Məhkəmə qərarları › İş №2-1(103)-2715/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2715/2025

25.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2715/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ödənilməyən Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X2 ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştrakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4702/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları

1. İddiaçı xx.xx.1986-cı ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron portaldan çıxarışdan görünür ki, X4 xx.xx.2023-cü ildən ümumi xəstəlik səbəbindən birinci dərəcəli əlillik təyin edilmişdir.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin Sosial Ödənişlər Altsistemindən çıxarışa əsasən müəyyən edilir ki, X5 ümumi səbəbdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxdir. Həmçinin ona xx.xx.2011-ci ildən 18 yaşı tamam olana qədər sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir.

4. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2389/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə hazırkı iş üzrə iddiaçının xüsusi icraat qaydasında ərizəsi təmin edilmiş, xx.xx.2006-cı ildə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir.

5. Bakı şəhəri Sabunçu rayon İcra hakimiyyəti başçısının 229 saylı, xx.xx.2024-cü il tarixli sərəncamı ilə iddiaçı xx.xx.2006-cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir.

6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2389/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2389/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixində qanuni qüvvəsini almış, icra edilməsi üçün Sabunçu rayon İcra hakimiyyətinin nəzdində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik komissiyasına göndərilmişdir.

a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş oğlu X4 qulluğa görə iddiaçıya 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ödənilməmiş Prezident təqaüdünün ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu xx.xx.2006-cı il təvəllüdlü X1 spasik serebral iflic və kvadroplegik serebral iflic diaoqnozu ilə müddətsiz birinci dərəcəli əlildir. Onun kənar şəxslərin qulluğuna və nəzarətinə daim ehtiyacı olmuşdur. Onun köməksiz vəziyyətdə yaşaması, özünü idarə etməsi mümkün deyil. Oğlu daim iddiaçının himayəsində olmuşdur və ona iddiaçı baxmışdır. 2023-cü ilin may ayında oğluna 1-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur və həmin vaxtdan etibarən oğluna qulluğa görə “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikasının Prezidentinin təqaüdü”nün təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 15 aprel 2019-cu il tarixli 643 nömrəli Fərmanı ilə hər ay 100 manat məbləğində Prezident təqaüdü almışdır. Ancaq 2024cü ilin yanvar ayında həmin təqaüd iddiaçıya ödənilməmişdir. Buna səbəb olaraq oğlunun 18 yaşı tamam olduğuna və ona qəyyum təyin edilmədiyinə görə təqaüdün ödənilməsinin dayandırıldığı bildirilmişdir. İddiaçı 2024-cü ilin fevral ayında oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə iddia tələbi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(008)-2389/2024 nömrəli qətnaməsi ilə iddiaçının oğlu X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 229 №-li Sərəncamı ilə iddiaçının oğluna qəyyum təyin edilməsi qərara alınmışdır. İddiaçıya Prezident təqaüdü 2024cü ilin oktyabr ayından etibarən verilmişdir.

9. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, xx.xx.2006-cı il təvəllüdlü X4 Azərbaycan Respublikası Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2011-ci il tarixdən 18 yaşınadək əlillik müəyyən edilmişdir. X4 Azərbaycan Respublikası Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən xx.xx.2023-cü il tarixdən müddətsiz olaraq orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə (şəxsə münasibətdə 100 faiz) əlillik müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 11,07.2024-cü il tarixli 2(008)-2389/2024 nömrəli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 229 nömrəli sərəncamına əsasən İddiaçı Sabunçu Rayon Məhkəməsi tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş 08.01,2006cı il təvəllüdlü X3 üzərində qəyyum təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdən qəyyum təyin edilməsi səbəbindən iddia ərizəsində qeyd edilən dövrlər üzrə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.

10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4702/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.

11. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti iddiaya dair etiraza uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı bu “Prezident təqaüd hüququnu” xx.xx.2024-cü il tarixdən (Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2024-cü il tarixli 229 nömrəli sərəncamına əsasən) qazandığından ona həmin tarixdən də Prezident təqaüdü təyin edilmişdir. İddia ərizəsində qeyd edilən dövr ərzində isə onun qəyyumluğu hələ tanınmadığı üçün həmin dövrlər üzrə orqanizm funksiyalarının 81- 100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə qulluğa görə Prezident təqaüdünün ona ödənilməsi qanunvericiliyə ziddir. Odur ki, birinci instansiya məhkəməsi işin hallarını tam və hərtərəfli araşdırmamış, işin hallarına düzgün qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozmuşdur.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatları

14. Məhkəmədə cavabdehin nümayəndəsi Nümayəndə2 birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə kolleqiyası iclası iddiaçının nümayəndəsinin iştrakı olmadan keçirilməsini mümkün hesab etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

15. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 294 saylı Qərarına əsasən “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməsi Qaydası”nda göstərilmişdir ki, bu Qayda “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 643 nömrəli Fərmanının 3.1.2-ci yarımbəndinə əsasən hazırlanmışdır və “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün (bundan sonra – təqaüd) ödənilməsi mexanizmini müəyyən edir (1.1.). Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir (1.2.). Bir nəfər orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə qulluğa görə yalnız bir şəxsə təqaüd ödənilir (3.2.). Aşağıdakı hallarda təqaüdün ödənişi dayandırılır: 3.5.1. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxs, habelə Şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə; 3.5.2. Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə; 3.5.3. “Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin müddəti bitdikdə və ya ləğv edildikdə; 3.5.5. orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə (3.5.). Təqaüdün ödənişi bu Qaydanın 3.5.1-3.5.4-cü yarımbəndlərində göstərilən hallardan birinin yarandığı gündən, 3.5.5-ci yarımbəndində göstərilən halda isə müraciət edildiyi gündən dayandırılır (3.6.).

17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.1 və 3.1-ci maddələrinə əsasən)

21. İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 15-17-ci bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır.

22. Belə ki, iş materiallarından göründüyü kimi iddiaçının oğlu X5 xx.xx.2006-cı ildə anadan olmuşdur. O, 2011-ci ildən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə sağlamlıq imkanları məhdud uşaq hesab edilmişdir. X4 2023-cü ildə orqanizmin funksiyalarının 81- 100 faiz pozulmasına görə birinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin uşağa qulluq etdiyi üçün müəyyən edilmiş Prezident təqüdünü almışdır. X5 xx.xx.2024-cü ildə 18 yaşına çatmışdır. Həmin vaxtdan cavabdeh iddiaçıya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyəyn edilmiş şəxs qəuluq etdiyinə görə iddiaçıya ödənilən Prezident təqaüdünün ödənilməsini dayandırmışdır. Bundan sonra iddiaçı X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməəsi ilə ərizə təmin edilmişdir. Həmin məhkəmə qətnaməsi əsasında iddiaçı xx.xx.2024-cü il tarixindən X3 üzərində qəyyum təyin edilmişdir. Bundan sonra isə iddiaçıya Prezident təqaüdünün ödənilməsi bərpa edilmişdir.

23. İşin apellyasiya baxışı zamanı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən İddiaçı bəzi kateqoriyalı şəxslərə qulluq edənlərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü xx.xx.2022-ci il tarixindən xx.xx.2023cü il tarixinədək, xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək və xx.xx.2024cü il tarixindən xx.xx.2025-ci il tarixinədək ödənilmişdir.

24. Hazırda iddiaçı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş oğlu X4 qulluğa görə iddiaçıya 2024-cü ilin yanvar-sentyabr ayları ərzində ödənilməmiş Prezident təqaüdünün ödənilməsini tələb edir.

25. Cavabdeh orqan isə iddiaçının xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək olan dövr üzrə X5 üzərində qəyyum təyin edilmədiyini bildirərək, iddianı təmin etməmişdir.

26. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, məhkəmə qətnaməsinə əsasən X3 fəaliyyət qabiliyyətsiz şəxs hesab edilməsi ona 18 yaşınadək təyin edilmiş psixi pozuntuya görə görə birinci dərəcəli əlilliyin davamı olaraq qiymətləndirilməlidir.

27. Belə olan halda kollegiya X3 2024-cü ilin yanvar ayında 18 yaşına çatmış olmasına baxmayaraq fəaliyyət qabiliyyətsizliyi faktiki olaraq davam etdiyindən hesab edir ki, cavabdehin imtinası qanunsuz olmuşdur.

28. Bundan başqa məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Prezidentinin təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə verilir. Başqa sözlə desək qəyyumun əsas vəzifələri qəyyumluqda olan şəxslərin hüquqlarının qorunması və həyata keçirilməsindən ibarət olmasına baxmayaraq həmin şəxslərə qulluq qəyyum tərəfindən deyil digər şəxslər tərəfindəndə həyata keçirilməsi mümkündür. Yəni qeyd olunan təqaüdün qəyyum statusu olan şəxslərə deyil orqanizmin funksiyalarının 81-100 faiz pozulmuş xəstələrə qulluq edən şəxslərə verilməsi nəzərdə tutulub.

29. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

30. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4702/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4702/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar