Məhkəmə qərarları › İş №2-1(103)-2712/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2712/2022

02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2712/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X18 Oruczadənin sədrliyi və məruzəsi ilə, Anar Vəzir oğlu Tanrıverdiyev və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi X7, Üçüncü şəxs X15, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (üçüncü şəxslər X15 və X9) qarşı “sərəncamın qismən ləğv edilməsi və sair” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-744/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş, ünvan 3 ünvanında yerləşən tikililərə verilmiş mülkiyyət hüququnun və bu barədə X8 adına verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X5 adına verilmiş xx.xx.2005-ci il tarixli 005452 saylı mülkiyyət hüququ haqqında şəhadətnamələrin ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti istehlakçıları mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edən və onlara kanalizasiya xidmətləri göstərən qurumdur, içməli suyun fasiləsiz və normal qaydada abonentlərə çatdırılması, su və kanalizasiya sistemlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması, onlara mütəmadi texniki xidmətin göstərilməsi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mühüm vəzifələrindəndir. “Bakı Sukanal” İdarəsinin əməkdaşları tərəfindən aparılmış texniki baxış zamanı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsindən keçən 1957-ci il tarixindən bəri istismarda olan diametri 700 mm olan yüksək təzyiqli magistral su kəmərinin üzərində və mühafizə zonasında qeyriyaşayış sahəsinin inşa edildiyi müəyyən edilmişdir. Tikililərin inşası nəticəsində diametri 700 mm olan magistral su xəttinin tikilinin altında qalan hissəsinə vaxtlı-vaxtında texniki xidmətin göstərilməsi qeyri-mümkün olmuşdur. Bu da potensial təhlükə mənbəyi olmaqla qəza hadisələrinin baş verməsinə, bədbəxt hadisələrə, su itkisinə səbəb olmaqla onların vaxtında və operativ şəkildə qarşısının alınmasına ciddi maneələr, eyni zamanda mühəndis kommunikasiya qurğularının zədələnməsi və suyun tərkibinə kənar mənfi təsir riskini artırmaqla əhalinin gigyenik təhlükəsizliyi üçün risk yaratmışdır. Digər tərəfdən, magistral su xəttinin tikilinin altında qalan hissəsində baş verəcək qəzalara müdaxilə edərək qəza-bərpa işlərinin aparılmasının qeyri-mümkün olması ilə yanaşı qeyd olunan kəmər üzrə əhalini içməli su ilə təchiz etmək mümkünsüz olacaq, həmçinin qəzalı hissədən xaric olan yüksək təzyiqli su ətrafa axaraq həmin tikilidə, ərazidə yaşayan və fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin həyat və sağlamlığına, əmlakına ziyan vuracaqdır. Belə hallar dəfələrlə baş vermiş, Cəmiyyətə qarşı bununla əlaqədar müvafiq məhkəmələrdə dəymiş ziyanın ödənilməsinə dair iddialar qaldırılmış və kompensasiya tutulmuşdur. Araşdırma zamanı inşa edilmiş qeyri-yaşayış sahəsinin 70.3 kv.m hissəsinin X8 adına və 60.0 kv.m hissəsinin isə X5 adına rəsmiləşdirildiyi və bu barədə vətəndaşlara Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən (hazırkı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) xx.xx.2005-ci il tarixdə 005451 saylı və xx.xx.2005-ci il tarixdə 005452 saylı Mülkiyyyət hüququ haqqında şəhadətnamələrin verilmiş olduğu müəyyən edilmişdir. Verilmiş şəhadətnamə nəticəsində “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun, “Hidrotexniki qurğuların təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun və "Dövlət və yerli əhəmiyyətli hidrotexniki qurğuların siyahısının, mühafizə rejimi və təhlükəsizliyi üzrə Təsnifatı”n, "Hidrotexniki qurğuların dövlət reyestrinin tərtib olunması və aparılması Qaydaları"nın və "Mühafizə zonalarının ölçüləri, sərhədləri və istifadəsi Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının, həmçinin AzDTN 2.6-1 saylı “Dövlət tikinti normaları”nın tələbləri kobud surətdə pozulmuşdur. İddiaçı xx.xx.2022–ci il tarixdə və xx.xx.2022-ci il tarixdə iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekun olaraq Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamının ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv.m olan 90 saylı mağazaya münasibətdə, həmin sərəncam əsasında keçirilən 09 dekabr 2003-cü il tarixli, 43/05 saylı hərracın nəticələrinin, sözügedən əmlakın alqı-satqısı ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə X16 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 481 nömrəli müqavilənin və həmin müqavilə əsasında ona verilmiş xx.xx.2003-cü il tarixli, 001400 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin, X16 tərəfindən həmin qeyri-yaşayış binasının X1 dair müqavilənin və həmin müqavilə əsasında X10 verilmiş xx.xx.2004-cü il tarixli, 002111 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə"nin, həmin əmlakın 60 kv.m hissəsinin alqı satqısına dair X13 ilə X9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və həmin müqaviləyə uyğun olaraq X10 verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X6 qalmış 70.3 kv.m sahəyə verilmiş xx.xx.2005-ci il tarixli, 005452 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”lərin, bundan əlavə həmin əmlakın 60 kv.m hissəsinin yenidən X8 mülkiyyətinə verilməsinə dair X13 ilə X9 arasında bağlanmış müqavilənin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, iddianın dəyişdirilməsi qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə X13 və X9 hazırkı iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-744/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı (hakim S.Salahova) ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsi və iddianın mümkün sayılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hesab edib ki, mübahisəli tikilinin inşası hazırkı İnzibati Prosessual Məcəllənin qəbulundan əvvələ təsadüf etdiyindən, hazırkı mübahisəyə həmin dövrdə inzibati mübahisələrlə bağlı icraatı tənzimləyən normalar, yəni, Mülki Prosessual Məcəllənin 298-ci maddəsinin əvvəlki redaksiyası tətbiq edilməlidir. Həmin normada deyilirdi ki, şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Məhkəmə qeyd edilən normanın tətbiqində səhvə yol verib. Məhkəmədə iddiaçının mübahisələndirilən sərəncam barədə daha əvvəl məlumatırılının olması öz təsdiqini tapmayıb. İddiaçının mübahisələndirilən sərəncamı daha əvvəl əldə etmək imkanının olması hazırkı halda iddia müddəti tətbiq edərək mümkünsüz saymaq üçün əsas ola bilməzdi. Bundan başqa, Məhkəmə hesab edib ki, iddiaçı digər tələblərlə bağlı fiziki şəxslər arasında bağlanmış mülki hüquqi müqavilələrin (alqı-satqı müqaviləsi) və həmin müqavilələr əsasında hüquqlarının qeydə alınması ilə bağlı sənədlərin ləğv edilməsini tələb edir, hansı ki, bu tələblər inzibati mühakimə icraatının predmeti ola bilməz. Halbuki İPM-nin 32.1-ci maddəsində deyilir ki, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi xahiş etdi. Məhkəmə kollegiyasının iclasında 3-cü şəxs və onun nümayəndəsi və vəkili iş materiallarına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. İnzibati işdən aydın müəyyən olunur ki, hazırda ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60 kv.metr olan qeyri-yaşayış sahəsi və 70.3 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi, yəni özəlləşdirilən 90 saylı mağaza tam olaraq mülkiyyət hüququ əsasında X10 məxsusdur. İddiaçı hazırda həmin əmlakın 1957-ci il tarixdən bəri istismarda olan diametri 700 mm olan yüksək təzyiqli magistral su kəmərinin üzərində və mühafizə zonasında yerləşdiyini iddia edərək həmin əmlakın özəlləşdirilməsinə dair xx.xx.2003-cü il tarixli sərəncamın 90 saylı mağazaya münasibətdə olan hissəsinin, habelə həmin sərəncamda sonra əmlakın qeydə alınması və özgəninkiləşdirilməsinə dair bütün alqı-satqı müqaviləsi və şəhadətnamələrin ləğv edilməsini xahiş edir. İddiaçının tələbi aşağıdakılardan ibarətdir: 1)Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamının ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 130.3 kv.m olan 90 saylı mağazaya münasibətdə ləğv edilməsi; 2) həmin sərəncam əsasında keçirilən 09 dekabr 2003-cü il tarixli, 43/05 saylı hərracın nəticələrinin, sözügedən əmlakın alqı-satqısı ilə əlaqədar Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Edilməsi və Özəlləşdirilməsi Departamenti ilə X16 arasında bağlanmış xx.xx.2003-cü il tarixli, 481 nömrəli müqavilənin və həmin müqavilə əsasında ona verilmiş xx.xx.2003-cü il tarixli, 001400 nömrəli “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə”nin ləğv edilməsi; 3) X16 tərəfindən həmin qeyri-yaşayış binasının X1 dair müqavilənin və həmin müqavilə əsasında X10 verilmiş xx.xx.2004-cü il tarixli, 002111 nömrəli “Mülkiyyət hüququ haqqında şəhadətnamə"nin ləğv edilməsi; 4)həmin əmlakın 60 kv.m hissəsinin alqı satqısına dair X13 ilə X9 arasında bağlanmış xx.xx.2005-ci il tarixli müqavilənin və həmin müqaviləyə uyğun olaraq X10 verilmiş xx.xx.2005-ci il tarixli, 005451 saylı və X6 qalmış 70.3 kv.m sahəyə verilmiş xx.xx.2005-ci il tarixli, 005452 saylı “Mülkiyyət hüququ haqqında şəhadətnamə”lərin ləğv edilməsi; 5)həmin əmlakın 60 kv.m hissəsinin yenidən X8 mülkiyyətinə verilməsinə dair X13 ilə X9 arasında bağlanmış müqavilənin ləğv edilməsi. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün aşağıdakı sübutlara nəzər yetirir: İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin “kiçik dövlət müəssisələrinin (obyektlərinin) istifadəsiz qeyri-yaşayış sahələrinin və tikintisi başa çatdırılmamış obyektlərin özəlləşdirilməsi haqqında” xx.xx.2003-cü il tarixli 251 saylı sərəncamı ilə həmin sərəncamla özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssislərinin (obyektlərinin) nümunəvi özəlləşdirmə planları təsdiq edilmiş, həmin sərəncama əlavələrdə göstərilən müəssisə və obyektlərin özəlləşdirilməsinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada respublikanın şəhər və rayonlarında hərraclar vasitəsilə həyata keçirilməsi qərara alınmışdır. Hərraca çıxarılan kiçik dövlət müəssisələrinin (obyektlərin) siyahısında TXMOFƏM-nin 90 saylı mağazası (ünvan - ünvan 4 xx.xx.2003-cü il tarixdə Əmlakın inventarlaşdırılması bürosu tərəfindən verilən 005557 nömrəli texniki pasportdan görünür ki, ünvan 3 ünvanında yerləşən 90 saylı mağaza 1973-cü ildə tikilmiş, ümumi sahəsi 130.3 kv.m, balans saxlayıcısı İqtisadi İnkişaf Nazirliyi Ticarət və xidmət müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi olmuşdur. xx.xx.2003-cü il tarixli 251 saylı sərəncama əsasən keçirilmiş hərrac nəticələri xx.xx.2003-cü il tarixdə 43/05 saylı hərrac protokolu ilə rəsmiləşdirilmiş, protokola əsasən 90 saylı mağazanın özəlləşdirilməsi ilə bağlı keçirilmiş hərracın qalibi X16 olmuşdur. xx.xx.2003-cü il tarixli 481 nömrəli Müəssisənin (obyektin) alqı-satqısı müqaviləsinə əsasən Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti ünvan 3-də yerləşən 90 saylı mağazanı auksiondan satış qiyməti ilə X4, ümumi sahəsi 130,3 kv.metr olan 90 saylı mağazanın X11 mülkiyyətində olması barədə xx.xx.2003-cü il tarixdə 001400 qeydiyyat nömrəli dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında R.Qafarov ümumi sahəsi 130,3 kv.metr olan 90 saylı mağazanı X2, M.Məmmədovun həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququ reyestrdə qeydə alınmaqla bu barədə ona 002111 qeydiyyat nömrəli xx.xx.2004-cü il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 0046223 nömrəli xx.xx.2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən satıcı X3 İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi departamenti Mülkiyyət hüququ haqqında kitab 4, səh. 2, qeydiyyat 002111-xx.xx.2004-cü ildə verilmiş 02111 saylı şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 130 kv.m qeyri-yaşayış sahəsindən 60 kv.m qeyri yaşayış sahəsini alıcı X5 mülkiyyətinə vermiş, M.Nəcəfovun N.Vəzirov küçəsi, 1 ünvanında yerləşən 60 kv.metr qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququ reyestrdə qeydə alınmaqla bu barədə ona 005452 nömrəli xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. 005451 qeydiyyat nömrəli xx.xx.2005-ci il tarixli Mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən ünvan 3 ünvanında yerləşən 70,3 kv.m qeyri-yaşayış sahəsi X8 xüsusi mülkiyyətində qalmışdır. X9 xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən ümumi sahəsi 60 kv.m olan qeyri yaşayış sahəsini alıcı X2, M.Məmmədovun həmin əmlak üzərində mülkiyyət hüququ xx.xx.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və bu barədə M.Məmmədova çıxarış verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir: İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçının əsas hüquqi marağı sözügedən magistral su kəmərinin üzərində inşa edilməsi iddia edilən tikilinin sökülməsi ilə bağlıdır. Bakı Kommersiya Məhkəməsininxx.xx.2020-ci il tarixli 2-2(113)-38/2020 saylı qətnaməsindən görünür ki iddiaçı M.Məmmədova qarşı iddia qaldırmaqla, X13 tərəfindən ünvan 3 ünvanından keçən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus diametri 700 mm olan magistral su kəmərinin üzərində və mühafizə zonalarında inşa edilmiş özbaşına tikilinin sökülməsi və kəmərlərin üzərinin və mühafizə zonalarının boşaldılmasını xahiş etmişdir. Həmin məhkəmə icraatı çərçivəsində mübahisəli tikilinin özbaşına tikili olmaması və dövlət əmlakının özəlləşdirilməsi nəticəsində M.Məmmədovun hüququnun yaranması müəyyən edildiyindən iddiaçı hazırkı iddianı qaldırmışdır. Beləliklə, iddiaçının hazırki halda əsas tələbi mübahisəli əmlakın özəlləşdirilməsi ilə bağlı 29 avqust 2003-cü il tarixli, 251 saylı Sərəncamın qismən ləğv edilməsidir ki, bu iddia mübahisələndirmə haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra –İPM): 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri iləbağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; 35.1-ci maddəsinə əsasən, həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında vəmüəyyən hərəkətləri etməkdən çəkinməyədair iddia mümkün sayılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirmə haqqında iddia üçün müəyyən olunan xüsusi mümkünlük şərtlərinə əməl edilməmişdir. Belə ki, hazırda mübahisə olunan qərar İPM və “İnzibati icraat haqqında” Qanun qüvvəyə minməzdən əvvəl, 29 avqust 2003-cü ildə qəbul edilmişdir. Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr üzrə icraatda iddia müddəti Azərbaycan Respublikasının xx.xx.2011-ci il tarixli 143-İVQD nömrəli Qanunu ilə 26-29-cu fəsillər çıxarılanadək Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qüvvədə olan «Ərizə ilə məhkəməyə müraciət etmək üçün müddət» adlı 298-ci maddəsi ilə tənzimlənirdi. İddiaçının öz hüququnun pozulduğunu bildiyi vaxt qüvvədə olan və ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin İİ yarımbölməsinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə). Oxşar qaydalar Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli 780-İQ nömrəli Qanunu ilə qüvvədən düşən, Azərbaycan SSR-in xx.xx.1964-cü il tarixli Qanunu ilə təsdiq edilmiş MPM-in 243-5-ci maddəsində də nəzərdə tutulmuş və məhkəməyə şikayət verilməsi imkanı üçün 1 ay müddət müəyyən edilmişdir (İİ. İnzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraat. 24-1-ci fəsil. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqların toxunan qeyri-hüquqi hərəkətlərdən şikayətlər). Bununla da, iddiaçı inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) ilə bağlı mübahisələri tənzimləyən və İPM-dən əvvəl qüvvədə olan prosessual qanunvericilik aktları ilə müəyyən edilən məhkəməyə müraciət etmə müddətində hazırkı tələbi barədə məhkəmədə iddia qaldırmamışdır. Qeyd olunmalıdır ki, İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər. İddia ərizəsindən aydın olur ki, mübahisəli su kəməri 1957-ci ildən istismara verilmiş, mübahisəli əmlak isə 1973-cü ildə dövlət tərəfindən tikilməklə dövlətin mülkiyyətində olmuşdur. Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 12 may tarixli, 1038 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Mənzil-Kommunal Təsərrüfatı Komitəsinin “Kommunsənayesutəchizatı” İstehsalat-İstismar Birliyi və Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “AzərSUGEO” Elmi-Tədqiqat İnstitutu, onlara məxsus olan bütün əsas və dövriyyə vəsaitlərini birləşdirərək, açıq tipli X19 Su Cəmiyyətinə çevrilmişdir. “Azərbaycan Respublikasında su təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli, 252 nömrəli Sərəncamı ilə X19 Su Cəmiyyəti İddiaçı Səhmdar Cəmiyyəti adlandırılmış, Azərbaycan “Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin “Azərsukanaltəmir” və “Azərkəndsutəchizat” istehsalat birlikləri ləğv edilmiş, onların funksiyaları və tabeliyində olan müəssisə və təşkilatlar balanslarındakı əmlakla birlikdə İddiaçı Səhmdar Cəmiyyətinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 22 mart tarixli 50 nömrəli qərarı ilə təsdiq edilmiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin 1.2-ci bəndinə əsasən Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur. Dövlət adından Cəmiyyətin səhmlərinin saxlayıcısı kimi Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi çıxış edir. Nizamnaməyə əsasən Cəmiyyət suyun götürülməsi, emalı, nəqli və satışı sahəsində tabeliyində olan təşkilatların fəaliyyətini təşkil edir və onların bu sahədə fəaliyyətini tənzimləyir, tabeliyindəki sutəmizləyici qurğuların, nasos stansiyalarının, su kəmərlərinin istismarı, layihələndirilməsi, inşası, təmiri və onlara texniki xidmət göstərilməsi işlərinə nəzarət edir, su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsini təmin edir. Göründüyü kimi, iddiaçı dövlət müəssisəsi olmaqla ən azından 1995-ci ildən etibarən fəaliyyət göstərir və su təchizatı və kanalizasiya sistemi obyektlərində qanunvericiliklə nəzərdə tutulmuş sanitar-mühafizə zonalarının yaradılması və ona nəzarət rejiminin həyata keçirilməsi funksiyasını icra edir. Məhkəmə kollegiyasının iclasında da iddiaçının nümayəndəsi mütəmadi olaraq bütün magistral su kəmərlərinin yoxlanıldığını, həmçinin, bütün abonentlərə ayda azı bir dəfə texniki baxışın keçirildiyini bildirdi. Deməli, 1973-cü ildən fəaliyyət göstərən bir mağazaya 1995-ci ildən bəri mütəmadi baxış keçirilməsi iddiaçının funksiyalarına aid edildiyindən, 2020-ci ildə baxış zamanı mübahisəli halın aşkarlanması kimi iddiaçının mövqeyi ağlabatan sayıla bilməz. Buna görə də ASC-nin hər hansı bir hərəkətsizliyi ucbatından mübahisəli sərəncamdan 2020-ci ildə məhkəmə icraatında məlumatlı olması və bununla da iddia müddətini ötürməməsi barədə dəlili qəbul edilə bilməz. Bundan əlavə Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq bildirmişdir ki, iddiaçının ümumi maraqdan doğan bu tələbinin təmini üçün düzgün hüquqi müdafiə vasitəsi hazırkı iddia ola bilməz. Bir halda ki, əmlak 3-cü şəxsin mülkiyyətinə 2003-cü ildə müvafiq qaydada keçmişdir. Deməli, iddiaçının hazırda mübahisələndirdiyi sərəncam özəlləşdirilmə ilə bağlı olan 2003-cü ilə aid sərəncamdır. Tikili isə 1973-cü ildə inşa edilmiş dövlət mağazasıdır. İddiaçı hazırki marağını Bakı şəhərinin içməli su ilə fasiləsiz və təhlükəsiz təmin edilməsi üçün su təchizhizatını təmin edən magistral su kəmərlərinin, həmçinin axıdılan çirkab suların vaxtında nəql edilərək tam təmizlənməsinə nail olunması üçün təmizləyici qurğular və kanalizasiya xətlərinin mütəmadi olaraq nəzarətdə saxlanılması və onlara vaxtaşırı texniki xidmətin göstərilməsi ilə, yəni ictimai maraqla əsaslandırır. Əgər mübahisəli əmlak həqiqətən magistral su kəmərinin mühafizəsi zolağında inşa edilmişsə və ictimai maraq baxımından sökülməsi tələb olunursa, onda dövlət tərəfindən 1973-cü ildə inşa edilmiş və deməli, dövlət tərəfindən yol verilmiş pozuntu vətəndaşın, hazırkı halda M.Məmmədovun mülkiyyət hüquqları pozulmaqla, yəni hazırkı iddia vasitəsi ilə aradan qaldırıla bilməz. İddiaçının digər tələbləri də məhz sərəncamın mübahisələdirilməsi tələbi ilə bağlı olduğundan həmin tələblər üzrə də iddia mümkün sayılmamalıdır. Həmçinin, fiziki şəxslər arasında bağlanılmış müqavilələrin və həmin müqavilələrdən irəli gələn qeydin ləğvi də inzibati mühakimə icraatının predmeti ola bilməz. İddiaçı apellyasiya şikayətində İPM 32.1in tətbiq edilməsi ilə bağlı mövqeyidə əsaslı sayıla bilməz. Belə ki, mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər müddəası yalnız inzibati mühakimə icraatı qaydasında baxılması mümkün olan tələblərin irəli sürülməsini nəzərdə tutur. Həmçinin, fiziki şəxslər arasında müqavilələr üzrə hazırki cavabdeh tərəf olmadığından onların ləğvi ilə bağlı iddia tələbi də ona yönələ bilməz. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin olunmamalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 2, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-744/2022 saylı, 03 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Anar Tanrıverdiyev Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar