Məhkəmə qərarları › İş №2-1(103)-2718/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2718/2025

01.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2718/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “tövsiyyənin ləğv edilməsi, səslərin leyhinə dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-9984/2025 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-9984/2025 saylı qərardadı ilə (hakim B.Cəlalov) İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı işin baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə onun faktiki yaşadığı yeri və işlədiyi məktəbin Bakı şəhərində fəaliyyət göstərdiyini, iddiada cavabdehlərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, digər cavabdehləri olan komissiya sədri, komissiya üzvləri Bakı şəhərində yaşayaraq işlədiklərini və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Attestasiya komissiyasına sədr, üzv təyin olduğunu, barəsində iddia etdiyi Attestasiyanın Bakı şəhərində keçirildiyini nəzərə almamışdır. Faktiki olaraq o və cavabdehlər Bakı şəhərində yaşayır və işləyir. Məhkəmə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin səlahiyyətli nümayəndəliyinin Şəki şəhərində olduğunu nəzərə alaraq bu qərarı versə də, həmin nümayəndəliklərin nazirlik tərəfindən keçirilən Attestasiyaya cavabdehliyi və aidiyyatı yoxdur. Maştağa qəsəbəsində 10 nömrəli uşaq musiqi məktəbində müəllim işləyir. Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük zovxozu ərazisində öz adına olan şəxsi torpağında tikilən evdə yaşayır. Əmək mübahisəsi olan onun yaşayış yerinin və müddətsiz müqavilə ilə işlədiyi iş yerinin Bakı şəhərində olduğunu, cavabdehlərin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və nazirlik tərəfindən təyin olunmuş komissiya sədrinin, üzvlərinin Bakı şəhərdə işlədiklərini və yaşadıqlarını nəzərə alaraq, apellyasiya şikayətinə əlavə etdiyi yaşayış və iş yerindən verilən arayışlara əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9984/2025 saylı xx.xx.2025-ci il tarixli işə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsi barədə qərardadı tam ləğv edilərək işin baxılmamış saxlanması və sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh inzibati orqan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, iştirak etməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, İddiaçı Qəbələ rayonu, Mıxlıqovaq Ərazi dairəsi, Mıxlıqovaq kəndində qeydiyyatdadır. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi) iddiaçı arasında attestasiya prosesinin keçirilməsi zamanı yaranan hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla dövlət qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Hazırkı işin hallarından müəyyən olunur ki, İddiaçı hazırkı iddiasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Attestasiya Komissiyasının qərarını mübahisələndirir. İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsninə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İşin hallarından müəyyən edilir ki, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqandır. Beləliklə, hazırkı iddiaya İPM-in 8.1.2-ci maddəsinin tələbinə uyğun olaraq iddiaçının yaşadığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 24.1-ci maddəsinə görə fiziki şəxs hüquq münasibətlərində öz adından iştirak edən insan fərdidir. Həmin Məcəllənin 27.1-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 3-cü maddəsinin 1-ci bəndinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. İPM-in 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə görə mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Birinci instansiya məhkəməsi düzgün olaraq öz qərarında qeyd etmişdir ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərarın 19.7-ci bəndinə əsasən Qəbələ rayonu, Şəki İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməlidir İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeydiyyatda olduğu yerin Qəbələ rayonu, Mıxlıqovaq Ərazi dairəsi, Mıxlıqovaq kəndi olması müəyyən edilmişdir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddsəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən sənəd Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Mövcud qanunvericilik şəxsin bir neçə yaşayış yerini olmasını mümkün saysa da, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icrası ilə bağlı yaşayış yeri (bir neçə yaşayış yeri olduqda, onlardan biri) üzrə qeydiyyata alınmasını zəruri sayır. Bu qeydiyyat isə, ona verilmiş şəxsiyyət vəsiqəsində əksini tapır. Bundan başqa, cavabdehin ünvanının Bakı şəhəri olması İPM-in 8.1.2-ci maddəsinin tələbləri baxımından birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas deyildir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə qarşı “tövsiyyənin ləğv edilməsi, səslərin leyhinə dəyişdirilməsi” tələbinə dair işin baxılması üçün aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 07 may 2025-ci il tarixli, 2-1(112)-9984/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar