqan tərəfindən mübahisələndirilməyən dövr 20 il 4 aydır. Birinci instansiya məhkəməsi tərəfindən aparılan məhkəmə araşdırması zamanı iddiaçının əmək kitabçası üzrə 25 ildən artıq stajının olduğu müəyyən edilmişdir. Kollegiya bildirir ki, iddiaçının əmək kitabçasına əsasən, ((1977.xx.xx-1975.11.10=1 il 11 ay 20 gün) + (1988.xx.xx-1979.03.26=8 il 9 ay 9 gün) +(1992.01.02-xx.xx.1988=3 il 11 ay 29 gün) + (1997.xx.xx-1993.11.05=3 il 2 ay 5 gün +(2005.xx.xx-1997.05.01=7 il 9 ay 1 gün)+(1997.xx.xx-1997.01.10=3 ay 21 gün)=25 il11 ay 25 gün) onun 25 ildən artıq ümumi stajının olduğu müəyyən edilir. Lakin cavabdeh iddiaçının xx.xx.1975-xx.xx.1977-ci il tarixədək Lenin adına kolxozda, xx.xx.1993-xx.xx.1997-ci il tarixinədək Xəzər mağazasında, xx.xx.1997xx.xx.2004-cü il tarixinədək Först firmasında olan fəaliyyət dövrünü mübahisələndirir. Cavabdehin qeyd edilən dəlillərinə münasibətdə Kollegiya bildirir ki,iddiaçının kolxozda işlədiyi dövr (xx.xx.1993-xx.xx.1997-ci il tarixinədək), xx.xx.1993-xx.xx.1997-ci il tarixinədək Xəzər mağazasında işlədiyi dövrlər iddiaçının umumi əmək stajına daxil edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Yuxarıda sadalanan qanunvericilik normalarından da aydın olur ki, iş stajının təsdiqi üçün əsas götürülən sənəd ilk növbədə əmək kitabçasıdır. Cavabdeh qeyd etmişdir ki, iddiaçının xx.xx.1975-ci il tarixindən xx.xx.1977-ci il tarixədək olan əmək fəaliyyəti dövrü araşdırılmış və Cəbrayıl rayonu işğal olunan zaman Lenin adına kalxozun arxiv sənədləri işğal zonasında qaldığından Cəbrayıl rayon Dövlət Arxivində heç bir məlumat tapılmamışdır. Göründüyü kimi cavabdeh özüdə etiraf edir ki, həmin dövrlərlə bağlı məlumatlar məlum səbəblərdən tapılmır. Kollegiya bildirir ki, iddiaçının həmin dövrlərdə işləməsinin digər qaydada (arxiv sənədlərinin ədlə edilməsi və s..) qaydada sübut oluna bilməməsi iddiaçının ziyanına həll olunması üçün əsas deyildir. Belə olduğu təqdirdə iddiaçının əmək kitabçası əsas götürülərək qeyd edilən dövrlər iddiaçının ümumi stajına daxil edilməlidir. Eyni qaydada iddiaçının xx.xx.1993-xx.xx.1997-ci il tarixinədək Xəzər mağazasında işlədiyi dövrlərlə bağlıda qeyd edilməlidir ki, həmin müəssisənin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması səbəbindən araşdırmanın aparılmasının mümkün olmaması iddiaçının iradə ifadəsindən asılı olmayan və onun təqsirli hərəkəti nəticəsində meydana gəlməyən bir haldır. Həmçinin qeyd edilməlidir ki, İddiaçı adı 09 avqust 1996-cı il tarixli “işçilər haqqında məlumat” vərəqində göstərilmiş, onun həmin dövrdə Bakı şəhəri Çörək Ticarəti İdarəsinin Bakı şəhəri, Neftçilər prospekti 91 ünvanında yerləşən 94 nömrəli mağazasında böyük mühasib vəzifəsində işlədiyi qeyd olunmuş, daha sonra həmin mağaza “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətini özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq 9 sentyabr 1996-cı il tarixdə hərraca çıxarılmış, 13 sentyabr 1996-cı il tarixli 268 nömrəli “Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi”nə əsasən hərrac qalibi olan əmək kollektivi tərəfində özəlləşdirilmiş və bu barədə onlara (X1, İddiaçı) 16 sentyabr 1996-cı il tarixli, 000157 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” şəhadətnamə verilmişdir. Daha sonra 2004- cü ildə həmin müəssisənin fəaliyyətinin dayandırılması ilə bağlı aidiyyəti quruma (vergi orqanına) müraciət olunmuşdur. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, “......iddiaçının əmək kitabçasında “Xəzər” mağazasında mühasib vəzifəsində işlədiyi dövr iddiaçının Bakı şəhəri Çörək Ticarəti İdarəsinin 94 nömrəli mağazasında mühasib kimi işlədiyi dövrə təsadüf edir ki, bu halı təsdiq edən məlumat vərəqəsi mövcuddur.” Göründüyü kimi, iddiaçının işlədiyi Xəzər mağazasının mövcudluğunu istisna edən hallar mövcud deyil. Bundan başqa iddiaçının xx.xx.1997-xx.xx.2004-cü il tarixinədək Först firmasında olan fəaliyyət dövrü ilə bağlı Kollegiya bildirir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabdeh inzibati orqan iddiaçının ümumi iş stajının 20 il 04 ay olduğunu müəyyən edərkən onun “Aslan-80” firmasında işlədiyini nəzərə almışdır. Bu səbədən Məhkəmə “Əmək pensiyaları haqqında” Qanunun 22.2-ci maddəsini rəhbər tutaraq, iddiaçının “Först” firmasında işlədiyi xx.xx.1997-xx.xx.1997 (3 ay 21 gün) dövrü sığorta stajına daxil edir. Kollegiya həmçinin qeyd edir ki, qeyd edilən dövr nəzə alınmasa belə iddiaçının 25 il ümumi stajı tamamlanır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Beləliklə, Kollegiya qeyd edilənləri nəzərə alaraq bildirir ki, yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçıya münasibətdə tələb olunan bütün şərtlər ( yaş və sığorta stajı ) mövcuddur, yəni iddiaçının 60,6 yaşı var və ümumilikdə 25 ildən artıq sığorta stajına malikdir. “İnzibati icraat haqqında” AR Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. AR İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsi tərəfindən iddianin təmin edilməsinə dair yekun nəticəyə gəlinərkən prosessual hüquq normalarının tələblərinə əməl edilmiş, işin halllarına aid olan maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Azərbaycan Respublikası İPM-nin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olduğundan, cabdehin apelyasiya şikayətinin dəlilləri isə əsassız olduğundan təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Мəhkəməsinin 2-1(112)-272/2023 nömrəli, 16 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Кollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2710/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2710/2023
27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver