Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2720/2021 10.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Tağızadə Mirzə Nəsib oğlunun sədrliyi (məruzəçi) ilə, Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4537/2021 saylı, 01 iyul 2021ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə dair inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 09.03.2001-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 156 saylı sərəncamına əsasən “Qum adası” NQÇİnin “Qum adası” bağçılıq-yoldaşılıq cəmiyyətinin idarə heyətinin iclasının 15.10.2002-ci il tarixli protokol çıxarışına əsasən Suraxanı rayonu Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.m sahəsi olan 3-cü küçə 12 saylı bağ sahəsi üçün çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 22-1(112)-4537/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair çıxarış verilməsi barədə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmiş, apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinə dair arxiv qovluğunda cəmiyyətin üzvlərinin siyahısı aşkar edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş sənədlər “Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatına aid olsa da, mərhum X5 adı “Bahar” bağçılıqyoldaşlıq cəmiyyətinin üzvlərinin siyahısında aşkar edilmişdir. Həmçinin elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktının daxilində yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh tərəf məhkəmə iclasına gəlməmiş, səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak etməyən tərəfin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 09.06.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.03.2001-ci il tarixli 156 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamının təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum” adası adına Neft və qazçıxarma idarəsinin 28.04.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum” adası adına Neft və qazçıxarma idarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsinin icarəyə verilməsi qərara alınmışdır. - “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli 01 saylı protokolundan çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 09.03.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.metr sahəsi olan 3-cü küçə 12 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X6 ayrılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azneft» İstehsalat Birliyi «Qum adası» neft və qazçıxarma İdarəsi tərəfindən verilmiş Bağçının üzvlük kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, «Qum adası» NQÇİ-nin sex rəisi X2 cəmiyyəti üzvlərinin 15.10.2002-ci il tarixli 01 nömrəli protokoluna əsasən bağçılıq cəmiyyətinə üzv qəbul edilmiş, sahənin ünvanı Mədən küçəsi İİİ, Bağçılıq cəmiyyəti bağından sahəsi 600 kv.m olan 12 nömrəli bağ sahəsi 09.03.2001-ci il tarixlə qeydə alınmış qərarına əsasən daimi istifadə etmək üçün verilmişdir. - Bağçılıq-yoldaşlıq cəmiyyətinin arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 həqiqətən 15.10.2002-ci il tarixdən “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinə üzv qəbul edilmişdir. - “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Mədən küçəsi İİİ ünvanda X6 ayrılmış 12 nömrəli bağ sahəsi qeyd olunmuşdur. - 2 saylı Bakı «ASAN xidmət» mərkəzi Qeydiyyat şöbəsi tərəfindən 23.07.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 089361 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X10 10.06.2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 23.07.2020-ci il tarixdə 715 nömrə ilə qeyd edilmişdir. - 24.01.1972-ci ildə verilmiş İ-JQ seriyalı 335579 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.1971-ci il tarixdə Bakı şəhərində doğulmuşdur, atası X10, anası isə X1r. - 18.05.1994-cü ildə verilmiş Vİ-JQ seriyalı 362126 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 ilə X8 18.05.1994-cü il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra kişiyə Hacıyev, arvada Hacıyeva soyadı verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 02.02.2021-ci il tarixli məktubda qeyd edilir: Bakı şəhəri, Suraxanı rayonu, Qum Adası NQÇİ-nin bağçılıq təsərrüfatın Zığ-Hövsan şossesinin yaxınlığı, 3-cü küçədə yerləşən 12 saylı bağ sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, 07.11.2020-ci il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən ünvanda yerləşən əlavə bağ sahəsinin sənədləşməsi ilə bağlı Sizin adınıza dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməmişdir. Həmçinin, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısı yoxdur. Elektron kadastr məlumatlarına əsasən, göstərilən bağ sahəsi Qum adası” bağçılıq-yoldaşlıq təsərrüfatının ayrıc aktından kənarda yerləşir. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli sərəncamı ilə yerli İcra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 02.04.2021-ci il tarixli məktubda qeyd olunur: “Qum adası ”NQÇİ-nin “Bahar” b/y birliyi nəzdində Bakı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan şossesinin yaxınlığı, 3-cü küçədə yerləşən 12 saylı bağ sahəsinə dair sənəd (üzvlük kitabçası, protokoldan çıxarış və s.) İdarənin arxivində aşkar edilməmişdir. İnzibati orqanın yuxarıda qeyd edilən imtinasından sonra, İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdraəsinə qarşı iddia ərizəsilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli məsələ yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi yekun nəticəyə gələrkən maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən mübahisələndirilən qərarı ləğv edilməlidir. Belə ki: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 22.2. Müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. İşin hallarından görünür ki, İddiaçı mübahisəli torpaq sahəsinin atası mərhum X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsini tələb etmiş, birinci instansiya məhkəməsi isə iddianı təmin etmişdir. Qanunvericiliyin normalarının mənasından isə görünür ki, hər hansı əsasla daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldüyü halda, bu əmlak üzərində vəfat etmiş şəxsin mülkiyyət hüququna dair çıxarış tərtib olunması qanunda nəzərdə tutulmamışdır. Qanun bu vəziyyətdə belə bir tənzimləmə qaydasını müəyyən edir ki, qeydiyyat orqanı hüququn ölmüş şəxsə məxsus olması haqqında mərhumun vərəsəsinə arayış verir və bu arayış miras qalmış daşınmaz əmlaka hüquqların vərəsənin adına dövlət qeydiyyatı (çıxarışın verilməsi) üçün əsasdır. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 1.2-ci bəndinə əsasən, bu Təlimatla müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (bundan sonra - Xidmət) ərazi idarələri tərəfindən daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (bundan sonra - arayış) yazılı və ya elektron formada hüquq sahibinə, onun tərəfindən vəkil edilmiş şəxsə, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərə onların yazılı və ya elektron müraciətləri əsasında verilir. Adı çəkilən Təlimatın 2.4-cü bəndinə görə, daşınmaz əmlak obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələrin notariat qaydasında təsdiqlənməsi üçün sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olmasının yoxlanılması məqsədi ilə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış sərəncamverənin və ya onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxslərin ərizəsi və dövlət reyestrindən çıxarış olduğu hallarda notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə real vaxt rejimində əldə edilir. Təlimatın 7.2-ci bəndində göstərilir ki, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Göründüyü kimi, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə, onun vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında hüquqmüəyyənedici sənəd olaraq çıxarış və ya qeydiyyat vəsiqəsi verilməsi barədə fərqli tənzimləmə mövcuddur. Başqa sözlə, eyni ictimai münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi aktlar ziddiyyətli olmaqla, normativ hüquqi aktların kolliziyası vardır və bu kolliziya, “Normativ hüquqi aktlar haqqında” Qanunun 2.6-cı maddəsinə əsasən, təlimata nisbətdə qanuna üstünlük verilməsi yolu ilə həll edilməlidir. Yəni iddia tələbi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinin müddəaları əsasında həll olunmalıdır. Qeyd edilən norma isə vərəsəyə daşınmaz əmlakın ölmüş valideynin adına qeydiyyata alınması barədə çıxarışın deyil, əmlakın ölmüş valideynə məxsus olması haqqında arayışın verilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 № li qərarının 6.1-ci bəndinə əsasən, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2. bənd). Yuxarıda qeyd edilən mövqedən yanaşıldıqda məhkəmə kollegiyası Qanunun 22.2-ci maddəsinin tələbi və iddiaçının əldə etmək istədiyi hüquqi nəticənin maksimum təmin edilməsi üçün zəruri olduğu qənaətinə gələrək, İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməsini təklif etmişdir. AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. AR MPM-in 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı 24.11.2021-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi bardə ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X6 09.03.2001-ci il tarixində Bakı şəhəri İcra Hakimiyyəti tərəfindən 156 saylı sərəncamına əsasən “Qum adası” NQÇİnin “Qum adası” bağçılıq-yoldaşılıq cəmiyyətinin İdarə Heyətinin iclasının 15.10.2002-ci il tarixli protokol çıxarışına əsasən Suraxanı rayonu Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.m sahəsi olan 3-cü küçə 12 saylı bağ sahəsi üçün arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırki iddianın mahiyyəti üzrə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli 2186 nömrəli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilmiş, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, ləğv olunan bağ təsərrüfatı idarələrinin arxivlərinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilməsini təmin etsin və ləğvetmə ilə bağlı digər məsələləri qanunvericiliyə uyğun olaraq həll etsin, bu Sərəncamın qüvvəyə mindiyi tarixədək vətəndaşların qanuni mülkiyyətində olan bağ sahələrinin "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə müvafiq olaraq əvəzsiz qaydada onların mülkiyyətinə verilməsinin aidiyyəti dövlət orqanları tərəfindən rəsmiləşdirilməsini təmin edən tədbirlər görsün. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab olunur. İşin hallarından müəyyən edilir ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının 09.03.2001-ci il tarixli 156 saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” sərəncamına əsasən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum” adası adına neft və qazçıxarma idarəsinin 28.04.2000-ci il tarixli, 01-7/513 nömrəli məktubunu nəzərə alaraq, Suraxanı rayonu, Zığ qəsəbəsi ərazisində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Qum” adası adına neft və qazçıxarma idarəsinə kollektiv bağçılıq təsərrüfatı yaratmaq üçün 10 ha torpaq sahəsi icarəyə verilmişdir. “Qum adası” NQÇİ-nin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin İdarə Heyyətinin iclasının 15 oktyabr 2002-ci il tarixli 01 saylı protokolundan çıxarışa əsasən Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən 09.03.2001-ci il tarixli 156 saylı sərəncamla Suraxanı rayonunun Zığ-Hövsan şossesi yaxınlığında bağçılıq cəmiyyəti üçün ayrılmış torpaq sahəsindən 600 kv.metr sahəsi olan 3-cü küçə 12 saylı bağ sahəsi cəmiyyətə üzv qəbul edilməklə X6 ayrılmışdır. Qeyd olunan protokoldan çıxarış və Bağçının üzvlük kitabçasının təsdiq edilmiş surətləri iddiaçı tərəfindən məhkəməyə təqdim edilmişdir. İş materiallarında olan həmin protokoldan çıxarış və üzvlük kitabçası isə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. X10 iddiaçının atasıdır və o, 10.06.2020-ci ildə vəfat etmişdir. Göründüyü kimi, iddiaçının mərhum atası qeyd olunan bağ sahəsinin qanuni istifadəçisi olmuşdur. Hazırda həmin bağ sahəsi iddiaçının istifadəsindədir və elektron kadastr məlumatlarına əsasən göstərilən bağ sahəsinin “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinin ayrıc aktının daxilində yerləşir. Bundan başqa “Qum adası” NQÇİ-nin bağçılıq-yoldaşlıq cəmiyyətinin bağlar sahəsinin eskizində Mədən küçəsi İİİ ünvanda X6 ayrılmış 12 nömrəli bağ sahəsi də əks olunmuşdur. Cavabdeh orqan apelyasiya şikayətində “Qum adası” bağçılıq-yoldaşlıq cəmiyyətinə dair arxiv qovluğunda cəmiyyətin üzvlərinin siyahısının aşkar edilmədiyinə istinad etmişdir. Buna münasibətdə kollegiya bildirir ki, inzibati orqanların arxivində olan sənədlərin saxlanılmasına, bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısının İdarəyə təhvil verilib-verilməməsinə, həmin siyahının İdarədə olub-olmamasına iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, iş materiallarında olan sənədlər (üzvlük kitabçası və protokoldan çıxarış) lazımi qaydada təsdiq edilmiş, mötəbər sübutlar olmaqla, cavabdeh tərəfindən onların həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilərək, yeni qərar qəbul edilmli, iddia təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4537/2021 saylı, 01 iyul 2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. Bakı şəhəri, Suraxanı rayonu, «Qum adası» NQÇİ-nin «Qum adası» bağçılıqyoldaşlıq cəmiyyətinin Zığ-Hövsan şossesinin yaxınlığında 3-cü küçə ünvanında yerləşən ümumi sahəsi 600 kv.m olan 12 saylı bağ sahəsi üçün arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-2720/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2720/2021
10.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver