Məhkəmə qərarları › İş №2-1(103)-272/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-272/2023

15.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-272/2023 15.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və digərləri cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati iş Açar söz: çıxarışın və texniki pasportun verilməsi Giriş hissə: X4 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi, iddiaçı X5, iddiaçıların vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə4, üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Nürəddin oğlu cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsinə qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhər X10 İcraiyyə Komitəsinin 47/732 nömrəli, 16 oktyabr 1981-ci il tarixli qərarı ilə şəhərin yardımçı kənd təsərrüfatı müəssisələrinin, təşkilatlarının və idarələrinin hazırda və kompleks yerləşdirilməsi üçün Orconikidze rayonunun ərazisində Hövsan qəsəbəsinin şimal-qərbində 170 ha torpaq sahəsinin ayrılması qərara alınmış, həmin ərazidə yardımçı kənd təsərrüfatı tikintisinin layihələndirilməsinə icazə verilən təşkilatlar sırasında SSRİ Energetika və Elektrofiksasiya Nazirliyinin “X13” da göstərilmişdir.

2. Azərbaycan Respublikası Dövlət Əmlakı Nazirliyinin 23 oktyabr 2000-ci il tarixli sərəncamı ilə ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin tabeliyində olmuş ünvan 1 ünvanında yerləşən X13nun bazasında "xxxx" X15 Cəmiyyəti yaradılmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi X11 Qeydiyyatı üzrə Bakı Bölgə Şöbəsi tərəfindən verilmiş 0107-P352-50067 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 06 dekabr 2007-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır.

4. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2007-ci il tarixdə təsdiq edilmiş və xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmış nizamnaməsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hüquqi ünvanı ünvan 4 D-3132 nömrə ilə Azəbraycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış "xxxx" X15 cəmiyyətinin bazasında yaradılmışdır və onun hüquqi varisidir.

5. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının illik ümumi yığıncağının xx.xx.2008-ci il tarixli 1 saylı protokolundan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinə xitam verilmiş, ləğvetmə komissiyasının 3 nəfərdən – Nümayəndə1, X2 və X1 ibarət tərkibdə seçilməsi, Nümayəndə1 ləğvetmə komissiyasının sədri seçilməsi qərara alınmışdır.

6. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağının 28 noyabr 2008-ci il tarixli, 3 saylı protokolu ilə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin ləğvetmə balansı təsdiq edilmiş, "xxxx" ASCnin əmlakının əsas səhm sahibləri səhmdar İddiaçı1, İddiaçı2 Nürəddin oğluna və İddiaçı3 natura şəklində, digər səhmdarların əmlaklarının dəyəri isə pul şəklində ödənilməsi qərara alınmışdır.

7. "xxxx" ASC-nin daşınar və daşınmaz əmlaklarının əsas səhm sahibləri arasında bölüşdürülməsinə dair” 15 dekabr 2008-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-nin daşınar və daşınmaz əmlakları əsas səhm sahibləri-İddiaçı3, İddiaçı1 və İddiaçı2 Nürəddin oğlu arasında bölüşdürülmüşdür.

8. Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhəri Vergilər Departamenti Kommersiya X11 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 29 yanvar 2009-cu il tarixli, **********537300 nömrəli “Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqında” **********57 nömrəli bildirişdən görünür ki, Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X11 qeydiyyatı idarəsi bildirmişdir ki, xx.xx.2000-ci il tarixdə, D-3132 nömrə ilə (VÖEN **********) dövlət qeydiyyatına alınmış "xxxx" X15 Cəmiyyəti xx.xx.2009-cu il tarixdə ləğv edilmiş və həmin qurum Azərbaycan Respublikası kommersiya X11 reyestrindən çıxarılmışdır.

9. İddiaçı1 xx.xx.2009-cu il tarixdə ərizə ilə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Əmlakın Texniki İnventarlaşdırılması Bürosuna müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfat sahəsinin texniki pasportunun hazırlanmasını xahiş etmiş, xx.xx.2009-cu il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfata dair texniki pasport tərtib edilmişdir.

10. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Nürəddin oğlu xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış binasına dair dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişlər.

11. Cavabdeh xx.xx.2019-cu il tarixdə **********88 nömrəli məktubla iddiaçının müraciətini təmin etməkdən imtina etmiş və göstərmişdir ki, ərizəyə əlavə olunmuş sənədlər surətdir. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən qeyri-yaşayış binasına dair adlarına “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir. Həmçinin əlavə torpaq sahəsinin istifadə edildiyi və əlavə tikililərin inşa edildiyi müəyyən edilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamışdır.

Birinci instansiya məhkəməsində icraat

12. İddiaçılar cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sponradan iddia tələbini dəyişərək cavabdehin imtinasının qanunsuz hesab edilməsi və "xxxx" ASC-nin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən tikililərin və qeyri yaşayış sahəsi yardımçı təsərrüfat sahəsinə dair iddiaçıların adına texniki pasport və çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər.

13. İddia tələbi bununla əsaslandırılmışdır ki, səhmdarları olduqları "xxxx" Açıq Səhmdar Cəmiyyəti 29 noyabr 2008-ci il tarixli, 3 saylı protokola əsasən ləğvetmə balansının təsdiq edilməsi və əmlakın naturada bölüşdürülməsinə dair qərar qəbul etmişdir. Müvafiq bölgüyə əsasən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi – 20207.5 kv.m, açıq torpaq sahəsi – 18335.2 kv.m, ümumi tikili altı sahəsi – 1340.4 kv.m olan qeyri-yaşayış sahəsi-yardımçı təsərrüfat sahəsi naturada bölünərək iddiaçılara verilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin Əmlakın Texniki İnventarlaşdırılması Bürosu tərəfindən İddiaçı1 adına qeyd edilən qeyri-yaşayış sahəsi – yardımçı təsərrüfat sahəsinin 05 may 2009-cu il tarixli, 003334 saylı Müəssisə və Obyektin Daşınmaz Əmlakının Texniki Pasportu verilmişdir. X12 verilməsi üçün İdarəyə aşağıdakı qeyd edilən sənədlər təqdim edilmişdir: 1) 259/V-05 saylı, xx.xx.2009- cu il tarixli sifariş məktubu; 2) Dövlət Əmlak Nazirliyinin xx.xx.2000-ci il tarixli, 245 saylı Sərəncamı; 3) "xxxx" ASC haqqında məlumat; 4) Qiymətli kağız sahiblərinin xx.xx.2008-ci il tarixli reyestri; 5) "xxxx" ASC-nin səhmdarlarının xx.xx.2008-ci il tarixli ümumi yığıncaqlarının 01 saylı və xx.xx.2008-ci il tarixli, 03 saylı protokolları; 6) "xxxx" ASC-nin daşınar və daşınmaz əmlaklarının əsas səhm sahibləri arasında bölüşdürülməsinə dair xx.xx.2008-ci il tarixli protokolu; 7) xx.xx.2008-ci il tarixli AKT; 8) Kommersiya qurumunun dövlət qeydiyyatının ləğv edilməsi haqqına Bakı şəhər Vergilər Departamentinin xx.xx.2009-cu il tarixli, **********57 saylı bildirişi; 9) Qiymətli Kağızlar üzrə Dövlət Komissiyasının xx.xx.2009- cu il tarixli, 6/1-027- 379 saylı məktubu; 10) Bina və qurğuların texniki parametrləri. Torpaq sahəsi Bakı şəhər X10 İcraiyyə Komitəsinin xx.xx.1981-ci il tarixli 47/732 saylı qərarı ilə “Qazan Mexaniki” zavodu üçün ayrılmış torpaq sahəsidir.

14. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, elektron kadastr məlumatına əsasən (ciddi konfiqurasiya fərqi mövcuddur) ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və əlavə 14853.5 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Bundan başqa torpaq sahəsində 48.5 kv.m əlavə köməkçi tikilinin inşa edildiyi və yaxınlıqdan qaz boru xəttinin keçdiyi müəyyən edilmişdir. Həmçinin iddiaçılar tərəfindən adlarına qeyri-yaşayış binasına dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun sənədlər təqdim edilməmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1370/2019 saylı, 16 mart 2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi – 20207.5 kv.m, açıq torpaq sahəsi – 18335.2 kv.m, ümumi tikinti altı sahəsi - 1872.3 kv.m olan qeyriyaşayış sahəsi-yardımçı təsərrüfata dair iddiaçıların mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və buna dair İddiaçı1, İddiaçı3 və İddiaçı2 Nürəddin oğlunun adına reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir.

16. Həmin qərardan cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 2- 1(103)-1523/2020 saylı qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1523/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1370/2020 saylı, 16 mart 2020-ci il tarixli qərarı ləğv edilmiş və iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir.

18. İşə birinci instansiya qaydasında yenidən baxılarkən məhkəmənin 01 mart 2021ci il tarixli qərardadı ilə “X6 Limited” Şirkəti üçüncü şəxs qismində prosesə cəlb edilmişdir.

19. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı ilə (hakim Səlma Salahova) iddia tələbi rədd edilmişdir.

20. Məhkəmənin sorğusuna əsasən mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsinə baxışla əlaqədar tərtib edilən 14 iyun 2021-ci il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”na əsasən müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi xx.xx.2009-cu il tarixli 00333-4 nömrəli texniki pasport üzrə 3 tərəfi şərti sərhədlə, 1 tərəfi metal tor çəpərlə müəyyənləşən torpaq sahəsidir. Torpaq sahəsində yerləşən “A”, “B”, “C” VƏ “D” tikililərindən ibarət tikililər və qurğular texniki pasporta uyğun ölçülərlə mövcuddur. Tikililər və torpaq sahəsinin koordinat cədvəlləri müəyyən edilmişdir.

21. Məhkəmə sorğusuna cavab olaraq təqdim edilən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2021-ci il tarixli məktbundan görünür ki, iddiaçıların iddia etdiyi qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Bakı şəhər X10 İcraiyyə Komitəsinin (XDS İK) xx.xx.1981-ci il tarixli 47/732 nömrəli qərarı ilə şəhərətrafı köməkçi kənt təsərrüfatı massivlərinin layihələndirilməsi məqsədilə ayrılmışdır. Daha sonra, həmin ərazi Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 256-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən, “X6 Limited" Şirkətinin istifadəsinə (Kontrakt sahəsi) verilmişdir.

22. “X6 Limited” Şirkəti tərəfindən verilən xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, ərazilərin koordinatları götürülmüş və markşeyder xidmətinə təqdim edilmiş və müəyyən olunmuşdur ki, sözügedən 35684 kv.m torpaq sahəsi 1508 nömrəli quyudan 662 metr məsafədə yerləşməklə Əməliyyat Şirkətinin istifadəsinə verilmiş Kontrakt sahəsi hüdudları daxilində yerləşir.

23. Məhkəmə qeyd etmişdir ki, qanuna əsasən kontrakt sahəsi olan ərazinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilmişdir. Belə olan halda aydın olur ki, iddiaçıların mübahisəli yardımçı təsərrüfatın yerləşdiyi torpaq sahəsinə hüquqları da ləğv edilmişdir.

24. Məhkəmə qeyd etmişdir ki, daşınmaz əmlaka hüquqların dövlət reyestrində qeydə alınması onun yerləşdiyi torpaq sahəsinə hüquqların da qeydə alınmasına səbəb olduğundan, hazırkı halda isə mübahisəli əmlakın yerləşdiyi torpaq sahəsi kontrakt sahəsi olmaqla neft yataqlarının daxil olduğu ərazi hüdudlarında yerləşdiyindən cavabdehin imtinası əsaslı olmuşdur.

Apellyasiya şikayətinin dəlilləri:

25.İddiaçılar qərardan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarının ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin sazişə istinad etməklə mübahisəli yardımçı təsərrüfatın yerləşdiyi torpaq sahəsinə hüquqlarının ləğv edildiyinə dair nəticəyə gəlməsi və bu səbəbdən iddia tələbini təmin etməməsi qanunsuz və əsassız olmuşdur. Belə ki, mübahisəli torpaq sahəsi neçə illərdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş, hazırda isə iddiaçıların istifadəsindədir. Onlara məxsus sahə Zığ və Hövsan neft yataqlarının daxilində yerləşmir və bu illər ərzində məhkəmənin qeyd etdiyi şirkətlər tərəfindən həmin ərazi heç bir vaxt mübahisələndirilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

27. Məhkəmə iclasında iştirak edən iddiaçı X5 və iddiaçıların vəkili Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdirlər. 28.Məhkəmə iclasında iştirak edən cavabehin nümayəndəsi Nümayəndə4 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

29. Üçüncü şəxs Dövlət Neft Şirkətinin nümayəndəsi Nümayəndə3 məhkəmə iclasında apellyasya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

30.Tətbiq edilən hüquq «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanun: 2.1-ci maddə- daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. 10.2-ci maddə- hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. 15.1-ci maddə- hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14- cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

Azərbaycan Respublikası Torpaq Məcəlləsi 4-cü maddəsinin 4-cü hissəsi- torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. 88-ci maddəsinin 1-ci hissəsi- tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. 88-ci maddəsini 2-ci hissəsi- dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir.

“Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X3 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə”xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən: - 1. "Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X3 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Saziş (bundan sonra "Saziş" adlanacaq) qəbul və təsdiq edilsin, onun həyata keçirilməsinə icazə verilmişdir. - 4. Bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatı və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. - 5. Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

Əsaslandırma hissəsi:

31. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

32. Məhkəmə kollegiyası izahatları dinləyərək dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçıların tələbi düzgün olaraq təmin edilməmişdir.

34. İşin mübahisəsiz halıdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin balansında olmuş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfat iddiaçılar tərəfindən qanuni əsaslarla əldə edilmişdir. İddiaçı3 tərəfindən işə apellyasiya qaydasında baxılarkən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli məktubunda da qeyd edilmişdir ki, qeyd edilən yardımçı təsərrüfat özəlləşdirmə komissiyası tərəfindən qiymətləndirilən əmlakın tərkibində cəmiyyətin nizamnamə kapitalına daxil edilmişdir. 35.İşə apellyasiya qaydasında baxılarkən məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Dövlət Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş mütəxəssis rəyində iddiaçıların üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını xahiş etdiyi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən ümumi sahəsi 20307,5 kv.m olan qeyri-yaşayış sahəsinin koordinatarı qeyd edilmiş, qeyri-yaşayış sahəsinin "xxxx" Şirkətinin istifadəsinə ayrılmış torpaq sahəsi ilə üstüstə düşdüyü qeyd edilmişdir.

36. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən yardımçı təsərrüfat iddiaçılar tərəfindən qanuni əsaslarla əldə edilsə də, təsərrüfatın yerləşdiyi torpaq dövlət tərəfindən “Azərbaycan Respublikasında Zığ və Hövsan neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X3 Limited və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” xx.xx.2007-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən "xxxx" Şirkətinin istifadəsinə verildiyindən qeyd edilən qanunun qüvvədə olduğu müddət ərzində iddiaçıların qeyd edilən təsərrüfat üzərində mülkiyyət hüququ qeydə alına bilməz.

37. Belə ki, Torpaq Məcəlləsinin 4-cü maddəsinin 4-cü hissəsində qeyd edildiyi kimi torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Torpaq sahəsinin üzərindəki obyekt üzərində iddiaçıların mülkiyyət hüququnun qeydə alınması o deməkdir ki, iddiaçılar həmin obyektin altındakı torpaq sahəsindən də istifadə hüququ əldə etmiş olur. Yuxarıda istinad edilən xx.xx.2007-ci il tarixli Qanuna əsasən sazişin, qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verildiyindən iddiaçılara məxsus yardımçı təsərrüfatın yerləşdiyi ərazidə hazırda hər hansı neft-qaz əməliyyatları aparılmasa da, gələcəkdə həmin sahədə də bu əməliyyatların aparılması istisna olunmur.

38. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddianın rədd edilməsi barədə məhkəmənin iş üzrə gəldiyi nəticə qanuni və əsaslıdır. İddiaçılara izah olunur ki, qanuni əsaslarla əldə etdikləri qeyri-yaşayış sahəsindən istifadə hüququna maneə yarandığı halda kompensasiya tələb etmək hüququna malikdirlər.

39. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticə hissəsi:

40. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 41.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, kollegiya

qərara aldı:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-96/2022 saylı, 16 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar