Məhkəmə qərarları › İş №2-1(103)-2723/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2723/2022

04.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2723/2022 04.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2080/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs qismində Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər xəstəxanası publik hüquqi şəxsi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.2021-ci il tarixindən əlillik dərəcəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2080/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, İddiaçı "Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası" publik hüquqi şəxs tərəfindən ona əlilik dərəcəsinin verilməsi üçün Tibbi Sosial Ekspert Komissiyasına xx.xx.2021-ci il tarixli, 0056003AAB55 nömrəli TQS № 088 formalı göndəriş verilmişdir. Göndəriş H90 kodlu “X1: Vİİİ Sinif - Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-H95 - Qulağın digər xəstəlikləri => H90 – “Eşitmənin kondiktiv və neyrosensor itirilməsi, iki tərəfli xroniki koxlear nevrit” əsas diaqnozu, H93.3 kodlu "Eşitmə sinirinin xəstəlikləri, neyrosensor ağıreşitmə İV dərəcəli, nitqin pozulması” ağırlaşma diaqnozlarına əsasən verilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin TSEK həmin göndərişi əsasında xx.xx.2021-cu il tarixdə qiymətləndirmə aparmışdır. Göndərişə “Dövlət səhiyyə müəssisəsi tərəfindən göndəriş natamam doldurulmuşdur. Həkimin rəyi: Obyektiv və dioqnostik müayinə nəticələri ətraflı qeyd olunmayıb. Ekspertiza əhəmiyyətli göstəricilər dəqiqləşdirilsin” səbəbi ilə imtina qərarı verilmişdir. Nəticədə iddiaçıya əlillik təyin edilməmişdir. İddiaçı bildirir ki, göndərişin natamam doldurulması ondan asılı deyil, imtina konkret faktlara əsaslanmır və süründürməçilik xarakteri daşıyır. Bu səbəbdən də imtinanın verildiyi xx.xx.2021-ci il tarixdən ona əlilik dərəcəsi təyin edilməlidir. İmtina barədə qərar ona xx.xx.2021-ci il tarixində səhiyyə müəssisəsinin nümayəndəsi tərəfindən təqdim edilmişdir. Hesab edir ki, Tibbi Sosial Ekspert Komissiyasının imtinası əsassız və qanunsuz olmuşdur. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Bununla əlaqədar, iddiaçının aidiyyəti tibb müəssisəsində əlavə bərpa müalicəsi etdirməsi, tam reabilitasiya olunmadığı halda əlillik dərəcəsinin verilməsi üçün yenidən müraciət etməsi tövsiyə edilir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın: 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1-ci bəndinə əsasən, şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən, göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən, göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən, TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 2.5-ci bəndinə əsasən, TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır; 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir; 4.9-cu bəndinə əsasən, bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Qaydanın əlavəsində Agentliyinin Tibbi-sosial ekspert komissiyası tərəfindən əlilliyin təyinatından imtina edildikdə və ya əlillik təyinatı ləğv edildikdə səbəbləri göstərilməklə qəbul edilməsi zəruri olan qərarın forması da müəyyən edilmişdir. Qeyd olunan maddi hüquq normalarından müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, araşdırma zamanı şəxsin iştirakı ilə müayinə aparılması zərurəti yaranırsa, TSERAS vasitəsilə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi və bu barədə məlumat dərhal gücləndirilmiş elektron imza ilə təsdiq edərək, şəxsə bildirilərək TSERAS-a daxil edilir. İş materiallarından isə görünür ki, iddiaçıya əlillik dərəcəsinin təyin olunmasından imtinanın səbəbi kimi aşağıdakılar qeyd olunmuşdur: “Dövlət səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş natamam doldurulmuşdur. Həkim rəyi; obyektiv və diaqnostik müayinə nəticələri ətraflı qeyd olunmayıb. Ekspertiza əhəmiyyətli göstəricilər dəqiqləşdirilsin”. Lakin, göndərişdən müəyyən edilir ki, aparılmış bütün müayinələr, həkim müayinələrinin nəticələri, müəyyən olunan əsas diaqnoz və ağrılaşma qeyd olunmuşdur. Cavabdehin imtinasında qeyd olunan halların (müayinə nəticələri ətraflı qeyd olunmayıb və ekspertiza əhəmiyyətli göstəricilər dəqiqləşdirilsin) isə nədən ibarət olması aydın deyil. Birinci instansiya məhkəməsində izahat verən üçüncü şəxs Ə.D.Məlikov adına 6 nömrəli birləşmiş şəhər xəstəxanası publik hüquqi şəxsin nümayəndəsi də bildirmişdir ki, göndəriş qanunvericiliyin tələblərinə uyğun göndərilmişdir. Eyni zamanda, cavabdeh tərəfindən hərtərəfli, tam və obyektiv araşdırma aparmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 24.1, 24.2, 24.3 və 24.4-cü maddələrinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi cavabdehin hərəkətləri qeyd olunan normaların tələblərinə uyğun olmamışdır. Eyni zamanda, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-tibbi ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 Publik Hüquqi şəxsi tərəfindən verilmiş T 101/202 saylı ekspert rəyinə əsasən 1975-ci il təvəllüdlü X3 adına iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün “Ə.D.Məlikov adına X8” tərəfindən xx.xx.2021-ci il tarixli, 0056003AAB55 saylı göndərişlərlə rəsmiləşdirilmiş Forma 088 saylı arayışlarda göstərilən “H90-eşitmənin konduktiv və neyreosensor itirilməsi, iki tərəfli xroniki koxlear nevrit, nitqin pozulması” diaqnozu kliniki, laborator-instrumental müayinələr əsasında düzgün təyin edilmişdir. Həmin xəstəliklər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə olan xəstəliklərin əhatə dairəsinə düşür və əlillik dərəcəsinin təyini üçün Forma №-088-də Bera testi sınağının nəticəsi tam əks olunmaqla sənədlər TSEK-ə göndərilməlidir. Göründüyü kimi, iddiaçıya əlillik dərəcəsinin verilməsi üçün əsas olan hal ekspert rəyi ilə də tam təsdiq olunur. Eyni zamanda ekspert rəyinin əsassızlığı ilə bağlı cavabdeh tərəfindən hər hansı bir dəlil irəli sürülməmişdir. Ona gör də, ekspert rəyi qanunvericiliyin tələblərinə uyğun tərtib olunduğundan qəbul edilməməsi üçün hər hansı bir əsas yoxdur. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 0056003AAB55 saylı göndərişdə iddiaçıya əlillik dərəcəsinin imtina üçün əsas kimi nəzərdə tutulan hallar mövcud deyildir və cavabdehin imtinası qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Bu baxımdan kollegiya hesab edir ki, iddia tam təmin edilməli və xx.xx.2021-ci il tarixindən iddiaçıya əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Əlavə olaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə istinad edərək, qeyd etmişdir ki, qanunvericilik normaları ilə müəyyən olunur ki, əlillik vəziyyətinin müəyyən olunması üçün “Ə.D.Məlikov adına X9” tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli 0056003AAB55 saylı göndərişində “X2: Vİİİ sinif-Qulağın və məməyəbənzər çıxıntının xəstəlikləri => H90-HH95-Qulağın digər xəstəlikləri=>H90-Eşitmənin konduktiv və neyrosensor itirilməsi=>H90.3 eşitmənin neyronensr tipi iki.. Diqnoz: Eşitmənin konduktiv və neyrosensor itirilməsi, iki tərəfli xroniki koxlear nevit Eşitmə sinirinin xəstəlikləri, neyrosensor ağır eşitmə İV dərəcə, nitqin pozulması qeyd olunmasına baxmayaraq və qeyd olunan xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli № 413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməsinin 2.5-ci və 2.5.20-ci bəndlərinə əsasən “tibbi göstəriş üzrə anadangəlmə lalkarlıq və ya hər iki qulağın karlığı, 3-4-cü dərəcə ağır eşitmə” xəstəlikləri üzrə əlillik müddətsiz təyin edilməli idi. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində Dövlət-Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2080/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar