Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2718/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, vəkili Vəkil və üçüncü şəxs X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X7) «evə dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatların ləğv edilməsi» tələbini dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 13-20 sentyabr 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının mərhum X2nun adına mülkiyyət hüququ ilə reyestrdə aparılmış 30/100 saylı qeydin və həmin qeyd əsasında X5 adına aparılmış 11 mart 2004-cü il tarixli qeydin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun X2 tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında ev inşa edilmişdir. O, həmin evdə doğulandan qeydiyyatdadır və ailəsi ilə birlikdə orada yaşayır. X2 25 sentyabr 2001-ci il tarixdə vəfat etmişdir. İddiaçının qardaşı X3 müraciəti əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 saylı ev mərhum X2nun adına 6 avqust 2003-cü il tarixdə 30/100 qeydi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət hüquqları qeydə alınmışdır. Bundan sonra Bakı şəhəri 31 saylı Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 10 fevral 2004-cü il tarixli 2v-08 reyestr nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən həmin ev cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən X3 adına mülkiyyət hüququ ilə 11 mart 2004-cü il tarixdə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının X2nun adına 30/100 saylı qeydlə mülkiyyət hüququnun qeydə alınması qanunsuzdur, reyestrdə aparılmış həmin qeydiyyat və bu qeydiyyat əsasında həmin əmlakın xüsusi mülkiyyət kimi 11 mart 2004-cü il tarixdə X3 adına aparılmış qeydiyyat ləğv edilməlidir. Belə ki, işdən göründüyü kimi, X7 tərəfindən onun atasının vəfat etməsi faktı gizlədilərək və iddiaçının həmin evdə qeydiyyatda olması faktının gizlədildyi forma 2 arayışı əsasında Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən ev cavabdeh tərəfindən vəfat etmiş şəxsin adına reyestrdə qeydə alınmışdır və həmin qeyd əsasında da sonrakı tarixdə əmlak vərəsəlik hüququ ilə X3 adına mülkiyyət hüququ ilə reyestrdə qeydiyyata alınmışdır. Bununla da cavabdeh tərəfindən vəfat etmiş şəxsin adına cavabdeh tərəfindən reyestrdə aparılan qeydiyyat qanunsuzdur və ləğv edilməlidir, eləcə də həmin qeydiyyat əsasında X3 adına aparılmış 11 mart 2004-cü il tarixli reyestrdəki qeydiyyat ləğv edilməlidir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-12622/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə X7 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Üçüncü şəxs X3 məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazında bildirilir ki, iddia tələbi mümkünsüz sayılmalı, iddianın rədd olunması barədə qərardad qəbul edilməlidir. İddiaçı ilə üçüncü şəxs arasında mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair Bakı şəhər Xəzər Rayon Məhkəməsində məhkəmə mübahisəsi olmuşdur. Belə ki, İddiaçı 2009-cu ildə Xəzər Rayon Məhkəməsində mübahisə predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair ona (hazırkı üçüncü şəxsə) verilmiş «reyestrdən çıxarışın və ondan irəli gələn nəticələrin ləğvi» barədə iddia qaldırmışdır. Xəzər Rayon Məhkəməsinin 2(003)- 55/2011 saylı iş üzrə 18 mart 2011-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 6 sentyabr 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Ali Məhkəmənin 24 may 2012-ci il tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin olunmuş və mülki iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-813/2016 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 18 mart 2011-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Ali Məhkəmənin qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 813/2016 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Bundan sonra hazırki iş üzrə İddiaçı yenə də ona qarşı mərhum atasının adına olan ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə dair ilkin çıxarışın ləğv olunması tələbi ilə Xəzər Rayon Məhkəməsində iddia qaldırmışdır. Rayon Məhkəməsinin 9 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1440/2015 saylı qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin olunmamışdır. Bakı Apellyasiya Məhkəməsinin həmin qətnaməsi Ali Məhkəmənin müvafiq qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi, iddiaçının hazırkı iddia tələbinə məhkəmələr tərəfindən hüquqi qiymət verilmiş və həmin tələbləri təmin olunmamışdır. İddiaçının mübahisələndirdiyi iddia tələbinə aidiyyatı məhkəmələrdə baxılmış, yekun məhkəmə aktı qəbul edilərək, onun ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə dair iddiaları təmin olunmamış, hazırkı mübahisəyə hüquqi qiymət verilmişdir. Digər tərəfdən, Xəzər rayon Məhkəməsində X7 (hazırkı üçüncü şəxs) İddiaçı (hazırkı iddiaçıya) və digərlərinə qarşı “zəbt olunmuş evin boşaldılması“ tələbi ilə iddia qaldırmış və mülki iş məhkəmənin icraatındadır. Həmin iş üzrə cavabdeh İddiaçı işin məhkəmə baxışına süni maneə yaratmaq üçün qərəzli olaraq məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçının iddia tələbində mübahisələndirdiyi reyestr qeydi hüquqi akt deyil, mübahisə predmeti ola bilməz. Göstərilənlərə və İPM-in 1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsaslanaraq, iddia tələbinə etiraz olunur və məhkəmədən iddianın mümkdn sayılmaması, iddia tələbinin rədd olunması barədə qərardad çıxarılması xahiş olunur. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, iddiaçı müvafiq tələblə bağlı 10 noyabr 2021-ci il tarixdə İdarəyə müraciət etmişdir. Aparılan araşdırmalar zamanı müəyyən olunmuşdur ki, daşınmaz əmlak (Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən ev) üzərində qeydiyyata alınmış hüquqlar qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya mülkiyyətçinin notarial qaydada təsdiq edilmiş ərizəsi əsasında ləğv edilə bilər. Qeyd edilən daşınmaz əmlakla bağlı dəfələrlə məhkəmə mübahisəsi olmuş, Xəzər Rayon Məhkəməsinin 2(003)-3380/2021 saylı 28 iyul 2021-ci il tarixli icra vərəqəsinə əsasən əmlakın üzərinə həbs qoyulmuşdur. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə, İPM-in 35.1, 48.2-ci maddələrinə, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.3, 2.4, 4, 23-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair» 19 may 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının müddəalarına əsaslanaraq, iddianın mümkün sayılmaması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: R.Kərimli) Həmin qərardaddan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin qərardadında iddianın mümkünsüz sayılmasının əsası kimi 4 əsas göstərilmişdir: 1-ci əsas kimi mərhum atasının əmlaka mülkiyyət hüququ barədə DƏDR-də xx.xx.2003-cü il tarixdə qeyd aparıldıqdan sonra həmin əmlaka mülkiyyət hüququnun 3-cü şəxs X1 dair xx.xx.2004cü il tarixli qeyd aparıldığı, bu səbəbdən mərhumun adına aparılmış və hazırda mövcud olmayan qeydiyyatın ləğvinin tələb edilməsinin mümkün olmadığı göstərilmişdir. Bildirir ki, mərhum atasının adına aparılmış qeydin artıq mövcud olmadığı və hazırda mövcud olmayan qeydiyyatın ləğvinin tələb edilməsinin mümkün olmadığı barədə məhkəmənin mövqeyi səhvdir, normal məntiq və hüquqa uyğun deyildir. Belə ki, aparılmış qeyd məhkəmə qərarı və digər əsasla ləğv edildikdə mövcud olmayır və göstərilən əsaslarla qeyd ləğv edilməmişdirsə əmlaka hüququn digər şəxsə keçməsi əvvəlki qeydin mövcudluğunu aradan qaldırmayır və həmin qeydin məhkəmə qaydasında mübahisələndirilməsi mümkündür. Bununla da məhkəmənin bu mövqeyinin hüquqi əsası yoxdur və səhvdir. 2-ci əsas kimi mövcud mübahisəyə artıq mülki məhkəmə icraatı qaydasında baxıldığı göstərilmişdir. Bildirir ki, mülki məhkəmə icraatı qaydasında çıxarışın ləğvinə dair iddiaya baxılmışdır, lakin mövcud vəziyyətdə onun tərəfindən qeydiyyatın ləğv edilməsinə dair fərqli tələb irəli sürülmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015-ci il tarixli, 4 saylı qərarının 17-ci bəndinə əsasən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibat akt deyildir. Bununla da inzibati akt olmayan, fərqli predmeti təşkil edən və ümumiyyətlə mübahisə predmeti ola bilməyən çıxarışın ləğv edilməsi tələbinə dair mülki işin, hazırki qeydiyyatın ləğv edilməsinə dair inzibati işlə eyniləşdirilməsinin hüquqi əsası yoxdur. Bununla da məhkəmənin bu mövqeyi səhvdir. 3-cü əsas kimi daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair 3-cü şəxs X5 adına aparılmış qeydiyyatın “vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından həmin qeydiyyatın ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmasının mümkün olmadığı göstərilmişdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair 10 aprel 2015ci il tarixli,4 saylı qərarının 17-ci bəndində göstərilmişdir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda işə inzibati məhkəmələrdə baxılmalıdır. Mövcud vəziyyətdə onun tərəfindən vərəsəlik hüququ haqqında şəhadətnamə mübahisələndirilmədiyi, daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın və onun əsasında aparılmış sonrakı qeydiyyatın ləğv edilməsi tələb edildiyi üçün Ali Məhkəmə Plenumun qeyd edilən qərarına əsasən mübahisəyə inzibati məhkəmədə baxılmalıdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticənin hüquqi əsası yoxdur. 4-cü əsas kimi, 3-cü şəxs X5 tək vərəsə olduğu və onun evə hər hansı hüququ olmadığından, onun hazırki iddianı qaldırmağa subyektiv hüququbun olmadığı göstərilmişdir. Bildirir ki, o, həmin evdə doğulmuş, hazırki tarixə kimi orada yaşayır, həmin evə qeydiyyatdadır birinci növbəli qanuni vərəsədir və qanunsuz qeydiyyat nəticəsində pozulmuş hüququ bərpa edildikdən sonra vərəsəlik məsələsi də həll olunacaqdır. Bununla onun həmin evə hər hansı hüququ olmadığı və bu şəbədən hazırki iddianı qaldırmağa subyektiv hüququnun olmadığı barədə məhkəməsinin gəldiyi nəticənin hüquqi əsası yoxdur. Apellyasiya baxışı zamanı İddiaçı və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Apellyasiya baxışı zamanı üçüncü şəxs X7 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, 52 ünvanında yerləşən evin iddiaçının mərhum X2nun adına mülkiyyət hüququ ilə reyestrdə aparılmış 30/100 saylı qeydin və həmin qeyd əsasında X5 adına aparılmış 11 mart 2004-cü il tarixli qeydin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8.0.3-cü maddəsinə görə daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 2-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı AR Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair» 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində aşağıdakılar qeyd edilir: - Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. Göründüyü kimi, hazırkı inzibati məhkəmə icraatında İddiaçı daşınmaz əmlakın dövlət reyestrində müvafiq fərdi yaşayış evinə dair mərhum atasının adına aparılmış qeydiyyatı və sonradan vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında vərəsə kimi üçüncü şəxsin adına aparılmış növbəti qeydiyyatı mübahisələndirir. Məhkəmə hazırkı iş üzrə müəyyən edilən aşağıdakı xüsusatları diqqətə çəkmişdir: - Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair İddiaçı mərhum atasının adına aparılmış qeydiyyat hazırda mövcud deyil, vərəsəlik hüququ haqqında şəhadətnamənin əsasında üçüncü şəxs X3 adına qeydiyyat aparılmışdır (cavabdehin 29 aprel 2022-ci il tarixli məktubu və ona qoşmadan məlum olur). Bu səbəbdən mərhum adına aparılmış, lakin hazırda mövcud olmayan qeydiyyatın ləğvi tələb oluna bilməz. Nəzərə alınmalıdır ki, müvafiq mülki mübahisəyə artıq mülki məhkəmə icraatı qaydasında baxılmışdır; - Daşınmaz əmlakın dövlət reyestrində müvafiq evə dair üçüncü şəxs X3 adına qeydiyyat “Vərəsəlik hüququ haqqında şəhadətnamə” əsasında aparıldığından, həmin qeydiyyatın ləğvi tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz; - “Vərəsəlik hüququ haqqında şəhadətnamə” ləğv edilmədiyindən, qüvvədə olduğundan və həmin şəhadətnamədə hazırkı üçüncü şəxs X7, hansı ki, müvafiq evə dair qeydiyyat onun adına aparılmışdır, tək vərəsə kimi çıxış etdiyindən, hazırkı İddiaçı evə hər hansı hüququ olmadığından, onun hazırkı iddianı qaldırmaq üzrə subyektiv hüququ da mövcud deyil; Beləliklə məhkəmə yuxarıda göstərilənlərə əsasən bu qənaətə gəlmişdir ki, İddiaçı hazırkı iddiasına inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz, odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatı qaydasında baxılan iddiaların növləri təsbit edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə görə inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu maddə ilə inzibati aktın aşağıdakı əlamətləri müəyyən edilmişdir: inzibati akt inzibati orqan tərəfındən qəbul edilir; ümumi (publik) sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədini daşıyır; ünvanlandığı hüquqi və ya fiziki şəxs üçün müəyyən hüquqi nəticələr yaradır; qərar, sərəncam və ya digər formada hakimiyyət tədbirini ifadə edir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 3.2-ci maddəsinə görə bu Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər Göründüyü kimi, sözügedən Qanun inzibati orqanlar və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. Həmçinin qeyd olunan normaların tələblərinə və yuxarıda göstərilən müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələblər üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4048/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2718/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2718/2022
20.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver