Məhkəmə qərarları › İş №2-1(103)-2722/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2722/2023

17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2722/2023 17.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (üçüncü şəxs qismində Maliyyə Nazirliyi cəlb edilməklə) “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı qulluqçuların müvafiq siyahısına daxil edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin cavabdehə həvalə olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1991ci il tarixədək keçmiş Sovet Ordusunda, xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemində, xx.xx.2012-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmət keçmiş və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin 0157 ş/h №-li, xx.xx.2018-ci il tarixli əmri ilə polkovnik hərbi rütbəsində xəstəliyə görə istefaya buraxılmışdır. Göründüyü kimi Azərbaycan Ordusunda (Azərbaycan Respublikası Müdafiə Nazirliyində) 20 il 08 ay, 04 gün təqvim hesabı ilə zabit kimi həqiqi hərbi xidmət keçmişdir (xx.xx.1991-ci il tarixdən xx.xx.2012-ci il tarixədək). AR Silahlı Qüvvələrində hərbi xidmət dövrü yaşayış sahəsi ilə təmin edilməmiş və hal-hazırda kirayədə yaşayır. Hərbi xidmət dövrü “Silahlı Qüvvələr Veteranı” və digər medallarla, “Qırmızı Ulduz” ordeni ilə təltif olunmuş, Əfqanıstan və Qarabağ müharibələrinin iştirakçısı və veteranıdır, 1995-ci ildə Dövlət çevrilişinin qarşısının alınmasında fəal iştirak etmişdir. Hesab edir ki, onun “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Fərmana əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçusu kimi dövlət vəsaiti hesabına mənzillə təmin edilməlidir. Belə ki, o, Azərbaycan Respublikası Prezidenti adından AR Müdafiə Nazirinin 147t nömrəli, xx.xx.2005-ci il tarixli əmri ilə “Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalı ilə təltif olunmuş, “Müharibə veteranı” hesab olunur, 1992-1994-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Beləliklə, cavabdehin özü tərəfindən iddiaçının AR Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət keçməyi etiraf olunur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etiraz onunla əsaslandırılmışdır ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin xx.xx.2022-ci il tarixli, 5286 nömrəli məktubunda İddiaçı Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında 2 otaqlı (29,07 kv.m) məzillə təmin olunduğu qeyd edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) İddiaçı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 nömrəli xx.xx.2011-ci il tarixli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsi vəzifəsinin Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1105/2023 saylı, 28 mart 2023-cü il tarixli qərarının ləğv edilməsinə, iddia tələbinin təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə oxşar məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, İddiaçı Müdafiə Nazirliyi tərəfindən ünvan 1 ünvanında 2 otaqlı (29,07 m2) məzillə təmin olunduğu üçün ona imtina olunmuşdur. Məhkəmə qeyd olunan qərarında cavabdehin imtina məktubunda və iddiaya dair etirazında göstərilən əsaslarla iddiaçının Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etdiyinə görə dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı hərbi qulluqçuların müvafiq siyahısına daxil edilməsindən imtina edilməsini "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 569 nömrəli Fərmanının tələblərinə zidd olduğunu əsas götürərək iddianı təmin etmişdir. Məhkəmə tərəfindən maddi və prosessual normaların pozulması düzgün olmayan qərarın qəbul olunmasına səbəb olmuşdur. Hərbi qulluqçuları dövlət tərəfindən yalnız bir dəfə dövlət vəsaiti hesabına mənzillərlə təmin olunurlar. Belə ki, iddiaçı hərbi qulluqçu olduğu dövrdə onun sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Müdafiə Nazirliyi tərəfindən (dövlət hesabından) ünvan 1 ünvanında 2 otaqlı (29,07 m2) məzillə təmin edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. İşdən müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildən Sovet Ordusunda, xx.xx.1992-ci il tarixdən xx.xx.2012-ci il tarixədək və xx.xx.2016- cı il tarixdən xx.xx.2019-cu il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. İddiaçı cavabdehə müraciət edərək “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli, 569 №li Fərmanı ilə Azərbaycan Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi üçün tərtib edilmiş siyahıya onun da adının daxil edilməsini xahiş etsə də, müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan: -Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Müdafiə Nazirliyinin Mənzil komissiyasının sədrinə ünvanlanmış xx.xx.2017-ci il tarixli 11/2636 nömrəli məktubda bildirilmişdir ki, polkovnik-leytenant İddiaçı Hüquq İdarəsinə ünvanladığı müraciətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət keçdiyini, döyüş əməliyyatlarında iştirak etdiyini və hazırda mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olması ilə əlaqədar dövlət hesabına mənzillə təmin olunmasını xahiş etmişdir. Təqdim edilmiş sənədlərdən görünür ki, polkovnik-leytenant İddiaçı 12 təqvim ili Sovet Ordusunda, 20 təqvim ilindən artıq müddətdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Əfqanıstan və Qarabağ müharibəsi iştirakçısıdır, xidmətinin qüsurlu sayılması üçün əsaslar yoxdur və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac vardır. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının mənzil təminatının yaxşılaşdırılması sahəsində təşkilati tədbirlər barədə” xx.xx.2014-cü il tarixli 385 nömrəli əmrinin 3-cü bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 ildən artıq qüsursuz xidmət keçmiş polkovnik-leytenant İddiaçı mənzil şəraitinin yaxşılaşdırılması məqsədi ilə dövlət hesabına mənzillə təmin edilməsi məsələsinə baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin MİHO/1-1-2-2022-1542 nömrəli, xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, bundan əvvəl Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyada ehtiyatda olan hərbi qulluqçu İddiaçı mənzil təminatı ilə bağlı məsələyə baxılaraq müvafiq araşdırma aparılmış və məlum olmuşdur ki, sözügedən hərbi qulluqçu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin balansında olan mənzillə təmin edilmiş və həmin mənzilin onun şəxsi mülkiyyətinə verilməsi barədə müvafiq məlumat Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 569 nömrəli Fərmanı ilə yaradılmış Komissiyaya təqdim edilmişdir. Sözügedən Komissiyaya sərəcamında mənzili olan hərbi qulluqçuların mənzil şəraitinin yaxşılaşdırılması həvalə olunmamış və bu barədə həmin ehtiyatda olan hərbi qulluqçuya dəfələrlə müvafiq qaydada məlumat verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, istefada olan polkovnik İddiaçı xx.xx.1980-xx.xx.1984-cü il tarixlərdə Bakı Ali Umumqoşun Komandirlər məktəbində kursant, xx.xx.1984-xx.xx.1992-ci il tarixlərdə Sovet Ordusunda zabit qismində, xx.xx.1992-xx.xx.2012-ci il tarixlərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyində zabit qismində, xx.xx.2012-xx.xx.2012-ci il və xx.xx.2016-xx.xx.2019-cu il tarixlərdə isə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində zabit qismində həqiqi hərbi xidmət keçmişdir. İstefada olan polkovnik İddiaçı xx.xx.2019-cu ildə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 42.0.2-ci maddəsinə (xəstəliyə görə) əsasən həqiqi hərbi xidmətdən istefaya buraxılmışdır. Müdafiə Nazirliyinin Mənzil-İstismar İdarəsinin 5931 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən, istefada olan polkovnik İddiaçı SSRİ Müdafiə Nazirliyi tərəfindən ünvan 3 ünvanında xx.xx.1990-cı il tarixli 034497 saylı order əsasında yaşayış sahəsi ilə təmin olunmuşdur. 1 saylı Bakı “ASAN xidmət” Mərkəzində Qeydiyyat şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçı aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: arvadı X10, oğlu X2, oğlu X5, qızı X3. Birinci instansiya məhkəməsi Bakı şəhəri, Nizami rayonu, Ə.Vəliyev küçəsi, 9 saylı evin, 99 saylı mənzilinin xx.xx.1990-cı il tarixli 034497 saylı order əsasında SSRİ Müdafiə Nazirliyi tərəfindən iddiaçının istifadəsinə verilməsinə, qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinin nəzərdə tutulmasına, o cümlədən “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa istinad edərək iddia tələbinin təmin edilməli olduğu qənaətinə gəlmişdir. Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin əsas dəlili iddiaçının hərbi qulluqçu olduğu dövrdə onun sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Müdafiə Nazirliyi tərəfindən (dövlət hesabına) ünvan 1 ünvanında 2 otaqlı (29,07 m2) məzillə təmin edilməsindən ibarətdir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsində göstərilmişdir Azərbaycan Respublikası Silahlı Qüvvələrinin “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyənləşdirilmiş vəzifələri, hərbi xidmətin şəraiti və xarakteri hərbi qulluqçuların statusunu müəyyən edir. Hərbi qulluqçuların statusu Azərbaycan Respublikasının Konstitusiyasında, Azərbaycan Respublikasının başqa qanunvericilik aktlarında müəyyən edilən hüquqlardan, vəzifələrdən, bunların həyata keçirilməsi üçün təminatlardan və məsuliyyətdən ibarətdir. Həmin Qanunun 2-ci maddəsinin 1-ci bəndinə əsasən bu Qanuna uyğun olaraq hərbi qulluqçu statusuna Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının sərhəd qoşunlarında və Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə həqiqi hərbi xidmətdə olan Azərbaycan Respublikası vətəndaşları və başqa dövlətlərin vətəndaşları, habelə, toplanışlarda olan hərbi vəzifəlilər malikdirlər. Həmin Qanunun 3-cü maddəsinə əsasən vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, hərbi hissənin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 569 №li, xx.xx.2011-ci il tarixli Fərmanının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. İşin hallarından da göründüyü kimi iddiaçı ünvan 1 ünvanında 2 otaqlı (29,07 m2) məzillə təmin edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi E.Əliyevə ünvanlanan 11 may 2023-cü il tarixli məktubdan görünür ki, ehtiyata buraxılmış hərbi qulluqçu (polkovnik) İddiaçı Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2022-ci il tarixli, 425 №-li Sərəncamı ilə ailə tərkibi 5 nəfər (özü, arvadı, 2 oğlu və qızı) olmaqla mənzil növbəsinə götürülmüş və 2022-ci ilin dekabr ayından ona (5 nəfərdən ibarət ailəsinə) dövlət büdcəsindən 450 manat müvəqqəti mənzil kirayəsi xərcləri ödənilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, müvafiq kateqoriyadan olan şəxslərin mənzillə təmin edilməsi zamanı onlarla yanaşı dövlətin maraq və imkanları da nəzərə alınmalıdır. Bu şəxslərin dövlət tərəfindən təmənnasız şəkildə harada yerləşməsindən asılı olmayaraq, mənzillə təmin edilməsi dövlətin sosial yönümlü olmasının, həmin şəxslərin insan və vətəndaş hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edilməsinin göstəricisidir. Ona görə də müvafiq kateqoriyadan olan şəxslərin dövlət tərəfindən mənzillə təmin edilməsində əsas məhz onların heç bir maneəsiz dövlətin iqtisadi imkanları çərçivəsində yaşayış sahəsi ilə təmin edilməsidir ki, bu da iddiaçıya münasibətdə öz müsbət həllini tapmışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasya şikayətinin dəlilləri ilə razılaşaraq qeyd etməyi zəruri hesab edir ki, hərbi qulluqçular dövlət vəsaiti hesabına mənzillə təmin olunmaq imtiyazından yalnız bir dəfə istifadə edə bilərlər. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(112)-1105/2023 saylı qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 2-1(112)-1105/2023 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının dövlət vəsaiti hesabına mənzillə təmin olunmalı qulluqçuların müvafiq siyahısına daxil edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar