Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2716/2022 16.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Fuad Fikrət oğlu Babayev və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3261/2022 saylı qərarından üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən 1200 kv.m qeyri-yaşayış sahəsinin “Ağ şəhər” layihəsi çərçivəsində söküntüsü ilə əlaqədar 360.000 (üç yüz altmış min) manat məbləğində kompensasiyanın ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bardə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai Rayon İcra hakimiyyəti ilə 20 aprel 2018-ci ildə “Ağ şəhər’” layihəsi çərçivəsində Bakı şəhəri, Xətai rayonu, Babək Prospekti, 2210 ünvanında yerləşən, mülkiyyətində olan 1200 kv.m qeyri-yaşayış sahəsinə dair Razılaşma aktı imzalanmışdır. Həmin Razılaşma aktına görə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kv.m-i üçün 20% əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kv.m-nin alqısatqı üçün orta bazar qiyməti 300 manat (üç yüz manat) müəyyənləşdirilərək hesablanmış 1200 kv.m tikili üçün cəmi 360.000 (üç yüz altmış min) manat kompensasiyanın cavabdeh tərəfindən ona ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Razılaşma aktının imzalanmasından üç ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də ona hesablanmış kompensasiya ödənilməmişdir. Hesablanmış kompensasiyanın ödənilməsi üçün Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatına müraciət etsə də, müraciəti təmin edilməmişdir. Cavabdehin 14 oktyabr 2021-ci il tarixli məktubunda göstərilir ki, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən ona məxsus olan “Orxan-10” İKF qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və onun razılığı ilə sökülmüşdür. “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işləri mərhələli şəkildə aparıldığından yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi üçün vəsait ayrılacağı təqdirdə qeyd olunan qeyri-yaşayış sahəsi üçün hesablanmış kompensasiya məbləği onun hesabına köçürüləcəkdir. Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3261/2022 saylı qərarı ilə iddia tələbi təmin edilərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən, ümumi sahəsi 1200 kv. metr olan qeyri-yaşayış sahəsinin sökülməsinə görə İddiaçı 360.000 (üç yüz altmış min) manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır. Üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçı apellyasiya şikayətinin mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, cavabdeh və 3-cü şəxsin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla apellyasiya şikayətinin mümkünlük məsələsinə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və həmin qərara dair apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Xətai Rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 20 aprel 2018-ci il tarixli “Razılaşma Aktı”nın surətindən görünür ki, ərazidə aparılan yenidənqurma və abadlıq işləri ilə əlaqədar Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən bir sıra yaşayış və qeyri-yaşayış sahəsində sökülməsi zərurəti yaranmışdır. Bu və yaxın ərazidə aparılmış sorğulara əsasən Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin yaşayış sahəsinin 1 kv.m-i üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsi 1 kvm-nin alqı-satqı orta bazar qiyməti 300 manat (üç yüz manat) müəyyənləşdirilərək mülkiyyətçilərə təklif olunmuşdur. Beləliklə, Babək prospekti 2210 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan 1200 kvm qeyriyaşayış sahəsinə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanına əsasən sökülən tikilinin 1 kvm-i üçün 20 % əlavə hesablanmaqla birlikdə tikilinin yaşayış sahəsinin 1 kvm-nin alqı-satqı orta bazar qiyməti 300 manat (üç yüz manat) müəyyənləşdirilərək İddiaçı hesablanmış 1200 kvm tikilisi üçün cəmi alacağı təzminat 360.000 (üç yüz altmış min) manatdır. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Xətai rayonu, Babək prospekti, 2210 ünvanında yerləşən və iddiaçıya məxsus olan “Orxan-10” İKF qeyri-yaşayış sahəsi “Ağ şəhər” layihəsi çərçivəsində söküntü ərazisinə düşdüyündən komissiya tərəfindən qiymətləndirilmiş və iddiaçının razılığı ilə sökülmüşdür. “Ağ şəhər” layihəsi çərçivəsində söküntü işləri mərhələli şəkildə aparıldığından yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi üçün vəsait ayrılacağı təqdirdə qeyd olunan qeyri-yaşayış sahəsi üçün hesablanmış kompensasiya məbləği iddiaçının hesabına köçürüləcəkdir. İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 28.2-ci maddəsinə əsasən mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Həmin Məcəllənin 28.3-cü maddəsinə əsasən üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. Həmin Məcəllənin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 29.1-ci maddəsinə əsasən üçüncü şəxslər tərəflərdən birinin tələbi daxilində öz maraqlarını qorumaq məqsədi ilə müstəqil şəkildə mümkün hüquqi vasitələrdən istifadə etmək və prosessual hərəkətləri həyata keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 81.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadında aşağıdakılar bildirilmişdir: “ ........” 69. Beləliklə, İPM-in 81.2-ci maddəsinin təfsiri zamanı, həmin normada nəzərdə tutulmuş hallarda şikayət vermək hüququnun yaranması üçün icraat iştirakçısının məhkəmə aktından məzmunca “ziyan çəkməsi” prinsipi qəbul edilməlidir. Buraya, bir qayda olaraq, iddiaçının tələbinin tam və ya qismən rədd edilməsi, məhkəmə aktı ilə cavabdehin inzibati aktının ləğvi və ya etibarsızlığının (qanunsuzluğunun) tanınması, üzərinə hər hansı öhdəliyin qoyulması və s., üçüncü şəxslərin hüquqlarına dair məsələnin onların zərərinə həll olunması, habelə, məhkəmə aktının icraat iştirakçılarının məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran prosessual pozuntularla qəbul edilməsi aid edilməlidir.
70. İPM-in 90.2-ci maddəsində də inzibati məhkəmələrin qərar və qərardadlarından verilmiş apellyasiya şikayətlərində, apellyasiya instansiyası məhkəməsi işə birinci instansiya məhkəməsi qismində baxdığı hallarda isə, iddia ərizələrində (ərizələrdə) ifadə olunmuş tələblərin apellyasiya instansiyası məhkəməsi tərəfindən təmin olunmadığı hallarda, apellyasiya şikayəti vermiş şəxsin və iddiaçının (ərizəçinin) məhkəmə aktlarından kassasiya şikayəti vermək imkanları aşkar tənzimlənmişdir. Apellyasiya icraatının digər iştirakçılarına münasibətdə isə, bu Qərardadın 69-cu bəndində nəzərdə tutulmuş prinsip rəhbər tutulmalıdır.
74. Üçüncü şəxslər tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyünə dair məsələlər həll edilərkən bu Qərardadda göstərilən hüquqi mövqelər nəzərə alınmalı, üçüncü şəxsin əslində istər adi, istərsə də zəruri cəlbetmə qaydasında icraata ümumiyyətlə cəlb edilməli olmadığı müəyyən edildikdə həmin şəxsin şikayəti üzrə apellyasiya və ya kassasiya mümkün sayılmamalı, şikayətin qəbulundan imtina edilməlidir.
75. Hazırkı qərardadın çıxarılmasına əsas təşkil etmiş konkret iş üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin apellyasiya məhkəməsinin qərarından müstəqil qaydada kassasiya şikayəti vermək hüququnun olub-olmadığı ilə bağlı məsələyə münasibətdə isə aşağıdaklılar nəzərə alınmalıdır.
76. Ümumi qaydaya görə üçüncü şəxs qismində icraata qoşula bilmək üçün şəxsin hüquqları məhkəmə icraatında hüquqi mənada qorunmalıdır, yəni mübahisənin həlli ilə əlaqədar tətbiq edilən və ya edilməli olan konkret maddi hüquq normalarından hər hansı biri şəxsin mənafeyinin bu və ya digər dərəcədə müdafiəsi məqsədini güdməlidir. Hüquqi maraq müəyyən olunmadan, sırf məhkəmə qərarının çıxarılması nəticəsində yaranacaq iqtisadi, sosial, mənəvi və ya başqa faktiki maraqların mövcudluğu cəlbetmə üçün yetərli deyildir. Başqa sözlə, məhkəmə qərarının çıxarılmasından sonra həmin qərarın yaradacağı sonrakı nəticələrə (iqtisadi, sosial, mənəvi və s.) görə deyil, məhz məhkəmə qərarının özünün doğurduğu hüquqi statusa təsir etmə (status yaratma, dəyişdirmə və ya ləğv etmə) xüsusiyyəti nəzərə alınmaqla hüquqi marağın mövcudluğu müəyyən olunmalıdır. Əgər məhkəmə qərarının çıxarılmasından sonra həmin qərar əsasında yaradılmış statusdan irəli gələrək dövlət büdcəsindən müəyyən birdəfəlik və ya davamlı ödəmələr aparılmalı olduğu vəziyyəti yaranırsa (məsələn, müxtəlif müavinətlərin, təqaüdlərin, pensiyaların, kompensasiyaların ödənilməsi və s.), bu halda, çıxarılmış məhkəmə qərarları həmin ödəmələri etməli olan orqanların hüquqi maraqlarına toxunmur.
77. İcra hakimiyyətinin vahidliyi prinsipinin tələbinə görə eyni hakimiyyət qolu tərkibində olan ödəmələri həyata keçirən digər icra hakimiyyəti orqanları hüquqi statusun özünün yaranması məsələsini təftiş etmək və mübahisələndirmək hüququna malik deyillər. Həmin orqanların vəzifəsi müvafiq hüquqi status yarandıqdan sonra ondan irəli gələn ödəmələri həyata keçirməkdir. Nəzərə almaq lazımdır ki, icra hakimiyyətinin vahidliyi prinsipinə görə icra hakimiyyətini təmsil edən inzibati orqanlar məhkəmə icraatında vahid icra hakimiyyətini təmsil edirlər. Həmin orqanlar məhkəmədə mübahisəyə baxılması ilə bağlı öz hüquqlarının və maraqlarını deyil, təmsil etdikləri dövlətin, o cümlədən icra hakimiyyəti sisteminin maraqlarını qoruyurlar. Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş hakimiyyətlər bölgüsü prinsipinə uyğun olaraq icra hakimiyyəti orqanlarını təmsil edən inzibati orqanlar vahid hakimiyyət qolunun tərkibi olaraq məhz icra hakimiyyətinin adından inzibati fəaliyyəti həyata keçirir və səlahiyyətlərinə aid məsələlərə dair qərarlar qəbul edirlər. Ona görə də, məhkəmə qərarı icraatda iştirak edən inzibati orqan üçün məcburi olmaqla bərabər, eyni zamanda, həmin hakimiyyət qoluna aid olan digər suveren hakimiyyət daşıyıcılarının (orqanların) da bu qərara münasibətdə davranışını müəyyən etməlidir. Əks hal, dövlətin icra hakimiyyəti qolunun tərkibinə daxil olan qeyri-məhdud sayda inzibati orqanların məhkəmə icraatına əsassız olaraq qoşulmasına rəvac verə bilər. Belə ki, hər hansı bir icra hakimiyyəti orqanının inzibati məhkəmə icraatında iştirak edərək dövləti təmsil etməsi bütün digər icra hakimiyyəti orqanlarının həmin icraata cəlb olunmasını şərtləndirmir. Bu zaman onu da nəzərə almaq lazımdır ki, icraatda iştirak edən icra hakimiyyəti orqanını təmsil edən inzibati orqan tam hüquqla proses iştirakçısı kimi vahid icra hakimiyyəti sisteminin maraqlarının müdafiəsi ilə bağlı bütün mümkün hüquqi müdafiə vasitələrindən istifadə etmək imkanına malik olur.
78. Kollegiya qanunvericiliyin tələblərini nəzərə almaqla qeyd edir ki, məsələn, şəxsə müharibə veteranı adının, şəhid ailəsi statusunun və ya pensiya təyin edilməsi üçün müvafiq təminat xərcliyinin verilməsi səlahiyyəti bu sahədə qanunvericiliklə müəyyənləşdirilmiş müvafiq orqanlara məxsusdur. İcra hakimiyyətinin vahidliyi pinsipindən irəli gələn həmin hakimiyyət qoluna daxil olan orqanların fəaliyyətinin təşkilinin ümumi qaydasına görə məhz həmin orqanlar şəxsin müvafiq statusunu (məsələn, müharibə veteranı, şəhid ailəsi, işsiz və s.) tanımaq səlahiyyətinə malikdirlər. Onlar tərəfindən verilmiş qərarlar maraqlı şəxslərə müvafiq status qazandırır. “İnzibati icraat haqqında” Qanuna görə sözügedən orqanlar bu qaydada statusu müəyyən edən qərarlar qəbul edərkən daha sonra həmin statusdan irəli gələrək hansısa ödəmələr həyata keçirməli olan digər orqanları bununla bağlı apardıqları inzibati icraata məcburi qaydada cəlb etmək öhdəlikləri daşımırlar. Çünki həmin icraatda həll edilməli olan məsələ müstəsna olaraq statusun özünün yaranıb-yaranmadığı halına qiymət verilməsidir. Bu məsələyə qiymət vermək üçün isə ödəməni həyata keçirəcək olan digər orqanın icraatda iştirakı tələb olunmur. Müvafiq olaraq ödəmələri həyata keçirən orqanlar da statusu müəyyən edən orqanın qərarını məhkəmə qaydasında mübahisələndirmək hüququna malik deyillər. 79. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.
79. İnzibati orqan statusu müəyyən edən qərar verməkdən imtina etdikdə maraqlı şəxs həmin orqanın qərar və hərəkətini (hərəkətsizliyini) məhkəmə qaydasında mübahisələndirə bilər. Bu halda, məhkəmədə işə baxılarkən həll edilməli olan məsələni, yenə də inzibati icraatın özündə olduğu kimi statusun yaranıb-yaranmadığı məsələsinə qanunvericiliyin tələbləri baxımından qiymət verilməsi təşkil edir. İnzibati icraatda tətbiq edilən eyni hüquqi yanaşmanın davamı olaraq ödəməni həyata keçirməli olan digər orqanların həmin işə baxılması zamanı məhkəmə icraatında qanunla qorunan maraqlarına toxunan şəxslər kimi qəbul edilmələri istisna olunur. Çünki çıxarılacaq məhkəmə qərarı ödəməni həyata keçirməli olan həmin orqanların hüquqi maraqlarına toxunmur.
80. Hazırkı işin hallarından müəyyən olunur ki, iddiaçıya məxsus tikili Bakı şəhər İcra Hakimiyyəti başçısının 225 saylı, 10 iyun 2013-cü il tarixli sərəncamı əsasında sökülmüşdür. Həmin sərəncamla yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsi Xətai Rayon İcra Hakimiyyətinə həvalə edilmişdir. Bundan başqa, sərəncamda köçürülməyə məruz qalan yaşayış və qeyri-yaşayış sahələrinə görə daşınmaz əmlak sahiblərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürmə işlərinin həyata keçirilməsi də məhz Xətai Rayon İcra Hakimiyyətinə tapşırılmış, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. İddiaçıya veriləcək kompensasiyanın məbləği ilə bağlı olaraq da tərəflər arasında mübahisə yoxdur. Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti razılaşdırılmış kompensasiya məbləğinin ödənilməməsinin yeganə səbəbi kimi lazımi vəsaitin ayrılmamasını göstərmiş, vəsait ayrılacağı təqdirdə hesablanmış kompensasiya məbləğinin ödəniləcəyini bildirmişdir. Məhkəmələr tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur.
81. Belə olan halda, hazırkı mübahisə üzrə qəbul ediləcək qərar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin qanunla qorunan maraqlarına toxunmur. Məhkəmə qərarları ilə cavabdeh kimi Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətindən tutulmuş kompensasiya məbləğinin ehtimal kimi son nəticədə gələcəkdə dövlət büdcəsindən həyata keçirilən ayırmalar hesabına ödəniləcəyinə dair dəlil də yuxarıda göstərilmiş hüquqi mövqelərə əsasən Maliyyə Nazirliyinin hüquqi marağına toxunma halını yaratmır. Həmçinin nəzərə almaq lazımdır ki, Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətlərinin dəlilləri dövlət büdcəsindən ayrılan vəsaitlərin xərclənməsinin səmərəliliyini təmin etmək üçün dövlət maliyyə nəzarətinin həyata keçirilməsi ilə əsaslandırılmamışdır. Bundan başqa, məhkəmələr işə baxarkən yalnız iddiaçı tərəfindən verilmiş iddia ərizəsində məhz üçüncü şəxs qismində göstərildiyi üçün Maliyyə Nazirliyini üçüncü şəxs qismində icraatın iştirakçısı qismində qəbul etmişlər. Halbuki, əgər bunun üçün əsaslar mövcuddursa, adi və ya zəruri cəlbetmə qaydasında həyata keçirildiyi dəqiq göstərilməklə üçüncü şəxs qismində cəlbetməyə dair əsaslandırılmış ayrıca qərardad çıxarılmalı idi. Buna baxmayaraq, bu qərardadda sadalanmış hüquqi mövqelərə uyğun olaraq kassasiya məhkəməsinin məhkəmə tərkibi məsələnin mahiyyətinə qiymət verməklə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinin mümkünlüyünə dair məsələni həll etməlidir.”........” Məhkəmə kollegiyası mübahisəyə 17 fevral 2022-ci il tarixli qərardadın kontekstində qiymət verərək vurğulayır ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 28 sentyabr tarixli, 1697 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks tədbirlər planı”nda Bakının təbii-iqlim, sanitar-gigiyenik və sağlamlıq şəraitinin yaxşılaşdırılmasını, həmçinin yaşıllıq sahələrinin tikinti üçün ayrılmasının qarşısının alınmasını təmin edən, Bakı şəhərinin Baş planına uyğun vahid landşaft-memarlıq planının hazırlanması nəzərdə tutulmuşdur. İddiaçı mülkiyyətində olan əmlak Bakı şəhərinin abadlaşdırılması məqsədilə icra edilən “Ağ şəhər” layihəsi çərçivəsində söküntüyə məruz qalmış, bu söküntü cavabdeh tərəfindən aparılmışdır. Qeyd edilməlidir ki, işin faktiki hallarına əsasən iddiaçının Bakı şəhərinin Xətai rayon ərazisində mülkiyyətində olan 1200 kv metr olan qeyri-yaşayış sahəsi Bakı şəhərində “Ağ şəhər” layihəsi çərçivəsində abadlaşdırma işlərinin aparılması çərçivəsində cavabdeh tərəfindən sökülmüşdür və iddiaçıya bu günə qədər həmin əmlaka görə kompensasiya ödənilməmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, kompensasiyanın ödənilməsində Maliyyə Nazirliyinin hər hansı iştirakı birbaşa nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarla da kompensasiya ödəmək öhdəliyi cavabdeh kimi məhz Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmuşdur. Beləlilklə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin hazırkı mübahisə üzrə ümumiyyətlə məhkəmə icaatına üçüncü şəxs qismindlə cəlb edilməsi üçün əsaslar mövcud olmamışdır, birinci instansiya məhkəməsi tərəfindən ona münasibətdə cəlbetmə məsələsi düzgün həll olunmamışdır. Çünki qəbul ediləcək məhkəmə qərarı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 01/2022 saylı, 17 fevral 2022-ci il tarixli Qərardadından ətraflı şərh olunmuş səbəblərə görə onun qanunla qorunan maraqlarına toxunma vəziyyəti yaratmır. Müvafiq olaraq Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti o vaxt mümkün sayıla bilərdi ki, məhkəmə qərarı ilə məhz onun hüquqlarına dair məsələ yenə onun ziyanına həll edilmiş olsun. Belə bir vəziyyət hazırkı işdə mövcud olmadığı üçün Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3261/2022 saylı qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Bakı İnzibati Məhkəməsinin 28 aprel 2022-ci il tarixli, 2-1(112)-3261/2022 saylı qərarından Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan 10 gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Fuad Babayev