Məhkəmə qərarları › İş №2-1(103)-2714/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2714/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2714/2022 26.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X4 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6407/2022 saylı 12 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə çıxarışdan görünür ki, İddiaçı gözdən əlillik səbəbilə xx.xx.2009-cu il tarixdən müddətsiz olaraq İ dərəcəli əlillik təyin edilmişdir. İddiaçıya məxsus pensiya işində olan “Əmək pensiyasının təyin edilməsi haqqında” **********7 saylı xx.xx.2021-ci il tarixli qərardan görünür ki, İddiaçı İ qrup pensiya təyin edilmiş və pensiya hüququnun yarandığı tarix xx.xx.2021-ci il müəyyən edilmişdir. Həmçinin iddiaçıya təyin edilmiş pensiya hesablanaraq qanunvericiliyə uyun olaraq xx.xx.2018-ci il tarixdən 3 il geriyə təyinatı aparılmışdır. İddiaçı əlilliyə görə ona 2012-ci ildən təyin edilmiş pensiyanın elə həmin vaxtdan xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********3 saylı 20 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, xx.xx.2006-cı il tarixdən pensiya hüququ yarandığı tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış 2182.46 manat pensiya kapitalı nəzərə alınmaqla ona xx.xx.2018-ci il tarixdən 165.64 manat məbləğində İ dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmişdir. “Ümumi səbəblərdən İ dərəcə gözdən əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1232 saylı 30 dekabr 2020-ci il tarixli Fərmanına əsasən ona xx.xx.2021-ci il tarixdən 210 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, ötən dövr üzrə yaranmış fərq məbləği cari pensiyaya əlavə edilməklə ödəniləcəkdir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “2012-ci ildən İ dərəcəli əlilliyə görə təyin edilmiş əmək pensiyasının həmin vaxtdan xx.xx.2018-ci il tarixədək olan dövr üzrə birdəfəlik ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, o, anadangəlmə gözdən əlildir. Buna görə də ona 18 yaşının tamam olduğu 2009-cu ildən, yəni xx.xx.2009-cu ildən ona müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. xx.xx.2006-cı ildən 2013-cü ilin yanvar ayınadək olan müddətdə Göygöl rayon İcra Hakimiyyətinin Göygöl şəhəri üzrə nümayəndəliyində və Azərbaycan Respublikası Korlar Cəmiyyətinin 2 saylı X2 “AN” kiçik müəssisəsində işləməklə 6 il sığorta stajı toplamışdır. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən ona xx.xx.2018-ci il tarixdən əlilliyə görə pensiya təyin edilmiş, ondan əvvəlki dövrlər üzrə ona hüququnun yarandığı vaxtdan pensiya təyin edilməsindən imtina edilmiş və 2012-2018-ci illər üzrə ödənilməmiş pensiyası verilməmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, cavabdeh inzibati orqan öz tələbini “Əmək pensiyası haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6407/2022 saylı 12 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Əlavə olaraq göstərilmişdir ki, apellyasiya şikayəti əsassızdır, məhkəmə tərəfindən təmin edilməməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, İddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “2012-ci ildən İ dərəcəli əlilliyə görə təyin edilmiş əmək pensiyasının həmin vaxtdan xx.xx.2018-ci il tarixədək olan dövr üzrə birdəfəlik ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, ona pensiyanın təyin edilməsi (və ya yenidən hesablanması) üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu təqdim etməməsinə, iddiaçının əvvəlki dövrlər üzrə tələbinin əsassız hesab olunmasına istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 37.7-ci maddəsinə (xx.xx.2017-ci il tarixədək olan redaksiya) əsasən, keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə (xx.xx.2017-ci il tarixdən qüvvədə olan redaksiya) əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun hər iki redaksiyada olan maddələrini birgə təhlil etdikdə müəyyən olunur ki, 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə gətirilmiş yenilik ondan ibarət olmuşdur ki, xx.xx.2017-ci il tarixə qədər qüvvədə olan müddəalara görə keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsində müddət məhdudiyyəti tətbiq edilmədiyi halda (bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla), xx.xx.2017-ci il tarixdən sonra keçmiş dövr üçün alınmamış pensiya məbləğinin ödənilməsi müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 (üç) il ilə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli № 03/2020 nömrəli qərardadı ilə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməsi qərara alınmışdır. Həmin qərardadda qeyd olunmuşdur ki, “keçmiş dövr üçün alınmamış pensiyaların konkret müddətlə (3 illə) məhdudlaşdırılması hüquqi müəyyənlik və sabitliyin təmin edilməsi baxımından da ümumən hüquqda qəbul edilmiş yanaşmaya uyğun hesab olunmalıdır. Belə ki, müddətlər (qanunvericinin dairəsini konkret müəyyən etdiyi iddia müddətlərinin şamil edilmədiyi münasibətlər istisna olmlaqla) hüquq münasibətləri iştirakçılarını intizamlandırmaqla, onlardan qeyri-müəyyən istənilən dövr ərzində deyil, konkret müddətlər daxilində hüquqlarını həyata keçirmək üçün real hərəkətlər etmələrini tələb edir. Bu mənada, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında da istər inzibati orqanlara, istərsə də vətəndaşlara münasibətdə konkret hərəkətlərin müəyyən edilmiş müddətlər daxilində edilməsini tələb edən normalar mövcuddur (məs; Vergi Məcəlləsinin 85-ci maddəsi, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi və s.). Odur ki, kollegiya hesab edir ki, yeni tənzimləmə həm də hüquqi müəyyənliyi və sabitliyi təmin etməyə dair əsaslı legitim məqsədə də xidmət edir.” Hazırda qüvvədə olan məhkəmə praktikasına görə hər bir vətəndaşın sosial təminat sahəsindəki olan hüquqlarının bərabərlik prinsipinin təmin edilməsi üçün əmək pensiyaçılarının pensiya hüququnun yaranma tarixindən asılı olmayaraq, ödənilməmiş pensiya məbləğinin yalnız müraciət olunan tarixdən əvvələ 3 il ərzində ödənilməsi mümkün sayılır. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etsə də, ona pensiyanın təyin edilməsi (və ya yenidən hesablanması) üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona pensiyanın təyin olunma hüququnun yarandığı 2012-ci ildən xx.xx.2018-ci il tarixədək olan dövr üzrə ödənilməyən pensiya məbləğinin birdəfəlik ödənilməsi ilə bağlı tələbinin təmin olunmasından cavabdeh inzibati orqan imtina etməkdə haqlı olmuş və buna görə də birinci instansiya məhkəməsi iddianın təmin olunmaması ilə bağlı düzgün nəticəyə gəlmişdir. İddiaçının apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etməklə formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6407/2022 saylı 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6407/2022 saylı 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar