Məhkəmə qərarları › İş №2-1(103)-2714/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2714/2021

23.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2714/2021 23.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçıların nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X6 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb olunmaqla “Azərbaycan Respublikasının Əqli Mülkiyyət X5nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-825/2021 saylı 14.07.2021-ci il tarixli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyinə qarşı "xxxx" MMC üçüncü şəxs qismində işə cəlb olunmaqla iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Əqli Mülkiyyət X5nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarının tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia ərizəsində qeyd etmişlər ki, onlar cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Белоснежка» adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1347 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişlər. Azərbaycan Respublikasının Əqli Mülkiyyət X5 17 dekabr 2019cu il tarixli, A51-7 saylı qərarı ilə verilmiş etirazı əsasız hesab etmiş və iddianı təmin etməmişdir. 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarı iddiaçı tərəfindən 15 yanvar 2020-ci il tarixində almışdır. Ukrayna Respublikasının qanunvericiliyi əsasında fəaliyyət göstərən və Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən İddiaçı2 (bundan sonra “Konti İB”) tərəfindən Ukrayna Respublikasında “Снежок” adlı təsviri əmtəə nişanının qeydiyyata alınmasına dair 12.11.012-ci il tarixində iddia ərizəsi verilmiş və 10.12.2013-cü il tarixində “Снежок” adlı əmtəə nişanı 179357 nömrəsi ilə Ukrayna Respublikasında əmtəə nişanı kimi qeydiyyata alınmışdır. Sözügedən əmtəə nişanı (179357 nömrəsi ilə Ukrayna Respublikasında qeydiyyat) qeydiyyatına aid olan və bu etiraz ərizəsinə əlavə olunan çıxarışdan görünür ki, 10 dekabr 2013-cü il tarixindən etibarən “Снежок” adlı əmtəə nişanı üzrə hüquqların sahibi Ukrayna Respublikasının Donetsk rayonu, Konstantinovka şəhəri, İnternatsionalna küçəsi 460 ünvanında yerləşən “Konti İB”-dir. Eyni zamanda "xxxx" MMC tərəfindən 30 və 35-ci siniflərin əmtəələri və xidmətləri üzrə 17.08.2016-cı il tarixində 2016 00605 nömrəli qeydiyyata alınmasına dair iddia ərizəsi verilmişdir və “Белоснежка” adlı əmtəə nişanı 2016 1347 nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçılar hesab edirlər ki, "xxxx" MMC “Белоснежка” adlı əmtəə nişanını qeydiyyata alaraq, X1 müəlliflik hüquqlarını kobud şəkildə pozmuşdur. Belə ki, “Konti İB” ilə X3 arasında imzalanmış “Снежок” adlı əmtəə nişanının təsvirinin yaradılması haqqında aktda göstərilmişdir ki, “Снежок” adlı təsvirin müəllifi X2. Belə ki, bu etiraz ərizəsinə əlavə olunan “Снежок” adlı əmtəə nişanının təsvirinin şəhadətnaməsində göstərilib ki, “Снежок” adlı təsvirin müəllifi X2. “Ədəbi və X7 haqqında Bern Konvensiyası”nın 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və Bədii Əsərlər” terminin açıqlanması verilmişdir. Həmin açıqlanmaya əsasən, əmtəə nişanlarının təsvir hissələri (qrafika, şəkillər) də qeyd edilmişdir. Sözügedən Konvensiyanın 2-ci maddəsinin 6cı bəndində qeyd edilmişdir ki, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. Həm Azərbaycan Respublikası, həm Rusiya Federasiyası, həm də Ukrayna Respublikası bu İttifaqın üzv ölkələridir. Beləliklə, İttifaqın üzv ölkəsində yaradılmış təsvir hissəsi həmçinin Azərbaycan Respublikasında qorunur. Azərbaycan Respublikasının “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna əsasən, “Снежок” adlı əmtəə təsviri müəlliflik obyekti sayılır. Əmtəə nişanların təsviri hissələrindən görünür ki, müqayisə edilən əmtəə nişanları təsviri hissədən, rənglərin quraşmasından və sözlərdən ibarət yaradılmış əmtəə nişanlarıdır. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29.3-cü maddəsinə əsasən, iddia olunan nişan başqa nişanlarla o vaxt qarışdırılacaq dərəcədə uyğun hesab edilir ki, o, aralarında müəyyən fərqli elementlərin olmasına baxmayaraq, həmin nişanlarla eyni təsəvvür yaradır. Müqayisəsi aparılan nişanlarındakı cüzi fərqlər də məhz həmin qəbildən olan fərqlərə aid olmaqla, nişanların qarışdırılacaq dərəcədə uyğunluğuna səbəb olur. “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”na və yuxarıda göstərilmiş əmtəə nişanlarının müqayisə hissəsinə əsasən, iddiaçılar hesab edirlər ki, “Снежок” adlı əmtəə nişanı və “Белоснежка” adlı kombinasiya edilmiş əmtəə nişanı (2016 1347 nömrəsi ilə qeydiyyat) qarışdırılacaq dərəcədə bənzər olan nişanlardır. "xxxx" MMC-nin “Konti İB” ilə bilavasitə əlaqəsi var idi. Belə ki, “Konti İB” və "xxxx" MMC arasında qənnadı məmulatların təchizatı üzrə müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən, "xxxx" MMC "xxxx" şirkətinin qənnadı məmulatlarının Azərbaycanda satışını təşkil edirdi. "xxxx" şirkəti "xxxx" MMC-nin qənnadı məmulatlarının Azərbaycanda satışı məqsədi ilə təchiz edirdi və bu məmulatların arasında həmçinin “Снежок” adlı məhsul da mövcud idi. “Konti İB”-yə məxsus olan “Снежок” adlı məhsullar Azərbaycan Respublikasına "xxxx" MMC-yə məxsus “Белоснежка” adlı əmtəə nişanın qeydiyyata alınmasından əvvəl idxal olunurdu. Nəzərə alsaq ki, "xxxx" MMC "xxxx"nin distribyutoru olub, onun mallarını Azərbaycan Respublikasında təchiz edib və onun məhsulları ilə yaxından tanış idi. "xxxx" MMC “Белоснежка” adlı əmtəə nişanının qeydiyyata alınmasına dair iddia ərizəsini istehsalçılar və istehlakçılar arasında yanlış təəssüratın yaradılması məqsədi ilə vermişdir. Göründüyü kimi, "xxxx" MMC “Konti İB”-yə məxsus olan və əvvəlcədən qeydiyyata alınmış “Снежок” adlı əmtəə nişanı ilə qarışdırılacaq dərəcədə bənzər olan “Белоснежка” adlı əmtəə nişanın qeydiyyata alınmasına dair iddia ərizə vermiş və sonradan Azərbaycan Respublikasında satışını təşkil etmişdir. "xxxx" MMC “Белоснежка” adı altında məhsulları Azərbaycan Respublikasında sataraq istehlakçılar və istehsalçılar arasında yanlış təəssürat yaratmışdır və bununla da "xxxx" şirkətinin nüfuzuna zərər vurmuşdur. Azərbaycan Respublikasının Əqli Mülkiyyət X5 iddiaçılar tərəfindən təqdim olunmuş hesab-fakturaları və spesifikasiyaları araşdırmamışdır, halbuki həmin sənədlər əsasında “Снежок” adlı məhsulun iddiaçı tərəfindən göndərildiyi, yəni "xxxx" MMC tərəfindən ölkəyə idxal edildiyi müəyyən etmək mümkündür. Apellyasiya şurası öz qərarında “Снежок” adlı kombinasiya edilmiş əmtəə nişanının təsvir hissəsini yaratmış müəllifi X1 və onun işəgötürəni Ukrayna Respublikasının “Konti İB”-nin müəlliflik hüquqları məsələsinə ümumiyyətlə toxunmamışdır. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-825/2021 saylı 14.07.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. (hakim: M.Hacıbəyova) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apelyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı sübutlar düzgün qiymətləndirilməmişdir. Belə ki, məhkəmə, iddiaçılara məxsus olan "Снежок” adlı əmtəə nişanlı malların üçüncü şəxs "xxxx" MMC tərəfindən idxal edilməsi barədə qənaətə gəlmişdir. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlardan bu görünmür və tərəflərindən məhkəməyə təqdim edilmiş icraat materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məktubundan qeyd olunan malların "xxxx" MMC tərəfindən idxal olunmadığı qeyd olunmuşdur. Bundan əlavə, həmin məktuba əlavə edilmiş idxal olunan malların siyahısından da idxalçının üçüncü şəxs deyil, başqa hüquqi şəxsin olması görünür. Məhkəmə sübutların tədqiqində onları düzgün qiymətləndirməmiş və yanlış nəticəyə gəlmişdir. Məhkəmə tərəfindən qərar qəbul edilərkən aşağıdakı maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının tərəfdaş çıxdığı «Sənaye mülkiyyətinin mühafizəsi haqqında» Paris Konvensiyasının 6-quınquıes maddəsinə əsasən, "mənşə ölkəsində lazımi şəkildə qeydiyyatdan keçmiş hər bir əmtəə nişanı İttifaqın başqa ölkələrində elan iddia edilə bilər və bu maddədə göstərilən düzəlişlərlə olduğu kimi mühafizə olunur”. Bildirirlər ki, əmtəə nişanı üzrə ekspertiza aparılan zaman məlumat bazasında olan eyni və ya oxşar əmtəə nişanlarının olması araşdırılır (istər yerli, istərsə də Azərbaycan üzrə mühafizə olunan beynəlxalq baza (Madrid sazişi və onun Protokolu üzrə)). İddia edilən və İddiaçı1nə məxsus əmtəə nişanları mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Hesab edirlər ki, məhkəmə tərəfindən Qərar çıxarılarkən qeyd olunan beynəlxalq normaya düzgün istinad edilməmişdir ki, bu da hüquq normalarının düzgün tətbiq olunmadığını deməyə əsas verir. Tərəflərindən məhkəməyə iddia ərizəsinə yazılı etiraz daxil olmuşdur. Həm yazılı etirazlarında, həm də məhkəmə iclaslarında nümayəndələri tərəfindən verilən izahatlarda iddia ərizəsinin əsasslılığına dair bir çox dəlillər səsləndirilmişdir. Bu dəlillər məhkəmə tərəfindən nəzərə alınmamışdır. Belə ki, məhkəmə qərarında öz əksini tapdığı kimi, tərəflərindən iddiaçıların əmtəə nişanının qeydiyyata alınmaması, Agentliyin tabeliyində olan Patent və X4 Mərkəzində aparılmış ekspertiza mərhələsində beynəlxalq sistemdə iddia edilən və Koroğlu şirkətinin əmtəə nişanı ilə müqayisə edilən "Снежок” əmtəə nişanının Konti şirkətinin adına beynəlxalq və yerli qeydiyyata alınmaması və bu kimi digər əhəmiyyətli dəlillər irəli sürülmüşdür. Lakin, Şuranın qərarının əsaslarını təşkil edən bu dəlillərə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Bu da məhkəmə araşdırmasının tam və ətraflı aparılmadığını, tərəflərin dəlillərinə düzgün hüquqi qiymət verilmədiyini, məhkəmə tədqiqatında araşdırılmış sübutların düzgün qiymətləndirilmədiyini, hüquq normalarının düzgün tətbiq edilmədiyini əyani şəkildə göstərir. Həmin qərardan üçüncü şəxs "xxxx" MMC apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs apelyasiya şikayətində qeyd etmişdir ki, “Белоснежка” əmtəə nişanı "xxxx" MMC-nin adına Azərbaycan Respublikasında 2016 1347 nömrə ilə qeydiyyata alınmışdır. “Konti İB” tərəfindən “Снiжок” təsviri əmtəə nişanı Ukrayna Respublikasında 10.12.2013-cü il tarixində 179357 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı1 SC tərəfindən təsviri nişanın Azərbaycan Respublikasında 30-cu sinifin əmtəələri üzrə (karamellər (konfetlər), konfetlər) qeydiyyata alınmasına dair 29.09.2017-ci il tarixində iddia sənədi verilmişdir. Patent və X9 tərəfindən verilmiş əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında 01.05.2018-ci il tarixli bildirişdə "xxxx" MMC-yə məxsus 2016 1347 qeydiyyat nömrəli oxşar “Белоснежка” əmtəə nişanının aşkar olunduğu qeyd edilmişdir. "xxxx" SC-yə məxsus “Снежок” kombinasiya edilmiş əmtəə nişanı nə yerli, nə də beynəlxalq sistem üzrə Azərbaycan Respublikasının ərazisində əmtəə nişanı kimi qeydə alınmamışdır. Buna görə, "xxxx" MMC-yə məxsus “Белоснежка” əmtəə nişanı iddia olunan zaman qeydiyyat üçün maneə olmamışdır. Həmçinin iddiaçılar “Снежок” adı altında məhsulların Azərbaycan Respublikasına "xxxx" MMC-yə məxsus əmtəə nişanının ilkinliyindən əvvəl idxal edildiyini bildirsələr də bu barədə mötəbər sübutlar ərizəçilər tərəfindən təqdim edilməmişdir. Məlum etmək istəyir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli məktuba əsasən 2010-2016-cı illərdə “Снежок” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamış və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir. Bundan əlavə, İddiaçı1 SC-yə məxsus “Снежок” və təsviri əmtəə nişanları mənşə ölkəsi olan Rusiya Federasiyasında qeydiyyata alınmamışdır. Mənşə ölkəsində qeydiyyata alınan nişan təsviri nişanıdır. Bu o deməkdir ki, ərizəçi "xxxx" şirkəti “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin birinci hissəsinə istinadən o zaman nişanın etibarsızlığını tələb edə bilər ki, mənşə ölkəsində lazımi qaydada qeydiyyata alınmış olsun. Təsvirə dair müəlliflik hüquqlarının yaradılmasına münasibətdə isə qeyd edir ki, həmin Qanunun 6-cı maddəsinin ikinci hissəsinin b) bəndinə əsasən, müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentlərini təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır. Yəni yalnız qeyd edilən halda əmtəə nişanının qeydiyyatı üçün müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı tələb olunur. Qeyd edilən əsas ilə Rusiya Federasiyasının Mülki Məcəlləsinin 1483-cü maddəsinin 9-cu maddəsindəki əsas bir element fərqli ilə üst-üstə düşür və qeyd edilən maddədə “известный” sözü təqdim edilən kontekstdə “məşhur” kimi deyil, “məlum, açıqlanmış” kimi nəzərdən keçirilir. Odur ki, yaradılmış əsər müəlliflik hüququ obyekti kimi əmtəə nişanına qarşı qoyulan zaman “Ədəbi və X7 haqqında” Bern Konvensiyasının müddəaları məhz bu kontekstdə nəzərdən keçirilməlidir. Şərh edilənlərə əsasən “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 29-cu maddəsini nəzərə alaraq, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və 29cu maddələrini rəhbər tutaraq, iddiaçılar tərəfindən verilən iddia ərizəsi əsassız hesab edilməli və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsinin qərarında “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə istinad etməsi də əsaslı hesab oluna bilməz. Belə ki, həmin Qanunun 4-cü maddəsinə əsasən, rəqibin təsərrüfat fəaliyyətini təqlid edən rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patent-lisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi kimi hərəkətlərə yol verilmir. Bu barədə bildirmək istəyir ki, "xxxx" MMC qeyd olunan əmtəə nişanını qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirmişdir. Belə olan halda hesab edir ki, birinci instansiya məhkəməsinin bu maddəyə istinadı əsaslı hesab edilməməlidir. Bir daha qeyd edir ki, "xxxx" MMC tərəfindən «Belosnejka” kombinasiya olunmuş əmtəə nişanına şəhadətnamənin verilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Standartlaşdırma Metrologiya və X12 Komitəsinə müraciət olunan vaxt həmin əmtəə nişanının ilkin ekspertizası keçirilmiş, Azərbaycan Respublikasının Əqli Mülkiyyət X5nda baxılan zaman təkrar araşdırma aparmaqla iddiaçıya məxsus əmtəə nişanı ilə "xxxx" MMC-yə məxsus əmtəə nişanı arasında oxşarlığın olmadığı və bu nişanların fərqli nişanlar olduğu müəyyən olunmuşdur. Lakin birinci instansiya məhkəməsi hazırki işə birtərəfli qaydada yanaşmış, nəticədə qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunanlardan göründüyü kimi, birinci instansiya məhkəməsi işi hərtərəfli, tam və obyektiv araşdırmamış, işə birtərəfli qaydada yanaşaraq iddiaçının mənafeyinə xidmət edən qərar qəbul etmişdir. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X10 apelyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçıların nümayəndəsi-vəkili Vəkil apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə üçüncü şəxs "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçılar Azərbaycan Respublikasının Əqli Mülkiyyət X5nın 17 dekabr 2019-cu il tarixli, A51-7 saylı qərarının tamamilə ləğv olunması və “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamənin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişlər. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və müəyyən etmişdir ki, iddiaçı "xxxx" İstehsalat Birliyi” QSC-yə məxsus «Снежок» adlı əmtəə nişanı Ukrayna əqli mülkiyyət dövlət xidməti tərəfindən 10.12.2013-cü il tarixində qeydiyyata alınmış (mühafizə olunan rəngin və ya rəng çalarlarının qeyd olunması göy, tünd göy, açıq göy, mavi, ağ, yaşıl), iddiaçılar «Снежок» təsviri müvafiq əmtəə nişanının Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması üçün iddia sənədi şəklində cavabdehə 29.09.2017-ci il tarixdə göndərilmiş, cavabdehin 01.05.2018-ci il tarixli bildirişə əsasən ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş (əmtəə nişanının ilkinlik tarixi - 17.08.2016) oxşar əmtəə nişanı aşkar edildiyinə görə iddiaçıların əmtəə nişanının qeydiyyata alınması rədd edilmiş, iddiaçılar cavabdehin Apellyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Белоснежка” adlı kombinasiya edilmiş əmtəə nişanının (2016 1347 nömrəsi ilə qeydiyyat) qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etmişdirlər, lakin Azərbaycan Respublikasının Əqli mülkiyyət X5 17.12.2019-cu il tarixli, A51-7 saylı qərarı ilə verilmiş etirazı əsassız hesab etmiş və iddianı təmin etməmişdir. İddiaçılar hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə Azərbaycan Respublikasının Ali Məhkəməsinin eyni tərəflər üzrə oxşar xarakterli tələblərə dair işlər üzrə qəbul olunmuş (İnzibati-İqtisadi Kollegiyasının 14.08.2019cu il tarixli 2-1(102)-2324/2019 nömrəli, 15.10.2019-cu il tarixli 2-1(102)-2684/2019 nömrəli, 04.09.2019-cu il tarixli 2-1(102)-2251/2019 nömrəli, 19.08.2020-ci il tarixli 2-1(102)- 948/2020 nömrəli, İnzibati Kollegiyasının 11.11.2020-ci il tarixli 2-1(102)-2043/2020 nömrəli, 26.08.2020-ci il tarixli 2-1(102)-1016/2020 nömrəli) qərarları nəzərdən keçirərək müəyyən etmişdir ki, üçüncü şəxs "xxxx" MMC iddiaçı olan müəssisələrlə 2010-cu ildən etibarən bir neçə alqı-satqı müqaviləsi bağlamış, müxtəlif qida məhsullarını, xüsusilə qənnadı məhsullarını almış, distributor kimi iddiaçılara məxsus qənnadı məmulatlarının Azərbaycan Respublikasında satışını təşkil etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq o nəticəyə gəlmişdir ki, mübahisələndirilən qərarda hər iki məhsulun adlarının yanında olan foto ilə əks olunmuş təsvirlərə görə əmtəə nişanlarının ümumi kompozisiyası eynilik təşkil edir. "xxxx" şirkətinin “«Снежок»” və "xxxx" MMC-nin “Белоснежка» əmtəə nişanlarının təsvirlərindən görünür ki, hər iki əmtəə nişanı müxtəlif yerlərində cürbəcür formalarda olan qar dənəcikləri, nişanların ortasında buz parçaları, nişanların sağ və sol künclərində müxtəlif rəngdə olan dalğalı zolaqlardan ibarətdir. Əmtəə nişanlarının təsvirində istifadə edilən sözlərin eyni köklü olması, ümumi görünüşlü (müşahidə) təəssüratı, şriftin növü, hərflərin xarakteri nəzərə alınmaqla qrafiki yazılış (məsələn, çap və ya əllə yazılmış hərflər) üst-üstə düşür. Həmçinin, hər iki əmtəə nişanında mavi, göy və ağ rənglərdən istifadə olunmuşdur. Hər iki əmtəə nişanında sözlər kiril əlifbası ilə rus dilində yazılıblar. Əmtəə nişanlarının xarici forması, eyni simmetriyasının mövcud olması və xüsusiyyətləri oxşarlıq yaradır və onların ilkin baxışda bir-birindən fərqləndirilməsi mümkün deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən qeydə alınan əmtəə nişanlarının və coğrafi göstəricilərin hüquqi mühafizəsi bu Qanunla müəyyənləşdirilmiş qaydalara və nişanların beynəlxalq qeydiyyatına dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə və müqavilələrə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasında qeydə alınmayan, lakin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə görə qüvvəsi olan əmtəə nişanı və coğrafi göstərici bu Qanuna uyğun olaraq mühafizə edilir. Həmin Qanununun 5-ci maddəsinə əsasən aşağıda göstərilən nişanların qeydə alınmasına yol verilmir: a) bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı” anlayışına və 4-cü maddəsinə uyğun gəlməyən nişanlar; b) fərqlənmə qabiliyyətinə malik olmayan əmtəə nişanları, yəni əsas amillərlə fərqlənməyən nişanlar; c) əmtəələrin və ya xidmətlərin növünü, keyfiyyətini, miqdarını, təyinatını, dəyərini, habelə onların istehsal olunduğu yeri və tarixi və digər xüsusiyyətlərini göstərən nişanlar; ç) şərabların və spirtli içkilərin mənşəyinə aid olmayan, lakin onları eyniləşdirməklə tərkibində coğrafi göstərici saxlayan əmtəə nişanları; d) əmtəənin mahiyyətini əks etdirən, ona mühüm dəyər verən və texniki nailiyyət üçün zəruri olan formalar; e) ictimai qaydaya, mənəviyyata və əxlaqa zidd olan ifadələrdən, şəxsiyyətin nüfuzdan düşməsinə səbəb ola bilən elementlərdən, din və dövlət rəmzlərindən ibarət nişanlar; ə) uzun illər Azərbaycan Respublikasının ticarət fəaliyyətində istifadə olunan, adi dildə çox işlənən nişan və ya göstəricidən ibarət əmtəə nişanları; f) əmtəələrin və ya xidmətlərin xüsusiyyətləri, keyfiyyəti və ya coğrafi mənşəyi ilə əlaqədar istehlakçını yanılda bilən əmtəə nişanları; g) sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyasının (bundan sonra— “Paris Konvensiyası” adlandırılacaqdır) 6ter maddəsinə uyğun olaraq qeydə alınması mümkün hesab edilməyən əmtəə nişanları; ğ) müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan təltiflər və başqa fərqlənmə nişanları. Həmin Qanununun 6-cı maddəsinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar əmtəə nişanı kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələrə və ya xidmətlərə aid başqa şəxsin adına qeydə əvvəl alınmış və ya qeydə alınmaq üçün iddia edilmiş əmtəə nişanları; b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları; c) bu Qanunun 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında mühafizə edilən geniş tanınmış əmtəə nişanları; ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları; d) mühafizəsiz element kimi əmtəə nişanına daxil edilmiş coğrafi göstəricilər istisna olmaqla coğrafi göstəricidən istifadə hüququ olan şəxsin adına qeydə alınan və Azərbaycan Respublikasında mühafizə edilən coğrafi göstəricilər; e) qeydə alınmış sertifikat nişanları. Aşağıdakıları təkrar edən nişanlar əmtəə nişanı və ya onun elementi kimi qeydə alınmır: a) Azərbaycan Respublikasında başqa şəxslərə məxsus olan sənaye nümunələri; b) müəlliflik hüququ sahibinin və ya onun varisinin razılığı olmadan Azərbaycan Respublikasında məşhur elm, ədəbiyyat, incəsənət əsərləri, onların personajları, onlardan sitatlar və ya onların fraqmentləri; c) tanınmış şəxslərin və onların varislərinin razılığı olmadan həmin şəxslərin soyadları, adları, təxəllüsləri və bunlardan törəyən ifadələr. Tanınmış şəxslərin özlərinin və varislərinin olmadığı halda həmin işarələr Azərbaycan Respublikasının tarixi və mədəni sərvətidirsə, onların qeydə alınması üçün müvafiq icra hakimiyyəti orqanının icazəsi olmalıdır. Həmin Qanunun 25-ci maddəsinə əsasən əmtəə nişanının sahibi “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan ölkələrin birində həmin Konvensiyanın 6 septies maddəsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində öz nümayəndəsinə və ya agentinə onun istifadəsinə icazə vermədikdə, əmtəə nişanının istifadəsinin qarşısını almaq hüququna malikdir. Həmin Qanunun 29-cu maddəsinə əsasən əmtəə nişanı bu Qanunun 1-ci maddəsində verilmiş “əmtəə nişanı anlayışına uyğun gəlmirsə və ya 5-ci maddənin tələbləri pozulmaqla qeydə alınmışsa, qeydiyyatın qüvvədə olduğu müddət ərzində, 6-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş əsaslara görə isə qeydiyyata dair məlumatın rəsmi bülletendə dərc edildiyi tarixdən 5 il ərzində tamamilə və ya qismən etibarsız sayıla bilər. Əmtəə nişanının qeydiyyatı aşağıdakı hallarda etibarsız hesab edilir: əmtəə nişanı qüvvədə olduğu müddətdə, müəyyən növ mallarda ümumi şəkildə istifadə olunan nişanlara çevrildikdə; əmtəə nişanı qüvvədə olduğu müddətdə tam və ya qismən, “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın iştirakçısı olan dövlətlərin hər hansı birində, əmtəə nişanının sahibi ilə bilavasitə və ya dolayı yolla əlaqəsi olan şəxsin, nümayəndənin, agentin adına, Konvensiyanın 6 septies maddəsinin tələbləri pozulmaqla verildikdə. Əmtəə nişanı və ya onun əsas hissəsi geniş tanınmış əmtəə nişanına aid olan əmtəələr və ya xidmətlərlə qarışdırılacaq dərəcədə eyni və ya oxşar olan, başqa şəxsin adına qeydiyyata alınmış geniş tanınmış nişanın oxşatması, tərcüməsi və ya transliterasiyasıdırsa, bu cür əmtəə nişanının qeydiyyatının ləğvinə dair tələb, bu əmtəə nişanı barədə məlumatın dərc olunduğu tarixdən etibarən, qüvvədə olduğu müddət ərzində verilə bilər. Həmin Qanunun 31-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum aşağıdakı hallarda əmtəə nişanının və coğrafi göstəricinin qeydiyyatına xitam verir: bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müddətin qurtarması ilə əlaqədar; şəhadətnamə sahibi qeydiyyatdan imtina etdikdə; bu Qanunun 29-cu maddəsinə uyğun olaraq qeydiyyat etibarsız sayıldıqda; bu Qanunun 30-cu maddəsinə uyğun qəbul olunmuş qərara əsasən; coğrafi göstərici qüvvədən düşdükdə; hüquqi şəxs ləğv edildikdə və ya fiziki şəxs sahibkarlıq fəaliyyətini dayandırdıqda; coğrafi göstəricinin mənşə ölkəsində hüquqi mühafizəsinə xitam verildikdə. Əmtəə nişanının qeydiyyatı qüvvədə olduğu müddətdə onun sahibinin qeydiyyatla bağlı hərəkətləri “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada haqsız rəqabət hesab edildikdə, həmin əmtəə nişanının qeydiyyatına tamamilə və ya qismən xitam verilə bilər. “Haqsız rəqabət haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən haqsız rəqabət-bazar subyektinin sahibkarlıq fəaliyyətində mövcud qanunvericiliyə zidd və ədalətsiz üsullarla üstünlük əldə etməyə yönəlmiş, bununla da digər bazar subyektlərinə (rəqiblərinə) zərər vura bilən, yaxud onların işgüzarlıq nüfuzuna xələl yetirə bilən hərəkətlərdir. Həmin Qanunun 4-cü maddəsinə əsasən rəqibin təsərrüfat fəaliyyətini təqlid edən aşağıdakı hərəkətlərə yol verilmir: rəqibin əmtəəsinin, həmçinin onun əmtəə formasının, qablaşdırılmasının və xarici tərtibatının, əmtəənin texniki xassələrindən irəli gələn xarici görünüşü istisna olmaqla, özbaşına təqlid edilməsi; digər təsərrüfat subyektinin patentlisenziya hüququnu pozmaq yolu ilə onun məhsulunun birbaşa təkrarlanması; eyni adlı subyekt tərəfindən öz adını hər hansı fərqləndirici nişanla firma adı kimi istifadə etməsi halları istisna olmaqla, digər bazar subyektinin əmtəə nişanının, coğrafi göstəricilərinin, firma adının, əmtəə markasının, həmçinin adının qanunsuz istifadə edilməsi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15.10.1999-cu il tarixli 166 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Qaydaları”nın 5-ci bəndinə əsasən aşağıdakılarla eyni olan və ya onlara qarışdırılacaq dərəcədə bənzər olan nişanlar (işarələr) əmtəə nişanı kimi qeydə alınmır (Qanunun 6-cı maddəsinə uyğun olaraq): ...b) Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq sazişlərə uyğun olaraq, Azərbaycan Respublikasında daha əvvəl mühafizə edilən əmtəə nişanları;... ç) əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr, yaxud xidmətlər üzrə başqa şəxsin adına mühafizə olunan və ya geniş tanınmış kimi müəyyən edilən və ya istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan firma adları (firma adlarının hissələri); əmtəə nişanının ilkinlik tarixindən əvvəl Azərbaycan Respublikasında eyni və ya oxşar əmtəələr və ya xidmətlər üzrə başqa şəxs tərəfindən istifadə zamanı istehlakçılar və istehsalçılar arasında fərqlənmə qabiliyyətinə malik olan (tanınmış olan) əmtəə nişanları... Həmin Qaydaların 29.4-cü bəndinə görə eynilik və oxşarlıq yoxlanarkən, aşağıdakı hərəkətlər həyata keçirilir: eyni və oxşar nişanların məlumat axtarışı aparılır; məlumat axtarışı zamanı tapılan nişanın iddia olunan nişanla oxşarlıq dərəcəsi müəyyən edilir; iddia edilən əmtəələrin və ya xidmətlərin, qeydə alınmış (iddia edilmiş) eyni və ya oxşar əmtəə nişanının (işarənin) şamil edildiyi əmtəələrlə və ya xidmətlərlə eyniliyi müəyyən edilir. Həmin Qaydaların 29.9.1-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olmaları müəyyən edilərkən, bu əmtəələrin və ya göstərilən xidmətlərin eyni sahibkara məxsus olması barədə istehlakçıda yarana biləcək təsəvvürlər nəzərə alınır. Həmin Qaydaların 29.9.2-ci bəndinə əsasən əmtəələrin və ya göstərilən xidmətlərin həmcins olması müəyyən edilərkən, xüsusən əmtəənin cinsi (növü) və ya göstərilən xidmətin xarakteri, onların təyinatı, əmtəənin hazırlanmış olduğu materialın növü, əmtəənin satışının və ya göstərilən xidmətlərin şərtləri, istehlakçıların dairəsi və digər şərtlər nəzərə alınır. 14 sentyabr 1995-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Sənaye mülkiyyətinin mühafizəsi üzrə Paris Konvensiyası”nın 6-cı maddəsinin 3-cü bəndində qeyd edilir ki, İttifaqın hər hansı ölkəsində lazımi şəkildə qeyd edilmiş işarə mənşə ölkəsi də daxil olmaqla başqa ölkələrdə qeyd edilmiş işarələrdən asılı olmayan kimi nəzərdə tutulur. Həmin Konvensiyanın 6 bis maddəsinin 1-ci bəndinə əsasən İttifaq ölkələri məlum ölkənin qanunvericiliyi imkan verirsə, ya müdiriyyətin təşəbbüsü ilə, ya da marağı olan şəxsin ərizəsi əsasında əmtəə nişanının qeydiyyatını etibarsız hesab edib onun tətbiqini qadağan edə bilər. Bu o halda mümkündür ki, əmtəə nişanı başqa nişanın təzələnməsi, təqlidi, yaxud tərcüməsi olmuş olsun və qeydiyyat ölkəsinin yaxud tətbiq olunan ölkənin səlahiyyətli orqanının müəyyən etdiyinə görə artıq bu konvensiyanın üstünlüyündən istifadə edən şəxsin məlum olan və eyni, yaxud oxşar işarəsi ilə qarışıq düşmək imkanı yaratmış olsun. Bu vəziyyət o halda mümkündür ki, işarənin əhəmiyyətli tərkib hissəsi elə məlum işarənin təzələnməsi, yaxud təqlidi olsun ki, nəticədə bu onunla qarışıq düşmək imkanı yaratmış olsun. Həmin Konvensiyanın 6-septies maddəsində qeyd edilir: (l) Əgər agent, yaxud İttifaq ölkələrindən birində olan işarə sahibinin nümayəndəsi sahibin icazəsi olmadan şəxsən öz adından bir və ya bir neçə belə ölkədə bu işarənin qeydiyyata mane olan, yaxud onun ləğv olunması hüququna malikdir, ya da bu ölkənin qanunvericiliyi icazə verirsə və agent yaxud nümayəndə özlərinin hərəkətini doğruldan sübutlar təqdim edə bilmirlərsə qeydiyyatı öz xeyrinə çevirib rəsmiləşdirə bilər. (2) İşarə sahibi (1) bəndi ilə nəzərdə tutulmuş şərtlər daxilində agent, yaxud nümayəndə tərəfindən işarənin istifadə olunmasına, əgər o bu istifadə üçün razılıq verməmişsə, mane olmaq hüququna malikdir. (3) İşarə sahibinin bu maddədə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsi üçün milli qanunvericilik tərəfindən ədalətli müddət təyin oluna bilər. Həmin Konvensiyanın 10 bis maddəsinin 1-ci bəndinə görə, sənaye və ticari əlaqələrdə qəbul edilmiş adətlərə zidd olan rəqabət aktı haqsız rəqabət aktı hesab olunur. Xüsusilə, rəqibin müəssisəsi, məhsulları, yaxud sənaye və ya ticari fəaliyyətiylə bağlı hər hansı bir üsulla qarışıqlıq yarada bilən fəaliyyətlər qadağan olunur. 27 noyabr 1998-ci ildə Azərbaycan Respublikasının qoşulduğu “Ədəbi və X7 haqqında” Bern Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində “Ədəbi və bədii əsərlər” termininin anlayışı verilmişdir. Həmin anlayışa görə, “Ədəbi və bədii əsərlər” termini hansı üsulla və formada ifadə olunmasından asılı olmayaraq ədəbiyyat, elm və incəsənət sahəsində bütün əsərləri, o cümlədən: kitab, broşura, başqa yazılı əsərləri; mühazirə, müraciət, nitq və başqa bu tipli yaradıcılıq əsərlərini; dram, musiqili-dram əsərlərini; xoreoqrafiya əsərlərini və pantomimaları; mətnli və ya mətnsiz musiqili əsərləri; kinematoqrafiya əsərlərini, kinematoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; rəsmləri, rəngkarlıq əsərlərini, memarlıq, heykəltəraşlıq, qrafika və litoqrafiya işlərini; fotoqrafiya əsərlərini, fotoqrafiyaya analoji üsullarla ifadə olunan əsərlər onlara bərabər tutulur; tətbiqi sənət əsərlərini; coğrafiya, topoqrafiya, memarlıq və elmə aid olan illüstrasiyaları, coğrafi xəritələri, planları, eskizləri və plastik əsərləri əhatə edir. Eyni maddənin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən əsərlər İttifaqın bütün ölkələrində qorunur. Bu qorunma müəllifin və onun varislərinin mənafeyi naminə həyata keçirilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı "xxxx" Şirkəti tərəfindən Ukrayna Respublikasında «Снежок» adlı əmtəə nişanının qeydiyyata alınmasına dair 12.11.2012-ci il tarixdə iddia ərizəsi verilmiş və «Снежок» adlı əmtəə nişanı Ukrayna əqli mülkiyyət dövlət xidməti tərəfindən 10.12.2013-cü il tarixində qeydiyyata alınmış və bu barədə Şəhadətnamə verilmişdir (mühafizə olunan rəngin və ya rəng çalarlarının qeyd olunması göy, tünd göy, açıq göy, mavi, ağ, yaşıl). "xxxx" Şirkətinə məxsus «Снежок» təsviri əmtəə nişanının Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınması üçün iddia sənədi şəklində 2017-ci ildə Əqli Mülkiyyət Agentliyinə göndərilmiş, lakin iş materiallarında olan “Patent və X9” Publik Hüquqi şəxs tərəfindən verilmiş 01.05.2018-ci il tarixli əmtəə nişanının qeydiyyata alınmasının rədd edilməsi haqqında bildirişdən görünür ki, 2017 00891 №li iddia ərizəsinin ekspertizası nəticəsində müəyyən olunmuşdur ki, o, 30-cu sinif əmtəələri üzrə əmtəə nişanı kimi qeydə alına bilməz, belə ki, ekspertiza zamanı ƏXBT-nin 30-cu sinfi üzrə Azərbaycan Respublikasında öncə qeydiyyatdan keçmiş oxşar əmtəə Nişanı aşkar edilmişdir ("xxxx" MMC-nə məxsus; ilkinlik tarixi 17.08.2016-cı il). İddiaçılar cavabdehin Apelyasiya Şurasına etiraz ərizəsi ilə müraciət edərək “Белоснежка” adlı kombinasiya edilmiş əmtəə nişanının qeydiyyatının etibarsız sayılması barədə qərar verilməsini xahiş etsələr də, Azərbaycan Respublikasının Əqli mülkiyyət Agentliyinin Apelyasiya Şurası 17.12.2019-cu il tarixli, A51-7 saylı qərarı ilə etiraz əsassız hesab edilərək təmin edilməmişdir. Bildirişdən göründüyü kimi "xxxx" MMC tərəfindən oxşar əmtəə nişanı qeydiyyata alınması üçün iddia ərizəsi 17.08.2016-cı il tarixdə, yəni «Снежок» adlı əmtəə nişanı Ukrayna əqli mülkiyyət dövlət xidməti tərəfindən 10.12.2013-cü il tarixində qeydiyyata alındıqdan 3 il sonra verilmişdir. Belə olan halda məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyə əsasən "xxxx" MMC-yə məxsus “Белоснежка” əmtəə nişanının qeydiyyata alınmasına dair 20161347 nömrəli şəhadətnamə etibarlı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehin “Снежок” əmtəə nişanlı malların üçüncü şəxs "xxxx" MMC tərəfindən idxal edilməsi birinci instansiya məhkəməsində tədqiq edilmiş sübutlardan görünmür”, eyni zamanda üçüncü şəxsin “iddiaçılar “Снежок” adı altında məhsulların Azərbaycan Respublikasına "xxxx" MMC-yə məxsus əmtəə nişanının ilkinliyindən əvvəl idxal edildiyini bildirsələr də bu barədə mötəbər sübutlar ərizəçilər tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli məktuba əsasən 2010-2016-cı illərdə “Снежок” adlı kombinasiya edilmiş əmtəə nişanlı qənnadı məmulatları "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC vasitəsilə Azərbaycan Respublikasına ixrac olunmamış və "xxxx" MMC tərəfindən Azərbaycan Respublikasına idxal edilməmişdir” barədə dəlillərinə münasibətdə qeyd edir ki, Dövlət Gömrük Komitəsi tərəfindən verilmiş 11.01.2019-cu il tarixli məktubdan və ona əlavə edilmiş Gömrük Bəyannamələri əsasında rəsmiləşdirilən ixrac və idxal əməliyyatları haqqında məlumatdan görünür ki, İddiaçı1 SC (Rusiya Federasiyası), "xxxx" İB (Ukrayna) və "xxxx" Ticarət Evi (Ukrayna) tərəfindən Azərbaycan Respublikası ərazisinə "xxxx" MMC vasitəsilə 2016-cı il ərzində "xxxx" nişanlı karamelli konfetlər, İddiaçı1 nişanlı biskvitlər və sair idxal olunmuşdur. “İnzibati icraat haqqında ” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən, qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin və üçüncü şəxsin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayətləri təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının Əqli Mülkiyyət Ağentliyi və üçüncü şəxs "xxxx" MMC-nin apelyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-825/2021 saylı 14.07.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar