Məhkəmə qərarları › İş №2-1(103)-2711/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2711/2025

24.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2711/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X7 Asəf qızının katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların qanuni nümayəndələri Qanuni nümayəndə (anaları) və X2 (ataları) iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi” iddiasına dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Qanuni nümayəndə cavabdeh Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 oölu və xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 məcburi köçkün statusunun verilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçıların anası Cəbrayıl rayonundan, atası isə Kəlbəcər rayonundan məcburi köçkün düşmüşdür. Onlar məcburi köçkün statusuna malik şəxsdirlər. Cavabdeh iddiaçılara məcburi köçkün statusundan verilməsindən imtina etmişdir ki, həmin imtina qanunsuz və əsassızdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, iddiaçı əsl iddiaçılar İddiaçı2 və İddiaçı1 ilə əvəz edilmiş, Qanuni nümayəndə iddiaçıların qanuni nümayəndəsi qismində tanınmış, iddia tələbi “iddiaçılara məcburi köçkün statusu və vəsiqəsinin verilməsinin cavabdehə həvalə edilməsi” formasında icraata qəbul edilmişdir. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, Qaydaların 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 və 15 08.2008-ci il təvəllüdlü İddiaçı1 doğum tarixindən əvvəl ataları X2 qeydiyyatı xx.xx.2002-ci il tarixdən adına rəsmi qeydiyyatdan keçmiş ünvan 1 ünvanında olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş və iddiaçılar İddiaçı2 və İddiaçı1 məcburi köçkün statusunun və vəsiqəsinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə dair yazılı etiraza uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçılar və onların qanuni nümayəndələri apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - AA № 369721 seriya və nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçıların atası X1 rayonundan məcburi köçkün düşmüş və Binəqədi rayonunda məskunlaşmışdır. - AA № 369457 seriya və nömrəli Məcburi köçkün vəsiqəsindən görünür ki, iddiaçıların anası Quliyeva X6 rayonundan məcburi köçkün düşmüş və Binəqədi rayonunda məskunlaşmışdır. - müraciətin təmin edilməsindən imtina barədə cavabdehin məktubunda qeyd edilmişdir ki, Qaydaların 4.2.6 bəndinin tələblərinə uyğun olaraq “məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusunun verilməsi nəzərdə tutulmadığından, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 və 15 08.2008-ci il təvəllüdlü İddiaçı1 doğum tarixindən əvvəl ataları X2 qeydiyyatı xx.xx.2002-ci il tarixdən adına rəsmi qeydiyyatdan keçmiş ünvan 1 ünvanında olduğundan övladlarınıza məcburi köçkün statusunu təsdiq edən sənədin verilməsi imkan xaricindədir. - Cəbrayıl RİH tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı2 və İddiaçı1 hazırda Cəbrayıl rayon pasport qeydiyyatında yoxdur. Onlara rayondan vahid aylıq müavinət ödənilmir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Sadalanan qanunvericilik normalarından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X5 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün isə hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı yarımbəndinə görə “Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına məcburi köçkün statusu verilmir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçıların cavabdeh inzibati orqana qarşı tələbi “onlara məcburi köçkün statusu və vəsiqəsinin verilməsi” barədədir. Bununla bağlı onların qanuni nümayəndəsi cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.6-cı bəndin tələblərinə istinad edərək tələbin təmin olunmasından imtina etmişdir. Cavabdeh imtinanı onunla əsaslandırmışdır ki, xx.xx.2007-ci il təvəllüdlü İddiaçı2 və 15 08.2008-ci il təvəllüdlü İddiaçı1 doğum tarixindən əvvəl ataları X2 qeydiyyatı xx.xx.2002-ci il tarixdən adına rəsmi qeydiyyatdan keçmiş ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyata düşdüyündən, iddiaçıların Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq hüquqları olmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, iddiaçıların doğulmamışdan əvvəl ayrıca onların atalarının yaşayış sahəsi əldə etməsi və həmin yaşayış sahəsin həmin dövrdə onun mülkiyyətində olması, eyni zamanda onun (iddiaçıların atası) həmin məzildə qeydiyyatda düşməsi səbəbindən cavabdeh tərəfindən iddiaçılara məcburi köçkün statusu verilməsi Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.6-cı bəndinə ziddir. Lakin nəzərə alınmalıdır ki, cavabdehin imtinasında istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” iddiaçıların atalarının məcburi köçkün statusunu aldığından sonra, cavabdehin 23 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edildiyindən və iddiaçıların vəziyyətini ağırlaşdırdığından iddiaçılara münasibətdə tətbiqi ümumiyyətlə qanuni olmamışdır. Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Oxşar normalar “Normativ hüquqi aktlar haqqında” Aərbaycan Respublikasının Konstitusiya Qanununda da nəzərdə tutulmuşdur. Həmin Qanunda göstərilir ki, Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir (87.1.). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib-göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir (87.2.). Törədilməsi anında məsuliyyətə səbəb olmayan və ya daha yüngül məsuliyyətə səbəb olan əməllərə görə fiziki və hüquqi şəxslərin məsuliyyətinin yaranmasını və ya ağırlaşdırılmasını nəzərdə tutan normativ hüquqi aktın qüvvəsinin geriyə şamil edilməsinə yol verilmir (87.3.). Göründüyü kimi hüquqi akt yalnız aid olduğu subyektlərin vəziyyətini yaxşılaşdırdığı halda, onun qüvvəsi geriyə şamil edilə bilər. Əks halda hüquqi aktın qüvvəsi yalnız onun qəbul edildiyi vaxtdan sonrakı münasibətlərə şamil edilməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin 2-1(102)-1422/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını əsas gətirir. Belə ki, həmin qərarda qeyd olunmuşdur ki, “Qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinasında istinad etdiyi “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar” iddiaçının atasının məcburi köçkün statusunu aldığından sonra, cavabdehin 23 may 2013-cü il tarixli 1 nömrəli qərarı ilə təsdiq edildiyindən və iddiaçının vəziyyətini ağırlaşdırdığından iddiaçıya münasibətdə tətbiqi ümumiyyətlə qanuni olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir.” Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5168/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar