Məhkəmə qərarları › İş №2-1(103)-272/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-272/2025

06.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-272/2025 06.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Nəbizadə Nigar Xeyrulla qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, X5 Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı “qərarın qəbul edilməsi” iddia tələbi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində özünə məxsus 734 saylı bağ sahəsinin 0.0735 ha torpaq sahəsinə bitişik 650 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi ilə bağlı Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə müraciət etmişdi. Cavabdeh Xəzər rayonu Şüvəlan Bələdiyyəsindən xx.xx.2023-cü il tarixli 09 saylı məktub ilə torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsindən imtina edilmişdir. Cavabdeh bu hərəkəti bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsinin dayandırıldığı, bu məsələnin bələdiyyənin səlahiyyəti xaricində olması ilə əsaslandırmışdır. Hesab edir ki, cavabdeh Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin hərəkəti qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində iddiaçıya məxsus 734 saylı bağ sahəsinin daxilindəki 650 kv.m. torpaq sahəsinin onun mülkiyyətinə ayrılması haqqında qərar qəbul edilməsi üçün əsasdır. Belə ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsini xx.xx.2015-ci ildə X2 AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. İddiaçı məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağsahəsində torpaq sahəsi rəsmi sənədlər üzrə 735 kv.m. (0.0735 ha), faktiki torpaq sahəsi isə 1385 kv.m. təşkil edir. Artıq 7 ildir ki, ona məxsus 0,0735 ha torpaq sahəsinə bitişik olan 0,065 ha torpaq sahəsindən də istifadə edir, orada təsərrüfat aparır, həmin sahədə onlarla ağac və qulluq olunmuş bağ var. Əlavə 0,065 ha torpaq sahəsi dörd tərəfdən orada yaşayan qonşular əhatə olunub, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur, küçəyə çıxmaq üçün mütləq şəkildə ona aid 0,0735 ha torpaq sahəsindən istifadə edilməlidir. İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağsahəsini aldığı vaxtdan həmin 0.0650 ha sahəyə heç kimin torpaq iddiası olmamış və həmin torpaq sahəsinin onun istifadəsində olması hamıya bəllidir və orada yaşayan qonşular da bunu təsdiq edə bilər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının subyektiv hüququ уoxdur. Torpaq ilkin olaraq X4 ayrılıb və ilkin olaraq onun adına rəsmiləşdirilib. Bundan sonra alqı-satqı yolu ilə hazırki iş üzrə iddiaçı olan İddiaçı satılıb. Satılan torpaq sahəsinə bitişik 650 kv.m ilə bağlı yalnız X1 hüququ var. Hesab edirlər ki, həmin torpaq sahəsi üzərində yalnız Həsənov hüquq sahibidir. Əlavə olaraq qeyd edirlər ki, sxematik xəritəyə uyğun olaraq faktiki olaraq bələdiyyəyə təhvil verilməmiş və bələdiyyələrin torpaqayırma səlahiyyəti dayandırıldığından iddiaçının müraciətini təmin etmək mümkün olmamışdır. Həmçinin bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsi dayandırılıb, ərizədə qaldırılan məsələ bələdiyyənin imkanları xaricindədir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3747/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı ləğv edilmiş, İddiaçı cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinə qarşı “torpaq sahəsinin iddiaçının mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmamışdır. İddiaçı qərardaddan kassasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-835/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 noyabr 2023-cü il tarixli, 2-1(103)-3747/2023 nömrəli qərardadı ləğv edilmiş və işi təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsini xx.xx.2015-ci ildə X2 AN-l ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən əldə etmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində 734 saylı bağ sahəsinə (sahəsi 0.0735 ha göstərilməklə) xüsusi mülkiyyət hüququ (tam) İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır. - Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli imtina məktubunda bildirilmişdir ki, bələdiyyələr tərəfindən xx.xx.2007-ci il tarixindən torpaqların özəlləşdirilməsi dayandırılıb, ərizədə qaldırılan məsələ bələdiyyənin imkanları xaricindədir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı tərəfindən təqdim edilən torpaq sahəsinin situasiya planından görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 00735 ha torpaq sahəsinə bitişik 0.065 ha torpaq sahəsinin geri alınması və ya həmin torpaq sahəsindən digər şəxslərin istifadə etməsi mümkün deyildir. Bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin sərəncam vermək səlahiyyəti 534 nömrəli Fərmana əsasən yalnız bələdiyyələr yaradılanadək saxlanmışdır və 237 nömrəli Fərmana əsasən torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Odur ki, həmin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti qanuna əsasən bələdiyyələrə məxsusdur. İddia ərizəsində göstərilən hal, yəni iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0,0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin üç tərəfdən orada yaşayan qonşularla əhatə olunması, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxışın olmaması (işıq dirəklərinin olması), küçəyə çıxmaq üçün iddiaçıya aid 0,0735 ha torpaq sahəsindən istifadə edilməli olması torpaq sahəsinin situasiya planına əsasən təsdiqini tapır. Həmçinin, məhkəmə qeyd etmişdir ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha torpaq sahəsində iddiaçı 5 ildən çox yaşayır və torpaq sahəsinin situasiya planından da göründüyü kimi, mülkiyyətə verilməsi tələb olunan torpaq sahəsinə iddiaçının inşa etdiyi evin bir hissəsi düşməklə orada bağ salınmışdır. Odur ki, həmin torpaq sahəsinə münasibətdə (mülkiyyətə verilməsi ilə bağlı) yerli icra hakimiyyəti orqanının rəyi tələb olunmadığından, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə uyğun olaraq “qanuni gözləntisi” var. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 9.8.“Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. 16.1. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) bələdiyyə torpaqları qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməmiş, habelə rəsmiləşdirilmiş ölçüdən artıq istifadə edilən torpaqlardır. 16.2. Qeyri-qanuni istifadə edilən (özbaşına tutulmuş) torpaq sahələri Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyinə uyğun olaraq aidiyyəti üzrə geri qaytarılmalıdır. 16.3. Bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyriqanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir. 16.4. Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il 534 nömrəli Fərmanının (bundan sonra 534 nömrəli fərman) 2-ci bəndinə əsasən müəyyən edilmişdir ki, bələdiyyə mülkiyyətinə veriləcək torpaqlar bələdiyyələr yaradılanadək müvafiq yerli icra hakimiyyətlərinin sərəncamında saxlanılsın. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının xx.xx.1999- cu il tarixli Qanununa əsasən: - Bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. - Müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. - Sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi müddəti icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. - Bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin habelə "Şəhərsalmanın əsasları haqqında" və "Memarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanunlarının tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının qanununa əlavə üzrə Azərbaycan Respublikasının bələdiyyələrinin siyahısında Xəzər rayonu Şüvəlan qəsəbəsinin ərazisi üzrə Şüvəlan bələdiyyəsi nəzərdə tutulmuşdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 1999-cu il tarixli 237 nömrəli Fərmanının 3-cü bəndinə əsasən müəyyən edilir ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara aid müvafiq sənədlərin hazırlanması və torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılsın. Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Bələdiyyələrin torpaqları və mülkiyyətlərinin müəyyən edilməsi və onlara təhvil verilməsi haqqında xx.xx.2000-ci il tarixli 835 nömrəli sərəncamına əsasən: - Azərbaycan Respublikası Prezidentinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 24 dekabr 1999-cu il tarixli Fərmanına əsasən Əzizbəyov rayonu üzrə Şüvəlan qəsəbəsinin 1008,678 hektar torpaq sahəsi sərəncama edilmiş əlavədə göstərilən sərhədlər daxilində Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. - Azərbaycan Respublikasının, Şəhərsalmanın əsasları haqqında və Memarlıq fəaliyyəti haqqında Qanunlarını əsas tutaraq, Bələdiyyə orqanlarına təhvil verilmiş torpaq sahələri üzərində yeni tikintilər üçün torpaq sahələri ayrılarkən onların seçilməsi, inşaat pasportunun hazırlanması və gələcək tikilinin layihəsinin müvafiq qaydada sənədləşdirilməsi Bakı şəhərinin Memarlıq və şəhərsalma baş idarəsi ilə razılaşdırılsın. - Azərbaycan Respublikası Dövlət Torpaq Komitəsindən xahiş edilsin ki, müvafiq qanunvericiliyə uyğun olaraq Şüvəlan qəsəbə bələdiyyəsinin mülkiyyətinə verilən ərazilər və torpaqlar üzərində hüquqları təsdiq edən rəsmi sənədlər hazırlanıb Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilsin. - Şüvəlan qəsəbə Bələdiyyəsinə təhvil verilmiş ərazilər və torpaqlarda dövlət və ya xüsusi mülkiyyətə aid olan torpaqlar aşkar olunarsa, bələdiyyə torpaqlarının sərhədləri yenidən dəqiqləşdirilsin. Göründüyü kimi bələdiyyələrin mülkiyyətinə verilən torpaqlara münasibətdə müvafiq yerli icra hakimiyyətlərinin sərəncam vermək səlahiyyəti 534 nömrəli Fərmana əsasən yalnız bələdiyyələr yaradılanadək saxlanmışdır və 237 nömrəli Fərmana əsasən torpaqların bələdiyyələrə təhvil verilməsi iki ay müddətində başa çatdırılmalı idi. Odur ki, həmin torpaqlar üzərində sərəncam vermək səlahiyyəti qanuna əsasən bələdiyyələrə məxsusdur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin hallarından göründüyü kimi iddiaçının mülkiyyətində olan 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0.065 ha əlavə torpaq sahəsi üç tərəfdən orada yaşayan qonşuların torpaq sahələri ilə əhatə olunmuşdur, həmin torpaq sahəsindən birbaşa küçəyə çıxış yoxdur (işıq dirəkləri var), küçəyə çıxmaq üçün mütləq ona aid 0.0735 ha torpaq sahəsindən istifadə edilməlidir. Həmçinin, ona aid 0.0735 ha torpaq sahəsində inşa etdiyi evin bir hissəsi, mülkiyyətə verilməsi tələb olunan 0.065 ha torpaq sahəsinə düşür və orada bağ salmışdır. İddiaçı istinad etdiyi bu halları təsdiq etmək üçün torpaq sahəsinin situasiya planını təqdim etmişdir. İddiaçı həmçinin bildirmişdir ki, mülkiyyətə verilməsini tələb etdiyi torpaq sahəsi elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında yerləşmir və 5 ildən çox müddətdir ki, həmin ünvanda yaşayır. Beləliklə, iddiaçının Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 734 saylı bağ sahəsinə aid olan 0.0735 ha torpaq sahəsinə bitişik 0,065 ha əlavə torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair qərar qəbul edilməsinə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" 16-cı maddəsinə uyğun olaraq “qanuni gözləntisi” var. X6 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans- Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı); Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D I : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7575/2023 nömrəli, 27 iyul 2023-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar