Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2720/2025 25.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “ƏDV-nin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işi üzrə Açar sözlər: (vergi, nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş ƏDVnin qaytarılması) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Cəfərov Səməd Fəxrəddin oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 Üçüncü şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (3-cü şəxs: "xxxx" MTK) “ƏDVnin qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-8057/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı 13 avqust 2022-ci il tarixli 0462 №-li Payçı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi 73096 (yetmiş üç min doxsan altı) manat dəyərində ünvan 1 ünvanında tikilməkdə olan “Avant Park” Yaşayış Kompleksinin 3-cü binasında, 3-cü blok, 7-ci mərtəbə, 1 №-li, 1 otaqlı mənzili almışdır. Bundan sonra iddiaçı aldığı həmin mənzilin əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023-cü il tarixli elektron ərizə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş, lakin cavabdeh xx.xx.2025-ci il tarixli qərarla əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. Qərarda qeyd edilmişdir ki, “..Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin alıcı tərəfindən təqdim edilmiş sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" Mənzil Tikinti Kooperativi ilə 13 avqust 2022-ci il tarixdə bağlanmış 0462 nömrəli Payçı müqaviləsinə əsasən ünvan 2 ünvanında tikilməkdə olan Avant Park” yaşayış kompleksinin 3-cü binasında, 3-cü blok, 7-ci mərtəbə, 1 nömrəli, 1 otaqlı mənzilə görə iddiaya qaytarılacaq əlavə dəyər vergisinin yekun məbləği payçı müqaviləsinin ümumi dəyəri olan 73096 manatın 11150.24 manat əlavə dəyər verginin 30 faizini (3345.83 manat) barədə məlumatın müvəkkil banka (Azərbaycan Beynəlxalq Bankı ASC-nin müştəri xidməti departamentində olan hesabına) ötürülməsinin öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş üzərinə düşən öhdəlikləri vaxtında və tam icra edib. xx.xx.2022-ci il tarixdə 40000 (qırx min) manat məbləğində pulu ilkin ödəniş şəklində "xxxx" ASC vasitəsi ilə MTK-nın hesabına ödəmişdir. Bundan başqa 33096 (otuz üç min doxsan altı) manat məbləğində pul vəsaiti nağdsız qaydada bank vasitəsi ilə "xxxx" MTK-nın hesabına ödənilməsi təmin olunmuşdur. Müqaviləyə əsasən ƏDV daxil olmaqla 73096 (yetmiş üç min doxsan altı) manat məbləğində pul vəsaiti nəğdsız qaydada "xxxx" ASC tərəfindən "xxxx" MTK-nın hesabına ödənilməsi tam təmin olunmuşdur. xx.xx.2023-cü il tarixdə "xxxx" MTK tərəfindın bildiriş gəldi ki, 21 noyabr 2022-ci il tarixədək rəsmiləşdirilmiş müqavilə “https://new.mənzillər üçün e-TAXS.gov.az portal saytına daxil olub və ödəniş qəbzini sistemə yüklənilməsi və son qeydiyyat tarixi xx.xx.2023-cü il müəyyən olunmuşdur. Bildirişə və Azərbaycan Prezidentinin 25 may 2022-ci il tarixli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nəğdsiz qaydada alınmış yaşayış və qeyri-yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytraılması Şərtləri və Qaydasının tətbiq edilməsi haqqında Fərmanına əsasən xx.xx.2023-cü il tarixdə alqı-satqı müqaviləsi, maliyyə arayışı, bank mədaxil qəbzləri və digər sənədlər əlavə dəyər vergisinin qaytarılması ilə bağlı portal saytına yerləşdirmişəm. Lakin cavabdeh əsaslı səbəb olmadan qeyd olunan sənədlərin təqdim edilməməsini bildirmişdir. Payçı kimi üzərinə düşən öhdəliyini tam yerinə yetirməklə tələb edilmiş sənədlər tam formada portala vaxtında yerləşdirilmişdir. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia ərizəsinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina qərarında qeyd edilənlərlə eyni məzmunludur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-8057/2025 nömrəli qərarı ilə (hakim B.M.Cəlalov) iddia tələbi rədd edilmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-8057/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin baxışına formal yanaşmış, məsələni tam və hərtərəfli araşdırmamışdır. Belə ki, qeyd olunan iş üzrə 2022-ci ilin avqust ayında Dövlət Vergi Xidmətinin, o cümlədən Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin portal yaratmasının və istifadəyə verməsinin, ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinin, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyatı üzrə ötrülməsinə imkan verən proqram təminatının mövcud olub-olmaması, vahid elektron məlumat bazasının fəaliyyət göstərib-göstərməməsi, həmçinin portal istifadəyə verildikdən sonra onun ƏDV məbləğini satıcı Avant Group MTKnın ayrıca olaraq ƏDV-nin depozit hesabına ödəmək üçün texniki imkanının olubolmaması və ya buna mane olan halların baş verib-verməməsini araşdırılması məhkəmə tərəfindən həyata keçirilməli idi. Lakin formal qaydada işə baxılması nəticəsində onun iddia tələbi barədə tamamilə əsassız qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən “alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir” tələbi formal tələbdir. Azərbaycan Respublikası İnzibati İcraat haqqında Qanunun 15.1-ci maddəsinə görə “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz." və məhkəmə İnzibati İcraat qanunvericiliyini, həmçinin iddiaçı olaraq onun təqsiri ucbatından olmamaqla, onun iradəsindən asılı olmaması barədə məhkəmə qərarında qənatə gəlmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-8057/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya məhkəməsində, cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-8057/2025 nömrəli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində, üçüncü şəxsin nümayəndəsi Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli, 2-1(112)-8057/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 165. Verginin sıfır (0) dərəcəsi ilə tutulması 165.6. Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 noyabr tarixli 1704-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” təsdiq edilsin (əlavə olunur). ...
2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi: ... 2.2. fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin Azərbaycan Respublikasında tətbiqi məqsədilə Qaydada nəzərdə tutulan infrastrukturun, o cümlədən portalın, proqram təminatının və vahid elektron məlumat bazasının yaradılmasını, onun Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və müvəkkil bankın (bankların) istifadəsində olan elektron informasiya sistemlərinə inteqrasiyasını Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin büdcədənkənar fondu hesabına təmin etsin;
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”: 1.4. Bu Qaydanın tələbləri nəzərə alınmaqla, ƏDV alınmış yaşayış və qeyri-yaşayış sahələrinin dəyəri nağdsız qaydada satıcıya tam şəkildə ödənildiyi halda qaytarılır. Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üçün hissə-hissə ödəniş edilərsə, ƏDV yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyəri nağdsız qaydada ödənildikdən sonra müvəkkil bank tərəfindən alıcının bank hesabına köçürülür. 1.6. Yaşayış və qeyri-yaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV alıcı tərəfindən portala müraciətin daxil edildiyi tarixdən 30 (otuz) iş günü müddətində müvəkkil bank vasitəsilə qaytarılır. 2.0. Bu Qaydanın məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: ... 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaimə-faktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); ... 2.0.8. portal – bu Qaydada nəzərdə tutulmuş hallarda alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə nağdsız qaydada ödənilmiş ƏDV-nin qaytarılması üçün alıcının müraciətinin qeydiyyata alındığı informasiya sistemi; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 3.1.2. aşağıdakı tələblərə cavab verən proqram təminatının, portalın və vahid məlumat bazasının yaradılmasını və idarə edilməsini təmin edir: 1. alıcıya təqdim edilmiş yaşayış və qeyri-yaşayış sahələri üzrə elektron qaiməfakturaların tərtib edilməsi və həmin elektron qaimə-fakturalar barədə məlumatların vahid elektron məlumat bazasına ötürülməsi; ... 4.1. Satıcı yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinə (ƏDV daxil olmaqla) bu Qaydaya əlavə olunmuş formada elektron qaimə-fakturanı Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalının elektron qaimə-faktura sistemi vasitəsilə real vaxt rejimində tərtib edərək vahid elektron məlumat bazasına ötürür və çap edərək alıcıya təqdim edir. 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: ... 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDVnin qaytarılmasına yol verilmir. ... 5.6. Operator tərəfindən aparılmış risk qiymətləndirilməsinin nəticələri üzrə ƏDV-nin geri qaytarılmasından imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt qəbul edilir və inzibati akt 2 (iki) iş günü müddətində alıcının portalda yaratdığı elektron kabinetə göndərilir. Alıcı ƏDV-nin geri qaytarılmasından imtinadan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçının hüquqi marağı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasına nail olmaqdan ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, həm ilkin ödəniş kimi ödənilən 40000 manat, həm sonrakı aylıq ödənişlər bütövlükdə (ƏDV məbləği də daxil olmaqla) satıcının ("xxxx" MTK-nın) bank hesabına ödənilmişdir. Beləliklə, yaşayış sahələrinə görə iddiaçı tərəfindən aparılmış ödənişlər “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinin tələblərinə uyğun deyil. Belə olan halda iddiaçının tələbinin təmin olunması üçün istinad olunan qanunvericiliyin dispozisiya şərtləri də ödənilmiş olmur. İddiaçı tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarərdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın (bundan sonra”Qayda”) 5.1.2-ci bəndinə əsasən “alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir” tələbi formal tələbdir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə görə, “Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz." Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşaraq onları yenidən təkrarlamağa lüzum görmür. Bununla belə, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyin tələbindən də göründüyü kimi, “alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir” və bu, ƏDV-nin geri qaytarılması üçün məcburi şərtlərdəndir. Məhkəmə kollegiyası qeyd edir ki, yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada ödədikdən sonra ödənilmiş əlavə dəyər vergisinin geri qaytarılması üçün müraciət etmək iddiaçının qanunla nəzərdə tutulmuş hüququdur. Bu hüquq birbaşa olaraq Vergi Məcəlləsində, eləcə də Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 25 may tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nda da öz əksini tapmışdır. Belə ki, Vergi Məcəlləsinin 165.6-cı maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyriyaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası” nın 5.1.2-ci bəndində əsasən alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra ödənilmiş ƏDV-in 30 faizini geri almaq hüququ yaranır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən həm ilkin ödəniş kimi ödənilən 40000 manat, həm sonrakı aylıq ödənişlər bütövlükdə (ƏDV məbləği də daxil olmaqla) satıcının ("xxxx" MTK-nın) bank hesabına ödənilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən mənzilin dəyəri ilə bağlı ödəniş Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”na uyğun olmamışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli, 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən, “alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Bakı İnzibati Məhkəməsinin 10 aprel 2025-ci il tarixli 2-1(112)-8057/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.