Məhkəmə qərarları › İş №2-1(103)-2715/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2715/2021

20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2715/2021 20.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “onun şəhid ailəsi kimi uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2084/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 20 oktyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəhid ailəsi kimi mənzil uçotuna alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə ərizə və apellyasiya şikayəti verilərək, müddətin üzürlü hesab edilərək bərpa edilməsi, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2084/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, sözügedən qərar ona 2020-ci ilin oktyabr ayının sonlarında və ya noyabr ayının əvvəllərində verilmiş, həmin dövrdə özü və həyat yoldaşı ağır xəstə olmuş, sonradan həyat yoldaşı vəfat etmiş, özü də imkansızlıqla bağlı vəkil tuta bilməmiş, nəticədə şikayət verilmə müddətini ötürmüşdü. Bu səbəbdən də şikayət verilməsi üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Apellyasiyanın mümkünlüyü məsələsinə (prosessual müddətin bərpası barədə ərizəyə) baxılması 20.10.2021-ci il tarixə təyin edilmişdir. Apellyasiya baxışı zamanı İddiaçı məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpası barədə ərizəni müdafiə edərək onun təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 iddiaçı tərəfindən verilmiş ərizənin təmin edilməməsini və apellyasiya şikayətinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və prosessual müddətin bərpası ilə bağlı verilmiş ərizəni araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 03.09.2020-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair verilmiş ərizə təmin edilməməli və apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2084/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarı poçt vasitəsilə 17 sentyabr 2020-ci il tarixli məktubla iddiaçının iş materiallarındakı ünvanına göndərilmiş və 17 oktyabr 2020-ci il tarixdə poçt xəbərnaməsinin “şəxsən” qrafasının qarşısına “İddiaçı (gəlini)” yazılaraq imza edilməklə (i.v.58) qəbul edilmişdir. Sözügedən məhkəmə qərarının iddiaçı tərəfindən 17.10.2020-ci il tarixdə alınması faktı mübahisəsiz olub, sonuncunun “müddətin bərpa edilməsi barədə” verdiyi ərizəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə görə məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Belə olan halda 03 sentyabr 2020-ci il tarixli məhkəmə qərarından apellyasiya şikayəti verilməsi üçün iddiaçıya münasibətdə son müddət 17.11.2020-ci il tarix hesab olunur. Lakin iş materiallarından görünür ki, prosessual müddətin bərpasına dair ərizə və apellyasiya şikayəti 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur ki, bununla da iddiaçı tərəfindən qanunla müəyyən edilmiş 30 günlük prosessual müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Hazırki işdə iddiaçı “apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi” barədə ərizəsində məhkəmə qərarından apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin ötürülməsinin səbəbini həmin dövrdə karanavirus xəstəsi olması, sonradan həyat yoldaşının vəfat etməsi ilə izah etmiş və buna görə də üzrlü səbəbdən apellyasiya şikayətinin verilməsinin mümkün olmadığını bildirmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş AZ-İİ seriyalı 10978 saylı 23.12.2020-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, iddiaçının həyat yoldaşı X3 11.12.2020-ci il tarixdə vəfat etmişdir. Eyni zamanda iddiaçı həmin dövrdə karanavirus xəstəsi olması barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPMin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.” Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında da deyilir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Hazırki işdə məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qərarından apellyasiya şikayətini qanunla müəyyən edilmiş müddətdə verməməklə yanaşı, həmin müddət bitdikdən sonra da onun üzrlü səbəbdən ötürülməsinin əsası kimi istinad etdiyi halların baş verməsindən (həyat yoldaşının vəfat etməsindən) dərhal sonra deyil, bundan xeyli müddət keçdikdən sonra, yəni təxminən 9 ay sonra məhkəməyə müraciət etmişdir. X5 Məcəlləsinin 24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır. Göründüyü kimi, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizəni müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün keçdikdən xeyli sonra təqdim etmişdir ki, bu da onun tərəfindən qanunla müəyyən edilmiş prosessual müddətin üzrsüz səbəbdən ötürüldüyü üçün onun bərpası ilə bağlı verilmiş ərizənin təmin edilməməsi üçün əsas yaradır. Belə olan halda “prosessual müddətin bərpası” barədə iddiaçının ərizəsi təmin olunmamalı, apellyasiya şikayətinin mümkün sayılması üçün hər hansı əsas mövcud olmadığından şikayət qeyri-mümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş “prosessual müddətin bərpasına dair” ərizə təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2084/2020 saylı 03 sentyabr 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar