Məhkəmə qərarları › İş №2-1(103)-2716/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2716/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2716/2025 21.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhər Binəqədi Rayon Polis İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşayış yeri üzrə qeydiyyatdan çıxarılma”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı “yaşayış yeri üzrə qeydiyyata alınma öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) ünvan 1 ünvanına qeydiyyata alınması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə müraciət etmişdir.

2. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla ərizənin təmin edilməsindən imtina etmiş və məktubda bildirmişdir ki, "...yaşayış yeri üzrə qeydiyyata alınması üçün vətəndaş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd: (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, icarə və kirayə müqaviləsi, vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi və ya Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) təqdim etməlidir. Əks təqdirdə müraciətinizdə adları qeyd olunan vətəndaşların qeydiyyata alınması tərəfimizdən mümkün deyildir. Bu məsələ ilə bağlı məhkəmə orqanlarına müraciət etməyiniz məqsədəmüvafiqdir”.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evinə onun daimi pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı oğlu ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda iddiaçının faktiki mülkiyyətində olan və ailə üzvləri ilə birlikdə yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evini Bakı şəhəri Binəqədi qəsəbəsi Mədən 3, kir. 108, ev-120 ünvanında yaşayan X1 dəyərini ödəməklə almışdır. Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 24 aprel 2006-cı il tarixli, 411 nömrəli “vət. X4 torpaq sahəsinin alqı- satqı qaydasında ayrılması haqqında” Sərəncamına əsasən, Binəqədi rayon Binəqədi Qəsəbəsinin ərazi hüdudları daxilində, X3 istifadəsində olan ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsi fərdi yaşayış evinin tikintisi üçün X4 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Göstərilən ünvanda yerləşən torpaq sahəsində fərdi yaşayış evi vardır. iddiaçı ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evini X1 dəyərini ödəməklə almış və həmin torpaq sahəsinin özəlləşdirilməsinə dair X5 iddiaçıya əsas etibarnamə vermişdir. İddiaçının həmin evdən və torpaq sahəsindən başqa heç bir yerdə yaşayış evi və digər heç bir mülkiyyəti yoxdur. ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilmiş və hal-hazırda da ödəyir. İddiaçı ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evinə daimi pasport qeydiyyatına düşmək istəyir. Bununla bağlı, AR DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə köməklik edilməsi üçün müraciət etmiş. Lakin, AR DİN-nin Bakı şəhəri Binəqədi rayon Polis İdarəsi xx.xx.2024-cü il tarixli, 3-13-46\2-A-51623 saylı məktubla ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evinə iddiaçını qeydiyyata salmaqdan imtina etmiş və bununla bağlı məhkəməyə müraciət etmək hüquqları izah edilmişdir.

5. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir.

6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.

7. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, X5 tərəfindən iddiaçıya xx.xx.2027-ci il tarixə qədər torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı səlahiyyətləri özündə ehtiva edən etibarnamə verilmişdir.

8. Məhkəmə qeyd etmişdir ki, həmin sənədlər iddiaçının göstərilən ünvana qeydiyyata alınması üçün əsas deyil. İlk növbədə ona görə, iddiaçı həmin etbarnamə əsasında göstərilən torpaq sahəsi ilə bağlı hər hansı hüquq daşıyıcısı deyildir. İddiaçı həmin etibarnamə əsasında təmsil edilənin adından, yəni X3 adından çıxış edərək torpaq sahəsini sonuncunun adına özəlləşdirə bilər.

9. Bundan başqa iddiaçı iddia tələbində ünvan 1 ünvanına qeydiyyata alınmasını xahiş edir. Lakin iddiaçı tərəfindən təqdim edilən Binəqədi qəsəbə nümayəndəsinin 2116 nömrəli, xx.xx.2024-cü il tarixli arayışında iddiaçının A.İsfahani küçəsi, döngə 3 ünvanında yaşadığı qeyd edilmişdir.

10. Göründüyü kimi, iddiaçının pasport qeydiyyatına alınmaq istədiyi özbaşına tikilinin vahid ünvan rekvizitlərinə malik olmamaqla dəqiq ünvanı da yoxdur.

11. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir

15. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

16. Azərbaycan Respublikası Konstitusiyasının:

Maddə 72 Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər.

17. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun:

- 5-ci maddəsinin 2-ci bəndinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. - 8-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından aşağıdakı hallarda imtina edir: 1) bu Qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə; 2) bu Qanunun 4-cü maddəsində müəyyən edilmiş əsaslar üzrə qeydiyyatın məhdudlaşdırılması nəzərdə tutulduğu hallarda; 3) şəxsin qeydiyyata alınacağı halda (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən ailə üzvü kimi yaşayış sahəsinə köçürüldüyü hallar istisna olmaqla), həmin yaşayış sahəsində yaşayan şəxslərin hər birinə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 40-cı maddəsində müəyyən edilmiş mənzil normasından az yaşayış sahəsi düşdükdə; 4) şəxsin qeydiyyata alınmaq istədiyi ev (yaşayış sahəsi) uçmaq qorxusu altında olduqda.

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli Sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.

22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

23. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

24. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir.

25. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiyası məhkəməsinin araşdırmaları yetərli hesab olunur və birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

26. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

27. Yuxarıda istinad olunan prosessual normalarda təsbit olunmuş işin hallarının araşdırılması prinsipinin tələbinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilməlidir. Bu, məhkəmənin xidməti vəzifəsindən irəli gəlir.

28. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir:

29. İddiaçı apellyasiya şikayətində qeyd edir ki, “Mən və ailəm ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evində uzun müddətdirki yaşayırıq.”

30. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçı iddia ərizəsində qeyd etdiyi ünvana, yaşayış yeri üzrə qeydiyyata alınmasını tələb etsə də, həmin ünvanda yerləşən yaşayış sahəsinə dair «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulan sənədləri təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onun tərəfindən yerinə yetirilmədiyindən iddia tələbi təmin edilə bilməz.

31. Belə ki, qanunun qeyd olunan maddəsinin imperativ tələbindən aydın görünür ki, istər yaşayış yeri üzrə qeydiyyatı olmayan, istərsə də, yaşayış yerini dəyişdirən vətəndaş tərəfindən qeydiyyata düşmək istədiyi müvafiq yaşayış sahəsinə dair: order, icarə və ya kirayə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir.

32. Lakin işin mübahisələndirilməyən hallarından isə göründüyü kimi, iddiaçı məhkəməyə faktiki yaşadığı evə dair qanunda sadalanan sənədlərdən hər hansı biri - o cümlədən, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd təqdim etmək iqtidarında deyildir.

33. Çünki, iddiaçının qeydiyyata alınmaq istədiyi ev özbaşına tikilidir, nə evə, nə də onun yerləşdiyi torpaq sahəsinə dair hər hansı hüquqmüəyyənedici sənədlər mövcud deyil.

34. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur.

35. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd edir ki, ünvan 4 ünvanında yerləşən 300 kv.m torpaq sahəsində olan fərdi yaşayış evinə və torpaq sahəsinə dair bütün kommunal xərcləri iddiaçı tərəfindən ödənilmiş və hal-hazırda da ödəyir.

36. Lakin iddiaçının ünvanda yaşaması, kommunal, işıq, qaz və su xidmətlərinə dair müqavilələrin olması və həmin xidmətlərdən istifadəyə görə çəkdiyi xərcləri ödəməsi mübahisəli ünvana qeydiyyata alınma üçün əsas verə bilməz. Qeyd olunmalıdır ki, onun kommunal xidmətlərlə bağlı bağladığı müqavilələr üzrə öhdəliklərinə gəldikdə, bütün bunlar qarşı tərəfin ona göstərdiyi xidmətlərə görə həyata keçirilən əvəzli ödənişlərdir. Ödənişləri ehtiva edən sənədlər evin qanunla müəyyən edilmiş qaydada hüquqi qeydiyyatdan keçməsini əks etdirən hüquqmüəyyənedici sənəd formasını özündə əks etdirmir.

37. İş materiallarına əsasən iddiaçı tərəfindən cavabdeh orqana yaşadığı ünvana dair qeyd olunan hüquqmüəyyənedici sənədlərdən hər hansı biri təqdim olunmamışdır. Yəni, mübahisəli ünvanda yerləşən fərdi yaşayış evinə istifadə, icarə və mülkiyyət hüququnu təsdiq edən hər hansı hüquq müəyyənedici sənəd mövcud olmadığından iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasının mülkiyyətçi hüququnu qoruyan normalarına istinad olunan dəlilləri ilə razılaşmaq mümkün deyil.

38. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-2580/2023 saylı qərarında da qeyd edilmişdir ki, onun yaşadığı ev özbaşına inşa edilmiş olan bir tikilidir və həmin tikiliyə olan hüququ rəsmiləşdirilməmiş və onun daşınmaz əmlakın dövlət reyestrində qeyd alınmış olan, həmçinin yaşayış yeri üzrə qeydiyyata alınmaya əsas verən hər hansı hüquqmüəyyənedici sənədi mövcud deyildir.

39. Qeyd olunanlar onu deməyə əsas verir ki, yalnız qanuni əsaslarla yaşayış hüququ əldə edildikdə, şəxsin həmin yaşayış yerinə qeydiyyata alınma hüququ yaranmış olur.

40. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5513/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar