Məhkəmə qərarları › İş №2-1(103)-2716/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2716/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2716/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Valiyeviçin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “qərarın ləğv edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Pensiya işində olan məktubda qeyd edilmişdir ki, ümumi iş stajınız 32 il, güzəştli iş stajınız 15 il təşkil etməklə pensiyada hesablama aparılmış və müəyyən edilmişdir ki, artıq əmək pensiyası hesablanmışdır. 19396,36 manat təşkil edən həmin artıq ödəmə hər ay üzrə 510,43 manat olmaqla pensiyaya bərpa edilməkdədir.

2. Əmək pensiyasının yenidən hesablanması barədə 26 aprel 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, hazırkı pensiya məbləği 5074,07 manatdır, 01 yanvar 2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə ödənilməli olan pensiya məbləği 4407,12 manat təşkil edir.

3. Cavabdeh tərəfindən mütəxəssis rəyi adı ilə təqdim edilmiş məktubda qeyd edilmişdir ki, 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 32 il, güzəştli iş stajı 15 il olmuş, pensiya hesablanarkən 20 ildən artıq olan 12 ilə görə 24 faiz, 10 ildən artıq olan güzəştli iş stajına görə 5 faiz olmaqla orta aylıq əmək haqqının 99 faizi miqdarında məbləğ müəyyən edilmiş, 01 yanvar 2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun olaraq hesablanma aparılaraq məbləğ müəyyən edilmiş, məbləğ indeksləşdirilərək 1090,47 manat qeyd edilmişdir. Fərdi hesabın sığorta hissəsində 01 yanvar 2006-12 fevral 2007-ci il tarixədək dövr üzrə qeydə alınmış 2962,08 manat sığorta kapitalına əsasən pensiya məbləği 1161,04 manat təşkil etmişdir. Əlavə edilən pensiya məbləği indeksləşdirilərək və sonrakı yenidən hesablamalarla 31 dekabr 2022-ci il tarixədək 4407,12 manat ödənilməli olduğu halda, 1271,22 manat 31 dekabr 2022-ci il tarixədək 4986,89 manat məbləğində artıq hesablanmışdır. Yəni 12 fevral 2007-ci il tarixdə 1161,04 manat əsas götürülməli olduğu halda 1271,22 manat əsas götürülmüşdür. Ümumilikdə 3062,58 manat əmək pensiyasından tutularaq bərpa edilmiş, 01 dekabr 2023-cü il tarixdən tutulma dayandırılmışdır. Qalıq vəsait 16333,78 manat olmuşdur. Hazırda pensiya məbləği 5642,37 manat təşkil edir. Odur ki, son üç tutulma ilə bağlı tələb də nəzərə alınmaqla 19396,36 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir və hər ay 510,43 manat tutulmaqla büdcəyə bərpa edilməkdədir. İddiaçının əmək pensiya məbləği 4423,78 manatdan indeksləşdirilərək 5074,07 manat təşkil etməkdədir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Valiyeviçin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, ona güzəştli şərtlərlə 50 yaşından pensiya təyin edilmiş, 01 yanvar 2023-cü il tarixə kimi həmin pensiyanı almışdır. Daha sonradan pensiya məbləği heç bir əsaslı səbəb olmadan azaldılmış, tutulmalar aparılmışdır. Halbuki, pensiya aldığı dövrdən cavabdehin əvvəlki və yeni əməkdaşları tərəfindən yoxlanılmış, düzgünlüyü barədə aktlar tərtib edilmiş, ödəniş aparılmışdır. Odur ki, pensiyanın azaldılması və tutulma aparılması qanunsuz və əsassızdır.

6. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşmə verərək əmək pensiyasının yenidən hesablanması barədə 26 aprel 2023-cü il tarixli qərarın ləğv edilməsini, artıq ödənilməsi qeyd edilən 19396,36 manat pul vəsaitinin tutulmasının qadağan edilməsini, tutulmuş 3062,58 manat pul vəsaitinin geri qaytarılmasını xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir.

7. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, iddiaçıya 12 fevral 2007-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilmişdir. İddiaçının 01 yanvar 2006-cı il tarixə ümumi iş stajı 32 il, güzəştli iş stajı 15 il olmuş, pensiya hesablanarkən 20 ildən artıq olan 12 ilə görə 24 faiz, 10 ildən artıq olan güzəştli iş stajına görə 5 faiz olmaqla orta aylıq əmək haqqının 99 faizi miqdarında məbləğ müəyyən edilmiş, 01 yanvar 2006-cı il tarixə orta aylıq əmək haqqına uyğun olaraq hesablanma aparılaraq məbləğ müəyyən edilmiş, məbləğ indeksləşdirilərək 1090,47 manat qeyd edilmişdir. Fərdi hesabın sığorta hissəsində 01 yanvar 2006-12 fevral 2007-ci il tarixədək dövr üzrə qeydə alınmış 2962,08 manat sığorta kapitalına əsasən pensiya məbləği 1161,04 manat təşkil etmişdir. Əlavə edilən pensiya məbləği indeksləşdirilərək və sonrakı yenidən hesablamalarla 31 dekabr 2022-ci il tarixədək 4407,12 manat ödənilməli olduğu halda, 1271,22 manat 31 dekabr 2022-ci il tarixədək 4986,89 manat məbləğində artıq hesablanmışdır. Odur ki, son üç tutulma ilə bağlı tələb də nəzərə alınmaqla 19396,36 manat məbləğində artıq ödənilmiş pul vəsaiti müəyyən edilmişdir və hər ay 510,43 manat tutulmaqla büdcəyə bərpa edilməkdədir. İddiaçının əmək pensiya məbləği 4423,78 manatdan indeksləşdirilərək 5074,07 manat təşkil etməkdədir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, cavabdeh Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş İddiaçı Valiyeviç barəsində qəbul edilmiş 26 aprel 2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar ləğv edilməsi, artıq pensiya ödəməsi adı ilə 19396,36 manat pul vəsaitinin iddiaçıdan tutulması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi, artıq ödəmə adı ilə tutulmuş 3062,58 manat pul vəsaitinin iddiaçıya geri qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

9. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır.Qanunsuz inzibati aktın ləğvi isə onun əlverişli və əlverişsiz inzibati akt olmasından və maraqlı şəxsin etimadın qorunması hüququna istinad edib-edə bilməməsindən asılıdır.

10. Belə ki, əmək pensiyasının ehtimal olunan artıq ödənilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir.

11. Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.

12. Əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb göstərilən hissədə də təmin edilməlidir. Beləliklə məhkəmə hesab edir ki, əmək pensiyasının yenidən hesablanmasının düzgünlüyü qəbul edilmiş, lakin əaslandırılmamış əmək pensiyasının yenidən hesablanması barədə qərarla müəyyən edilmir. Odur ki, həmin əsaslandırılmamış əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməlidir. İddiaçıdan həmin qərarın qəbulunun nəticəsi kimi tutulması nəzərdə tutulan pul vəsaitinin tutulması qadağan edilməli, tutulmuş pul vəsaiti isə geri qaytarılmalıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

13. Qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

14. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə əsaslandırılmışdır. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb. d) Prosses iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

17. Məhkəmə kollegiyasının iclası barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

18. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır

19. «İnzibati icraat haqqında» Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt – maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1 və 21.2-ci maddələrinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 21.3-cü maddəsinə görə inzibati orqan aşağıdakı hallarda maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər: (21.3.1) maraqlı şəxslərin tələblərinin tam təmin olunduğu inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.2) ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda, (21.3.3) dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda, (21.3.4) ümumi xarakterli sərəncamın və ya çoxlu sayda identik məzmunlu inzibati aktların və ya avtomatik qurğular vasitəsilə inzibati aktların qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.5) barəsində müstəqil şəkildə şikayət verilə bilməyən aralıq inzibati aktın qəbul edilməsi nəzərdə tutulduqda, (21.3.6) inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin tətbiqi nəzərdə tutulduqda. 24-cü maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: (65.1.1) hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; (65.1.2) müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; (65.1.3) qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; (65.1.4) maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; (65.1.5) faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; (65.1.6) kimə ünvanlandığı aydın olmayan inzibati akt. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: (67.6.1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; (67.6.3) inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda.

20. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun: 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. 39.2-ci maddəsinə görə bu Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3- cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur.

21. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

22. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

23. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

24. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

25. Mübahisənin mahiyyətinə gəldikdə isə, məhkəmənin mövqeyi aşağıdakı kimidir:

26. Tətbiq olunan Qanunvericiliyin tələblərinin təhlili nəticəsində aydın olur ki, istər inzibati aktın qəbulu, dəyişdirilməsi, istərsə də ləğvi üzrə aparılan inzibati icraat barədə inzibati orqan maraqlı şəxsə məlumat verməyə borcludur. «İnzibati icraat haqqında» Qanun məlumatlandırmanın həyata keçirilməsindən imtinaya dair inzibati orqana səlahiyyət versə də, qeyd olunan imtinanın hansı hallarda nəzərdə tutulduğu konkret olaraq adıçəkilən Qanunun 21.3-cü maddəsində qeyd edilmişdir. İcraat nəticəsində qəbul edilən yeni inzibati akt da qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir.

27. İşin faktiki hallarından da görünür ki, iddiaçının tələbi əmək pensiyasının yenidən hesablanması barədə qərarın ləğv edilməsi və onun hüquqi nəticələrinin aradan qaldırılması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, iddiaçı cavabdeh tərəfindən qəbul edilmiş qərarın həm mahiyyəti üzrə, həmçinin də prosessual baxımından əsassız olduğu qənaətindədir. İddiaçı hesab edir ki, cavabdeh ümumiyyətlə qərarı qəbul etməzdən əvvəl iddiaçının dinləmə hüququnu təmin etməmiş, iddiaçını məlumatlandırmamış, bununla da onun hüquqlarını pozmuşdur.

28. Məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanaraq azaldılması barədə qərar cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmişdir.

29. Hazırki işdə əmək pensiyasının yenidən hesablanmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilibgözlənilməməsi, başqa sözlə, aparılan icraatın “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur.

30. Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının razılığı olmadan onun əmək pensiyasından tutulmaların aparılması artıq hesablanan məbləğin bir hissəsinin tutulması ilə bağlı qanunvericiliyin şərtlərinə əməl edilmədən icra edilməsinə yönəlmiş hərəkətdir.

31. Hazırkı halda, əmək pensiyaçısının (ərizəçinin) artıq ödənilmiş pensiya məbləğinin tutulmasına razılığının olması müəyyən edilmir. Belə olan halda, artıq ödənilmiş pensiya məbləği qanunun tələbinə görə, yalnız məhkəmə qərarı əsasında tutula bilərdi. Lakin bu barədə də iş materiallarında heç bir sübut yoxdur və cavabdeh də bu barədə heç bir dəlil təqdim edilməmişdir.

32. Məhkəmə Kollegiyası eləcə də, qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə mübahisələndirilən inzibati akt həmçinin inzibati icraat haqqında hüquq normalarının pozulması nəticəsində də qəbul edilmiş inzibati aktdır.

33. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir.

34. Nəzərə almaq lazımdır ki, qanunvericilikdə inzibati icraatın başlanılması üçün əsaslar, onun aparılması və yekunlaşdırılması qaydası ətraflı nəzrdə tutulmuşdur. Lakin, hazırkı mübahisə üzrə cavabdeh inzibati orqan tərəfindən “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun icraat aparılması müəyyən edilməmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı maraqlı şəxs kimi başlanılmış inzibati icraata cəlb edilməli, həmin icraatı iddiaçının dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməli idi. Lakin, cavabdeh tərəfindən bu tələblərə əməl edilməsini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh iddiaya qarşı məhkəməyə təqdim etdiyi etiraz ərizəsində bunun səbəbinin pensiya hüququ münasibətləri çərçivəsində bu kateqoriyadan olan şəxslərin dairəsinin geniş olması ilə əsaslandırsa da, bu cavabdeh üçün üzürlü səbəb hesab edilə bilməz. Belə ki, inzibati orqanın öz təşəbbüsü ilə başladığı inzibati icraat çərçivəsində maraqlı şəxsin dinlənilmə hüququnun təmin edilməsi qanunvericilikdə birbaşa imperativ norma kimi nəzərdə tutulmuşdur və qanunvericiliyin tələblərinə riayət edilməsi inzibati orqanların borcudur. 35.Cavabdehin mübahisələndirilən pensiyanın yenidən hesablanması barədə qərarından görünür ki, qərarda təyin edilmiş pensiya məbləğinin əvvəlki dövrlər üzrə alınmalı olduğu məbləğ və indiki aldığı məbləğ qeyd edilmiş, hər hansı əsaslandırma nəzərə alınmadan pensiya məbləği öz əksini tapmışdır.

36. Beləliklə Məhkəmə belə nəticəyə ki, əmək pensiyasının ləğv edilməsi ilə bağlı qərar mahiyyəti etibarı ilə hətta əsaslı olsa belə, inzibati orqan inzibati icraatı qanunvericiliyin tələblərinə riayət etmədən apardığından və nəticədə qərar qəbul etdiyindən, həmin qərar (əmək pensiyasının ləğv edilməsi barədə) ləğv edilməlidir.

37. Qeyd olunmalıdır ki, işin birmənalı həlli üçün məhkəmə mahiyyəti üzrə cavabdehin pensiyanın azaldılmasına yönəlmiş hərəkətlərinin qanuniliyi əlavə araşdırılmış, təqdim edilən sənədlərlə də pensiya məbləğinin düzgün hesablanıb-hesablanmaması aydın olmamış, məhkəmə cavabdehin aldığı rəqəmlərin daha konkret düzgünlüyü ilə bağlı daha da irəli araşdırmanın aparılmasının, cavabdehin etməli olduğu inzibati icraatın məhkəmə müstəvisində edildiyi nəticəsinə gəlinməsinə əsas olmaması nəzərə alınmaqla yekun məhkəmə aktının iddiaçının xeyrinə olması barədə qənaətə gəlmişdir.

38. Cavabdehin mütəxəssis rəyi adlanan məktubunda pensiyanın hansı qaydada hesablanması ilə bağlı izah verilməyə çalışılsa da, yenə də məbləğin alınmasına əsas olmuş məlumatlar (pensiya kapitalının hansı qaydada hesablanması, stajların hesablanması, hansı qaydada indeksləşdirmənin aparılması və s) aydın olmayaraq qalmış, inzibati icraatın düzgün aparılmadığı hər bir halda müəyyən edildiyindən həmin məlumatların təkrarən düzgün təqdim edilməsinə zərurət müəyyən edilməmişdir.

39. Göründüyü kimi əmək pensiyasının yenidən hesablanması barədə qəbul edilmiş qərar hər bir halda ləğv edilməlidir.

40. Məhkəmə, iddianın ikinci hissəsinə (pul məbləğinin qaytarılması və tutulmanın qadağan edilməsinə) münasibətdə qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır.

41. Nəzərə alınmalıdır ki, iddiaçının həmin tələbi İPM-nin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir.

42. İnzibati hüquq münasibətlərini tənzmiləyən İnzibati Prosessual Məcəlləsinə əsasən: 2.2.1.Şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

43. Məhkəmə diqqətə çatdırır ki, mübahisələndirmə haqqında iddia İPM-nin 2-ci maddəsində nəzərdə tutulmuş iddia növlərindən biri olmaqla, inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsini ehtiva edir. Nəzərə alınmalıdır ki, bu növ iddialarda qüvvədə olan qanunvericilik vətəndaşlara inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması barədə ərizə ilə müraciət etmək hüququ vermişdir.

44. Belə ki, iddia tələbinin əsasında inzibati aktın (qərar) ləğvi dayanır. İddiaçı həmin inzibati aktın, yəni əmək pensiyasının yenidən hesablanması barədə qərarın icra olunması nəticəsində meydan gəlmiş nəticənin aradan qaldırılmasını arzulayır. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi ilə qərar ləğv olunduğundan, inzibati aktın icrasının nəticəsinin aradan qaldırılması məqsədi ilə iddiaçının pul məbləğinin qaytarılması və tələb edilən məbləğin tələb edilməsinin qadağan edilməsi, ödənilməmiş pensiya məbləğinin ödənilməsi cavabdeh tərəfindən təmin olunmalıdır.

45. Qeyd olunanları nəzərə almaqla, məhkəmə hesab edir ki, qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir.

46. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə Məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir.

47. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar).

48. Göründüyü kimi inzibati orqan tərəfindən səhv hesablama nəticəsində artıq pensiya ödənilsəydi belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yol verilməzdir.

49. Göründüyü kimi əmək pensiyasının artıq hesablanması şəxsin ziyanına şərh olunacağı halda belə, həmin hərəkətin əlverişli hesab edilməsi xarakteri aradan qalxmır və hazırkı faktiki hallar nəzərə alınmaqla iddiaçının etimad hüququna istinad etməsi istisna olunmadığından hazırkı tələb göstərilən hissədə də təmin edilməlidir.

50. Beləliklə məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, əmək pensiyasının yenidən hesablanmasının düzgünlüyü qəbul edilmiş, lakin əaslandırılmamış əmək pensiyasının yenidən hesablanması barədə qərarla müəyyən edilmir. Odur ki, həmin əsaslandırılmamış əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməlidir. İddiaçıdan həmin qərarın qəbulunun nəticəsi kimi tutulması nəzərdə tutulan pul vəsaitinin tutulması qadağan edilməli, tutulmuş pul vəsaiti isə geri qaytarılmalıdır.

51. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

52. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. 53.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2292/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar