Məhkəmə qərarları › İş №2-1(103)-2724/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2724/2021

28.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2724/2021 28.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2021 saylı 08.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq, şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarın ləğv edilməsi və müvafiq məbləğlərin şəxsi hesab vərəqəsinə bərpa edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2021 saylı 08.09.2021-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərardadı ləğv edib, aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiaya şikayəti onunla əsaslandırılmışdır ki, qərardad tamamilə qanunsuzdur. Belə ki, 2021-ci il 19 avqust və 08 sentyabr tarixlərinə məhkəmə iclasları barədə məlumat verilməmişdir. İkincisi, .07.09.2021-ci il tarixində elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək üzürlü səbəbdən 08.09.2021-ci il tarixə təyin edilmiş sonuncu məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Üçüncü bir tərəfdən, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq yayındıqda iddia geri götürülmüş sayılır. Bir məhkəmə iclası 19 avqust 2021-ci il tarixə, ikincisi isə bundan 19 gün sonra, 08 avqust 2021-ci il tarixinə təyin edilmiş, cəmi, 19 gün fərq etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək şikayətin təmin edilməsini, cavabdehin nümayəndəsi N.Xəlilov isə ona etiraz edərək birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyası tərəflərin nümayəndələrini dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması qaytarılmalıdır. Birincisi, məhkəmə tərəfindən qərardadda həm 19 avqust 2021-ci il tarixinə təyin edilmiş birinci, həm də 08 sentyabr 2021-ci il tarixinə təxirə salınmış sonrakı məhkəmə iclasları barədə məhkəmə bildirişlərinin iddiaçıya çatdırılması əsaslandırırılmamışdır. İkinci bir tərəfdən, İPM-in 55.3-cü maddəsinin imperativ tələbinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Göründüyü kimi, iddiaçı 30 gündən çox ardıcıl olaraq məhkəmə iclasından yayınmalıdır ki, onun iddia ərizəsi geri götürülmüş sayıla bilsin. Konkret halda isə iş materiallarına əsasən proesessual qanunvericiliyin qeyd olunan tələbləri qaydasında iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl məhkəmə icraatından yayınması öz təsdiqini tapmır. Belə ki, birinci instansiya məhkəməsinin istinad etdiyi halda, 19.08.2021-ci il tarixinə təyin edilmiş və 08 sentyabr 2021-ci il tarixinə təxirə salınmış məhkəmə iclaslarının əhatə etdiyi müddət -prosessual qanunveoriciliyin iddia ərizəsinin geri götürülmüş sayılması üçün müəyyən etdyi 30 günlük müddətdən azdır. Ən azından, bu əsasdan çıxış edərək, iddia ərizəsi geri götürülmüş sayıla bilməzdi. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın geri götürülmüş hesab edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul olunması üçün faktiki şərtlər mövcud şərtlər mövcud olmamışdır. Belə olan halda, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəliləri ilə razılaşır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2021 saylı 08.09.2021-ci il tarixli qərardadı ləğv edilməli, iş baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Qeyd edilənlərə əsasən və İPM-in 80, 83, 87, 89, 90-cı madələrinə əsasən məhkəmə kollgiyası q ə r a r a a l d ı: İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7114/2021 saylı 08.09.2021-ci il tarixli qərardadı ləğv edilsin. İş baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilmir. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar