Məhkəmə qərarları › İş №2-1(103)-272/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-272/2024

23.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-272/2024 23.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Hüseyn Cavid Vaqif oğlundan ibarət tərkibdə, cavabdehin nümayəndəsi X3 və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1454/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məcburetmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2021-ci ildə iddiaçıya əlillik təyinatından imtina etməsinin əsassız hesab edilməsi və xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.33.1.) İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: «…xx.xx.1993-cü ildən xx.xx.2007-ci ilədək Azərbaycan Respublikasının Silahlı Qüvvələrində zabit kimi xidmət etmiş, xidmət dövründə olan xəstəliklə əlaqədar ehtiyyata buraxılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2007-ci il tarixdə “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” xəstəlik şəhadətləndirilməsi ilə təmin edilmişdir. xx.xx.2007-ci ildən 2-ci qrup hərbi xidmət dövrü ilə əlaqədar əlildir. xx.xx.2021-ci ildə tibb müəssiəsinin göndərişi əsasında təkrar müddətsiz əlillik təyin edilməsi üçün cavabdehə göndərilmiş, lakin cavabdeh əlillik təyinatından ona imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, əlilliyi 2007-ci ildə qiymətləndirilmiş iddiaçı fasiləsiz olaraq 10 ildən çox əlildir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında iddiaçının baxılmış və “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, Xora xəstəliyi. Mədəaltı vəzinə penetrasiya edən və stenozla fəsadlaşan xorası” diaqnozu üzrə əlillik vəziyyətinə baxılaraq, “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əlilliyinin qiymətləndirilməsi üçün əyani müayinəyə dəvət olunmuş, lakin o gəlməkdən imtina etmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək qərara alınmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci ildə iddiaçıya əlillik təyinatından imtina etməsi əsassız hesab edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən 2-ci dərəcə hərbi xidmət dövrü ilə əlaqədar müddətsiz əlilliyin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…Maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir…» İddiaçı məhkəmyə təqdim etdiyi apellyasiya şikayətinə etirazında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə istinadən şikayətin dəlillərini əsassız hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiyanın təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi-həkim Komissiyası tərəfindən tərtib olunmuş xx.xx.2007-ci il tarixli 268 nömrəli şəhadətnaməsinə əsasən iddiaçı barəsində diaqnoz və yaralanmanın (travmanın, xəsarətin, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında HHK-nın qərarı: "Xora xəstəliyi. Mədəaltı vəzin başına penetrasiya edən və stenozla fəsadlaşan onikibarmaq bağırsağın xroniki xorasına görə aparılmış laparotomiya (11.01.07), mədənin 2/3 hissəsinin Bilrot-İİ üsulu ilə rezeksiyası, Vitebski modifıkasiyası ilə qastroenteroanastomozun qoyulması cərrahiyyə əməliyyatından sonrakı vəziyyət, həzm funksiyasının mühüm dərəcədə pozulması ilə. Xəstəlik hərbi xidmət dövründə alınmışdır.” Daha sonra, onun xəstəliyi xx.xx.2007-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə Tibbi sosial ekspert komissiyaları tərəfindən - "Səbəbi: Hərbi xidmət dövrü ilə əlaqədar; X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, deşilmə ilə, Xroniki xora xəstəliyi. 12b.b xorasının mədəaltı vəzi başına penetrasiya ilə; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.7.Həzm orqanlarının residivli gedişli ağır, xroniki xəstəlikləri, ümumi qidalanmanın nəzərə çarpan dərəcədə zəifləməsi ilə. diaqnozu ilə əlillik vəziyyəti qiymətləndirilərək, ona İİ qrup əlillik dərəcəsi verilmişdir. Sonuncu dəfə isə Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 088 forma göndərişi əsasında cavabdeh orqan tərəfindən onun “X1: Xİ Sinif - Həzm sisteminin xəstəlikləri => K20-K31 - Qida borusu, mədə və onikibarmaq bağırsaq xəstəlikləri => K26 - Onikibarmaq bağırsaq xorası; Diaqnozun mətni: Onikibarmaq bağırsağın xorası, Xroniki və ya dəqiqləşdirilməmiş, qanaxma və deşilmə ilə, Xora xəstəliyi. Mədəaltı vəzinə penetrasiya edən və stenozla fəsadlaşan xorası” diaqnozu üzrə xəstəliyi üzrə əlillik vəziyyətinə yenidən qiymətləndirilərək, bu dəfə ona “Göndərişin natamam doldurulması” səbəbi ilə əlillik təyin edilməsindən imtina olunmuşdur. İşdən aydın olur ki, birinci instansiya məhkəməsi tərəfindən həmin Göndərişin natamam doldurulub-doldurulmamsına və diaqnozun əvvəlki əlilik təyinatı ilə eyni olub-olmamasının aydınlıq gətirilməsi üçün iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx.xx.2023-cü il tarixli T349/2023 nömrəli ekspert rəyi alınmışdır. İşə əlavə olunmuş həmin rəydə isə ekspertlər müəyyən etmişdir ki, iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün 15 nömrəli şəhər poliklinikasının tərtib etdiyi 0033003AAD0V nömrəli göndərişi tam doldurulmuş, diaqnozu təsdiqləyən müayinələr tam aparılmışdır. Belə olan halda, Bakı 15 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli 088 forma göndərişi üzrə iddiaçının əlillik vəziyyətinə baxılarkən qüvvədə olmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.5-ci bəndi nəzərədə tuturdu ki, “ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20- K22.1, K25-K29.9, K31.0-K31.9, K50-K55.9, K58-K60.5, K62-K63.9, K65.8, K71-K77.0, K85-K86.9) – ikinci dərəcə əllilk kimi qiymətləndirilirdi. Göründüyü kimi, Əsasnamədə təsbit olunan “K20” və “K31” - ikinci dərəcə əlillik meyarları iddiaçının xəstəliyin ehtiva edən diaqnozunda da müəyən olunur. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 3.2.4-cü və 3.2.4.2-ci bəndlərində mədə xorası (K25) və onikibarmaq bağırsağın xorası (K26) həzm funksiyasının təzahür edən pozulması ilə müşahidə olunan hal 65-80 faiz (yəni, ikinci dərəcə) həyat fəaliyyətinin məhdudlaşdırılması kimi qiymətləndirilir (b.3.1.2.) Göründüyü kimi, 088 forma göndərişdə təsbit olunan diaqnoz qüvvədə olan Meyarların qeyd olunan tələblərinə münasibətdə də uyğunluq təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi də məhz nəzərədə tutur ki, şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi - göndərişin verilməsi üçün əsasdır. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisələndirilən Göndəriş meyarlara uyğun olaraq tam doldurulmuşdur. Belə olan halda, cavabdeh orqan tərəfindən sonuncu göndərişin natamam doldurması səbəbi ilə, sonradan isə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3068/2023 saylı xx.xx.2023-cü il tarixli aralıq qərardadına verdiyi xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarında diaqnozun əlillik əlaməti təyin etmədiyi əsas tutularaq iddiaçıya əlillik təyin edilməsindən imtina olunması istər qüvvədən düşmüş, istərsə də qüvvədə olan əlillik meyarlarının tələbləri baxımından əsassızdır, iddiaçının qanunla qorunan hüququnu pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilmədiyini, məhkəmənin qərarının maddi hüquq normaları baxımından qanunsuz və əsassız olduğunu mübahisələnirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1454/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar