Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2717/2024 20.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı X1 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “ güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəşli şərtlərə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1958-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır.
2. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-X-220439/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktuba əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin bu məktuba əlavə olunmuş formada hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisəsinin fəaliyyət istiqaməti və s.) dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələblərinə baxımından mümkün hesab edilmir.
3. İddiaçının adına ИТ-İ seriyalı ******* nömrəli əmək kitabçası açılmışdır.
4. SOCAR “Kompleks qazma işləri” Tresti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-15/2-X-51-1/2023-151 nömrəli məktuba əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli və 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarlarının əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquq verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın (10.1. Qazma: a) fəhlələr) bəndində takelajçı peşəsi qeyd olunmadığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması bardə arayışın verilməsi mümkün deyil.
5. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən 01 noyabr 2023-cü il tarixli 3- 171/2-256805/2023 nömrəli məktubla iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.
6. Məhkəmənin sorğusuna əsasən SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən verilmiş 17 yanvar 2024-cü il tarixli 14-2-15/2-34/2024 nömrəli 17 yanvar 2024-cü il tarixli məktubla İddiaçı işlədiyi takelajçı peşəsinin funksiyaları üzrə vəzifə standartlarını təqdim etmişlər.
7. Məhkəmənin sorğusuna əsasən SOCAR “Kompleks qazma işləri” tresti tərəfindən xx.xx.2024-cü il tarixli 14-2-15/2-33-2024 İddiaçı iş stajı haqqında arxiv arayışı təqdim edilmişdir. Arxiv arayışında göstərilmişdir ki, xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Primorsk” X8 İdarəsində Sənqəçal sahəsində yükləyəci peşəsində işləmişdir. xx.xx.1984cü ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X8 İdarəsində İstehsalat Xidmət Bazasında 4- cü dərəcəli takelajçı peşəsində işləmiş, xx.xx.2003-cü ildən xx.xx.2012-ci ilədək “Bayıl Limanı” X8 idarəsində İstehsalat Xidmət Bazasına 5-ci dərəcəli takelajçı peşəsində işləmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək “Sahil” Qazma İşləri İdarəsində boru alət sahəsində 5-ci dərəcəli takelajçı peşəsinə qəbul edilib, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək “Qazmaservis və Logistika” İdarəsində Buruq avadanlıq sexinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir. Ümumi iş stajı 26 il 09 ay 05 gün təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 11000000 X.Neftin qazılması və hasilatın (dənizin neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı neftçilərindən başqa), kömürün və şistin emalı təsdiq edilmiş qərarda, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neft sahəsinə aid olan hissəsində vətəndaşın işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edə bilmirlər.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan 25 illik ümumi və 12 il 6 aydan çox güzəştli əmək stajı olması nəzərə alınaraq pensiya hüququnun yarandığı xx.xx.2015-ci ildən ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 1958-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İlk dəfə 1976-cıı il tarixdə əmək faəliyyətinə başlamış, 17 avqust 2023cü ilə kimi işləmişdir. 1976-cı il tarixdə əmək faəliyyətinə başladıqdan sonra 1977-ci ildə hərbi xidmətə yollanmışdır. 1979-cu ilin may ayında hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini bərpa etmişdir. 1980-ci ilin yanvar ayından 17 avqust 2023-cü ilə kimi SOCAR-da işləmişdir. İşlədiyi müddət ərzində heç bir vəzifə səhlənkarlığına yol verməmiş, verilən tapşırıqların öhdəsindən layiqincə gələrək rəhbərliyin və kollektivin dərin hörmət və rəğbətini qazanmışdır. Bugünə kimi ümumilikdə 48 ilə yaxın əmək stajı var. 35 ildən yuxarı zərərli sexlərdə işləmişdir. İşlədiyi müddət ərzində 66787,58 manat pensiya kapitalı var. Qeyd edir ki, ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Bu səbəbdən də, o, hazırki tələblə məhkəməyə müraciət etmişdir.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Etiraz onunla əsaslandırılmışdır ki, iş materiallarına əlavə edilmiş SOCAR tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışında onun “Xəzərqazmaneftqazsənaye” X3 X8 İdarəsində və Xüsusiləşdirilmiş Texniki Vasitələrlə Dəniz kəşfiyyatı qazma idarəsində takelajçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Həmin arayışda iddiaçının işlədiyi takelajçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarında nəzərdə tutulmadığına görə ona işlədiyi sahə üzrə güzəştli arayışın təqdim olunmasının mümkün olmadığı bildirilmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququnu yaradan vəzifə sırasında dəqiq uyğunluq olmalıdır. Çünki, qeyd edilən siyahıda istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin güzəştli şərtlərlə yaşa görə əmək pnesiyası təyin edilməsinə əsas verən istehsalat, peşə, vəzifə və göstərici arasında dəqiq uyğunluq təşkil edilməlidir, yəni bunlar arasında müvafiq oxşarlığın olması hüququn yarandığı mənasına gəlmir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iş materialları məhkəmə tərəfindən ətraflı araşdırılmış, araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək ümumi iş stajı 25 ildən çox olsa da, xüsusi iş stajı isə 12 il 6 aydan azdır.
14. Belə ki, iddiaçının işlədiyi İdarə tərəfindən verilmiş arayışdan müəyyən edilmişdir ki, onun xx.xx.2017-ci il tarixədək SOCAR-ın aidiyyəti İdarələrində işlədiyi peşə və vəzifələr üzrə iş stajı ümumilikdə 26 il 09 ay 05 gün təşkil etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 11000000 X.Neftin qazılması və hasilatın (dənizin neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı neftçilərindən başqa), kömürün və şistin emalı təsdiq edilmiş qərarda, Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarına əsasən Neft sahəsinə aid olan hissəsində işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edilə bilmir.
15. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir.
16. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
a) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə oxşar olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçı zərərli peşədə işlədiyi müddət ərzində ona hər ay 8 faiz zərərli peşədə çalışdığı üçün əmək haqqının 8 faizi miqdarında əlavə pul və hər günə 0.5 litr süd verilirdi. Haqq hesab vərəqəsində bu faktlar öz əksini tapdığı halda məhkəmə iddianı əsassız olaraq təmi etməmişdir. Yuxarıda qeyd olunanlara əsasən iddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin yəmin olunmasə barədə qərar qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
c) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38.1. Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1- dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
4. əyani təhsil dövrünü tələb edən sənədlərə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
25. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 57 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir
27. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
29. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır.
30. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktınqəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
32. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
35. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
38. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
39. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı ona güzəştli şərtlə pensiya təyinatının edilməsidir. 41.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün aşağıdakı şərtlərə birlikdə əməl olunmalıdır:
1. Qanunla müəyyən edilmiş yaşı tamam olmalı;
2. Siyahıda nəzərdə tutulan peşələrdə güzəştli iş stajı minimum 12 il 6 ay olmalı;
3. Ümumi iş stajı minimum 25 il olmalı;
42. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlü olmaqla, ona pensiya hüququnun yarandığı (57 yaşdan) xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.
43. İddiaçının qanunla müəyyən edilmiş pensiya yaşına çatması və tələb olunan ümumi iş stajının mövcudluğu işin mübahisələndirilməyən halıdır. Mübahisəli olan hal iddiaçının güzəştli iş stajının mövcudluğu ilə bağlıdır.
44. İşin mübahisəli halı və apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, cavabdeh iddiaçının güzəştli iş stajının olmadığını qeyd edir. Belə ki, cavabdeh iddiaçının işlədiyi takelajçı peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarında nəzərdə tutulmamasına istinad edərək onun işlədiyi dövrləri (xx.xx.1983-cü ildən xx.xx.1984-cü ilədək “Primorsk” X8 İdarəsində Sənqəçal sahəsində yükləyəci peşəsində işləmişdir. xx.xx.1984-cü ildə işdən azad edilmişdir. xx.xx.1988-ci ildən xx.xx.2003-cü ilədək “Xüsusiləşdirilmiş Texniki Vasitələrlə” X8 İdarəsində İstehsalat Xidmət Bazasında 4- cü dərəcəli takelajçı peşəsində işləmiş, xx.xx.2003-cü ildən xx.xx.2012-ci ilədək “Bayıl Limanı” X8 idarəsində İstehsalat Xidmət Bazasına 5-ci dərəcəli takelajçı peşəsində işləmiş, xx.xx.2012-ci ildə işdən azad edilmiş, xx.xx.2012-ci ildən xx.xx.2013-cü ilədək “Sahil” Qazma İşləri İdarəsində boru alət sahəsində 5-ci dərəcəli takelajçı peşəsinə qəbul edilib, xx.xx.2013-cü ildə işdən azad edilmiş, xx.xx.2013-cü ildən xx.xx.2014-cü ilədək “Qazmaservis və Logistika” İdarəsində Buruq avadanlıq sexinə 5-ci dərəcəli takelajçı peşəsinə işə qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə işdən azad edilmişdir) güzəştli sığorta stajına daxil etməmişdir. İddiaçı hazırkı iddia ilə cavabdehin imtinasını mübahisələndirir.
45. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi inzibati icraat dövründə ətraflı araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçının xx.xx.2017-ci il tarixədək SOCAR-ın aidiyyəti İdarələrində işlədiyi peşə və vəzifələr üzrə iş stajı ümumilikdə 26 il 09 ay 05 gün təşkil etsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş qərarda (11000000 X.Neftin qazılması və hasilatın (dənizin neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı və 21300000 Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı neftçilərindən başqa), kömürün və şistin emalı), Azərbaycan Respublikası Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarında Neft sahəsinə aid olan hissəsində işlədiyi peşələrə aid kod aşkar olunmadığına görə güzəştli arayış təqdim edilə bilmir.
46. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası bildirir ki, iddiaçı güzəştli iş stajının olmasını zərərli peşədə işlədiyi müddət ərzində ona hər ay 8 faiz zərərli peşədə çalışdığı üçün əmək haqqının 8 faizi miqdarında əlavə pul və hər günə 0.5 litr süd verilirməsi ilə əsaslandırmışdır.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibət bildirirərək qeyd edir ki, iddiaçının əlavə pul alması onun güzəştli iş stajına aid olmasına dəlalət etmir.
48. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Həmin Siyahıda, o cümlədən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi sahə üzrə müəssisələrdə (Neft sahəsinə aid olan) takelajçı peşəsi nəzərdə tutulmamışdır.
49. Belə ki, takelajçı peşəsi müvafiq Qərarda yalnız 21500000 kodu üzrə XİV. Metal emalı bölməsində nəzərdə tutulmuşdur ki, iddiaçının iş stajını müəyyən edən əmək kitabçasının surətindən və müvafiq arayışlardan da görünür ki, o neft sahəsində çalışmışdır.
50. Beləliklə, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş güzəştli iş stajına malik olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır.
51. Qanunvericiliyin yuxarıda istinad olunan normalarına görə iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün birinci instansiya məhkəməsi iddiaçının ümumi və xüsusi iş stajının mövcudluğu ilə bağlı məsələni lazımi qaydada araşdırmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
52. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, İddiaçı xx.xx.2017-cı il tarixədək 25 ildən çox ümumi iş stajı mövcud olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapsa da, xx.xx.2017-ci il tarixədək 10 il güzəştli şərtlərlə pensiya hüququ verən iş stajının mövcud olmaması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddiaçıya münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin oluna bilməz.
53. Qeyd edilənlərlə bağlı məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır və iddiaçının hər hansı hüquqlarını pozmur.
54. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
55. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin 2-1(102)-99/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında öz əksini tapmış mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
56. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
57. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2886/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.