Məhkəmə qərarları › İş №2-1(103)-2712/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2712/2023

23.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2712/2023 23.11.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Kamran Hüseyn oğlu Əkbərovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın dəyişdirilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2325/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə qarşı “çıxarışın dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisə predmeti olan əmlakı alqısatqı müqaviləsi əsasında almışdır. Həmin daşınmaz əmlak fərdi yaşayış sahəsi olsa da, texniki mənzil kimi qeyd edilmiş, texniki pasportda evin ölçüləri səhv qeyd edilmiş, evin həyətyani torpaq sahəsi texniki pasportda göstərilməmişdir. Bununla bağlı cavabdehə müraciət edilsə də cavabdeh mənzilin ev kimi qeyd edilməsini, texniki pasportda dəyişiliklik edilərək evin ölçülərinin və torpaq sahəsinin qeyd edilməsini heç bir əsaslı səbəb olmadan təmin etməmişdir. Daha sonra iddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilməsi və cavabdehin üzərinə ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışın dəyişdirilərək mənzil əvəzinə ev qeyd edilməsi və həmin evə dair texniki pasportun dəyişdirilərək ölçülərinin və torpaq sahəsinin qeyd edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmiş, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi ilə əvəz edilmişdir. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, əmlak mənzil kimi dövlət qeydiyyatından keçmişdir. Onun fərdi yaşayış evi kimi və torpaq sahəsinin qeydiyyata alınmasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2325/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ilə (hakim O.Həsənov) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslnadırmışdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9-cu maddəsinin tələbindən də aşkar şəkildə də müəyyən edildiyi kimi fərdi yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı fərdi yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə hüquqmüəyyənedici sənədin mövcudluğu zəruri şərt kimi müəyyən edilmişdir ki, iş materiallarından da göründüyü kimi nə iddiaçı tərəfindən həmin hüquqmüəyyənedici sənəd təqdim edilə bilməmiş, nə də məhkəmə araşdırması zamanı əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlər içərisində torpaq sahəsinə mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mənzil Məcəlləsinin 13.2-ci maddəsində göstərilir ki, otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. Qeyd edilən normada yaşayış evinin struktur elementləri göstərilmişdir. Mənzil Məcəlləsinin 13.3-cü maddəsindən də göründüyü kimi bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi keçidi, ev 12 torpaq sahəsindən, meyvə ağaclarından, qarajdan, ayrıca giriş-çıxışdan, hasardan və darvazadan ibarətdir. Buna görə də qeyd olunan ünvan Çıxarışda fərdi yaşayış evi kimi qeyd edilməlidir. Hesab edir ki, məhkəmə iddianı rədd etməklə Mənzil Məcəlləsinin 13cümaddəsinin tələbini pozmuşdur. Məhkəmə qərarında “iddiaçının mənzilin yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən hüquq müəyyənedici sənədlər eləcə də, mənzilin fərdi yaşayış evi kim qeydiyyata alınmasına dair hüquqmüəyyən edici sənədlərin təqdim edilməməsi”-ni göstərilmişdir. Halbuki Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi keçidi, ev 12, 2 saylı mənzilin texniki pasportu və çıxarışı məhkəmədən əvvəl Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş, lakin müraciətlərlərinə baxılmamışdır. Bundan sonra Bakı İnzibati Məhkəməsinə İddia ərizəsi ilə müraciət edərkən tələb olunan hüquq müəyyənedici sənədlər iddia ərizəsinə əlavə edilməklə məhkəməyə göndərilmişdir. MPM-in 88-ci maddəsinin tələbinə görə məhkəmə tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Tərəflərindən məhkəməyə təqdim edilmiş çıxarışdan da görünür ki, Bakı şəhəri, Xətairayonu, 1-ci Dairəvi keçidi, ev 12, 2 saylı mənzil İddiaçı xüsusi mülkiyyətindədir. Belə olan halda evin yerləşdiyi torpaq sahəsinə dair hüquq müəyyənedici sənədlərin olmaması iddianın rədd edilməsi üçün əsas ola bilməz. Habelə torpaq sahəsinin sənədlərinin olmaması çıxarışda müvafiq qeydlərin aparılması, yəni “mənzil”in fərdi yaşayış sahəsi kimi düzəliş edilməsinə maneə deyildir. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdilər. İddiaçının nümayəndəsi və vəkili əlavə olaraq izahatında bildirdi ki, evin yerləşdiyi torpaq sahəsinə dair çıxarışın verilməsi ilə bağlı hazırda iddia tələbləri yoxdur, tələbləri məhz çıxarışda mənzilin fərdi yaşayış evi kimi göstərilməsi, texniki pasportda evin ölçülərinin düzgün müəyyən edilməsi və əvvəlki mülkiyyətçilərə məxsus texniki pasportda olduğu kimi torpaq sahəsinin texniki pasportda göstərilməsi ilə bağlıdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini, məhkəmənin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi qismən təmin edilərək, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin onun adına fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi (çıxarışın dəyişdirilməsi) və həmin daşınmaz əmlaka dair texniki pasportda tikinti altı sahənin qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia ümumi və xüsusi mümkünlük şərtlərinə cavab verir. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddia tələbi öhdəliyin icrası haqqında iddiadır. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı subyektiv hüquqa malikdir. Belə ki, iddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilinə dair çıxarışın dəyişdirilməsi, həmin mənzilə dair texniki pasportun dəyişdirilərək evin ölçülərinin və torpaq sahəsinin qeyd edilməsini tələb edir. Cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiya hesab edir ki, iddia mahiyyəti üzrə qismən əsaslı olmaqla, birinci instansiya məhkəməsinin iddianın tamamilə rədd edilməsi ilə bağlı gəldiyi nəticə əsassız olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün ilk növbədə mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: - 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. - 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar konkret olaraq müəyyən olunmuş və həmin əsaslar aşağıdakılardan ibarətdir: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013- cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıqplanlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. - 12.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. - 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: -13.1-ci maddəsinə əsasən yaşayış sahələrinə aşağıdakılar aiddir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələri. - 13.2-ci maddəsinə əsasən otaqlardan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət fərdi müəyyən edilmiş ev yaşayış evi hesab edilir. -13.3-cü maddəsinə əsasən bir və ya bir neçə otaqdan, habelə yaşama ilə əlaqədar məişət və digər ehtiyacların ödənilməsi üçün nəzərdə tutulmuş yardımçı sahələrdən ibarət, çoxmənzilli binanın ümumi istifadədə olan sahələrinə birbaşa daxil olmaq imkanını təmin edən strukturca ayrıca sahəsi mənzil hesab edilir. «İnzibati icraat haqqında» Qanunun: - 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya digər öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası iddiaçın apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir: İş materiallarında olan 23 dekabr 2003-cü il tarixli 217754 №-li müqavilədən görünür ki, X11 Bakı şəhəri, Xətai ray., H.Aslanov qəsəbəsi, 1-ci Dairəvi keçidi küçəsi 12 saylı evin 91,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzili X1, bununla bağlı X4 adına verilmiş 181736 №-li qeydiyyat vəsiqəsindən müəyyən edilir ki, Bakı şəhəri, Xətai ray., H.Aslanov qəsəbəsi, 1-ci Dairəvi keçidi küçəsi 12 saylı evin 91,9 kv.m yaşayış sahəsindən ibarət 4 otaqlı mənzil X4 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmiş və bu barədə 116 inv saylı reyestr kitabında qeydiyyat aparılmışdır. Daha sonra 26 sentyabr 2018-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsi əsasında X8 həmin mənzili X5 bağışlamış, bununla bağlı X5 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmiş və Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi keçidi, ev 12, mənzil 2 xüsusi mülkiyyət hüququ əsasında X3 adına qeydiyyatdan keçirilmişdir. Həmin mənzil X7 ilə işdə İddiaçı arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında İddiaçı keçmişdir. Hazırda Bakı şəhəri, Xətai rayonu, 1-ci Dairəvi keçidi, ev 12-də yerləşən 2 saylı mənzil iddiaçının mülkiyyətindədir. Qeyd edək ki, daşınmaz əmlakın əvvəlki mülkiyyətçilərində olduğu kimi, qeyd olunan daşınmaz əmlaka İddiaçı adına çıxarış verilərkən iddiaçı tərəfindən fərdi yaşayış evi kimi çıxarışın verilməsi tələb edilən ünvan mənzil kimi qeydiyyatdan keçmişdir. Hazırda iddiaçı cavabdehdən tələb edir ki, sözügedən mənzil fərdi yaşayış evi kimi qeydiyyata alınsın və müvafiq olaraq bununla bağlı iddiaçının adına yenidən çıxarış verilsin. Yəni, reyestrdə daşınmaz əmlakın təyinatı ilə bağlı düzəliş edilsin. Cavabdeh isə imtinasında o hallara istinad etmişdir ki, torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 8-ci maddəsində və AR Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Kollegiya ilk növbədə qeyd edir ki, cavabdeh imtina əsası kimi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsinə istinad etsə də, iddiaçının hazırki tələbi tikilinin, yəni mənzilin yerləşdiyi torpaq sahəsinə deyil, mənzilin özünə fərdi yaşayış evi kimi çıxarışın verilməsindən ibarətdir. Torpaq sahələri və fərdi yaşayış evləri, mənzillər ümumilikdə daşınmaz əmlak hesab edilsə də, onların Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınma proseduru və əsasları fərqlidir. Hazırda qüvvədə olan mənzil qanunvericiliyində əvvəllər mənzil olan daşınmaz əmlakın fərdi yaşayış evi kimi qeydiyyatdan keçirilməsi proseduru ilə bağlı qaydalar müəyyən edilməmişdir, kollegiya hesab edir ki, qanunvericilikdəki boşluqlar hazırki işdə iddiaçının ziyanına şərh edilə bilməz, çünki iş materiallarından da görünür ki, iddiaçının qanuni istifadəsində olan daşınmaz əmlak fərdi yaşayış evi tiplidir, təsadüfi deyil ki, qeyd edilən daşınmaz əmlak X4 mülkiyyətində olarkən tərtib edilmiş Fiziki şəxlərin mülkiyyətində olan yaşayış və qeyri-yaşayış tikililərinin qiymət cədvəlindən də görünür ki, həmin əmlak yaşayış evi kimi qeyd edilmişdir. Beləliklə, iddiaçının mülkiyyətində olan əmlakın mövcudluğu, mənzil kimi qeydiyyatdan keçməsinə baxmayaraq, yuxarıda sadalanan mənzil qanunvericiliyinin normalarına əsasən çoxmənzilli binanın ayrıca sahəsinin olması, fərdi yaşayış (həyət) tipli olması iş materiallarında olan sənədlərlə kifayət qədər sübuta yetirildiyindən, cavabdehin yuxarıda qeyd edilən əsaslarla əmlakın fərdi yaşayış evi kimi qeydiyyatından imtinasının əsaslı hesab edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Həmçinin iş materiallarında olan evin əvvəlki mülkiyyətçilərinin adına tərtib edilmiş texniki sənədlərdən (texniki pasport, torpaq sahəsinin planı) müəyyən edilir ki, həmin sənədlərdə tikintialtı sahələr qeyd edilsə də, İddiaçı adına verilmiş texniki pasportda torpaq sahəsi haqqında məlumat hissəsində tikintialtı sahə qeyd edilməmişdir. Odur ki, iddia tələbi həmin hissədə qismən əsaslı olmaqla həmin evin yerləşdiyi torpaq sahəsinin planında tikinti altı sahənin qeyd edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Kollegiya iddia tələbini texniki pasportda evin ölçülərinin dəyişdirilməsi hissəsində əsassız hesab edir. Belə ki, iddiaçı bildirir ki, evin ölçüləri texniki pasportda düzgün qeyd edilməmişdir. Kollegiya qeyd edir ki, iş materiallarında olan X7 ilə İddiaçı arasında bağlanmış 26 noyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Ruslan İsmayılov ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi məhz 162.4 kv.m olan mənzili tam mülkiyyət hüququ üzrə alıcı qismində İddiaçı mülkiyyətinə vermiş, Daşınmaz əmlakın dövlət reyestrində də İddiaçı adına qeydiyyat məhz həmin alqı-satqı müqaviləsi əsasında aparılmış, buna müvafiq olaraq çıxarışda və texniki pasportda evin ümumi sahəsi 162.4 kv.m kimi qeyd edilmişdir. Odur ki, iddiaçının evin ölçülərinin düzgün qeyd edilməməsinə istinad edərək, texniki pasportda evin ölçülərinin dəyişdirilməsi hissəsində iddia tələbi əsassız olmuşdur. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qismən əsaslı olduğundan, şikayət qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2325/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2325/2023 saylı, 27 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 2 saylı mənzilin onun adına fərdi yaşayış evi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın verilməsi (dəyişdirilməsi) və həmin evə dair texniki pasportda tikintialtı torpaq sahəsinin qeyd edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Kamran Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar