Məhkəmə qərarları › İş №2-1(103)-2723/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2723/2021

26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2723/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Hüseynin sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadə və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “inzibati aktın ləğv edilməsi, vətəndaşlığın itirilməsi barədə məhkəməyə müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3239/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı cavabdehin 26.11.2020-ci il tarixli, R/Q-2379 nömrəli inzibati aktının qanunsuz hesab edilərək ləğv edilməsi və “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci və 2-ci bəndlərinə və Mülki Prosessual Məcəlləsinin 355-8, 3559 və 355-10-cu maddələrinə əsasən ona münasibətdə Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi haqqında məhkəməyə müraciət edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1988-ci ildə Ucar rayonu Qaracallı kəndində anadan olmuş və 21.05.2007-ci il tarixdə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. 2009-2010-cu illər üzrə həmin ölkədə həqiqi hərbi xidmət keçdiyinə görə ona AM ******* nömrəli hərbi bilet verilmiş və həmin ölkənin vətəndaşlığını qəbul etməmişdən dörd ay öncə yəni, 11.01.2007-ci il tarixdə Azərbaycan Respubikasının vətəndaşlığından çıxmaq haqqında Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Konsulluğu vasitəsi ilə Azərbaycan Respublikasının səlahiyyətli dövlət qurumlarına notarial qaydada təsdiqlənmiş ərizə (vəsatət) göndərmişdir. Sonradan ona məlum olmuşdur ki, o, Azərbaycan Respublikası vətəndaşlığından çıxarılmamış və nəticə etibarı ilə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikili vətəndaşlıq haqqında razılaşma olmaya-olmaya o, hər iki ölkənin vətəndaşıdır. 30.09.1998-ci il tarixdə qəbul edilmiş “Azərbaycan Respublikası vətəndaşlığı haqqına” Qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığı itirilmişdir. Belə ki, həmin qanun normasına əsasən o, könüllü olaraq xarici ölkənin vətəndaşlığını qəbul etdiyi üçün onun Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilməlidir. Buna görə də, o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən onun Azərbaycan Respublikası vətəndaşlığı itirilmişdir. Belə ki, həmin Qanunun normasına əsasən o, könüllü olaraq xarici ölkənin vətəndaşlığını qəbul etdiyi üçün, onun Azərbaycan Respublikası vətəndaşlığı itirilmiş hesab edilməlidir. Buna görə də, o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1ci və 2-ci bəndlərini və Mülki Prosessual Məcəlləsinin 355-8, 355-9 və 355-10-cu maddəsini rəhbər tutub ona münasibətdə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi haqqında məhkəməyə müraciət edilməsinə dair vəsatətlə (ərizə) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Lakin, cavabdeh tərəfindən tam əsassız olaraq onun müraciəti təmin edilməmişdir. Belə ki, cavabdeh inzibati orqanın onun qeyd etdiyi vəsatətinə cavab olaraq ünvanladığı inzibati aktda qeyd edilir ki, guya “Azərbaycan Rspublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklilər edilməsi barədə, Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli, 973-İVQD nömrəli Qanunun 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndi ilə müəyyən edilmiş müddəalar bu qanun qüvvəyə minənədək (2014-cü ilin 1 iyul) digər ölkənin vətəndaşlığını qəbul etmiş şəxslərə şamil edilmir. Hesab edir ki, cavabdeh inzibati orqanın hərəkətləri qanunsuz hesab edilməli və cavabdehin üzərinə ona münasibətdə Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi haqqında məhkəməyə müraciət etmək vəzifəsi qoyulmalıdır. Cavabdeh iddia ərizəsinə qarşı etirazda göstərmişdir ki, İddiaçı 17.08.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət edərək, onun Azərbaycan Respublikasının vətəndaşlığının itirilməsi barədə müvafiq tədbir görülməsi, bu barədə məhkəməyə müraciət etməsini xahiş etmişdir. Bununla bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən sözügedən şəxsə müvafiq cavab məktubu göndərilmişdir (cavab məktubu iş materiallarına əlavə edilmişdir). Hesab edir ki, Dövlət Miqrasiya Xidməti sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirlməsi üçün əsas hesab edilir. Həmin Qanunda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli, 973-İVQD saylı Qanununun 2-ci maddəsinə yuxarıda qeyd olunan 18-ci maddənin birinci bəndi ilə müəyyən olunan müddəalar bu Qanunun qüvvəyə minənədək (01.07.2014-cü il) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Qeyd olunan səbəbdən, yəni şəxs Rusiya vətəndaşlığını 01.07.2014-cü ildən əvvəl əldə etdiyindən ona yuxarıda qeyd olunan müddəa (Azərbaycan Respublikası vətəndaşlığı haqqında Qanunun 18-ci maddəsinin birinci bəndi) tətbiq edilə bilməz. İddia ərizəsinə qeyd olunan ikinci məsələ ilə əlaqədar bildirirlər ki, sözügedən şəxs Rusiya Federasiyasında həqiqi hərbi xidmətdə olmuşdur. Həqiqi hərbi xidmət keçmək həmin ölkənin (“Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 2-ci bədində göstərilən hal) silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etmək yəni işləmək anlamına gəlmir (həqiqi hərbi xidmət keçmək məcburi xarakterlidir). Bu səbəbdən də, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin ikinci bəndi sözügedən şəxə münasibətdə tətbiq edilə bilməz. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3239/2021 saylı qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi səbəbindən ləğv edilməli və iddia tələbi tam şəkildə təmin edilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3239/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Notarial qaydada tərcümə və təsdiq edilmiş Rusiya Federasiyası vətəndaşının 78 09 726268 nömrəli pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası Ucar rayonu Qaracallı kəndində anadan olmuş, İddiaçı pasport Yaroslavl şəhərin Dzerjinsk rayonunda Yaroslavl vilayəti üzrə Rusiyanın FMXİ şöbəsi tərəfindən 04.06.2009-cu il tarixdə verilmişdir. Notarial qaydada tərcümə və təsdiq edilmiş Rusiya Federasiyası vətəndaşının 71 ******* nömrəli pasportunun surətindən görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası Ucar rayonu Qaracallı kəndində anadan olmuş, İddiaçı pasport FMX 76002 orqanı tərəfindən 12.02.2011-ci il tarixdə verilmişdir. İddiaçıya məxsus notarial qaydada tərcümə və təsdiq edilmiş Rusiya Federasiya tərəfindən verilmiş AM seriyalı, ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı 27 oktyabr 2009-cu il tarixində Yaroslavl şəhərin Dzerjinsk rayonunun hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, 16 dekabr 2010-cu il tarixində RF MN 1305 saylı, 11.05.2010-c u il tarixli əmrinə əsasən hərbi xidmətdən azad olunub. İddiaçı tərəfindən Dövlət Miqrasiya Xidmətinə ünvanlanmış 09.07.2020-ci il tarixli ərizədən görünür ki, iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 8.1-ci maddəsini rəhbər tutub onun Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş, 06.08.2020-ci il tarixli, K\Q-1842 nömrəli məktubda iddiaçıya bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək (2014-cü il 1 iyul) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Bu baxımdan onun qeyd olunan dəyişikliyin qüvvəyə mindiyi 2014-cü il 1 iyul tarixindən əvvəl Rusiya Federasiyanının vətəndaşlığını əldə etdiyini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlığını itirmə ilə müddəalar ona münasibətdə tətbiq edilə bilməz. Əlavə olaraq qeyd edir ki, “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 2-ci bəndinə görə Azərbaycan Respublikasının vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir. Odur ki, xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşının həmin dövlətin vətəndaşları üçün məcburi xarakter daşıyan müddətli həqiqi hərbi xidmət keçməsi istinad olunan bəndin təsiri altına düşmür və qeyd olunan hal həmin kateqoriya şəxslərin Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə bağlı icraata başlanılması üçün əsas yaratmır. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə əsasən “Vətəndaşsızlığın ixtisar edilməsi haqqında” 1961-ci il 30 avqust tarixli Konvensiyanın müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: 1) Azərbaycan Respublikası vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi; 2) Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi; 3) Azərbaycan Respublikası vətəndaşının dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı; 3-1) Azərbaycan Respublikası vətəndaşının terror fəaliyyətində iştirakı və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətləri həyata keçirməsi; 3-2) Azərbaycan Respublikası vətəndaşının dini ekstremist fəaliyyətdə iştirakı, o cümlədən dini düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlərin icrası adı altında xarici dövlətdə silahlı münaqişədə iştirak etməsi və ya həmin münaqişəyə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə sabit qrup yaratması, habelə Azərbaycan Respublikası vətəndaşının dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi; 4) Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi məsələsi bu Qanunun 17-ci maddəsinin ikinci və üçüncü hissələrində göstərilən məhdudiyyətlər nəzərə alınmaqla məhkəmə tərəfindən həll edilir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-İVQD nömrəli Qanununun 2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək (2014-cü il 1 iyul) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinin birinci hissəsinin 1-ci bəndi ilə müəyyən olunmuş müddəalar bu Qanun qüvvəyə minənədək (2014-cü il 1 iyul) digər ölkənin vətəndaşlığını əldə etmiş şəxslərə şamil edilmir. Bu səbəbdən, qeyd olunan müddəa iddiaçıya münasibətdə şamil oluna bilməz. Belə ki, iddiaçı Rusiya vətəndaşlığını 01.07.2014-cü il tarixdən əvvəl əldə etmişdir. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 18-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi vətəndaşlığın itirilməsi üçün əsas hesab edilir. Sözügedən müddəa da, iddiaçıya şamil edilə bilməz. İddiaçı 27 oktyabr 2009-cu il tarixində Yaroslavl şəhərin Dzerjinsk rayonunun hərbi komissarlığı tərəfindən Rusiya Federasiyasının vətəndaşı olaraq həqiqi hərbi xidmətə çağırılmış, 16 dekabr 2010-cu il tarixində RF MN 1305 saylı, 11.05.2010-cu il tarixli əmrinə əsasən hərbi xidmətdən azad olunaraq ehtiyata buraxılmışdır. Onun Rusiya Federasiyasında hərbi xidmət keçməsi könüllü olmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsidir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının müraciətinə DMX tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, diskresion səlahiyyətləri həyata keçirən zaman bu səlahiyyətlərin hədləri, onun məqsədyönlü şəkildə həyata keçirilməsinin zəruriliyi nəzərə alınmış, qəbul edilmiş müvafiq qərar nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçının hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaradılmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, iddiaçının apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 2-1(112)-3239/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar