Məhkəmə qərarları › İş №2-1(103)-2723/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2723/2023

28.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2723/2023 28.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər X12 və digərləri) “çıxarışın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti yanında DƏDRXnin 1 saylı Ərazi İdarəsinin torpaq sahəsinin və qeyri-yaşayış sahəsinin ölçülərinin artırılmasına dair hərəkətlərinin qanunsuz hesab edilməsi və üçüncü şəxs X7 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışın, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarışın, xx.xx.2013-cü il tarixli texniki pasportun ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla üçüncü şəxs X12 və digərləri arasında olan mülki iş üzrə məhkəmə araşdırmaları zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən ölçüsü 51,2 kv.m olan qeyri-yaşayış sahəsinə dair X7 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli ilk çıxarışda həmin qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçüsü 0,00557 ha olmuş və həmin torpaq sahəsi dövlətə məxsus olmuşdur. Bundan sonra eyni şəxsin adına yenidən verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarışdan müəyyən edilmişdir ki, həmin torpaq sahəsinin ölçüsü artırılaraq 0,1083 ha ölçüdə qeyd edilmiş və cavabdehin adına xüsusi mülkiyyət hüququ ilə dövlət reyestrində qeydiyyata alınmışdır. Daha sonra isə həmin torpaq sahəsinə dair eyni ölçülərlə X5 adına xx.xx.2020-ci il tarixli Çıxarış verilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamına əsasən, yuxarıda göstərilən Azon zavodunun nəqliyyat sahəsində ümumi sahəsi 120 kv.m ölçüdə qeyriyaşayış sahəsi onun tərəfindən tikilmiş və onun istifadəsindədir. Lakin torpaq sahəsinə dair cavabdeh tərəfindən qeydiyyat aparılarkən onun inşa etdiyi tikililərin yerləşdiyi torpaq sahəsi, cavabdeh tərəfindən heç bir əsas olmadan X7 adına dövlət qeydiyyatına alınmış və ona Çıxarış verilmişdir. Bundan başqa X7 adına eyni qeyriyaşayış sahəsinə verilmiş xx.xx.2013-cü il tarixli texniki pasportdan müəyyən edilir ki, qeyri-yaşayış sahəsinin ölçüsü Çıxarışda 51,2 kv.m göstərilsə də, texniki pasportda obyektin sahəsi artırılaraq 66,5 kv.m göstərilmişdir.Mübahisələndirilən torpaq sahəsi və qeyri-yaşayış sahəsi xx.xx.2021-ci ildə üçüncü şəxs X12 tərəfindən digər üçüncü şəxs X1.Beləliklə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, inzibati orqanın torpaq sahəsinin və qeyriyaşayış sahəsinin ölçüsünün artırılmasına dair hərəkətləri qanunsuz hesab edilməli və üçüncü şəxs X7 adına verilmiş ******* nömrəli, xx.xx.2014-cü il tarixli Çıxarış, habelə üçüncü şəxs X5 adına verilmiş xx.xx.2020-ci il tarixli Çıxarış, xx.xx.2013-cü il tarixli texniki pasport ləğv edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd edilən məsələlərə aydınlıq gətirilməsi və digər şəxslərin adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun ləğv edilməsi 1 saylı Bakı Ərazi İdarəsinin səlahiyyətləri xaricindədir və bu barədə vətəndaşa məktubla izah edilmişdir. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər və hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi yolu ilə aparılır.Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxslər X5 və X7 vəkili və nümayəndəsi Vəkil2 məhkəməyə iddia tələbinə dair təqdim etdiyi etirazında göstərmişdir ki, iddiaçı cavabdehlər X9 və X11 qarşı ünvan 2 ünvanda yerləşən torpaq sahəsi ilə əsassız varlanmaya görə pul tələbinə dair Bakı şəhəri Səbail rayon məhkəməsinə iddia tələbi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Bundan başqa iddiaçı cavabdehlər X9, X11 və X8 qarşı, 3-cü şəxs DƏDRX-nın 1 saylı ünvan 4 ünvanda yerləşən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət (sahiblik və istifadə) hüquqlarının müdafiəsinə dair Bakı şəhəri Yasamal rayon məhkəməsinə ərizə ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının iddia ərizəsi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir. Daha sonra Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 nömrəli Sərəncamı ilə 120 kv.m ölçüdə qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən inşa olunması faktı müəyyən olunsa da, bu günə kimi iddiaçı həmin sahənin öz adına özəlləşdirilməsi ilə bağlı müraciət etməmişdir. Eyni zamanda iddiaçı həmin sahənin Emil Qəhrəmanovun və Nadir Qəhrəmanovun mülkiyyətində olması barədə məlumatlı olmuş, lakin bu müddət ərzində onlara qarşı heç bir məhkəmə mübahisəsinə başlanmamışdır. Mübahisəli ünvan 5 ünvanda yerləşən 51,2 kv.m. olan qeyri-yaşayış sahəsinə dair Emil Qəhrəmanovun adına xx.xx.2014-cü il tarixli çıxarış verilmiş və xx.xx.2014-cü il tarixdə Emil Qəhrəmanov həmin ünvanda yerləşən 51,2 kv.m qeyri-yaşayış sahəsinə və 0,1083 ha torpaq sahəsinə dair ******* nömrəli çıxarış verilmişdir. Bundan başqa həmin sahə Emil Qəhrəmanovun adında olduğu müddət ərzində həmin torpaq sahəsində tərtib olunmuş layihə əsasında Nadir Qəhrəmanovun vəsaitinə qeyri-yaşayış sahəsininin tikintisi başlanmış, lakin sona qədər çatdırılmamışdır və bundan əvvəl də 51,2 kv.m qeyri-yaşayış sahəsi iddiaçı tərəfindən sökülmüşdür. Bundan əlavə həmin sahə xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X12 tərəfindən X3 və həmin sahə hazırda Elton Mustafayevin mülkiyyətindədir. Üçüncü şəxslər X5 və X7 vəkili və nümayəndəsi Vəkil2 göstərilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarının əsaslandırıcı hissəsinə yalnız bir sıra hüquq normalarının mətnlərini köçürməklə, sonda mübahisələndirilən daşınmaz əmlaka hüquqların qeydiyyatının (çıxarışların) əsassızlığının müəyyən edilmədiyini qeyd edir. Məhkəməyə xx.xx.2021-ci il tarixdə daxil olmuş iddia ərizəsinə 1 il 6 ay ərzində baxan hakim yalnız yuxarıda qeyd edilən cümləni öz qərarında göstərməklə kifayətlənmiş və iş üzrə heç bir araşdırma aparmamışdır. Maraqlıdır, hakim xx.xx.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi üzrə ilk məhkəmə iclasını xx.xx.2021-ci il tarixə (2 aya yaxın müddətə) təyin edir və bundan sonra xx.xx.2022-ci il tarixə qədər hakim 2 aylıq fasilələrlə iclaslar təyin edir və bu müddət ərzində hakimin fəaliyyəti bir neçə sorğu verməkdən ibarət olur. Tərəflərindən xx.xx.2022ci il tarixdə hakimə mübahisələndirilən çıxarışların verilməsinə əsas olmuş, sənədlərin - ’’Daşınmaz dövlət əmlakının icarəyə verilməsi haqqında” xx.xx.2013-cü il tarixli, 414 №-li, “İcarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında" xx.xx.2013-cü il tarixli, 433 №-li, “Torpaq sahələrinin icarəyə verilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 76 №-li və “Torpaq sahələrinin özəlləşdirilməsi haqqında” xx.xx.2014-cü il tarixli, 132 №-li Sərəncamların ləğv edilməsinə dair iddia ilə inzibati məhkəməyə müraciət edildiyi və bununla əlaqədar olaraq iş üzrə icraatın dayandırılmasına dair vəsatət təqdim edilmişdir. Həmin vəsatətə münasibət bildirilməsi üçün xx.xx.2023-cü il tarixdə bir daha hakimə müraciət edilmişdir. Lakin hakim qeyd edilən vəsatəti dəyərləndirmədən, iş üzrə araşdırma aparılmalı olduğunu, iddiaçı ilə üçüncü şəxsin adına verilmiş torpaq sahələrinin üst-üstə düşməsinin aydınlaşdırılmasının vacibliyini qeyd etmişdir. Hakim xx.xx.2022-ci tarixə, saat 14.15-ə ləyin edilmiş məhkəmə iclasını qeyri-müəyyən müddətə təxirə salmışdır. İş əsassız yerə uzandığından və məhkəmədən heç bir məlumat daxil olmadığından tərəflərindən xx.xx.2023-cü il tarixdə elektron sistem vasitəsilə mübahisəli torpaq sahəsinin dəqiq koordinatlarının və döngə nöqtələrinin müəyyən edilməsi və həmin torpaq sahəsinin əvvəllər "Azon" Zavodunun balansında olub-olmamasını, üçüncü şəxsə məxsus torpaq sahəsi ilə eyni olub-olmamasını aydınlaşdırmaq məqsədilə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsi xahiş olunmuşdur. Nəhayət hakim tərəfindən 8 ay sonra, xx.xx.2023-cü il tarixdə növbəti məhkəmə iclası keçirilmiş və heç bir araşdırma aparılmadan yekun məhkəmə aktı qəbul olunmuşdur. Yuxarıda qeyd olunanlar birinci instansiya məhkəməsinin iş üzrə heç bir araşdırma aparmadan əsassız və qanunsuz qərar qəbul etdiyini aşkar təsdiq edir. Hakim mütəxəssis rəyi olmadan mübahisəli torpaq sahəsinin dəqiq koordinatlarını və döngə nöqtələrinin müəyyən edilməsi və həmin torpaq sahəsinin əvvəllər “Azon” Zavodunun balansında olub-olmamasını, üçüncü şəxsə məxsus torpaq sahəsi ilə eyni olub-olmamasını aydınlaşdırmadan, tamamilə qanunsuz və əsassız qərar qəbul etmişdir. Tərəflərin izahatları: Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilmiş cavabdehin nümayəndəsi və 3-cü şəxslər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Məhkəmə kollegiyası iş üzrə iddianın mahiyyəti üzrə baxılmasına imkan verən mümkünlük şərtlərinə (iddiaçının subyektiv hüququ, cavabdehin seçilməsi və s.) qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün sayılır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 1.1, 2.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İPM-in 2.2.3-cü maddəsində nəzərdə tutulmuş iddianı (öhdəliyin icrası) qaldırmışdır. İddiaçı cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. İddiaçı əvvəlcə inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. -158.1-ci maddəsinə əsasən mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: ..158.1.2. əmlakdan istifadə hüququ; -159-cu maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. -139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuşdur ki, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -149.2-ci maddəsinə əsasən əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. -19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli, 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi haqqında” Əsasnamənin -1-ci bəndinə əsasən bu Əsasnamə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, "İcarə haqqında" və "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na (bundan sonra - İİ Dövlət Proqramı) uyğun olaraq hazırlanmışdır və icarəyə verilmiş dövlət əmlakının özəlləşdirilməsi qaydalarını müəyyən edir. -5-ci bəndinə əsasən icarəyə verilmiş dövlət müəssisələrinin (obyektlərinin) özəlləşdirilməsi haqqında qərarlar İİ Dövlət Proqramının 2.2-ci və 2.3-cü bəndlərində müəyyən edilmiş təsnifatdan asılı olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. -11-ci bəndinə əsasən "İcarə haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək mövcud qanunvericilik aktlarına müvafiq satınalma hüququ ilə bağlanmış icarə müqavilələri əsasında icarəyə verilmiş əmlakın icarəçisi tərəfindən satın alınması halları Dövlət Xidməti tərəfindən yoxlanılır və qanun pozuntuları aşkar edilmədikdə, müvafiq hüquqi və fiziki şəxslərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir. -19-cu bəndinə əsasən dövlət əmlakını alan icarəçilərin hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və bu barədə onlara reyestrdən çıxarış verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun: -2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. -2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. -2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; -9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; -10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir; -10.2-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. -11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. -15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası aşağıda qeyd olunan sübutları nəzərdən keçirir: X13 5201 nömrəli, xx.xx.2013-cü il tarixli “İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi”nə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən ünvan 6 ünvanında yerləşən 51.2 kv metr qeyri-yaşayış binasını satın almışdır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2014-cü ildə ünvan 1 ünvanda yerləşən sahəsi 55,7 kv metr olan qeyriyaşayış binası və 10.8 kv metr olan daş hasar xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır; 4958 nömrəli, xx.xx.2014-cü il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısı müqaviləsi”nə əsasən X13 Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsindən Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi,13 D ünvanındakı qeyri-yaşayış binasının istifadəsində olan 1083,0 kv metr torpaq sahəsini satın almışdır; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2014-cü ildə ünvan 1 ünvanda yerləşən sahəsi 55,7 kv metr olan qeyriyaşayış binası və 10.8 kv metr olan daş hasar, habelə 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X7 adına qeydiyyata alınmışdır; “Daşınmaz əmlakın bağışlanması müqaviləsi”nə əsasən X13 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan qeyri-yaşayış binası və 0,1083 ha torpaq sahəsini atası X9 hədiyyə etmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ******* nömrəli çıxarışa əsasən xx.xx.2020-ci ildə ünvan 1 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan daşınmaz əmlak və 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X5 adına qeydə alınmışdır; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən X12 ünvan 1 ünvanda yerləşən sahəsi 51,2 kv metr olan daşınmaz əmlakı və 0,1083 ha torpaq sahəsini X2; X6 cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizəsinə əsasən ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi söküldüyü üçün qeyd edilən şəxs həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğv edilməsini və 0,1083 ha torpaq sahəsinə dair çıxarış, plan-ölçü və texniki pasportun verilməsini xahiş etmişdir; Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 460220 nömrəli çıxarışa əsasən xx.xx.2021-ci ildə ünvan 1 ünvanda yerləşən 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. Apellyasiya şikayətinin dəlillərinə münasibət: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, işin araşdırılmış hallarından müəyyən edilmişdir ki, ünvan 1 ünvandakı 1083,0 kv metr torpaq sahəsi və 51.2 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi X7 icarəsində olmuşdur və sonuncu tərəfindən dövlət əmlakının özəlləşdirilməsi proqramı çərçivəsində satın alınmışdır və həmin əmlaklar üzərində onun hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, ******* nömrəli çıxarış verilmişdir, sonradan həmin əmlak X9 hədiyyə edilmiş, daha sonra isə X1, sonuncu qeyriyaşayış sahəsi söküldüyü üçün həmin əmlak üzərində hüquqların dövlət qeydiyyatının ləğv edilməsini xahiş etmişdir, bu səbəbdən də hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 460220 nömrəli çıxarışdan göründüyü kimi xx.xx.2021-ci ildə ünvan 1 ünvanda yerləşən 0,1083 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 adına qeydə alınmışdır. İddiaçı isə cavabdehə müraciət edərək istifadəsində olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin və qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ölçülərinə aydınlıq gətirilməsini, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə dair dövlət reyestrindən çıxarışların və texniki pasportun ləğv edilməsini xahiş etmişdir, lakin müraciəti təmin edilməmişdir, odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının iddia tələbinin və apellyasiya şikayətinin əsas dəlili və istinad etdiyi sübutlar aşağıdakılardan ibarətdir: - “Azon” zavodu direktorunun 28 №li, xx.xx.1999-cu il tarixli əmrinə əsasən nəqliyyat sahəsində əhaliyə pullu xidmət göstərən təsərrüfat hesablı briqadanın iş fəaliyyətinin yaxşılaşdırılması məqsədilə həmin briqadanın briqadiri İddiaçı öz vəsaiti hesabına avotmobil üçün ehtiyat hissələrinin satışını təşkil etməyə icazə verilmiş, zavodun nəqliyyat sahəsində yerləşən tikilinin zavodun mağazası kimi fəaliyyət göstərməsinə icazə verilmişdir. - xx.xx.1999-cu il tarixli, “Azon” zavodu ilə İddiaçı arasında bağlanmış müqaviləyə əsasən “Azon” zavodu zavodun nəqliyyat sahəsində yerləşən istifadəsiz qalmış sahəsi 20,0 kv metr olan tikilini İddiaçı istifadəsinə vermişdir, İddiaçı isə tikilinin hər kv metrinə görə 14.000 AZM olmaqla ayda 280.000 AZN xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür. -Bakı şəhəri Yasamal rayonu İcra Hakimiyyəti Başçısının 125 nömrəli, xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, 3-cü Yasamal küçəsi, 179 saylı evdə yaşayan İddiaçı Azon zavodunun nəqliyyat sahəsinin ərazisində ümumi sahəsi 120,0 kv metr ölçüdə qeyri-yaşayış sahəsinin məxsus olması və qeyri-yaşayış sahəsindən avtomobillərə texniki xidmət emalatxanası və avtomobil hissələrinin satışı məntəqəsi kimi istifadə olunması faktı müəyyən edilmişdir. -“Azon” zavodunun Dövlət Torpaq Komitəsinə ünvanlanmış xx.xx.2005-ci il tarixli məktubunun surətindən görünür ki, həmin zavod, əməkdaşı İddiaçı tərəfindən öz vəsaiti hesabına 876 kv metr torpaq sahəsində 120 kv metr qeyriyaşayış sahəsinin tikildiyini və zavoda gələcəkdə lazım olmadığını nəzərə alaraq həmin sahənin İddiaçı adına rəsmiləşdirilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, istinad edilən sərəncamın və məktubun məzmunundan da göründüyü kimi həmin sərəncamla iddiaçıya mübahisələndirdiyi qeyriyaşayış sahəsi və ya torpaq sahəsi ayrılmamışdır. Bu halın mövcudluğu da qeyrimümkündür. Belə ki, iş materiallarıdan da göründüyü kimi həmin vaxt sözügedən qeyriyaşayış sahəsi və torpaq sahəsi dövlətin mülkiyyətində olmuşdur. Azon zavodunun isə dövlətin mülkiyyətində olan əmlakın kiminsə adına rəsmiləşdirilməsinə razılıq vermək kimi səlahiyyəti olmamışdır. Belə ki, sözügedən dövrdə də dövlət əmlakını icarəyə vermək səlahiyyətinə Əmlak Məsələləri Dövlət Komitəsi malik idi. Həmçinin, apellyasiya baxışında iddiaçının nümayəndəsi və vəkili məhz üçüncü şəxslərin mülkiyyətində olmuş qeyri-yaşayış sahəsinin hansı hissəsinə dair və ümumiyyətlə torpaq sahəsinə dair iddiaçının icarə müqaviləsinin mövcudluğunu sübut edə bilməmiş, yalnızca Azon zavodunun razılığı ilə oranın əməkdaşı kimi tikililər tikdiyini həmin tikililərin yerləşdiyi torpaq sahəsinə də məhz iddiaçının hüququnun olduğunu iddia etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Yasamal rayon məhkəməsinin 2(004)- 4313/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdeh X9 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti başçısının xx.xx.2005-ci il tarixli, 125 N-li Sərəncamı ilə İddiaçı verilmiş 120 kv.m ölçüdə qeyriyaşayış sahəsinin, cavabdeh E.Mustafayevin adına rəsmiləşdirilmiş 51.2 kv.m hissəsi istisna olmaqla, naturada ayrılması və qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus hissəsindən cavabdehlərin çıxarılması, qeyri-yaşayış sahəsinin iddiaçıya aid hissəsinin boşaldılaraq, iddiaçının sahiblik və istifadəsinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir, qeyd edilən məhkəmə qətnaməsi ilə onun iddiası rədd edilmişdir.Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə qeyd edilən qətnamədən verilən apellyasiya şikayəti təmin edilməmişdir.Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 2(102)- 4371/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 2941/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır; Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-1813/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı cavabdehlər X9 və X11 qarşı cavabdeh X4 iddiaçının vəsaiti hesabına tikilmiş və cavabdehin adına formal olaraq rəsmiləşdirilmiş qeyri-yaşayış sahəsinin 51,2 kv.m. hissəsinin dəyərinin, yəni 150.000 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası, habelə cavabdeh X5 İddiaçı qarşı “Azon” zavodu ərazisində sahəni satdıqdan sonra onun cavabdehə verdiyi 50.000 manat məbləğində pul vəsaitinin tutulub xeyrinə ödənilməsi barədə qarşılıqlı iddiası rədd edilmişdir. Həmin qətnamədən verilən apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11324/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə təmin edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili çıxarışların verilməsinə əsas olan hüquqmüəyyənedici sənədləri ayrıca məhkəmə icraatında mübahisələndirildiyini bildirsə də, işin məhkəmələr tərəfindən ətraflı araşdırmasından aydın görünür ki, ümumiyyətlə iddiaçının istinad etdiyi sübutların heç biri vaxtilə dövlət əmlakı olmuş daşınmaz əmlaklarda hüquqa malik olmasını deməyə əsas vermir. Belə olan halda hazırki məqamda, mübahisələndirilən çıxarışların və texniki pasportun ləğvi üçün heç bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-431/2023 saylı, 30 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar